Məhkəmə qərarları › İş №e-2-2(113)-5331/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5331/2022

19.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5331/2022 19.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı "X1 ve Ticaret Limited" şirkətinin cavabdeh Teymur Əhmədov adına "xxxx" QSC-yə alğı-satqı müqaviləsi üzrə pul tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı “X1 ve Ticaret Limited” şirkəti cavabdeh Teymur Əhmədov adına "xxxx" QSCyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Теуmur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 50339,79 ABŞ dollarının, 5033 ABŞ dolları faiz borcunun və mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 400 manat haqqın, ümumilkdə 55.372,79 ABŞ (əlli beş min üç yüz yetmiş iki ABŞ dolları, yetmiş doqquz sent) vəsaitin tutularaq iddiaçı "X1 ve Ticaret Limited" şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinin 12.1-ci maddəsinə əsasən müqavilə ilə bağlı bütün mübahisələr Bakı şəhərində yerləşən məhkəmələrdə baxılmaq üçün təqdim olunmalıdır. Теуmur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə "X1 ve Ticaret Limited" şirkəti arasında bağlanılmış xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən müqavilənin tərkib hissəsi olan əlavədə göstərilən tərkibdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malların alğı-satqısına dair razılığa gəlmişlər. xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən alğı-satqı dövriyyəsi 994934,87 ABŞ dolları müəyyən edilmişdir. Bu müqavilə bağlandığı müddətdən cavabdeh tərəfindən xx.xx.2019- 99.493,43 ABŞ dolları, xx.xx.2019- 198.986,97 ABŞ dolları, və xx.xx.2020 - 300.000,00 ABŞ dolları, cəmi 598480,46 ABŞ dolları ödənişlər edilmişdir. İddiaçı tərəfindən isə xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əlavədə qeyd edilən qiymətlər əsasında 159814,96 ABŞ dolları məbləğində malları alıcıya təhvil vermişdir. Теуmur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə “X1 ve Ticaret Limited” şirkəti arasında razılaşmaya əsasən bağlanılmış xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinə xx.xx.2020-ci il tarixli əlavə alqısatqı müqaviləsi bağlanılmışdır. Həmin əlavə 2-yə əsasən satıcı əlavə 1-də alıcıya razılaşdırılmış qalan mallara görə güzəştlər tətbiq etmişdir. Həmin güzəştlərə əsasən satılması nəzərdə tutulan qalan malların ümumi qiyməti tərəflər arasında 638.666,98 ABŞ dollarına enmişdir. Beləliklə xx.xx.2020-ci il tarixdən tərəflər arasında ümumi dövriyyə 159814,96 ABŞ dolları (Əlavə 1) və 638666,98 ABŞ dolları (Əlavə 2) ilə birgə 798.481,94 ABŞ dolları müəyyən edilmişdir. Ümumi qiymət arasında fərq 200001,48 ABŞ dolları qalmışdır. Bu fakt müaqviləyə əlavə 2-nin 4-cü bəndində öz əksini tapmaqla tərəflərin özləri tərəfində də rəsmi olaraq təsdiq edilmişdir. Bundan sonra cavabdeh tərəf xx.xx.2020-ci il tarixdə 150.000 ABŞ dolları ödəniş etmişdir. Beləliklə cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixə ümumi olaraq 748.480,46 ABŞ dolları məbləğində ödəniş edilmişdir. xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi və əlavələrə əsasən iddiaçı bütün malları cavabdehə təqdim etsə də müqavilə üzrə qalan 50.339,79 ABŞ dolları bu günə kimi cavabdeh tərəfindən ödənilməmişdir. Halbuki bütün mallar cavabdehə təhvil verilmişdir. Buna dair gömrük bəyannamələri işə əlavə edilmişdir. Müqavilə əsasında qalıq borcun ödənilməsi məqsədi ilə pretenziya ərizəsi göndərilmiş, mediasiyada iştirak barədə təklif edilmiş, lakin nəticə olmamışdır. Теуmur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə "X1 ve Ticaret Limited" şirkəti arasında bağlanılmış xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən müqavilənin tərkib hissəsi olan əlavə 1-in “ödəniş şərtləri” bölməsindəki qeydə əsasən alıcı qalan 10% hissəni mal Azərbaycan gömrüyünə çatdırıldıqdan sonra ödənilməlidir. İş materiallarından da göründüyü kimi malların çatdırılmasına baxmayaraq bu günədək 50.339,79 ABŞ dolları heç bir səbəb göstərilmədən ödənilməmiş olaraq qalmaqdadır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili məhkəməyə izahatında qeyd etmişdir ki, qarşı tərəf müqavilə üzrə müəyyən avadanlıqlar verməli idi lakin bu avadanlıqların nə olması qeyd olunmur. Gömrük bəyyanamələrin 42-ci bəndində göndərilən malların qiyməti qeyd olunur. 13 gömrük bəyannaməsinin göndərilən məhsulun qiyməti cəmlənildikdə iddia tələbində qeyd olunan məbləğ olmur. Cavabdehin nümayəndəsi və vəkili iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkilinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəni və işin faktiki hallarını araşdıraraq, cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Teymur Əhmədov adına "xxxx" QSC “alıcı” "X1 ve Ticaret Limited" şirkəti “alıcı” olmaqla imzalanmış 1 noyabr 2019 tarixli 241019 nömrəli alğı-satqı müqaviləsinə əsasən alıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavədə göstərilən tərkibdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları almağı, satıcı həmin malları satmağı öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əlavə 1-də ümumi məbləği 994.934,87 ABŞ Dolları məbləğin 10% avans qismində, 20% 2019-cu ilin noyabr ayın sonuna kimi, 60% alıcının nümayəndəsi yükün istehsal yerində yükü göndərilməyə hazır olduğunu görüb təsdiq etdikdə, qalan 10% hissəni mal Azərbaycan gömrüyünə çatdırıldıqdan sonra ödəniləcək. Həmin müqaviləyə əlavə 2-ə əsasən 159.814,96 ABŞ dolları məbləğində mallar təhvil verilmişdir. “X1 ve Ticaret Limited” şirkəti tərəfindən tərtib edilmiş, 241019 nömrəli müqaviləyə əsasən təhvil verilmiş avadanlıq və materialları haqqında arayışda 50.001,54 ABŞ dolları məbləğində qalıq məbləğ qeyd olunmuşdur. Qeyd olunan məbləğ “X1 ve Ticaret Limited” şirkətinin direktoru tərəfindən imzalanmışdır. Müxtəlif tarixlərdə tərtib edilmiş gömrük bəyannamələrinə əsasən “X1 ve Ticaret Limited” şirkəti tərəfindən ümumilikdə 732.920,19 ABŞ dolları məbləğində mallar Teymur Əhmədov adına "xxxx" QSC-yə göndərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alğı-satqı müqaviləsi imzalanmışdır. Hazırda iddiaçı qeyd olunan müqavilə əsasında iddiaçıya malların təhvil verildiyini lakin, ödənişin olmadığını bildirmiş, cavabdeh isə iddiaçı tərəfindən iddia tələbinin sübuta yetirilmədiyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbini məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. İşin mübahisəsiz halı cavabdeh tərəfindən alğı-satqı üzrə iddiaçıya 748.840,46 ABŞ dolları məbləğində ödənişin edilməsidir. İddiaçı iddia tələbinin əsası kimi məhkəməyə gömrük bəyannaməsini eyni zamanda birtərəfli qaydada tərtib edilmiş arayış təqdim etmişdir. Məhkəməyə təqdim edilmiş iddia ərizəsində qeyd olunmuşdur ki, cavabdeh tərəfindən ümumilikdə 748.480,46 ABŞ dolları həcmində ödəniş olmuş, hazırda cavabdehin iddiaçıya olan borcu 50.339,79 ABŞ dolları təşkil edir. İddiaçının iddia tələbinin əsası kimi məhkəməyə təqdim edilmiş gömrük bəyannamələri ilə ümumilikdə 732.920,19 ABŞ dolları məbləğində malların cavabdehə göndərilməsi təsdiq olunur. Belə olan halda məhkəmə iddiaçı tərəfindən ona 748.480,46 ABŞ dolları həcmində ödənişin olmasını, həmçinin iddiaçı tərəfindən mübahisələndirilən məbləğlə bağlı əlavə heç bir sübutun təqdim olunmadığını nəzərə alaraq, hesab edir ki, iddia tələbi əsas borc hissəsində öz təsdiqini tapmadığından təmin edilməməlidir. Bundan əlavə iddiaçı 5.033 ABŞ dolları faiz borcunun ödənilməsini də tələb etmiş, iddia tələbini qeyd olunan hissədə AR MM-nin 445.7-ci maddəsi ilə əsaslandırmışdır. AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Yuxarıda sadalanan maddi hüquq normasının məzmunundan məlum olur ki, iddiaçı tərəfindən borcun ödənilməməsi ilə bağlı faiz tələb olunması o halda əsaslı ola bilərdi ki, iddiaçının cavabdehə olan borcu iş materialları ilə öz təsdiqini tapardı. Belə olan halda məhkəmə iddia tələbinin əsas borc hissəsində sübuta yetirilmədiyini nəzərə alaraq hesab edir ki, iddia qeyd olunan hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 400 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. Ödənilmiş 400 manat məbləğində mediasiya xərci “X1 ve Ticaret Limited” şirkətinin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar