Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5332/2021 03.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təsdiq edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.06.2021-ci il tarixli, ******* saylı akt əsasında Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən,abonent kodu: **********00001 olan mənə məxsus obyektə cavabdeh tərəfindən hesablanmış 6528,60 manat pulun abonent bazasından silinməsi və sayğacın rotorları ilə birlikdə onların yerləşdiyi gövdənin satın alınmasına görə tərəfimdən ödənilmiş 2100,40 manat məbləğində pul vəsaitinin əvəzinin, vəkil bürosuna ödənilmiş 210 manat məbləğində hüquqi müdafiə xərclərinin əvəzinin və mediasiya sessiyası üçün ödənilmiş 100 manat məbləğində pul vəsaitinin əvəzinin cavabdehdən tutularaq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən, ona məxsus obyektdə (Abonent kodu: **********00001) qaz xətti üzərində quraşdırılmış qaz sayğacı 05.03.2021-ci il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən xətdən çıxarılaraq ona Metrologiya Departamentinin Sayğacların Müayinəsi Labaratoriyasında baxış keçirilmişdir. Bununla bağlı SS № 29/1640-00575 saylı"Qeyriəhali qaz sayğacının yoxlanması haqqında akt” tərtib edilmişdir. Aktdan göstərilmişdir ki, texniki baxış zamanı müəyyən edilmişdir ki, ilkin baxış zamanı sayğacın daxili çirkli və yağlı olduğu müəyyən edildi, rotorlar kiplənib, sayğaca hava vuruldu, sayğacdan hava keçir, lakin sayğac sərfiyyatı qeyd etmir. Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, rotorlar fırlanmır. Adı gedən akt əsasında Cavabdeh İB tərəfindən 30.06.2021-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” AKT tərtib edilmiş və həmin akta əsasən dəymiş ziyan kimi 32643 m3 həcmində adı gedən obyektə qaz sərfiyyatı hesablanmışdır. Adı gedən obyektə aid “Abonent saldosu”nda isə dəymiş ziyan 32743 m3 həcmində (6528,60 manat) göstərilmişdir. Bununla yanaşı, sayğacın rotorları ilə birlikdə onların yerləşdiyi gövdə onun tərəfimdən və onun hesabına qısa zamanda dəyişdirilməsi Cavabdeh İB tərəfindən tələb olunurdu. Lakin sonradan Birlik tərəfindən mənə bildirildi ki, sayğacın rotorları ilə birlikdə onların yerləşdiyi gövdə təcili dəyişdirilməlidir, əks halda qazın verilişi dayandırılacaqdır. Odur ki, sayğacın rotorları ilə birlikdə onların yerləşdiyi gövdə mənə məxsus "xxxx" MMC vasitəsilə "xxxx" MMC-dən ƏDV ilə birlikdə 2100,40 manata satın alınmış, onun quraşdırılması ilə bağlı Birliyə məktub göndərilmiş və quraşdırılması məqsədilə onlar cavabdehə aktla təhvil verilmişdir. Tərəfimdən Cavabdehnə 17.09.2021-ci il tarixli pretenziya göndərilərək 2 gün ərzində Cavabdeh tərəfindən təsdiq edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ”30.06.2021-ci il tarixli, ******* saylıakt əsasında obyektə hesablanmış 6528,60 manat pulun obyektin qalıq borcundan və abonent bazasından silinməsini və sayğacın rotorlarının satın alınmasına görə tərəfimdən ödənilmiş 2100,40 manat məbləğində pul vəsaitinin mənə ödənilməsi xahiş edilmişdir. Lakin cavabdeh tərəfindən pretenziya təmin edilməmişdir. Qaz sayğacının xətdən çıxarılaraq ona texniki baxışın keçirilməsi üzrə yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində alınmadan həyata keçirilmişdir. Qanunvericiliyin tələbinə görə isə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan 30.06.2021-ci il tarixli ******* saylı akta əsasən **********00001 saylı abunə kodu üzrə baxış zamanı sayğacın sərfiyyatı qeyd etməməsi müəyyən olunmuşdur. İş materiallarında olan 30 iyun 2021-ci il tarixli tələbnamədən görünür ki, 30.06.2021ci il tarixli ******* saylı akta əsasən zərərin həcmi 32643 kub.m (14 gün üçün) müəyyən olunmuşdur. İş materiallarında olan Abonentin Saldosundan görünür ki, 32643 kub.m qaza görə 6528,60 manat zərər hesablanmışdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, ilk növbədə iddianın borcun silinməsi tələbi ilə bağlı olan hissəsinə münasibət bildirilməlidir. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçının silinməsini tələb etdiyi borc 30.06.2021-ci il tarixli ******* saylı akta əsasən hesablanmış olan məbləğdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Ona görə də, iddia 6528,60 manat borcun silinməsi hissəsində əsaslı olmaqla, təmin edilməlidir. Məhkəmə iddianın sayğacın rotorları ilə birlikdə onların yerləşdiyi gövdənin satın alınmasına görə ödənilmiş 2100,40 pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının “Qazdan istifadə Qaydaları” haqqında Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin qərarın 1.2-ci bəndinə əsasən məişət qaz qurğusu - ümumi qaz sərfiyyatı saatda 10 kubmetrədək olan, əhalinin məişət ehtiyacları üçün qazın yanacaq kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu (qurğuları); sənaye qaz qurğusu - ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusudur. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının alqı-satqı müqaviləsi əsasında əldə etmiş olduğu və quraşdırılmış sayğac RABO-G 25 DN 50 PN 16 markalı sayğacdır. Qeyd edilən markalı sayğacın quraşdırılmış olmasını hər iki tərəf məhkəmə iclasında təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş internet resurslarından edilmiş çıxarışdan görünür ki, RABO-G 25 markalı sayğacın ümumi qaz sərfiyyatı saatda 40 kubmetr təşkil edir. Belə olan halda adıçəkilən sayğac sənaye qaz qurğuları kateqoriyalarına aiddir. Qeyd edilən sayğacın sənaye qaz qurğusu kateqoriyasına aid olması məhkəmə iclasında iştirak edən tərəflər təsdiq etmişlə. Belə olan halda məhkəmə hesab edir ki, sənaye qaz qurğusunun istehlakçının vəsaiti hesabına təchiz edilməsi öhdəliyi olduğundan iddianın 2100,40 pulun tələb edilməsi hissəsi əsassızdır. Məhkəmə həmçinin hesab edir ki, iddia 210 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində də, qismən əsaslıdır. Belə ki, Mülki Prossesual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ona hüquqi yardım göstərilməsi üçün Mərkəz Vəkil Bürosunun hesabına 210 manat məbləğində pul köçürülmüşdür. Belə olan məhkəmə hesab edir ki, hüquqi yardıma görə ödənilmiş pulun əvəzi olaraq 160 manat məbləğində pul Cavabdeh İB-dən tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 100 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmçinin məhkəmə qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 3.4-cü maddəsi də eyni məzmunludur. Göründüyü kimi qanunverici mediasiya xərclərini məhkəməyə iddia verilərkən ödənilən dövlət rüsumu ilə eyniləşdirmişdir. Ancaq Mülki Prossesual Məcəlləsində ( 119-cu maddədə) konkret olaraq mediasiya xərclərinin bölüşdürülməsi göstərilməsə də, qeyd olunan hala MPM-in 13.4-cü maddəsinə (Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir) əsasən qiymət verilməlidir. Belə ki, iddiaçı tərəf Kommerssiya məhkəməsinə müraciət edərkən mütləq qaydada ilkin mediasiya sessiyasında iştirak etməli və müvafiq arayışı təqdim etməlidir. İddiaçı da, ilkin mediasiya sessiyasında iştirak edərkən müəyyən mediasiya xərcini ödəyir. Ona görə də, mediasiya zamanı çəkilən xərclərlə iddia ərizəsi üzrə məhkəməyə müraciət edilərkən ödənilmiş dövlət rüsumu “status” baxımından eyniləşdirilməldir və MPM-nin 13.4-cü maddəsinə istinad edilməklə 119-cu maddə tətbiq edilməlidir. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı mediasiya xərci olaraq 100 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən mediasiyaya çəkilmiş xərc olaraq 80 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən **********00001 saylı abunə kodu üzrə 30.06.2021-ci il tarixli ******* saylı akta əsasən hesablanmış 6528 (altı min beş yüz iyirmi səkkiz) manat, 60 (altmış) qəpik manat məbləğində borc silinsin. Hüquqi yardıma görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 160 (yüz altmış) manat, Mediasiya sessiyasına çəkilmiş xərclərin əvəzi olaraq 80 (səksən) manat məbləğində pul Cavabdeh ASC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-5332/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5332/2021
03.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver