Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5345/2023 29.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı xx.xx.2022-ci il tarixili müqaviləyə əsasən pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə üzrə 15.835,78 manat məbləğində əsas borc, 4.750,73 manat məbləğində dəbbə pulunun və 138 manat məbləğində dövlət rüsumunun, mediasiya xərci olaraq 62 manat məbləğində pul vəsaitinin, ümumilikdə 20.786,51 manat məb ləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, şirkətləri 1995-ci ildən elektrik, istlik və havalandırma üzrə avadanlıqların satışı və təmiri, eyni zamanda elektrik avadanlıqlarının icarəsini həyata keçirməkdədir. Nəzərə çatdırmaq istəyirlər ki, İddiaçı ilə Cavabdeh QSC arasında 22 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi imzalanmışdir. Həmin müqavilənin 1-ci bəndinə əsasən, satıcı bu müqavilənin şərtlərinə və alıcının sifarişinə uyğun olaraq mal və xidmətlərin təchiz edilməsini, alıcı isə 2-ci maddədə nəzərdə tutulmuş şərtlərlə təchiz edilən malların və xidmətlərin haqqını ödəməyi öz öhdəsinə götürür. Sözügedən müqaviləyə əsasən cavabdehin sifarişləri əsasında şirkətləri tərəfindən xx.xx.2022-ci il tarixli, 713226 saylı elektron qaimə əsasında 4.405,18 manat, xx.xx.2023cü il tarixli, 005490 saylı elektron qaimə əsasında 8.551,22 manat, xx.xx.2023-cü il tarixli, 105810 saylı elektron qaimə əsasında 1.227,20 manat, xx.xx.2023-cü il tarixli, 514315 saylı elektron qaimə əsasında 5.446,41 manat, xx.xx.2023-cü il tarixli, 909121 saylı elektron qaimə əsasında 12.046,38 manat, xx.xx.2023-cü il tarixli, 685596 saylı elektron qaimə əsasında 364,57 manat ümumilikdə 32.040,96 manat dəyərində elektrik malları satmışdır. Cavabdeh tərəfindən alınmış malların ümumi dəyərindən xx.xx.2022-ci il tarixli, O22521439/102 saylı ödəniş tapşırığına əsasən 3.733,20 manat, xx.xx.2023-cü il tarixli, O23294775/102 saylı ödəniş tapşırığına əsasən 5000 manat, xx.xx.2023-cü il tarixli, O1532707 saylı ödəniş tapşırığına əsasən 5000 manat ümumilikdə 13.733,20 manat əsas borc və 2.471,98 manat ƏDV ödənişi cəmi 16.205,18 manat köçürmə edilmişdir. Bildirmək istəyirlər ki, cavabdehin alınmış mallara görə hazırda şirkətlərinə 15.835,78 manat borcu qalmışdır. Tərəflərindən dəfələrlə borclu təşkilatın səlahiyyətli şəxsləri ilə danışıqlar aparılmış lakin, borcun ödənilməsi müxtəlif bəhanələrlə bu günə kimi ödənilməmişdir. xx.xx.2023-cü il tarixdə cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq göndərilməsinə baxmayaraq borc təkrar olaraq ödənilməmişdir. Bakı 2 saylı Mediasiya təşkilatı tərəfindən tərəflər arasında ilkin mediasiya sesiayası keçirilməklə xx.xx.2023-cü il tarixli 3387 saylı arayış verilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə izahatında əsas borcu iddia ərizəsində qeyd edilən həcmdə qəbul etdiyini, ödəniş etməyi üçün vaxt verilməsini xahiş etmiş, dəbbə pulu hissəsində iddia tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı (satıcı) ilə Cavabdeh QSC (alıcı) arasında 22 dekabr 2022-ci il tarixdə, 0270- H/22 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı bu Müqavilənin şərtlərinə və Alıcının sifarişinə uyğun olaraq mal və xidmətlərin təchiz edilməsini, alıcı isə 2-ci maddədə nəzərdə tutulmuş şərtlərlə təchiz edilən malların və xidmətin haqqını ödəməyi öz öhdəsinə götürür. 2.2-ci bəndinə əsasən alıcı sifariş-təklif qaydasında (və ya X2 əsasında) müəyyən edilən pul məbləğini X1 qeyd edilən tarixdə ödəmək şərti ilə Satıcının profilinə uyğun olan hər cür mal və ya professional xidmətin təchiz edilməsini tələb edə bilər. 7.1-ci bəndinə əsasən alıcının öhdəlikləri: Satıcı tərəfindən bu Müqaviləyə əsasən ona təhvil verilən malları və avadanlıqları qəbul etmək, Satıcının təmin etdiyi mal və xidmətlərin haqqını vaxtında ödəmək. 8.3-cü bəndinə əsasən alıcı bu Müqavilə ilə müəyyən edilmiş vaxtda, Satıcı tərəfindən mal təhvil verdikdən sonra malın dəyərini tam ödəmədikdə, Satıcı Alıcıdan hər gecikdirilən gün üçün bu Müqavilənin ümumi məbləğinin 0,1% həcmində dəbbə pulunun (cərimə) ödənilməsini tələb edə bilər. 11.3-cü bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir, imzalanma tarixindən etibarən 12 ay müddətinə və bu müddət bitdikdən sonra belə müqavilə üzrə Tərəflərin öz öhdəliklərini yerinə yetirmə tarixinə qədər qüvvədədir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 01/22, 02/22, 03/22, 04/22, 05/22 və 06/22 saylı qiymət razılaşdırma protokollarına əsasən tərəflər sözügedən müqavilədə nəzərdə tutulan malların növü, ölçüsü, miqdarı və qiyməti (ümumilikdə (ƏDV daxil) 32.040,96 manat olması) barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən 22 dekabr 2022-ci il tarixli, 0270-H/22 nömrəli müqaviləyə əsasən ümumilikdə 32.040,96 manat dəyərində malların verilməsinə və xidmətlərin göstərilməsinə görə, o cümlədən 4.405,18 manat dəyərində EBCL seriyalı, 713226 nömrəli, xx.xx.2022-ci il tarixli, 8.551,22 manat dəyərində EBCN seriyalı, 005490 nömrəli, xx.xx.2023-cü il tarixli, 1.227,20 manat dəyərində EBDA seriyalı, 105810 nömrəli, xx.xx.2023-cü il tarixli, 5.446,41 manat dəyərində EBDB seriyalı, 514315 nömrəli, xx.xx.2023-cü il tarixli, 12.046,38 manat dəyərində EBDD seriyalı, 909121 nömrəli, xx.xx.2023-cü il tarixli və 364,57 manat dəyərində EBDH seriyalı, 685596 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimələr tərtib edilərək Cavabdeh QSC-yə elektron sistem vasitəsi ilə göndərilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli O22521439/102 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 5000 manat məbləğində pul vəsaiti Cavabdeh QSC tərəfindən İddiaçı hesabına ödənilmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli O23294775/102 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, (EBCN seriyalı, 005490 nömrəli EQ üzrə) 5000 manat məbləğində pul vəsaiti Cavabdeh QSC tərəfindən İddiaçı hesabına ödənilmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli O1532707 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, (EBCN seriyalı, 005490 nömrəli və EBDB seriyalı, 514315 nömrəli EQ üzrə) 5000 manat məbləğində pul vəsaiti Cavabdeh QSC tərəfindən İddiaçı hesabına ödənilmişdir. Köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, Cavabdeh QSC-nin ƏDV sub-uçot hesabından İddiaçınə ümumilikdə 2.471,98 manat məbləğində (ƏDV) pul vəsaiti köçürülmüşdür. İddiaçı tərəfindən Cavabdeh QSC-yə pretenziya məktubu ünvanlanaraq şirkətə olan borcun 5 gün müddətində ödənilməsi xahiş edilmiş, əks halda qanunvericililklə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh QSC arasında 22 dekabr 2022-ci il tarixli, 0270-H/22 nömrəli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Hazırda İddiaçı həmin müqavilə üzrə sifariş edilmiş malları cavabdehə təqdim etsə də, malların dəyərinin cavabdeh tərəfindən tam ödənilmədiyini əsas göstərərək 15.835,78 manat məbləğində borcun tutulmasını tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə məhkəmə iclasında verdiyi izahatında əsas borcu iddia ərizəsində qeyd edilən həcmdə olması faktını təsdiq etmişdir. Azərbaycan Respublikası MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Mülki Məcəllənin: 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Odur ki, məhkəmə cavabdehin mübahisəli alqı-satqı müqaviləsi üzrə iddiaçıya 15.835,78 manat məbləğində borcun olması faktını etiraf etməsini nəzərə alaraq hesab edir ki, əsas borcun tutulması hissəsində iddia təmin edilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 4.750,73 manat cərimə (dəbbə) məbləğində pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Dəbbə pulunun ödənilməsinə dair iddia tələbinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göründüyü kimi Cavabdeh QSC-nin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 800 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 210 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 10 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 151,76 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumunundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. MPM-in 114.1-ci maddəsinə görə 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, hazırda iddiaçı tərəfindən artıq ödənilmiş 10 manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 170 (yüz yetmiş) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh QSC-dən 15.835,78 manat məbləğində əsas borc, 800 manat məbləğində dəbbə pulu, cəmi 16.635,78 manat məbləğində pul vəsaitini, mediasiya xərclərinin əvəzi olaraq 170 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddiaçı tərəfindən artıq ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qayatrılsın. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-5345/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5345/2023
29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver