Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5346/2023 27.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X3 qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 oglunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh X6 oglunun iştirakı ilə İddiaçı cavabdeh X3 qarşı cavabdehdən 58682.99 manat təşkil edən əsas borcun, gecikdirilmiş hər günə görə 0,2 faizdən hesablanmaqla 20611,64 manat cərimə pulunun, 405 manat məbləğində mediasiya xərclərinin, cəmi 79699,63 manat məbləğində vəsaitin iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı cavabdehdən 58682.99 manat təşkil edən əsas borcun, gecikdirilmiş hər günə görə 0,2 faizdən hesablanmaqla 20611,64 manat cərimə pulunun, 405 manat məbləğində mediasiya xərclərinin, cəmi 79699,63 manat məbləğində vəsaitin iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (“Təchizatçı”) və X4 (“Alıcı”) arasında 22 fevral 2023-cü il tarixli 59/23 №-li Müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə “Bu Müqaviləyə əsasən Təchizatçı tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən Alıcıya, özünə məxsus olan və üçüncü tərəfin yüklülüyündən azad olan malları təklif edir. Alıcı öz növbəsində Tərəflərin bu Müqaviləyə əsasən malların satışını həyata keçirir.” Həmin müqaviləyə əsasən İddiaçı MMC tərəfindən X3 EBDA seriyalı 731557 №-li xx.xx.2023-ci il tarixli Elektron Qaimə əsasında ümumi dəyəri ƏDVdaxil 62459.51 manat dəyərində mallar təchiz edilmiş. Müqavilənin 1.4-cü maddəsinə görə “Sifariş dəyəri 10000$ olduqda, ödəniş mаllаrın Alıcının аnbаrına göпdərildiyi gündən 30 gün ərzində nəğd və elektron-qaimədə göstəriləп məbləğin 100% miqdarında avans olaraq Təchizatçının hesablaşma hesabına ödənilir.” Yuxarıda göstərilən Elektron Qaimə əsasında Malların təhvil verilmə tarixindən 195 günlük müddətin keçməsinə baxmayaraq, Malların dəyəri Сavabdeh tərəfindən bu günə kimi tam şəkildə ödənilməmişdir. EBDA seriyalı 731557 №-li xx.xx.2023-ci il tarixli Elektron Qaimə əsasında Cavabdehə təhvil verilən malların dəyərindən cavabdeh tərəfindən cəmi ƏDV daxil 3776,52manat (xx.xx.2023-cü il tarixində - ƏDV daxil 2096,52 manat, xx.xx.2023-cü il tarixində - ƏDV daxil 300,00 manat və xx.xx.2023-cü il tarixində - 1380,00 manat) məbləğində vəsait ödənilmişdir. Beləliklə Cavabdehin İddiaçı MMC-nə cəmi ƏDVdaxil 58682.99 manat məbləğində borcu qalmaqdadır. Müqavilənin 1.4-cü maddəsinə görə “Alıcı tərəfindən gecikdirilən ödənişə görə Təchizatçıya gecikdirilmiş hər təqvim günü üçün icra olunmamış elektron qaimə dəyərinin 0,2% həcmində həmin qaimə üzrə ödəniş tam icra edilənə qədər cərimə tətbiq edəcəkdir”. Cavabdehə təchiz edilən malların dəyəri xx.xx.2023-cü il tarixinədək ödənilməli idi. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixə ödənişin artıq 165 (bir yüz altmış beş) gün gecikdirilməsini nəzərə alaraq, müqavilənin 1.4-cü bəndinə əsasən elektron qaimə dəyərinin 0,2% həcmində olmaqla, cəmi 20611,64 (iyirmi min altı yüz on bir, 64) manat məbləğində cərimə hesablanmışdır. Cavabdehə 24 may 2023-cü il tarixində Pretenziya məktubu göndərilmişdir, lakin cavabdeh tərəfindən bu müraciət cavablandırılmamışdır. Bundan əlavə, X3 xx.xx.2023-cü il tarixində Mediasiya Prosesinin tətbiqi barədə Təklif göndərilmişdir. İddiaçı MMC-nin bu müraciəti də cavabsız olaraq qalmışdır. Mübahisənin Mediasiya qaydasında həll edilməsi məqsədilə, xx.xx.2023-cü il tarixində iddiaçı tərəfindən İlkin Mediasiya sessiyası üçün ərizə ilə 12 saylı mediasiya təşkilatına müraciət edilmişdir. Mediator cavabdehlə dəfələrlə əlaqə saxlayaraq mediasiya sessiyasının keçirilmə vaxtı haqqında məlumatın verilməsi və cavabdehin mediasiya sessiyasın dəvət edilməsinə baxmayaraq cavabdeh mediasiya sissiyasında iştirak etməmişdir. Bununla belə, Mediasiya təşkilatı tərəfindən iddiaçıya X1 edilməməsi barədə Arayış təqdim edilmişdir. Cavabdehin danışıqlara getməməsi, cavabdeh tərəfindən müraciətlərin cavablandırılmaması, telefon zənglərinə cavab verməməsi onun yaranmış mübahisənin həllində, borc məbləğinin ödənilməsində maraqlı olmamasının göstəricisi kimi qiymətləndirilməlidir. Cavabdehlə yaranmış mübahisə danışıqlar yolu ilə həll edilmədiyindən borc məbləğinin və hesablanmış cərimələrinin ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada 400 (dörd yüz) manat məbləğində mediasiyaya dair və 5 (beş) manat poçt xərci ödəmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh X6 oglu iddianı əsas borcun tutulması hissəsində etiraf etmiş, cərimə məbləginə isə etiraz edərək iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
8. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 22 fevral 2023-cü il tarixli 59/23 №-li alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdehə mal satışı həyata keçirmiş, lakin cavabdeh tərəfindən malların dəyərinin ödənilməsi təmin edilməmiş və nəticə etibarı ilə cavabdehin iddiaçı qarşısında cəmi 58682.99 manat məbləğində borcu yaranmışdır.
10. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır.
11. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə olunmuş müqavilənin, elektron qaimənin müqayisəli təhlilindən görünür ki, iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Cavabdeh isə qeyd olunanları təsdiq edərək iddianı əsas məbləg hissəsində etiraf etmişdir.
12. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia 58682.99 manat borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir.
13. Məhkəmə həmçinin hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində də, iddia əsaslıdır. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 1.4-cü bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən “Alıcı tərəfindən gecikdirilən ödənişə görə Təchizatçıya gecikdirilmiş hər təqvim günü üçün icra olunmamış elektron qaimə dəyərinin 0,2% həcmində həmin qaimə üzrə ödəniş tam icra edilənə qədər cərimə ödəməyi Alıcı öz öhdəsinə götürür.
14. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
15. Məhkəmə hesab edir ki, 20611,64 manat cərimə məbləgi əsas məbləğə tənasübsüz surətdə yüksək məbləğ olduğundan cərimə azaldılmalı və 2900 manat dəbbə pulu cavabdehdən tutulmalıdır.
16. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli İlkin X1 edilməməsi barədə arayışdan görünür ki, iddiaçı Bakı 12 saylı Mediasiya təşkilatına 400 manat ödəmişdir.
17. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 58682.99 manat əsas borc, 2900 manat cərimə, mediasiya xərcinə görə 331,75 manat tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə təmin edilməməlidir.
VI. Nəticə:
18. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh X2 58682.99 manat əsas borc, 2900 manat cərimə, mediasiya xərcinə görə 331,75 manat tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev