Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5348/2023 18.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Cavabdeh Məhdud Məsliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixli 82 saylı alqı-satqı müqaviləsi üzrə 1.869,39 manat gecikdirilmiş əsas borc, 180 manat dəbbə pulu, iddia ərizəsi məhkəməyə verilənədək son iki il üçün əldən çıxmış fayda qismində ümumi məbləğin 10% həcmində yəni 180 manat məbləğin və mediasiya xərci üçün ödənilmiş 60 manat olmaqla, ümumilikdə 2.289,39 manat məbləğində pulun tutularaq "Ertok” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli 82 saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Bu müqaviləyə əsasən cavabdehə mallar elektron qaimələr əsasında verilmişdir. Lakin cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyindən cavabdehin xx.xx.2021-ci il tarixli 82 saylı alqı-satqı müqaviləsi üzrə 1.869,39 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Cavabdeh MMC tərəfindən bu günədək heç bir ödəniş edilməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər, lakin iddiaçının nümayəndəsi və vəkili məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh isə məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
5. Məhkəmə iddiaçının xx.xx.2023-cü il tarixli ərizəsini nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
8. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli 82 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “satıcı” (İddiaçı) “alıcı”ya (Cavabdeh) tikinti sahəsində istifadə olunan malları satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini malı qəbul etdikdən sonra 15 gün müddətində satıcının bank hesabına köçürmə yolu ilə ödəyir.
11. Müqavilənin 3.2.1-ci bəndinə əsasən müqavilədə göstərilən malı təhvil aktı, qaimə-faktura əsasında alıcıya və ya onun göstərdiyi şəxsə təhvil vermək satıcının vəzifələrindən biridir.
12. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən alıcı satıcı tərəfindən ona göndərilən elektron qaiməni qəbul etdiyi təqdirdə, ona həmin qaimədə göndərilən malı qəbul etməsini təsdiq etmiş sayılır.
13. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
14. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
15. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan məqam iddiaçı tərəfindən cavabdehə malların təhvil verilib-verilməməsidir.
16. İş materiallarında olan EBCİ seriyalı, 005072 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 348,93 manat olan, EBDA seriyalı, 293008 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 624,22 manat olan, EBDB seriyalı, 079250 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 614,78 manat olan, EBDB seriyalı, 796063 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 34,22 manat olan, EBDB seriyalı, 986487 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 247,21 manat olan elektron qaimələr iddiaçı tərəfindən cavabdehə göndərilmişdir.
17. Sadə riyazi hesablama ilə, elektron qaimələrdəki məbləğlərin cəmi 1.869,36 manat təşkil edir.
18. Bundan başqa, iş materiallarına əlavə olunmuş, xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə xx.xx.2021-ci il tarixli 82 saylı alqısatqı müqaviləsi üzrə 70.446,19 (ƏDV-siz) manat dəyərində mal təhvil verilmiş, alınmış mallara görə Cavabdeh tərəfindən 68.861.96 manat ödəniş edilmiş, ödənilməyən qalıq borc ƏDV daxil 1869,39 manat təşkil edir.
19. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunmuş digər elekton qaimələrdən, qiymət razılıq protokollarından və ödəniş sənədlərindən görünür ki, iddiaçı ilə cavabdeh arasındakı işgüzar münasibətlər məhz elektron qaimələr üzərindən həyata keçirilmiş, elektron qaimələrdəki malların dəyəri cavabdehlə razılaşdırılmış və göndərilmiş elektron qaimələrin böyük qismi üzrə cavabdeh tərəfindən ödənişlər edilmişdir.
20. Göründüyü kimi, cavabdeh ona göndərilmiş olan elektron qaimələr üzrə ödənişlər etməklə aralarındakı işgüzar münasibətlərin məhz elektron qaimə üzərindən həyata keçirildiyini təsdiq etmişdir.
21. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh tərəf ona verilmiş olan mallara görə yaranmış olan 1.869,39 manat məbləğində borcu ödəməlidir.
22. Məhkəmə həmçinin hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində də, iddia əsaslıdır.
23. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 4.3-cü bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən alıcı malı qəbul etdikdən sonrakı müddətdə müqavilə üzrə malın dəyərini satıcıya ödəməsinin müqavilədə göstərilən müddətdən gecikdirilməsi halında, alıcı satıcıya hər gecikdirilən gün üçün ödənilməmiş məbləğin 0,01 % miqdarında cərimə ödəməlidir.
24. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
25. Belə olan halda məhkəm hesab edir ki, cavabdehin 1.869,39 manat əsas borcuna münasibətdə 180 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir.
26. Bundan başqa, məhkəmə hesab edir ki, iddia əldən çıxmış faydaya görə 180 manat məbləğində pulun tutulması hissəsində də əsaslıdır və 180 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə ödənməlidir.
27. Belə ki, iddiaçı tərəf kommersiya hüquqi şəxsidir yəni, onun əsas məqsədi gəlir götürməkdən ibarətdir. Cavabdeh tərəf isə ona olan borcunu ödəməməklə onu müəyyən mənada gəlir götürmək imkanını azaltmışdır.
28. İş materiallarında olan MŞB/6-0356 saylı, xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən 60 manat məbləğində mediasya xərci Bakı 06 saylı Mediasiya təşkilatına ödənmişdir.
29. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir.
30. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir.
VI. Nəticə:
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 1.869 (bir min səkkiz yüz altmış doqquz) manat, 39 (otuz doqquz) qəpik, cərimə borcu üzrə 180 (bir yüz səksən) manat, əldən çıxmış faydaya görə 180 (bir yüz səksən) manat olmaqla, cəmi 2.229 (iki min iki yüz iyirmi doqquz) manat, 39 (otuz doqquz) qəpik məbləğində pul "Archbaku” Məhdud Məsliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul "Archbaku” Məhdud Məsliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Kənan Hüseynov