Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-535/2024 23.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, dəbbə pulunun azaldılması, məhkəmə xərclərinin işin nəticəsindən asılı olmayaraq bölüşdürülməsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra Aqrar Kredit və İnkişaf Agentliyi) Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli lizinq müqaviləsi üzrə 4800 manat gecikdirilmiş əsas borc, 5619,2 manat cərimə borcunun və 200 manat mediasiya xərcinin, 500 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli 1124-GL/17 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. 2.2. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə adıçəkilən müqavilə üzrə 5900 (xx.xx.2023-cü il tarixli iddia tələbinin həcminin azaldılması barədə ərizədə həmin borcdan 1100 manat ödəniş edildiyi göstərilmişdir) manat gecikdirilmiş borcu və 5619,2 manat cərimə borcu yaranmışdır. 2.3. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdehlə mübahisənin məhkəmədən kənar həll olunması üçün mediasiya proseduruna iddiaçı tərəfindən əməl olunmaqla Mediasiya Şurasına müraciət edilmiş və nəticədə ilk mediasiya sessiyasında iştirak edilməməsi barədə mediatorun MŞS/MT028/2023/0167K nömrəli xx.xx.2023-ci il tarixli arayışı təqdim edilmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 427.3, 465.2, 748-1.12.4-cü və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmənin baxış iclasında iştirak edən Cavabdeh əsas borcla razı olduğunu, lakin səhhətində yaranmış problemlər və maddi çətinliklərlə bağlı ödənişi tam həyata keçirə bilmədiyini, möhlət verilərsə, il yarım ərzində borcu ödəyə biləcəyini bildirdi.
6. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmənin baxış iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Lizinq müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı
8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
10. Məhkəməyə təqdim edilən "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli 4136/Ü nömrəli texnikaların yenidən lizinqə verilməsi barədə əmrindən görünür ki, “Aqrolizinq ASC ilə Biləsuvar rayonu, Ovçubərə kənd sakini Cavabdeh arasında bağlanmış: 30 aprel 2013-cü il tarixli 376-L/13 və 631Ü/xx.xx.2013 nömrəli müqaviləyə xitam verilmiş və əmrlər qüvvədən düşmüş hesab olunmuş, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 1124-GL/17 nömrəli lizinq müqaviləsinə əsasən aşağıdakı kənd təsərrüfatı texnikasının güzəşt tətbiq edildikdən sonra qalıq dəyəri ilə yenidən lizinqə verilməsi əmr olunmuşdur: “Belarus-892” markalı, ******* şassi, 770176 mühərrik nömrəli traktor - əvvəlki müqavilə 376-L/13, qalıq məbləğ – 10600 manat, güzəşt məbləği 11600 manat; “AG-14-4” markalı 130348 zavod nömrəli 4 gövdəli kotan - əvvəlki müqavilə 376- L/13, qalıq məbləği 100 manat, güzəşt məbləği 1040 manat.
11. İş materiallarında olan xx.xx.2013-cü il tarixli texnikaların təhvil-qəbulu barədə aktdan görünür ki, “Belarus-892” markalı traktor, “AG-14-4” markalı kotan lizinq alana təhvil verilmişdir.
12. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış (birinci Lizinq verən, ikinci Lizinq alan qismində) "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 24 avqust 2018-ci il tarixli 1124-GL/17 nömrəli müqavilənin predmetlə bağlı şərtlərindən görünür ki, Lizinq verən ümumi məbləği 10700 manat olan və Spesifikasiyada (Əlavə №1) göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərli ilə lizinqə verir (1.1). Lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə №2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür (1.2). Texnikaya mülkiyyət hüququ Lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək Lizinq verənə məxsusdur (1.3). Aşağıdakı sənədlər bu müqavilənin tərkib hissəsi hesab olunur: Spesifikasiya (Əlavə №1); lizinq ödəniş qrafiki (Əlavə №2) (1.4).
13. Adıçəkilən müqavilənin lizinq ödənişləri ilə bağlı şərtlərindən görünür ki, Lizinq alan texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə №2) uyğun olaraq ödənişləri həyata keçirir (4.1). Hər təqvim ilinin sonunda və müqavilənin müddəti başa çaldıqda tərəflər qarşılıqlı hesablaşmaların yoxlanışını həyata keçirirlər (4.3).
14. Həmin müqaviləyə 1 nömrəli əlavə olan Spesifikasiyadan görünür ki, “Belarus- 892” markalı traktorun ilkin qiyməti 29000 manat, ödənilmiş məbləğ 6800 manat, güzəştdən sonra qalıq məbləği 10600 manat, ödəmə müddəti 6 il, “AG-14-4” markalı kotanın ilkin qiyməti 2600 manat, ödənilmiş məbləğ 1460 manat, güzəştdən sonra qalıq məbləğ 100 manat, ödəmə müddəti 1 il təşkil edir.
15. Sözügedən müqaviləyə 2 nömrəli əlavə olan ödəniş qrafikindən görünür ki, ilkin ödəniş tarixi 2017-ci ilin İİ rübü, son ödəniş tarixi 2022-ci ilin İ rübü olmaqla ümumilikdə 10700 manat məbləğində lizinq ödənişi razılaşdırılmışdır.
16. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, 24 avqust 2018-ci il tarixli 1124-GL/17 nömrəli müqavilə üzrə müqavilənin qiymətini 10 700 manat, ödənilən məbləği 4800 manat, gecikdirilmiş borcu 5900 manat təşkil edir.
17. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cavabdehə məxsus hesabdan çıxarışlardan görünür ki, 30 aprel 2013-cü il tarixli 376-L/13 lizinq müqaviləsi üzrə (lizinq obyekti “Belarus-892” markalı traktor və “AG-14-4” markalı kotan) sonuncusu xx.xx.2016cı il tarixdə 400 manat və 12 640 manat güzəştin məbləği olmaqla cəmi ödənilmiş öhdəlik 20 900 manat olmuşdur. 24 avqust 2018-ci il tarixli 1124-GL/17 nömrəli lizinq müqaviləsi üzrə isə 5900 manat ödənilmiş, 4800 manat borc qalmışdır.
18. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 30 aprel 2013-cü il tarixli 376-L/13 müqaviləyə xitam verilmiş və həmin kənd təsərrüfatı texnikaları qalıq dəyəri ilə yenidən lizinqə verilmişdir. Belə ki, Cavabdeh ilə "xxxx" ASC arasında 24 avqust 2018-ci il tarixli 1124- GL/17 nömrəli lizinq müqaviləsi bağlanmış, həmin müqavilə ilə lizinq verən ümumi məbləği 10 700 manat olan 1 ədəd “Belarus-892” markalı traktor və “AG-14-4” markalı kotanı qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan (cavabdeh) isə kənd təsərrüfatı texnikalarının qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lizinq obyektlərinin ümumi dəyəri 31600 (29000 + 2600) manat olmuş, əvvəlki lizinq müqaviləsi üzrə cəmi 20900 (18400 + 2500) manat ödəniş edilmiş, yeni lizinq müqaviləsi bağlanarkən qalıq 10700 manatın ödəniş qrafikinə uyğun ödənilməsi razılaşdırılmışdır. Cavabdeh tərəfindən 24 avqust 2018-ci il tarixli 1124-GL/17 nömrəli lizinq müqaviləsi üzrə ümumilikdə 5900 manat ödəniş edilmiş, həmin ödənişlə “AG-14-4” markalı kotanın ümumi məbləği tam ödənilmiş, “Belarus-892” markalı traktor üçün isə 5800 manat ödənilmişdir.
19. Məhkəmə həmçinin müəyyən edir ki, "xxxx" ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020ci il tarixli Fərmanından irəli gələrək "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür.
20. İddiaçı lizinq ödənişlərinin qalıq hissəsinin, yəni 4800 manat məbləğində pulun tutulmasını tələb edir.
21. Cavabdeh maddi çətinliklərlə bağlı borcu ödəyə bilmədiyini bildirir.
22. Məhkəmə mübahisənin həlli üçün əvvəla lizinq müqaviləsinin hüquqi təbiəti, lizinq ödənişlərinin təyinatının şərh edilməsini zəruri sayır.
23. Lizinq müqaviləsinin hüquqi məzmunu Mülki Məcəllənin 747.1-ci maddəsində əks olunmuşdur. Həmin maddəyə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
24. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
25. Konstitusiya Məhkəməsi göstərmişdir ki, beynəlxalq təcrübədə geniş tətbiq olunan maliyyələşdirmə alətidir. Bu alətin unikallığı ondan ibarətdir ki, o özündə icarə, kredit və alqı-satqı müqavilələrinin elementlərini birləşdirərək bazar və mülki dövriyyənin çevikliyini yüksək dərəcədə artırır. Bu müqavilə konstruksiyasının hər üç tərəfi onun faydalarından mikrosəviyyədə, dövlət və iqtisadiyyat isə makrosəviyyədə yararlanırlar. Belə ki, lizinq alan maliyyələşmə alətindən istifadə etməklə, bu və ya digər əmlakı daha sürətlə ödəmə qabiliyyətinin daha az maliyyə analizinə cəlb etməklə nisyə satın alır, lizinq verən lizinq obyektinin lizinq müddətində onun mülkiyyətində qalmaqla daha təminatlı şəkildə maliyyələşməsini həyata keçirir, satıcı isə bu üsulla daha məhsuldar satışlar həyata keçirir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 28 dekabr 2020-ci il tarixli qərar).
26. Göründüyü kimi, mülki qanunvericilikdə lizinq müqaviləsi müxtəlif mülki-hüquqi müqavilələrin elementlərini ehtiva etməklə müstəqil müqavilə kimi təsbit edilmiş, əmlakın alınması üçün müvafiq maliyyənin ayrılması, əmlakın alqı-satqısı, istifadəyə verilməsi və istifadə haqqının alınması kimi kompleks məsələləri rəsmiləşdirməyin hüquqi forması kimi çıxış etmişdir. Bu zaman lizinq alan tərəfindən lizinq ödənişlərinin edilməsinin hüquqi əsası qismində isə Mülki Məcəllənin 747.1-ci maddəsi çıxış edir.
27. Qeyd olunan normanın dispozisiya şərtlərini hazırkı işin hallarına tətbiq etdikdə görünür ki, cavabdeh lizinq müqaviləsi üzrə öz öhdəliklərini tam icra etməmiş və belə olan halda da iddiaçının lizinq alandan – cavabdehdən müvafiq pul məbləğini tələb etmək hüququ yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, əsas borcun tutulması hissəsində iddia əsaslıdır.
28. Məhkəmə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
29. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
31. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
32. Beləliklə, məhkəmə hesab edir ki, lizinq müqaviləsi üzrə razılaşdırılmış muzdun ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (lizinq alan) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
33. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, lizinq müqaviləsi üzrə 4800 manat əsas borc Cavabdeh tutularaq iddiaçı Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir.
b) Lizinq müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
34. İddia ərizəsində iddiaçı 5619,2 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.
35. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.
36. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
37. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
38. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
39. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində və yaxud mediasiya mərhələsində tələbi cavabsız qoymuşdur. Eyni zamanda məhkəmə nəzərə alır ki, cavabdeh tərəfindən öhdəliyin pozulma dərəcəsi qisməndir, hissəvi ödəniş edilmişdir. Eləcə də 24 avqust 2018-ci il tarixli 1124-GL/17 nömrəli lizinq müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2019-cu il tarixdə (məhkəmə icraatı başlanadək olan) olsa da, iddiaçı uzun müddət sonra, yəni xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.
40. Kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri, öhdəliyin pozulma dərəcəsi, borclu və kreditorun davranışları nəzərə alındığında məhkəmə belə hesab edir ki, cərimə məbləğinin 250 manat müəyyən olunması ağlabatan və ədalətlidir.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, cərimənin tutulması tələbi qismən təmin edilməli, 250 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir.
c) Məhkəmə xərcinin tutulması ilə bağlı
42. İddiaçı həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat, hüquqi yardımla bağlı ödənilmiş 500 manat cavabdehdən tutulmasını xahiş etmişdir.
43. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞS/MT-028/2023/0167K nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak etməmiş, iddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiya xərci Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ödənilmişdir.
44. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, 500 manat məbləğində pulun Xırdalan şəhər vəkil bürosuna xx.xx.2023-cü il tarixli 1179 nömrəli müqavilə üzrə (iş materiallarında olan ******* nömrəli vəkil orderində göstərilən müqavilə) ödənilməsi barədə tapşırıq verilmişdir.
45. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
46. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə göstərilmişdir ki, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.
47. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.
48. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
49. Göründüyü kimi, kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
50. Mülki Prosessual Məcəllənin 119.3-cü maddəsinə əsasən iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.
51. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
52. İş materialları ilə müəyyən olunur ki, lizinq ödənişlərinin lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tam olaraq cavabdehdən tutulmalıdır.
53. Digər tərəfdən, məhkəmə kommersiya mübahisələrinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, mediasiya prosesində iştirak, iddia ərizəsi və əlavə olunan sənədlərin çatdırılması) nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq tələb olunan xərc ağlabatandır və cavabdehdən tutulmalıdır.
54. Beləliklə, məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat və vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 500 manat pul Cavabdeh tutularaq iddiaçı Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir.
V. Nəticə:
55. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 24 avqust 2018-ci il tarixli lizinq müqaviləsi üzrə 4800 (dörd min səkkiz yüz) manat əsas borc, 250 (iki yüz əlli) manat cərimə borcu olmaqla, ümumilikdə 5050 (beş min əlli) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat, vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova