Məhkəmə qərarları › İş №e-2-2(113)-5353/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5353/2025

11.07.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5353/2025 11.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs oğluna qarşı maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizə (açar sözlər:) (ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. İŞİN HALLARİ

1. Hüquqi şəxs haqqında məlumat ilə müəyyən edilir ki, Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti xx.xx.2006-cı il tarixdə vergi ödəyicisi kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınmaqla (VÖEN: **********) fəaliyyət göstərmişdir. Əsas fəaliyyət istiqaməti ümumi xarakterli dövlət idarəetməsi fəaliyyəti ilə bağlı olmuşdur.

2. Hüquqi şəxsə aid olan şəxsi hesab vərəqəsindən görünür ki, onun xx.xx.2025-ci il tarixə 13727,27 manat ödənilməmiş borcu olmuşdur.

3. Ərizəçi tərəfindən hüquqi şəxsə ünvanlanmış – **********9 nömrəli bildirişlə vergilər üzrə 9470,69 manat, faizlər üzrə 1619,81 manat məbləğində borcun, **********0 nömrəli bildirişlə muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 8972,86 manat, faizlər üzrə 822,37 manat məbləğində borcun dövlət büdcəsinə ödənilməsi tələb edilmiş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Hüquqi şəxs dövlət büdcəsinə və müvafiq fondlara olan borclarını ödəməmişdir.

4. Maraqlı şəxs əvvəllər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Əhalinin Dövlət Reyestri Xidmətində rəis müavini vəzifəsində işləmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirinin xx.xx.2024-cü il tarixində 336-K saylı Əmrə əsasən o, tutduğu vəzifədən azad edilərək dövlət qulluğuna xitam verilmişdir.

MƏHKƏMƏDƏ İCRAAT

a) Ərizəçinin tələbi və tələbinin dəlilləri

5. Ərizəçi vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan, ümumilikdə 11886,03 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 9795,23 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs oğlu barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir.

6. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 9795,23 manat, dövlət büdcəsinə 11886,03 manat məbləğində (o cümlədən, vergilər üzrə 9470,69 manat, faizlər üzrə 2415,34 manat) olmaqla, ümumilikdə 21681,26 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65- ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********274600, xx.xx.2024-cü il tarixli **********632700 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır.

b) Ərizəyə qarşı etirazın dəlilləri

7. Maraqlı şəxs xx.xx.2025-ci il tarixdə məhkəməyə yazılı ərizə təqdim edərək bildirmişdir ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Əhalinin Dövlət Reyestri Xidmətində rəis müavini vəzifəsində işləmiş, xx.xx.2024-cü il tarixində 336-K saylı Əmrə əsasən həmin strukturun ləğv edilməsi ilə bağlı tutduğu vəzifədən azad edilmişdir. Hal hazırda təqaüdçüdür. Yuxanda göstərilənləri nəzərə alaraq, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edilməməsini və xəbərdarlıqda göstərilən borcun araşdırılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən yaradılmış ləğv etmə komissiyasına göndərilməsini xahiş edir. Məhkəmə iclasında verilən izahatlar:

8. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Məhkəmə MPM-nin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

10. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır (MPM-in 305.1.12-ci maddəsi).

11. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

TƏTBİQ EDİLƏN HÜQUQ

Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsi:

12. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir.

13. Maddə 23.1.15-3. Vergi orqanları vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14. Maddə 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

15. Maddə 355-7.4. Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.

MƏHKƏMƏNİN MÖVQEYİ

16. Məhkəmə ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir.

17. Belə ki, “Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 4 iyun tarixli 84 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin strukturuna daxil olan Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti ləğv edilmiş, onun səlahiyyətləri AR Nazirlər Kabinetinin 21 sentyabr 2024-cü il tarixli 437 saylı qərarı ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə həvalə edilmişdir. Buna əsasən, AR Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 336-K saylı əmri ilə Xidmətin rəis müavini vəzifəsində çalışan Maraqlı şəxs tutduğu vəzifədən azad edilmişdir.

18. MPM-nin 355-5.1-ci maddəsinin mənasından da görünür ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı ilə müəyyən edilən məhdudiyyət tədbiri məcburi dövlət ödənişlərinin, onlara hesablanmış borcların və faizlərin, habelə maliyyə sanksiyalarının ödənilməsini təmin etmək məqsədilə fiziki şəxslər və ya hüquqi şəxslərin icra orqanının rəhbəri barəsində tətbiq edilir. Lakin işin mübahisəsiz hallarından görünür ki, maraqlı şəxs hazırda Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin rəhbəri deyil, belə ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirinin xx.xx.2024-cü il tarixli, 336-K saylı Əmrinə əsasən tutduğu vəzifədən azad edilərək dövlət qulluğuna xitam verilmişdir. Belə olan halda maraqlı şəxsin ölkədən getmək hüququnun müvvəqqəti məhdudlaşdırılması qanunvericiliyə uyğun olmamaqla bərabər onun konstitusion hüququnu pozmuş olur.

19. Məhkəmə qeyd edir ki, ölkədən getmək hüququ şəxsin konstitusion hüququ olmaqla azadlıq hüququnun tərkib hissəsidir. Eyni zamanda, sərbəst hərəkət etmək hüququ həm də, İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasında nəzərədə tutulan əsas hüquqlardan biridir (Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinin 2-ci bəndi).

20. Odur ki, ərizədə qeyd edilən hüquqi şəxsin ləğv edilməsini və buna görə də maraqlı şəxsin onun rəhbəri olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, maraqlı şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilməz.

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

Ərizə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar