Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5356/2024 25.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh2 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: Lizinq müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 avqust 2022-ci il tarixli, ML/4141nömrəli X3 üzrə 7.316,09 manat məbləğdə qalıq borcun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 94 manat məbləğdə dövlət rüsumunun Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında 24 avqust 2022- ci il tarixli, ML/4141 nömrəli X3 bağlanıb. Həmin müqaviləyə əsasən, Cavabdeh2 1 (bir) ədəd 2015-ci il buraxılışı olan “Chevrolet Cruze” minik markalı, 1G1PG5SB7F7276402 ban nömrəli nəqliyyat vasitəsi 23 % dərəcəsi ilə 36 ay müddətinə lizinqə verilmişdir. Sözügedən müqavilə üzrə ödəniş cədvəlinə uyğun olaraq, lizinq alan xx.xx.2022-ci ildən xx.xx.2025-ci ilədək hər ayın 24-ü tarixində lizinq verənin bank hesabına 433,55 manat məbləğdə lizinq haqqı ödəməli idi. Lakin Cavabdeh2 müqavilə üzrə öhdəliyini uzun müddət icra etməyib, lizinq haqqı ödənişini həyata keçirməyib. Belə olan halda qanunvericiliyə uyğun olaraq iddiaçı lizinq predmeti olan nəqliyyat vasitəsini cavabdehin istifadəsindən geri alıb. Lizinq predmeti olan 2015-ci il buraxılışı olan “Chevrolet Cruze” minik markalı, 1G1PG5SB7F7276402 nömrəli nəqliyyat vasitəsi geri alınarkən zədəli olmuş və işlək vəziyyətdə olmamışdır. "xxxx" MMC tərəfindən tərtib edilmiş“ avtomobilin qiymətləndirilməsi barədə” Ekspert rəyinə əsasən, 2015-ci il buraxılışı olan “Chevrolet Cruze” minik markalı, 1G1PG5SB7F7276402 ban nömrəli nəqliyyat vasitəsinin bazar dəyəri 4.000 manat məbləğdə müəyyənləşdirilib. xx.xx.2024-cü il tarixli, 05 nömrəli alqısatqı müqaviləsinə əsasən, həmin nəqliyyat vasitəsi satış qiyməti 5.000 manat məbləğdə razılaşdırılmaqla, "xxxx" MMC tərəfindən X1. Beləliklə, sözügedən nəqliyyat vasitəsinin satışından əldə edilən 5.000 manat məbləğdə pul vəsaiti Cavabdeh2 iddiçıya olan borcundan çıxılıb. Tərtib olunan maliyyə arayışına əsasən, Cavabdeh2 qalıq borcu 7.316,09 manat təşkil edir.
II. Tərəflərin mövqeləri:
1. Tərəflərə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir, lakin iddiaçının nümayəndəsi elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
3. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
4. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
5. Məhkəmə qeyd edir ki, lizinq ödənişləri üzrə yaranmış borcun ödənilməsi tələbinin qanuni əsasını Mülki Məcəllənin 747.1, 748-1.12, 748-1.12.4-cü maddələri təşkil edir.
6. Həmin maddələrdə göstərilmişdir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (maddə 747.1).
7. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748-1.12. və 748-1.12.4)
8. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər X3ndə ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. (748-2.5)
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı BOKT MMC (lizinq verən) ilə Cavabdeh2 (lizinq alan) arasında xx.xx.2022-ci il tarixli ML/4141 saylı maliyyə lizinq müqaviləsi bağlanmışdır.
11. Müqavilənin 1.1-ci maddəsinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş 1 ədəd 2015-ci il buraxılışı olan Chevrolet Cruze minik markalı nəqliyyat vasitəsini öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür.
12. Müqavilənin 8.2-ci bəndinə əsasən lizinq alanın lizinq verənə ödəməli olduğu lizinq ödənişlərinin ümumi məbləği 15.608 manat, bu məbləğdən 4.408 manat lizinq verənin mükafatını təşkil edir.
13. Müqavilənin 8.2-ci bəndinə əsasən lizinq müqaviləsinin müddəti 36 ay müəyyən edilmişdir.
14. Müqavilə hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir.
15. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı ilə İddiaçı BOKT MMC-yə məxsus X5 markalı **-PV-*** qeydiyyat nişanı olan avtomobil müştəri Cavabdeh2 verilmişdir.
16. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış lizinq müqaviləsindən irəli gəlir.
17. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun lizinq borcunu ödəmək vəzifəsi yaranmışdır.
18. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı tərəf, məhz lizinq müqaviləsi üzrə borcun tutulmasını xahiş edir.
19. Ona görə də, nəqliyyat vasitəsi iddiaçıya qaytarılarkən hansı vəziyyətdə və dəyərdə olması, onun sonradan hansı qiymətə satılması ilə bağlı olan hallar hazırkı işin həlli üçün heç bir əhəmiyyəti yoxdur.
20. Belə ki, tələb, nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı deyil, məhz lizinq müqaviləsi üzrə borcun tutulması ilə bağlıdır.
21. Ona görə də, hazırkı mübahisənin həlli üçün müəyyən edilməli olan məqam, lizinq obyektinin hansı tarixdən hansı zamanadək lizinq alanda olması və məhz həmin dövr üzrə yaranmış borcun nə qədər olması təşkil edir.
22. Yuxarıda da, qeyd edildiyi kimi, lizinq obyekti xx.xx.2022-ci il tarixində lizinq alana təhvil verilmişdir.
23. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi, lizinq obyekti olan nəqliyyat vasitəsinin 2024-cü ilin yanvar ayında təhvil alındığını bildirmişdir.
24. Ona görə də, xx.xx.2022-ci il tarixindən 2024-cü ilin fevral ayınadək olan borc hesablanmalı və edilmiş ödənişlər də, çıxılmalıdır.
25. Lizinq müqaviləsi üzrə ödəniş qrafikinə nəzər yetirildikdə, görünür ki, aylıq ödəniş (mükafat daxil) 433,55 manat təşkil edir və lizinq obyektinin qaytarıldığı fevral ayınadək ödənilməli mükafat daxil məbləğ 7.370,35 (17x433,55) manat təşkil edir.
26. İş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş maliyyə arayışından görünür ki, lizinq alan tərəfindən indiyədək ödənilmiş məbləğ 7.075 manat təşkil edir.
27. Ona görə də, Məhkəmə hesab edir ki, lizinq obyektinin qaytarıldığı tarixədək cavabdehin ödənilməmiş 295,35 (7.370,35-7.075) manat borcu qalmışdır.
28. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli lizinq müqaviləsi üzrə 295,35 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
29. Məhkəmə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 94 manat məbləğində pulun tələb olunması ilə bağlı aşağıdakıları qeyd edir.
30. İş materiallarına əlavə olunmuş iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi barədə məlumat” qrafikindən görünür ki, xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 94 manat məbləğində pul iddiaçı tərəfindən dövlət büdcəsinə ödənmişdir.
31. Lakin, Məhkəmə qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənməli olan dövlət rüsumunun məbləği 30 manat təşkil edir.
32. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
33. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli lizinq müqaviləsi üzrə 295 (iki yüz doxsan beş) manat 35 (otuz beş) qəpik məbləğində pul Cavabdeh2 tutularaq "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh2 tutularaq "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov