Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5358/2025 08.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5664,56 manat əsas borc və 76 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 039/22B saylı, 01 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. 039/22B saylı, 01 yanvar 2022ci il tarixli alqı-satqı müqaviləsi əsasında mallar cavabdeh tərəfindən alınmışdır. Göstərilən müqavilə üzrə cavabdehin iddiaçıya 5664,56 manat borcu vardır. Müqavilə öhdəliklərinin icra edilməsi ilə bağlı cavabdehə 20 iyun 2025-ci il tarixli pretenziya məktubu göndərilmiş, lakin borc məbləğinin ödənilməsinə dair heç bir tədbir görülməmişdir. Ərizəyə əlavə etdiyimiz 25 iyun 2025-ci il tarixli maliyyə arayışına əsasən, alıcının əsas 5664,56 manat təşkil edir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat təqdim etməmişdir.
4. Məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. İddiaçı ilə cavabdeh arasında bağlanmış 039/22B saylı, 01 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya tələb olunan malı satır, alıcı isə həmin malı qəbul edir və hazırkı müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir.
7. Müqavilənin 4.1-ci bəndinə əsasən malların qiyməti satıcı tərəfindən müəyyən edilir və tərəflər arasında razılaşdırılmış şəkildə hazırkı müqavilənin ayrılmaz hissəsi olan əlavədə göstərilir.
8. Müqavilənin 4.5-ci bəndinə əsasən alıcı ödənişi malı təhvil aldığı tarixdən 15 (on beş) iş günü müddətində həyata keçirməyi öz üzərinə götürür.
9. İddiaçı tərəfindən təqdim olunmuş Avtomatlaşdırılmış X1 çıxarışa əsasən iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələrin ümumi məbləği 61521,60 manat təşkil edir.
10. İddiaçının bank hesabından çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 46102 manat vəsait ödənilmişdir.
11. İddiaçının ƏDV sub uçot hesabından çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 8298 manat vəsait ödənilmişdir.
12. İddiaçı tərəfindən təqdim edilmiş kassa mədaxil orderlərinə əsasən cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 1456,30 manat vəsait ödənilmişdir.
13. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən 04 may 2022-ci ildən etibarən cavabdeh tərəfə ümumilikdə 149 ədəd elektron qaimə təqdim olunmuşdur. Həmin qaimələrin ümumi dəyəri 61,521.60 təşkil edir. Cavabdeh tərəfindən göstərilən məbləğdən qismən ödənişlər həyata keçirilmişdir. 26 may 2022-ci ildən etibarən cavabdeh tərəfindən 46,102.00 manat bank hesabına, 8,298.00 manat isə ƏDV hesabına ödənilmişdir. Beləliklə, rəsmi köçürmə yolu ilə edilən ödənişlərin ümumi məbləği 54,400.00 manat olmuşdur. Eyni zamanda, rəsmi köçürmələrdən əlavə olaraq cavabdeh tərəfindən 7 dəfə nağd ödəniş edilmişdir. Bu ödənişlər kassa mədaxil orderləri ilə təsdiq olunur və ümumilikdə 1,456.30 manat təşkil edir. Beləliklə, cavabdeh tərəfindən ödənilmiş ümumi məbləğ: 54,400.00 + 1,456.30 = 55,856.30 manatdır. Ümumi qaimələrin dəyəri ilə faktiki ödənişlər arasında fərq olaraq, cavabdehin ödəmədiyi 5,664.56 məbləğində borcu qalmışdır.
14. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
16. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
17. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
18. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
19. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
20. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
21. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.
22. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 5664,56 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 76,65 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia ərizəsi verilərkən artıq ödənilmiş 27,35 manat dövlət rüsumu isə iddiaçıya geri qaytarılmalıdır.
V. Nəticə:
25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 5664,56 manat əsas borc, 76,65 manat dövlət rüsumu, ümumilikdə 5741,21 (beş min yeddi yüz qırx bir manat iyirmi bir qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia ərizəsi verilərkən artıq ödənilmiş 27,35 (iyirmi yeddi manat otuz beş qəpik) manat dövlət rüsumu İddiaçı MMC-yə geri qaytarılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova