Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5359/2021 03.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı nin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ("xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.07.2017-ci il tarixli 736-L/17 nömrəli müqavilə üzrə 2745 (iki min yeddi yüz qırx beş) manat gecikdirilmiş əsas borc və hesablanmış 247,32 (iki yüz qırx yeddi manat otuz iki qəpik) manat cərimə və 19.12.2017-ci il tarixli 2475-GL/17 nömrəli müqavilə üzrə 28748 (iyirmi səkkiz min yeddi yüz qırx səkkiz) manat gecikdirilmiş əsas borc və hesablanmış 7842,24 (yeddi min səkkiz yüz qırx iki manat iyirmi dörd qəpik) manat cərimə, hüquqi yardımla bağlı ödənilmiş 350 (üç yüz əlli) manat olmaqla, cəmi 39992,56 (otuz doqquz min doqquz yüz doxsan iki manat əlli altı qəpik) manat pul vəsaitinin cavabehdən tutularaq nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 13.07.2017-ci il tarixli 736-L/17 və 19.12.2017-ci il tarixli 2475-GL/17 nömrəli müqavilələrə əsasən dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə müvafiq olaraq kənd təsərrüfatı texnikaları və Can-S.T-5 markalı 5000 lt su çənini lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 14.06.2021-ci il tarixə 13.07.2017-ci il tarixli 736-L/17 nömrəli müqavilə üzrə 2745 (iki min yeddi yüz qırx beş) manat, 19.12.2017-ci il tarixli 2475-GL/17 nömrəli müqavilə üzrə isə 28748 ( iyirmi səkkiz min yeddi yüz qırx səkkiz) manat gecikdirilmiş əsas borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər edilməmişdir. Cavabdehlə mübahisənin məhkəmədən kənar həlli üçün daha əvvəl mediatora müraciət edilsə də, mediasiya proseduru çərçivəsində də razılıq əldə edilə bilməmişdir. Ona görə məhkəməyə müraciət edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək bildirdi ki, cavabdeh 2021-ci ilin 3-cü rübü də daxil olmaqla ödənilməli olan əsas borcunu tam şəkildə ödəmişdir. Lakin müvafiq müqavilələr üzrə gecikdirilmiş cərimə borcları, eyni zamanda, hüquqi yardıma görə xidmət haqqı cavabdeh tərəfindən ödənilməmiş qalır. Bunu nəzərə alaraq, iddia tələbini qismən, cərimə və hüquqi yardımla bağlı ödənilmiş 350 (üç yüz əlli) manat hissədə müdafiə edir, ümumilikdə 8439,56 ( səkkiz min dörd yüz otuz doqquz manat əlli altı qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçının tələb etdiyi əsas borc məbləği ödənilmişdir. Müqavilələr üzrə tələb edilən cərimə məbləğlərinin isə məhkəmə tərəfindən azaldılmasını xahiş edir və vəkil xərci kimi 350 manat məlbəğin tutulmasına etiraz etmir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - Lizinq verən qismində "xxxx" ASC ilə Lizinq alan qismində "xxxx" MMC arasında "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə 19.12.2017ci il tarixli 2475-GL/17 nömrəli müqavilə (güzəşt) bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Lizinq verən ümumi məbləği 193344 manat olan və Spesifikasiyada (Əlavə N 1) göstərilən kənd təsərrüfatı texnikalarını (bundan sonra Texnika) ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən Lizinq alan Texnikanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə N 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" ASC tərəfindən verilmiş 13.07.2017-ci il tarixli 3028/ü nömrəli Əmrdə qeyd olunmuşdur ki, 1) "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 13 İyul 2017-ci il tarixli 736-L/17 nömrəli lizinq müqaviləsinə əsasən 10 adda qeyd olunmuş kənd təsərrüfatı texnikaları "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin istifadəsinə verilsin. - Lizinq verən qismində "xxxx" ASC ilə Lizinq alan qismində "xxxx" MMC arasında "xxxx" ASC-yə məxsus kand təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə 13.07.2017ci il tarixli 736-L/17 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Lizinq verən ümumi məbləği 538770 manat olan və Spesifikasiyada (Əlavə N 1) göstərilən kənd təsərrüfatı texnikalarını (bundan sonra Texnika) ilkin dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən Lizinq alan Texnikaların dəyərindən spesifikasiyada (Əlavə N 1) göstərilən 112641 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödniş qrafikinə (Əlavə N 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. - "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə 17 iyul 2017-ci il tarixli, 547 nömrəli aktda qeyd olunmuşdur ki, 15/16 nömrəli, 23.06.2016-cı il tarixli satınalma müqaviləsi və 22/17 nömrəli 11 aprel 2017-ci il tarixli müqaviləyə əsasən 08 iyul 2017-ci il tarixdə Bazaya daxil olmuş 4 adda qeyd edilən texnikalar "xxxx" ASC-nin 13.07.2017—ci il tarixli 3028/ü əmri əsasında saz, nizamlanmış və komplekt halda Bazadan lizınq alana təhvil verildi. - "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə 17 iyul 2017-ci il tarixli, 548 nömrəli aktda qeyd olunmuşdur ki, 24/17 nömrəli, 14.04.2017-ci il tarixli və 04/17 nömrəli, 20.02.2017-ci il tarixli müqaviləyə əsasən 31 may 2017-ci il tarixdə bazaya daxil olmuş 3 adda qeyd edilən texnikalar "xxxx" ASC-nin 13.07.2017-ci il tarixli 3028/ü saylı əmri əsasında saz, nizamlanmış və komplekt halda Bazadan lizınq alana təhvil verildi. - "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə 18 iyul 2017-ci il tarixli, 5/226 nömrəli aktda qeyd olunmuşdur ki, 14/17 nömrəli, 03.04.2017-ci il tarixli və 23/17 nömrəli, 12.04.2017-ci il tarixli satınalma müqaviləsi ilə 25.05.2017-ci və 05.06.2017-ci il tarixdə bazaya daxil olmuş 3 adda qeyd edilən texnikalar "xxxx" ASC-nin 13.07.2017-ci il tarixli 3028/ü saylı əmri əsasənda saz, nizamlanmış və komplekt halda Bazadan lizınq alana təhvil verildi. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" ASC tərəfindən verilmiş 28.12.2017-ci il tarixli 6521/ü nömrəli Əmrdə qeyd olunmuşdur ki, 1) "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 13 İyul 2017-ci il tarixli 736-L/17 və 13.07.2017-ci il tarixli 3028Ünömrəli müqavilə(s/lər)inə xitam verilsin və əmr(lər) qüvvədən düşmüş hesab olunsun. 2) "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 19.12.2017-ci il tarixli 2475- GL/17 nömrəli lizinq müqaviləsinə əsasən 9 adda qeyd olunmuş kənd təsərrüfatı texnikası güzəşt tətbiq edildikdən sonra qalıq dəyəri ilə yenidən lizinqə verilsin. - Azərbaycan Respublikası Prezidentinin 17.08.2020-ci il tarixli 1137 nömrəli Fərmanında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılsın. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, ,suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzre hüquq va öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit ve İnkişaf Agentliyinə keçir. - 14.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Lizinq alan "xxxx" MMC-nin 736-L/17 nömrəli, 13.07.2017-ci il tarixli müqavilə üzrə gecikdirilmiş əsas borca görə 28748 manat, hesablanmış cəriməyə görə 7842,24 manat olmaqla, ümumilikdə 36590,24 manat məbləğində borcu vardır. - 14.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Lizinq alan "xxxx" MMC-nin 2475-GL/17 nömrəli, 19.12.2017-ci il tarixli müqavilə üzrə gecikdirilmiş əsas borca görə 2745 manat, hesablanmış cəriməyə görə 247,32 manat olmaqla, ümumilikdə 2992,32 manat məbləğində borcu vardır. - "xxxx" ASC tərəfindən verilmiş 206OCAZ212910509 nömrəli, 18.10.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" ASC-nin AZ37NABZ******************** nömrəli hesabına 43085 manat məbləğində ödəniş edilmişdir. - "xxxx" ASC tərəfindən verilmiş 000İPX1213060EA8 nömrəli, 02.11.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən Xırdalan Şəhər Vəkil Bürosunun AZ46AİİB******************** nömrəli hesabına 350 manat məbləğində ödəniş edilmişdir. - tərəfindən "xxxx" MMC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə müraciət edərək əsas borcun və cərimənin ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında 13.07.2017-ci il tarixli 736-L/17 və 19.12.2017-ci il tarixli 2475-GL/17 nömrəli lizinq müqavilələri bağlanmışdır. Lizinq verən tərəfindən həmin texnikalar cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdeh tərəflər arasında razılaşdırılmış ödəniş qrafiklərinə uyğun ödənişlər etmək öhdəliyini üzərinə götürsə də, müqavilələr üzrə öhdəliklərini vaxtında icra etməmiş, ona görə də iddiaçının cavabdehə qarşı əsas borc və cərimə borclarının ödənilməsi ilə bağlı tələb hüququ yaranmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, ,suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq va öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit ve İnkişaf Agentliyinə keçmişdir. Cavabdeh 18.10.2021-ci il tarixdə iddiaçıya əsas borc məbləğləri ilə əlaqədar ödəniş etmiş (növbəti rüb üçün ödəniş də daxil olmaqla) və bu barədə ödəniş tapşırığını məhkəməyə təqdim etmişdir. İddiaçı tərəf isə cavabdehin əsas borc məbləğlərini ödədiyini təsdiq edərək bildirmişdir ki, əsas borc məbləğləri ödənildiyindən, hazırkı iddia tələbinin qismən təmin edilməsini, yəni hər iki müqavilələr üzrə cərimə borclarının və hüququi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1. maddəsi bəzi istisnalarla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. Həmin Məcəllənin 747.1-ci maddəsində göstərilən lizinq müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülkin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia tələbinin əsas borc məbləğləri ilə bağlı hissəsi cavabdeh tərəfindən ödənilərək təmin edilmişdir. İddia tələbinin digər hissəsini cavabdehdən iddiaçının xeyrinə 13.07.2017-ci il tarixli 736-L/17 nömrəli müqavilə üzrə hesablanmış 247,32 (iki yüz qırx yeddi manat otuz iki qəpik) manat cərimə və 19.12.2017-ci il tarixli 2475-GL/17 nömrəli müqavilə üzrə hesablanmış 7842,24 (yeddi min səkkiz yüz qırx iki manat iyirmi dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 8089,56 (səkkiz min səksən doqquz manat əlli altı qəpik) manat məbləğində cərimə borcunun tutulması təşkil edir. Tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafıkinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, hər iki müqavilə üzrə tutulması tələb olunan dəbbə pulu azaldılaraq ümumilikdə 1000 manat məbləğində müəyyən edilməlidir. İddiaçı vəkilə ödənilmiş 350 (üç yüz əlli) manat məbləğin (ödənişlə bağlı qəbz təqdim olunur) cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardıma görə cavabdehdən 350 (üç yüz əlli) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 1000 (min) manat cərimə və 350 (üç yüz əlli) manat hüquqi yardım xərci olmaqla, cəmi 1350 (min üç yüz əlli) manat məbləğində pul nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-5359/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5359/2021
03.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver