Məhkəmə qərarları › İş №e-2-2(113)-536/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-536/2022

18.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-536/2022 18.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Xəlil Ülkər Abdurahman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – iddiaçı) Cavabdeh qarşı (bundan sonra – cavabdeh) “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 14.08.2018-ci il tarixli 1095-L/18 nömrəli müqavilə üzrə 8513 manat gecikdirilmiş borcun və hesablanmış 1933,90 manat cərimə borcunun və hüquqi yardımla bağlı 350 (üç yüz əlli) manat cəmi 10796,9 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 14.08.2018-ci il tarixli 1095-L/18 nömrəli müqaviləyə əsasən borclu kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 09.09.2021-ci il tarixə 14.08.2018-ci il tarixli 1095-L/18 nömrəli müqavilə üzrə 8513 manat gecikdirilmiş borcu və hesablanmış 1933,90 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, lizinq obyektini saz və işlək vəziyyətdə saxlamaq lizinq alanın vəzifəsidir. Lizinq obyektlərindən təyinatı üzrə istifadə edilməməsi lizinq alanı ödənişlərdən azad etmir. Məhkəmə iclasında cavabdeh iddia tələbinə etiraz edib, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, həmin texnikalar lizinqə götürüldükdən bir neçə il sonra xarab olmuş, dəfələrlə iddiaçıya bu barədə şifahi məlumatlar verilmiş, lakin ehtiyat hissələrinin tapılmadığı ona bildirilmişdir. Hazırda həmin texnikalar işlək vəziyyətdə deyildir. Bu səbəbdən tərəfindən lizinq obyektləri istifadə edilmədiyi üçün ondan ödənişlər tələb edilə bilməz. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 14 avqust 2018-ci il tarixli 1095-L/18 nömrəli müqaviləyə əsasən lizinq verən ümumi məbləği 99350 manat və spesifikasiyada göstərilən kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alan mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikaların spesifikasiyada göstərilən 20450 manat məbləği əvvəlcədən lizin verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Müqavilənin 4.1-ci bəndinə əsasən lizinq alan avadanlığın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir. Müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Müqavilənin 4.3-cü bəndinə əsasən hər təqvim ilinin sonunda və müqavilənin müddəti başa çatdıqda tərəflər qarşılıqlı hesablaşmaların yoxlanışını həyata keçirirlər. 14 avqust 2018-ci il tarixli 1095-L/18 nömrəli lizinq müqaviləsinin 1 nömrəli əlavəsində Texnikaların adı, qiyməti, ilkin ödəniş məbləği qeyd olunmuşdur. 14 avqust 2018-ci il tarixli 1095-L/18 nömrəli lizinq müqaviləsinin 2 nömrəli əlavəsində tərtib edilmiş ödəniş qrafikinə əsasən lizinq alan tərəfdən ödənilməli olan məbləğlər qeyd edilmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş pretenziya məktubundan görünür ki, iddiaçı aralarında bağlanmış 14.08.2018-ci il tarixli, 1095-L/18 nömrəli müqavilə üzrə yaranmış 8513 manat gecikdirilmiş əsas borcu və hesablanmış 1933,90 manat cərimə məbləğini qısa zaman ərzində ödəməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. İddiaçı tərəfindən verilmiş 09.09.2021-ci il tarixli arayışdan görünür ki, 14.08.2018-ci il tarixli 1095-L/18 nömrəli müqavilə üzrə cavabdehin iddiaçıya olan gecikdirilmiş əsas borcu 8513 manat, cərimə borcu isə 1933,90 manat təşkil edir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 14.08.2021-ci il tarixli MŞİH- 07750 nömrəli arayışdan görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Hüquqi dəyərləndirmə: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 14.08.2018-ci il tarixli 1095-L/18 nömrəli lizinq müqaviləsi bağlanmış, lizinq verən (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektini müqavilə şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri tam icra etməmiş, nəticədə həmin müqavilə üzrə iddiaçıya 8513 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının gecikdirilmiş borcun ödənilməsi ilə bağlı tələbi tərəflər arasında bağlanmış 14.08.2018-ci il tarixli 1095-L/18 nömrəli lizinq müqaviləsindən irəli gəlir. Cavabdehin öz öhdəliyini lazımınca icra etməməsi iddiaçıya lizinq müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə cavabdehin lizinq obyektlərinin saz və işlək vəziyyətdə olmaması səbəbindən ödənişləri həyata keçirmək öhdəliyinin olmaması barədə dəlili ilə razılaşmır. Belə ki, tərəflər arasında bağlanmış 14.08.2018-ci il tarixli 1095-L/18 nömrəli lizinq müqaviləsinin 2.2.3-cü bəndinə əsasən lizinq alan texnikanın dövlət qeydiyyatına alınmasını, təyinatı üzrə səmərəli istifadəsini, saz saxlanmasını, vaxtında texniki qulluqların aparılmasını həyata keçirir. Müqavilənin 2.2.12-ci bəndinə əsasən texnikanın itirilməsi və ya funksiyalarını itirməsi lizinq alanı bu müqavilə üzrə öhdəliklərindən azad etmir. Bundan əlavə, müqavilənin 2.2.14-cü bəndinə əsasən lizinq alan texnikaya zərər dəydiyi andan ən geci 12 saat ərzində lizinq verənə məlumat verməli olduğu halda, cavabdeh tərəfindən iddiaçıya həmin məlumatların verilməsini təsdiq edən hər hansı sənəd Məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 748-1.4-cü maddəsinə əsasən lizinq verən müvəqqəti sahibliyə və istifadəyə verilən lizinq obyektinin lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır. 748-1.7-ci maddəsinə əsasən lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış 1933,90 manat məbləğində cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 100 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa iddia ərizəsində 350 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası 5 saylı Vəkil Bürosu ilə "xxxx" MMC arasında bağlanmış 2587 nömrəli 25 oktyabr 2021-ci il tarixli hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən cavabdehə qarşı “pul” tələbinə dair iddia ərizəsinin hazırlanması və məhkəmədə müdafiəsi üçün bu müqavilə bağlanılır. Hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 340 manat, əlavə olaraq 10 manat marka ödənişi olmaqla cəmi 350 manat müəyyən olunur. 07.12.2021-ci il tarixli 000İPX1213411F5F nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən Bakı şəhər 5 saylı Vəkil Börüsunun hesabına hüquqi xidmət haqqına görə 2587 nömrəli müqaviləyə əsasən 350 manat pul ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Nəticə: Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 8513 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 8513 manat əsas borc, 100 manat cərimə, hüquqi yardıma görə ödənilmiş 350 manat pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı 200 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat mediasiya xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 14.08.2018-ci il tarixli, 1095-L/18 nömrəli müqavilə üzrə 8513 (səkkiz min beş yüz on üç) manat gecikdirilmiş əsas borc və hesablanmış 100 (bir yüz) manat cərimə borcu olmaqla, cəmi 8613 (səkkiz min altı yüz on üç) manat, habelə hüquqi yardımla bağlı ödənilmiş 350 (üç yüz əlli) manat, mediasiya prosesi ilə bağlı ödənilmiş 200 (iki yüz) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar