Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5361/2021 23.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı cavabdehdən 12 oktyabr 2018-ci il tarixli, 53/18 saylı alqı-satqı müqaviləsinə əsasən yaranmış 4710,96 manat borcun, 550 manat dəbbə pulunun, mediasiya sessiyasına ödənilmiş 60 manatın və iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 5350,96 manatın tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 12 oktyabr 2018-ci il tarixli, 53/18 saylı alqısatqı müqaviləsinə əsasən yaranmış 4710,96 manat borcun, 550 manat dəbbə pulunun, mediasiya sessiyasına ödənilmiş 60 manatın və iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 5350,96 manatın tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında alkoqollu və alkoqolsuz içki məhsullarının alqı-satqısına dair 12 oktyabr 2018-ci il tarixli, 53/18 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1.-ci bəndinə görə iddiaçı müxtəlif adda alkoqollu və alkoqolsuz içki məhsullarını cavabdehin mülkiyyətinə verir, cavabdeh isə malı qəbul edərək müəyyən edilmiş qiymətini ödəyir. Lakin, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə borcu yaranmışdır. Həmin müqavilənin 4.1-ci bəndinə görə müqavilə üzrə hesablaşmalar nəğd və ya 30 gün ərzində köçürmə vasitəsi ilə həyata keçirilir. Müqavilənin 5.1.3-cü bəndinə görə alıcı müqavilə üzrə öhdəliyini icra və ya lazımi qaydada icra edə bilmədiyi təqdirdə satıcıya dəymiş zərəri ödəməlidir. Müqavilənin 6.1-ci bəndinə görə satıcı, qaimə-faktura əsasında təhvil verilmiş malların pulunun tam və vaxtında ödənilməsini alıcıdan tələb edə bilər. Müqavilənin 6.2-ci bəndinə əsasən alıcı təhvil verilmiş malların satış dövründə alıcının anbarında satışa yararsız hala (ticarət görkəmini itirmiş, zay olmuş, əzilmiş, sınmış, istifadə müddəti bitmiş və s.) düşməsinə görə satıcı məsuliyyət daşımır və bu malların alıcıdan geri qəbul etmir və alıcıdan həmin malların dəyərinin ödənilməsini tələb edir. Həmin Müqavilənin 6.3-cü bəndinə əsasən alıcı son istifadə müddətinə 30 gün qalmış bütün malları satıcıya rəsmi (qaimə-faktura əsasında) təhvil verməlidir. Qeyd edilən müddət keçdikdən sonra mallar satıcı tərəfindən qəbul edilmir və bu müqavilənin alıcısı həmin malların tam dəyərini ödəyir. Müqavilənin 7.1-ci bəndinə görə alıcı malın dəyərini bu müqavilə ilə müəyyən edilmiş müddətlərdə ödəmədikdə hər gecikdirilmiş gün üçün malın ödənilməmiş qalığının 0,2% həcmində peniya ödəyir. İddiaçı tərəfindən tərtib edilmiş 04.09.2020-ci il tarixli elektron qaimədən görünür ki, cavabdeh müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə onun 4.710,96 manat borcu yaranmış və həmin borcun 10 gün müddətində ödənilməsi ilə bağlı cavabdehə 07.06.2021-ci il tarixdə pretenziya məktubu göndərilmişdir. Lakin cavabdeh həmin məktubu 10.06.2021-ci il tarixdə alsa da, borcu ödəməkdən imtina etmişdir. Fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış 12 oktyabr 2018-ci il tarixli 53/18 saylı saylı alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı müxtəlif adda alkoqollu və alkoqolsuz içki məhsullarını cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə malı qəbul edərək müəyyən edilmiş qiyməti ödəməyi öhdələrinə götürmüşlər. 04.09.2020-ci il tarixli EBAP seriyalı 594844 saylı, 06.04.2020-ci il tarixli EBAİ seriyalı 398534 saylı, 29.05.2020-ci il tarixli EAAV seriyalı 026644 saylı və 18.02.2019-cu il tarixli EAAQ seriyalı 502705 saylı elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən ümumilikdə 13346,92 manat dəyərində içki məhsulları cavabdehə satılmışdır. Maliyyə arayışından görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 13346,96 manat dəyərində içki məhsulları satılmış, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 8636 manat ödəniş edilmiş, cavabdehin iddiaçıya 4710,96 manat qalıq borcu qalmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 12 oktyabr 2018-ci il tarixli 53/18 saylı alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı müxtəlif adda alkoqollu və alkoqolsuz içki məhsullarını cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə malı qəbul edərək müəyyən edilmiş qiyməti ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə ümumilikdə 13346,96 manat dəyərində içki məhsulları satılmış, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 8636 manat ödəniş edilmiş, cavabdehin iddiaçıya 4710,96 manat qalıq borcu qalmışdır. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 12 oktyabr 2018-ci il tarixli 53/18 saylı alqı-satqı müqaviləsinə əsasən 4710,96 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqavilənin 7.1-ci bəndinə əsasən alıcı malın dəyərini bu müqavilə ilə müəyyən edilmiş müddətlərdə ödəmədikdə hər gecikdirilmiş gün üçün malın ödənilməmiş qalığının 0,2% həcmində peniya ödəyir. Lakin məhkəmə hesab edir ki, tələb olunan 550 manat dəbbə pulu məbləği yaranmış 4710,96 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 200 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddiaçı ödənilmiş 60 manat məbləğində mediasiya xərcini cavabdehdən tələb etdiyini, iş üzrə dövlət rüsumu məbləğinin 72,61 manat olmasını və iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 93,42 faizini təşkil etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 7,83 manat (67,83 (72,61 manat dövlət rüsumunun 93,42 faiz cavabdehdən tutulmalı olan hissəsi) – 60 (tutulmuş mediasiya xərci) = 7,83 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 4,78 manat (72,61 – 67,83 = 4,78) məbləği iddiaçıya aid edilməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 12 oktyabr 2018-ci il tarixli, 53/18 saylı alqı-satqı müqaviləsinə əsasən yaranmış 4710,96 manat borc, 200 manat dəbbə pulu, mediasiya sessiyasına ödənilmiş 60 manat və ödənilmiş dövlət rüsumuna görə 7,83 manat, cəmi 4978,79 manat tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 12 oktyabr 2018-ci il tarixli, 53/18 saylı alqı-satqı müqaviləsinə əsasən yaranmış 4710,96 manat borc, 200 manat dəbbə pulu, mediasiya sessiyasına ödənilmiş 60 manat və ödənilmiş dövlət rüsumuna görə 7,83 manat, cəmi 4978,79 manat tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-5361/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5361/2021
23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver