Məhkəmə qərarları › İş №e-2-2(113)-5362/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5362/2025

10.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5362/2025 10.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələninə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pul tələbi” barədə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. Tərəflər arasında xx.xx.2023-cü il tarixli, 4565/23M saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı (iddiaçı) alıcıya (cavabdehə) onun sifarişi əsasında bu Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “X2”nda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları (bundan sonra ismin müvafiq halında “Mal” adlandırılacaq) satır, “Alıcı” isə bunun müqabilində bu Müqavilə ilə razılaşdırılmış məbləğdə Malın dəyərini “Satıcı”ya ödəməyi və malları qəbul etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin: 1.1. 1.2-ci bəndinə əsasən Malın adı, miqdarı, ölçü vahidi, qiyməti və digər zəruri xüsusiyyətləri bu Müqavilənin aynlmaz tərkib hissəsi olan “X1 öz əksini tapacaqdır; 1.2. 2.1-ci bəndinə əsasən, Malın qiyməti, təhvil verilmə müddəti, ödəniş qaydası və ödəniş müddəti bu Müqavilənin aynlmaz tərkib hissəsi olan “X3” ilə müəyyən edilir; 1.3. 2.2-ci bəndinə əsasən Qiymətlərin razılaşdırılması barədə protokol Satıcı tərəfindən elektron şəkildə müvafiq QR kodu ilə tərtib edilərək informasiya texnologiyaları resursları vasitəsilə və ya kağız formatında olduqda isə imza və möhürlə təsdiqli formada Alıcıya göndəriləcəkdir. X4nun Alıcıya göndərildikdən sonra Alıcı tərəfindən onun cavablandınlması üçün 3 (üç) iş günü müəyyən edilir. Elektron sənəd dövriyyəsi halında Alıcı tərəfindən ya təsdiq, ya da imtina məzmunlu mail daxil olmalıdır. Təsdiq maili daxil olduqda Satıcı tərəfindən mal buraxılışı həyata keçiriləcək, imtina maili daxil olduqda isə Alıcı tərəf protokolda qeyd edilən hallara dair öz mülahizəsini bildirə bilər. Bu halda tərəflər arasında təsdiq əldə edilənədək malların buraxılışı dayandırılacaqdır. X4 elektron qaydada göndərildiyi halda onun Satıcı və Alıcı tərəfindən əlavə olaraq canlı imza ilə imzalanmasına və möhrlənməsinə zərurət yoxdur. Lakin, bununla belə Alıcı tərəf bu cür imza və möhür tələb etdikdə, ilkin olaraq özü tərəfindən bu cür imza və möhür vurulmuş protokolu və ya protokolları Satıcının baş ofisinə çatdırmalıdır; 1.4. 4.2-ci bəndinə əsasən mal Alıcıya onun müəyyən etdiyi səlahiyyətli şəxs və ya tərəflərin əlavə razılığı ilə çatdırılma vasitəsilə verilir. Çatdırılma vasitəsilə mal verildikdə bununla bağlı əlavə razılıq və onun şərtləri Əlavə № 1-də göstərilir; 1.5. 5.1-ci bəndinə əsasən müqaviləyə əsasən Alıcı tərəfindən Malın dəyərinin ödənilməsi hesab faktura təqdim olunduqdan sonra 100% (yüz faiz) öncədən avans şəklində Azərbaycan Respublikasının milli valyutası olan manatla həyata keçirilir. O cümlədən, Satıcı tərəfindən təqdim edilmiş malların dəyərinin ödənilməsi üçün elektron qaimə təqdim ediləcəkdir. Qaiməni alan Alıcı tərəfindən təsdiq düyməsi basılıbsa və sonradan elektron vergi sistemində ləğv edilməyibsə bu qaimə üzrə təqdim edilmiş malların Alıcı tərəfindən qəbul edilməsi mənasını daşıyacaqdır. 1.6. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli üzləşdirmə aktından görünür ki, cavabdehin həmin tarixə iddiaçıya olan borcu 4946,58 manat təşkil edir.

2. Tərəflərin arasında: 2.1. 1 metrinin qiyməti 12,1 manat təşkil edən 48 metr (580,8 manat) tikinti materialının (profil 89x4) və vahidinin qiyməti 12,08 manat təşkil edən 10 ədəd kəsmə xəttinin (120,82 manat ) təhvil verilməsinə dair xx.xx.2025-ci il tarixli 076668 saylı; 2.2. 1 metrinin qiyməti 12,1 manat təşkil edən 48 metr (580,8 manat) tikinti materialının (profil 89x4) və vahidinin qiyməti 12,08 manat təşkil edən 10 ədəd kəsmə xəttinin (120,82 manat ) təhvil verilməsinə dair xx.xx.2025-ci il tarixli 076662 saylı; 2.3. 1 metrinin qiyməti 10 manat təşkil edən 480 metr (4800 manat) tikinti materialının (profil 80x80x3) və 1 ədəd satış üçün sair xidmətlərin (300 manat) təhvil verilməsinə dair xx.xx.2025-ci il tarixli 080744 saylı malların təhvil-qəbul aktı tərtib edilmişdir.

3. Həmçinin, iddiaçı tərəfindən 6018 manat dəyərində xx.xx.2025-ci il tarixli, MT2502 seriyalı, 11106977 nömrəli; 827,91 manat dəyərində xx.xx.2025-ci il tarixli, MT2501 seriyalı, 10785024 nömrəli; 827,91 manat dəyərində xx.xx.2025-ci il tarixli, MT2501 seriyalı, 10785026 nömrəli elektron qaimələr cavabdehə göndərilmişdir.

4. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, cavabdeh tərəfindən: 4.1. MT2501 seriyalı, 10785026 nömrəli elektron qaimə üzrə 1403,24 manat məbləğində, MT2412 seriyalı, 11478668 nömrəli elektron qaimə üzrə 156,84 manat məbləğində pul iddiaçının bank hesabına; 4.2. MT2501 seriyalı, 10785024 nömrəli elektron qaimə üzrə 126,29 manat ; MT2501 seriyalı, 10785026 nömrəli elektron qaimə üzrə 126,29 manat; MT2502 seriyalı, 11106977 nömrəli elektron qaimə üzrə 918 manat məbləğində pul iddiaçının ƏDV hesabına köçürülmüşdür.

İDDİA ƏRİZƏSİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ:

a) İddia ərizəsinin dəlilləri

5. İddiaçı 4946,58 manat əsas, 247,32 manat dəbbə pulu və 78 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə sonradan dəqiqləşdirilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı ərizəsində göstərmişdir ki, tərəflər arasında malların alqı-satqısına dair xx.xx.2023-cü il tarixli № 4565/23M nömrəli müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə iddiaçı satıcı, cavabdeh isə alıcı qismində çıxış etmişdir. Mallar qəbul edilərkən alıcı tərəfindən yoxlanılmış, keyfiyyət, miqdar,çeşid fərqi və ya hər hansı bir çatışmazlıq aşkar edilməmişdir. Beləliklə, iddiaçı bağlamış olduğu müqavilənin bütün tələbləri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və malları tam şəkildə alıcıya təhvil vermişdir. Müqavilə şərtləri əsasında mallar alındıqdan sonra Alıcı müqavilə ilə şərtləşdirilmiş şəkildə malların dəyərini ödəməli idi. Elektron qaimələr və “Malların təhvil-qəbul” aktlarından aydın olur ki, xx.xx.2025-ci il tarixində və xx.xx.2025-ci il tarixində Satıcı tərəfindən 6.018 manat manat (ƏDV daxil) məbləğində mallar Alıcıya satılmışdır. Alıcının həyata keçirdiyi ödənişləri təsdiq edən bank hesabından çıxarışlardan məlum olur ki,Alıcı tərəfindən alınmış malların müqabilində 918 manat (ƏDV daxil) məbləğində ödəniş həqiqətən də həyata keçirilmişdir. Lakin qalan məbləği təşkil edən 5.100 manat (ƏDV daxil) məbləğində pul vəsaitinin bugünədək Alıcı tərəfindən ödənilməsi həyata keçirilməmişdir. Cavabdehin iddiaçıya olan əsas borcundan əlavə, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli № 4565/23M nömrəli müqavilənin 8.4-cü bəndinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halında Alıcı Satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında (lakin Malın dəyərinin 20 %-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir. Ödənilməmiş malların dəyərini 5.100 manat manat təşkiledir, həmin məbləğin 12 faizi 612 manat təşkiledir və bu məbləği dəbbə pulu kimiəsas borca hesablasaq, ümumilikdə 5.100 + 612 = 5.712 manat manat tələb məbləği yaranmışdır. Lakin bugünədək cavabdeh tərəfindən alınmış malın dəyəri ödənilməmiş və alıcı faktiki olaraq müqavilə üzrə nəzərdə tutulan öhdəliyi icra etməmişdir. Qeyd edilən müqavilə hər iki tərəfin qarşılıqlı iradə ifadəsi və razılaşdırılması ilə Azərbaycan Respublikasının mülki qanunvericiliyi əsasında bağlanmışdır. Müqavilə üzrə onun tərəfindən öhdəlik icra edilmiş, lakin Alıcı tərəfindən öhdəlik icra edilməmişdir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

7. Cavabdeh məhkəməyə yazılı etiraz təqdim etməmişdir.

MƏHKƏMƏ İCLASİNDA VERİLƏN İZAHATLAR:

8. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmışlar. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi.

9. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ:

Azərbaycan Respublikası Mülki Məcəllə:

10. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

13. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

14. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

15. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

16. Maddə 597.1. Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

17. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. Maadə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

22. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

23. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslıdır.

24. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

25. Qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.

26. Mülki Məcəllənin 567-ci maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandığı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır.

27. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, 4565/23M saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, tərəflər arasında əvvəlcə malın qiyməti, təhvil verilmə müddəti, ödəniş qaydası və ödəniş müddəti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan X3 ilə razılaşdırılır. Daha sonra, satıcı tərəfindən alıcıya hesab faktura göndərilir, həmin hesab faktura təqdim olunduqdan sonra alıcı 100% (yüz faiz) öncədən avans şəklində malın dəyərini ödəyir. O cümlədən, satıcı tərəfindən təqdim edilmiş malların dəyərinin ödənilməsi üçün elektron qaimə-faktura təqdim edilir. Hazırda iddiaçının tələbi xx.xx.2025-ci il tarixli, MT2502 seriyalı, 11106977 nömrəli elektron qaimə üzrə malların dəyərinin ödənilməsindən ibarətdir.

28. İş materialalrından görünür ki, tərəflər arasında 1 metrinin qiyməti 10 manat təşkil edən 480 metr (4800 manat) tikinti materialının (profil 80x80x3) və 1 ədəd satış üçün sair xidmətlərin (300 manat) təhvil verilməsinə dair xx.xx.2025-ci il tarixli 080744 saylı malların təhvil-qəbul aktı tərtib edilmişdir. Qeyd edilən akt ölçü və miqdar göstərilən hissədə imzalanmış, lakin möhürlə təsdiq edilməmiş, qiymət göstərilən hissədə isə ümumiyyətlə imzalanmamış və möhürlə təsdiq edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən təhvil-təslim aktı malların cavabdehə təhvil verilməsini təsdiq edən sənəd qismində qiymətləndirilə bilməz. Lakin iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, cavabdeh xx.xx.2025-ci il tarixli MT2502 seriyalı, 11106977 nömrəli elektron qaimə üzrə 918 manat məbləğində ödəniş etmiş, bununla da bu qaimə üzrə təqdim edilmiş malların onun tərəfindən qəbul edildiyini təsdiq etmişdir. Belə olan halda, alınmış (təhvil verilmiş) malların müqabilində ödənişlərlərlə bağlı öhdəliyini icra etdiyini sübut etmək yükü cavabdehin üzərinə düşmüş, lakin bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.

29. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2025-ci il tarixli aktla müəyyən edilmiş 1 metrinin qiyməti 10 manat təşkil edən 480 metr (4800 manat) tikinti materialının (profil 80x80x3) və 1 ədəd satış üçün sair xidmətlərin (300 manat) təhvil verilməsinə dair öz öhdəliyini icra etmişdir. Lakin mallar təhvil verilməsinə baxmayaraq, cavabdeh öz öhdəliyini tam icra etməmiş, aldığı mallarla bağlı ödəniş etməmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən tikinti materiallarını almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin əşyaların dəyərini ödəməklə bağlı üzərinə öhdəlik də götürmüşdür. Cavabdeh isə bağladığı müqavilə əsasında əşyanı almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Buna görə də, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır.

30. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə də təmin edilməlidir.

31. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Eyni zamanda, qanunvericilik də tələb edir ki, dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (MM-nin 462.1-ci maddəsi).

32. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 78 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 4946,58 manat əsas, 247,32 manat dəbbə pulu və ödənilmiş 78 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar