Məhkəmə qərarları › İş №e-2-2(113)-5365/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5365/2023

13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5365/2023 13.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Məsuliyyətli Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, elektron qaimə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 5 132.47 manat gecikdirilmiş əsas borc, 500 manat dəbbə pulu, iddia ərizəsi Məhkəməyə verilənədək son bir il üçün əldən çıxmış fayda qismində ümumi məbləğin 10% həcmində, yəni 500 manat məbləğin və (dövlət rüsumu) mediasiya xərci üçün ödənilmiş 100 manat, ümumilikdə 6 232,47 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli 121 saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Bu müqaviləyə əsasən cavabdehə mallar elektron qaimələr əsasında verilmişdir. Lakin cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyindən cavabdehin xx.xx.2022-ci il tarixli 121 saylı alqı-satqı müqaviləsi üzrə 5 132.47 manat gecikdirilmiş əsas borcu yaranmışdır. İddiaçı yuxarıda qeyd olunan məsələlər barədə cavabdehə pretenziya məktubu göndərmiş və tələb etmişdir ki, 5 132.47 manat gecikdirilmiş əsas borc, hesablanacaq dəbbə pulu və son iki il ərzində ödənilməmiş ümumi məbləğin 10% həcmində əldən çıxmış fayda qismində pulu 10 gün ərzində iddiaçının hesabına köçürsün, əks təqdirdə pretenziya məktubunda göstərilən müddət bitdikdən sonra məhkəməyə müraciət olunacağı barədə məlumatlandırılmışdır. Belə ki, cavabdeh tərəfindən bu günədək heç bir ödəniş edilməmişdir. Eyni zamanda elektron qaydada təkrar olaraq cavabdehə pretenziya ünvanlanmış, lakin cavabdeh yenə də öhdəliyini icra etməmişdir.

II. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

4. Məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. İddiaçı və cavabdeh arasında bağlanmış 18 iyul 2022-ci il tarixli 121 nömrəli alqısatqı müqaviləsinə əsasən satıcı alıcıya tikinti sahəsində istifadə olunan malları satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini malı qəbul etdikdən 15 gün müddətində satıcının bank hesabına köçürmə yolu ilə ödəyir.

7. Müqavilənin 5.1-ci bəndinə əsasən alıcı satıcıya müqaviləyə əlavə edilmiş qiymət razılaşma protokoluna uyğun olaraq və e-qaimə faktura ilə nəzərdə tutulmuş malın tam dəyərinin nağd və ya nağdsız şəkildə ödənilməsini təmin etməlidir.

8. Müqavilənin 5.2-ci bəndinə əsasən məbləğ alıcı tərəfindən bu müqavilənin şərtlərinə uyğun olaraq e-qaimə faktura ilə qəbul etdiyi malların dəyərini, malları qəbul etdiyi andan etibarən 15 gün ərzində birdəfəlik olaraq nağd və ya nağdsız qaydada satıcıya ödəməlidir.

9. Müqavilənin 4.3-cü bəndinə əsasən alıcı malı qəbul etdikdən sonra malın dəyərini satıcıya ödəmədikdə, alıcı satıcıya gecikdirilən hər gün üçün ödənilməmiş məbləğin 0,01 faizi miqdarında cərimə ödəməlidir.

10. Tərəflər arasında xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli qiymətlərin razılaşdırılması protokolları imzalanmışdır.

11. İddiaçı tərəfindən cavabdehə EBCD 075376 nömrəli xx.xx.2022-ci il tarixli (1241,36 manat), EBCE 103961 nömrəli xx.xx.2022-ci il tarixli (759,57 manat), EBCE 486948 nömrəli xx.xx.2022-ci il tarixli (1214,22 manat), EBCG 315038 nömrəli xx.xx.2022ci il tarixli (198,24 manat), EBCH 232934 nömrəli xx.xx.2022-ci il tarixli (246,50 manat), EBCH 671878 nömrəli xx.xx.2022-ci il tarixli (482,92 manat), EBCİ 260981 nömrəli xx.xx.2022-ci il tarixli (126,85 manat), EBCJ 057896 nömrəli xx.xx.2022-ci il tarixli (41,30 manat), EBCK 899197 nömrəli xx.xx.2022-ci il tarixli (225,38 manat), EBDB 659314 nömrəli xx.xx.2023-cü il tarixli (410,17 manat), EBDD 268296 nömrəli xx.xx.2022-ci il tarixli (75,52 manat), EBDE 098564 nömrəli xx.xx.2023-cü il tarixli (110,45 manat),EBCB 376832 xx.xx.2022-ci il tarixli (968.37 manat), EBCB 908398 xx.xx.2022-ci il tarixli (16520 manat), EBCA 530471 xx.xx.2022-ci il tarixli (353,71 manat), EBCB 836255 xx.xx.2022-ci il tarixli (1049,79 manat), EBCB 153073 xx.xx.2022-ci il tarixli (2099,63 manat) elektron qaimələr göndərilmişdir.

12. İddiaçı tərəfindən təqdim olunmuş ödəniş tapşırıqlarından görünür ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində 10000 manat, xx.xx.2022-ci il tarixində 5225,80 manat, xx.xx.2022-ci il tarixində 10970,40 manat, xx.xx.2022-ci il tarixində 9029,60 manat məbləğində iddiaçıya ödəniş olmuşdur.

13. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 39575,35 manat (ƏDV-siz) dəyərində mal təhvil verilmiş, cavabdeh 35225,80 manat məbləğində ödəniş etmiş, hazırda cavabdehin iddiaçıya 5132,47 manat (ƏDV daxil) qalıq borcu vardır.

14. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 18 iyul 2022-ci il tarixli 121 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

17. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

18. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

19. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

21. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

22. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

23. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

24. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

25. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

26. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 5132,47 manat əsas borcun tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.

27. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış 18 iyul 2022-ci il tarixli 121 nömrəli alqı-satqı müqaviləsinə əsasən hesablanmış 500 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

28. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

29. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

30. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

31. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 200 manat məbləğində müəyyən edilməlidir.

32. İddiaçı iddia ərizəsində cavabdehdən borcun ödənilməsinin gecikdirilməsinə görə bir il üçün bank uçot dərəcəsi nəzərə alınmaqla 500 manat faiz borcunun ödənilməsi tələbini irəli sürsə də, məhkəməyə tələb etdiyi faiz borcunun məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmənin yalnız iddia ərizəsində göstərilənlərə əsasən yuxarıda göstərilən qaydada qiymətləndirmə aparması və cavabdehdən 500 manat faiz borcu tutması mümkün deyil. Ona görə də məhkəmə hesab edir ki, hazırda tələb olunan bu məbləğin əsaslı olub-olmaması barədə birmənalı nəticəyə gəlmək mümkün olmadığından və tələbin əsasına dair sübutlar təqdim edilmədiyindən bu hissədə iddia tələbi təmin olunmamalıdır.

33. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 5132,47 manat məbləğində əsas borc, 200 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 5132,47 manat məbləğində əsas borc, 200 manat dəbbə pulu, ödənilmiş 100 manat dövlət rüsumu, ümumilikdə 5432,47 (beş min dörd yüz otuz iki manat qırx yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar