Məhkəmə qərarları › İş №e-2-2(113)-5366/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5366/2022

27.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5366/2022 27.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 194989,42 manat müqavilə üzrə borcun, 800 manat mediasiya xərcinin və 85 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə və həmin müqavilənin 11 saylı, xx.xx.2019-cu il tarixli əlavəsinə əsasən satıcı malları sifarişçiyə satmağı, bunun müqabilində isə alıcı alınan malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən müqavilə üzrə öhdəliklər tam icra olunsa da, Cavabdeh MMC tərəfindən öhdəliklər hələ də icra olunmamışdır. Yəni müqavilə üzrə Cavabdeh MMC-yə verilmiş malların dəyəri tam ödənilməmişdir. Belə ki, hal-hazırda müqavilə üzrə satılmış malların dəyəri olaraq 161095,93 manat və ƏDV olaraq 33802,49 manat məbləğində pul vəsaiti Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə ödənilməmişdir. Cavabdehin pretenziya məktubuna cavabından görünür ki, müxtəlif həcmdə və növdə olan 195382,87 manat dəyərində süd məhsulları iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir və cavabdeh bu faktı qəbul edir. Bununla bağlı olaraq cavabdehə alqı-satqı müqavilələri üzrə öhdəliyin icra edilməməsinə dair xx.xx.2022-ci il tarixdə pretenziya göndərilmiş və 194989,42 manat məbləğində pul vəsaiti ödənilmədikdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin pretenziyada göstərilən müddətin keçməsinə baxmayaraq, həmin məbləğ hələ də ödənilməmişdir. Odur ki, müqavilənin 8.2-ci bəndi rəhbər tutularaq həmin müqavilə üzrə ödənilməmiş pul vəsaitinin tələb edilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh MMC iddiaya etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC "xxxx" MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən 194989,42 manat müqavilə üzrə borcun, 800 manat mediasiya xərcinin və 85 manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, guya tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə və həmin müqavilənin 11 saylı 0.05.2019-cu il tarixli əlavəsinə uyğun olaraq "xxxx" MMC "xxxx" MMC-yə malları satmış, lakin "xxxx" MMC qəbul etdiyi malların dəyərinin ümumilikdə 194989,42 manat hissəsini ödəməmişdir. Bildirilir ki, iddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir. "xxxx" MMC tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərini tam və vaxtında icra etmiş və iddiaçıya heç bir borcu qalmamışdır. Belə ki, iddiaçı tərəfindən müqavilə üzrə "xxxx" MMC-yə təhvil verilmiş malların ümumilikdə 195392,87 manat dəyərində hissəsi 2019-cu ilin may-iyun ayları ərzində təhvil-təslim aktı əsasında iddiaçının özünə geri qaytarılmışdır. Bu barədə iddiaçıya pretenziya məktubuna xx.xx.2022-ci il tarixli cavab məktubu ilə də xatırlatmış və müvafiq geri qaytarma sənədlərini məktuba əlavə edərək iddiaçıya göndərmişlər. Eyni zamanda, tərəflərin iştirakı ilə keçirilmiş mediasiya prosesində də bu barədə iddiaçının nümayəndəsinə məlumat vermişdir. Buna baxmayaraq, iddiaçı "xxxx" MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ona geri qaytarılmış malların dəyərini "xxxx" MMC-dən tələb etməkdədir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə üzrə "xxxx" MMC-nin "xxxx" MMC qarşısında icra edilməmiş öhdəliyi qalmamışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia tələbi əsassızdır. İddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir. Cavabdeh MMC tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərini tam şəkildə icra etmişdir və iddiaçıya hər hansı bir borcu qalmamışdır. Cavabdeh MMC-yə verilmiş malların ümumilikdə 195392,87 manat dəyərində hissəsi 2019-cu ilin may-iyun ayları ərzində iddiaçıya geri qaytarılmışdır. Eləcə də, cavabdeh tərəf iddia tələbində dəyəri tələb olunan malların qəbul edilməsi ilə bağlı etirafedici hər hansı bir sübut təqdim etməmiş və bu barədə cavabdeh tərəfindən hansısa fikir səsləndirilməmişdir. Pretenziya məktubunda malların iddiaçıya geri qaytarıldığı qeyd edilmiş, lakin həmin malların iddia tələbində göstərilən mallar olması cavabeh tərəfindən təsdiqlənməmişdir. Həmçinin iddiaçı tərəfindən iddia tələbində göstərilən malların cavabdehə təhvil verilməsinə dair hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək bildirdi ki, 2010-2019cu illərdə "xxxx" MMC-də fəhlə işləmişdir. Yük maşınlarını boşaldırdı. İstifadəyə yararsız məhsul olanda həmin məhsulları Cavabdeh MMC-dən götürüb "xxxx" MMC-yə geri qaytarırdılar. Geri qaytarma fakturalarındakı imza ona məxsusdur. Malların geri qaytarılması Müşfiq qəsəbəsində həyata keçirilirdi. Cavabdeh MMC-nin anbarından götürüb "xxxx" MMC-nin zavoduna aparırdılar. Malların təhvil alınması barədə sənədləri sürücülər imzalayırdı. Onlar maşında olarkən isə o, aşağıda olduğundan o da imzalayırdı. Həftədə 2-3 dəfə gedirdilər. Malları geri gətirəndə təxminən 32-33 palet mal olurdu. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək bildirdi ki, 2014-cü ilin may ayından Cavabdeh MMC-də işləyir. "xxxx" MMC-yə geri qaytarılan malları o təhvil verirdi. Müştərilərdən qayıdan malları istehsalçıya qaytarırdılar. Əkrəm, İnqilab, Rəsul adlı şəxslər malları götürməyə gəlirdilər. O, yalnız malların təhvil verilməsinə nəzarət edirdi. Təhvil-təslim sənədlərini əsasən Rəsul adlı şəxs imzalayırdı. O, olmadığı zaman sürücü imzalayırdı. Rəsul hər dəfə gəlmirdi. Təxminən 40 faiz hallarda gəlirdi. Mallar müştərilərin şikayəti əsasında qaytarıldırdı. İstehlak müddəti bitmiş malların qaytarılması anbarı başqa idi. Sözügedən mallar keyfiyyətsiz idi deyə qaytarılmışdır. O, fiziki olaraq malların təhvil verilməsinə nəzarət edirdi. Qaytarılma səbəbi ilə bağlı qərarı verən şəxs deyildi. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, tədqiq olunan sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Satıcı qismində "xxxx" MMC ilə alıcı qismində Cavabdeh MMC arasında 15 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı alıcının sifarişinə uyğun olaraq istehsal eldiyi süd və süd məhsullarını qablaşdırılmış vəziyyətdə alıcıya təqdim elməyi, alıcı isə məhsulu qəbul edərək öz adından istehlakçılara satmağı və məhsulun qiymətini bu müqavilənin şərtlərinə uyğun olaraq satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən məhsul alıcının yazılı sifarişinə uyğun olaraq bir və ya bir neçə ayrı-ayrı hissələrlə (partiyalarla) təchiz edilə bilər. Alıcı məhsulun tələb olunan miqdarı və çeşidi haqqında qabaqcadan satıcıya sifariş verməlidir. Sifariş alıcı tərəfindən təsdiq edilmiş xüsusi sifariş müraciəti blankında və alıcının səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış qaydada satıcıya təqdim edilir. Sifariş müraciəti elektron poçt vasitəsilə təqdim edilir və bu sifariş müraciəti tərəflər arasında rəsmi sənəd sayılır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən məhsulun adı, çeşidi və qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “qiymətlərin razılaşdırılması protokolu" əsasında (1 №-li Əlavə) müəyyən edilir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən tərəflər razılaşır ki, ilkin olaraq alıcı tərəfindən satıcıya 500000 (beş yüz min) manat məbləğində avans ödəniləcəkdir. Ödənilən avans məbləği növbəti sifarişlər üzrə yaranan borclardan (2-3-cü bəndin şərtləri daxilində) silinəcəkdir (avans məbləği tam sıfırlanana qədər). Həmin müqavilənin 2.3-cü bəndinə əsasən alıcı məhsulu qəbul etdikdən sonra məhsulun bu müqavilə ilə müəyyən edilmiş qiymətini satıcının təqdim etdiyi sənədlər (hesab faktura və sair maliyyə sənədləri) və qiymətlərin razılaşdırma protokolu əsasında qısa müddət ərzində, lakin 35 (otuz beş) gündən gec olmayaraq (2-5 gün istirahət və bayram günləri nəzərə alına bilər) satıcının bank hesabına köçürmə yolu ilə və ya nağd qaydada ödəməlidir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən tərəflər arasında hər ayda bir dəfədən (məhsul təqdim edildikdən sonrakı ayın birinci həftəsinin birinci günü) az olmayaraq üzləşmə aktı tərtib və təsdiq ediləcəkdir. Hər 6 (altı) aydan bir isə satış hədəfinin müəyyən edilməsi üçün üzləşmə həyata keçiriləcəkdir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən satıcı tərəfindən alıcıya verilən məhsulun keyfiyyəti Azərbaycan Respublikasında qüvvədə olan dövlət standartlarına və digər normativlərə uyğun olmalıdır. Satıcı bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan məhsulun keyfiyyətli olmasına cavabdehdir, habelə məhsulun ticarət görünüşünü təmin etməlidir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən alıcının günahı səbəbindən (elektrik enerjisinin kəsilməsi, hər hansı səbəbdən soyuducu nasazlığı, o cümlədən zəruri tədbirlərin vaxtında görülməməsi nəticəsində “soyuq zəncir prosesinin pozulması”, yükləmə və ya boşldılma proseslərində ticarət görünüşünün pozulması, dondurulmuş məhsulların əriməsi və yenidən dondurulması və sair hallar) məhsulun keyfiyyətinin aşağı düşməsi, pisləşməsi və ya tamamilə yararsız hala düşməsinə alıcı məsuliyyət daşıyır və bu məhsulların dəyərini şərtsiz ödəyir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən tərəflər razılaşır ki, heç bir halda alıcı tərəfindən satılmamış və ya yararsız hala düşmüş məhsul tullantı kimi atıla bilməz. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən satılmamış (saxlama müddəti başa çatmış) və yararsız hala düşmüş məhsullar satıcıya (əvəzi ödənilmədən) geri qaytarılmalıdır. Geri qaytarmalar həftədə ən azı 1 (bir) dəfə satıcı tərəfindən alıcının anbarından geri götürülür. Həmin müqavilənin 4.5-ci bəndinə əsasən məhsulların satıcıya geri qaytarılması tərəflərin səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş xüsusi “qaytarılma aktı” (anbar qəbzi əlavə edilməklə) əsasında həyata keçirilir. - "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış 15 avqust 2016-cı il tarixli alqısatqı müqaviləsinə X1 adlı 10 may 2019-cu il tarixli, 11 saylı Əlavədən görünür ki, tərəflər 15 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsi üzrə protokolda göstərilmiş məhsulların çeşidi və qiyməti barədə razılığa gəlmişlər. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 489 nömrəli pretenziya məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış 15 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsi və həmin müqavilənin 10 may 2019-cu il tarixli, 11 saylı Əlavəsinə əsasən 2.3-cü bəndində nəzərdə tutulmuş hesablaşmalar üzrə Cavabdeh MMC öz öhdəliklərini yerinə tam yetirməmişdir. Belə ki, audit yoxlama zamanı aşkar olunmuş məlumatlarına əsasən 2016- 2019-cu il dövr üçün Cavabdeh MMC-nin 161095,93 manat əsas və 33802,49 manat ƏDV məbləğində "xxxx" MMC-yə qarşı debetor borc yaranmışdır. Qeyd edilənlərə əsasən Cavabdeh MMC-dən 15 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 194989,42 manat məbləğində borcun 10 (on) gün müddətində ödənilməsi xahiş edilmişdir. - Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 0189 nömrəli məktubda qeyd edilmişdir ki, Cavabdeh MMC-yə ünvanladığınız 489 nömrəli, 21 fevral 2022-ci il tarixli pretenziya məktubunuza aidiyyəti üzrə Cavabdeh MMC tərəfindən baxılmışdır. Aparılmış daxili araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh MMC ilə "xxxx" MMC arasında bağlanmış müqavilə üzrə 2019-cu ilin may-iyun ayları ərzində ümumi dəyəri 195392,87 manat olan məhsullar müqavilə şərtlərinə uyğun olaraq, "xxxx" MMC-yə geri qaytarılmışdır (bunu təsdiq edən sənədlərin surəti məktuba əlavə olunur). Müqavilə şərtlərinə uyğun olaraq "xxxx" MMC-yə geri qaytarılmış malların dəyərini Cavabdeh MMC-dən tələb etməyiniz başa düşülən deyildir. - cavabdeh tərəfindən təqdim edilmiş alış fakturası adlı sənədlər (faktura növü: geri qaytarma fakturaları) iş materiallarına əlavə edilmişdir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 10 (on) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubuna əlavə edilmiş siyahıdan görünür ki, X6 xx.xx.2008-xx.xx.2015-ci il tarixlərdə və xx.xx.2015-xx.xx.2021-ci il tarixlərdə sürücü, X3 xx.xx.2010-xx.xx.2021-ci il tarixlərdə yük avtomobili sürücüsü, X5 xx.xx.2013-xx.xx.2020-ci il tarixlərdə fəhlə, X4 isə xx.xx.2014-xx.xx.2021-ci il tarixlərdə tır sürücüsü olaraq "xxxx" MMC-də işləmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. "xxxx" MMC ilə Cavabdeh MMC arasında 15 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsinə X1 adlı əlavələr bağlanmış (sonuncu 10 may 2019cu il tarixli, 11 saylı Əlavə) və həmin əlavələrə əsasən tərəflər 15 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsi üzrə protokolda göstərilmiş məhsulların çeşidi və qiyməti barədə razılığa gəlmişlər. Müqavilə şərlərinə əsasən satıcı alıcının sifarişinə uyğun olaraq istehsal eldiyi süd və süd məhsullarını qablaşdırılmış vəziyyətdə alıcıya təqdim elməyi, alıcı isə məhsulu qəbul edərək öz adından istehlakçılara satmağı və məhsulun qiymətini müqavilənin şərtlərinə uyğun olaraq satıcıya ödəməyi öhdəsinə götürmüş, həmçinin satılmamış (saxlama müddəti başa çatmış) və yararsız hala düşmüş məhsulların satıcıya (əvəzi ödənilmədən) geri qaytarılması öhdəliyi müəyyən olunmuşdur. Hazırda iddiaçı tərəf Cavabdeh MMC-yə verilmiş malların dəyərinin tam ödənilmədiyini iddia edərək, cavabdehdən müqavilə üzrə 194989,42 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər arasında tutulması tələb olunan borcla bağlı yuxarıda qeyd olunan məzmunda yazışmalar olmuşdur. Qeyd edilənlərlə bağlı məhkəmə icraatının gedişində cavabdeh tərəf 2019-cu ilin may-iyun ayları ərzində ümumi dəyəri 195392,87 manat olan malların iddiaçıya geri qaytarıldığını bildirsə də, iddiaçı tərəf cavabdeh tərəfindən onlara malların qaytarıldığını təkzib etmişdir. Cavabdeh tərəf malların qaytarılması faktı ilə bağlı iddiaçı tərəfə pretenziyaya cavab məktubu ilə qoşma olaraq sübutlarını göndərmiş, eləcə də həmin sənədləri məhkəməyə təqdim etmişdir. İddiaçı tərəf həmin sənədləri qəbul etməyərək, həmin sənədlərin müqavilə şərtlərinə uyğun səlahiyyətli nümayəndələr tərəfindən imzalanmadığını bildirmişdir. Şahid ifadələri ilə digər sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında olan münasibətlərdə məhsulların geri qaytarılması zaman geri qaytarma fakturalarının əməkdaşlar, sürücülər tərəfindən imzalanaraq təhvil alınması praktikası mövcud olmuşdur. Əksini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Bundan başqa, digər bir ziddiyətli məqam borcun yaranma dövrü ilə bağlıdır. İddiaçı tərəfindən göndərilmiş pretenziya məktubunda borc məbləğinin iddiaçı MMC-də aparılan audit yoxlamaları zamanı aşkar edildiyi və həmin borcun (194989,42 manat (161095,93 manat əsas + 33802,49 manat ƏDV)) 2016-2019-cu illər dövrünə aid olduğu qeyd edilmişdir. İddiaçı tərəf dəyərinin ödənilmədiyini iddia etdiyi məhsulların cavabdehə hansı dövrdə təhvil verildiyini, həmin məhsulların çeşidi və növünü təsdiqləyəcək hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericilikdə məhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti bir sıra normalarla tənzimlənir. Bunların sırasında sübutetmə vəzifəsini, sübutların təqdim edilməsi və tələb olunmasını xüsusilə qeyd etmək olar. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88ci maddələri). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallarla mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbində qeyd edilənlərin mövcudluğunu təsdiq edəcək hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmadığından iddia rədd olunmalıdır. İddia tələbinin digər hissələrinə münasibətdə məhkəmə hesab edir ki, iddia əsas hissədə rədd edildiyindən, digər hissələrdə də təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi: QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar