Məhkəmə qərarları › İş №e-2-2(113)-5367/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5367/2022

01.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5367/2022 01.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi iddiaçının nümayəndəsi X4 cavabdehin nümayədəsi X5, X2, X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə (yeni adı – İddiaçı MMC ilə) Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti arasında bağlanmış xx.xx.2015-ci il tarixli K/24 saylı müqaviləsi üzrə 1,776.594 (bir milyon yeddi yüz yetmiş altı min beş yüz doxsan dörd) AZN və xx.xx.2019-cu il tarixli K/8 saylı üzrə isə 13, 490 (on üç min dörd yüz doxsan) AZN əsas borcun, 410.00 dröd) yüz on) manat mediasiya xərcinin, 1,275.04 manat dövlət rüsumunun, cəmi 1,791.769.04 AZN (bir milyon yeddi yüz doxsan bir min yeddi yüz altmış doqquz, dörd qəpik) manat məbləğində borcun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (əvvəlki adı ilə - "xxxx" MMC) ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Satılmış texnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir. İddiaçı MMC kimi göstərdiyi fəaliyyətlə əlaqədar cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə müxtəlif markalı avtomobil və xüsusi texnikaların satınalınması məqsədilə xx.xx.2015-ci il tarixində K/24 saylı və aviasiya mühərrik, transmissiya, hidravlika və sürtkü yağlarının satınalınması məqsədilə xx.xx.2019-cu il tarixində K/8 saylı Satınalma müqavilələri bağlanmışdır. Həmin müqavilələrin 12.1-ci bəndinə əsasən, müqavilə üzrə ödəmələr sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, icraçının təqdim etdiyi sənədlər (qaimə, aktlar, digər sənədlər) əsasında aparılır. Sözügedən sənədlərə (hər iki tərəfin təsdiq etdiyi elektron qaimələrə, habelə təmir aktlarına) əsasən cavabdehə K/24 saylı müqaviləyə görə 2,086,594 (iki milyon səksən altı min beş yüz doxsan dörd) AZN, K/8 saylı müqaviləyə görə isə 13, 490 (on üç min dörd yüz doxsan) AZN dəyərində xidmət göstərilmişdir. Lakin qarşı tərəf yalnızca K/24 saylı müqavilə üzrə borcunun 310, 000 çü) yüz on min) AZN məbləğindəki hissəsini ödəmiş, qalan 1,776.594 (bir milyon yeddi yüz yetmiş altı min beş yüz doxsan dörd) AZN dəyərindəki məbləğin heç bir hissəsini bu günkü günə qədər ödəməmişdir. Beləliklə, cavabdehin əsas borcunun məbləği xx.xx.2015-ci il tarixli K/24 saylı müqaviləsi üzrə 1,776.594 (bir milyon yeddi yüz yetmiş altı min beş yüz doxsan dörd) AZN və xx.xx.2019cu il tarixli K/8 saylı müqavilə üzrə isə 13, 490 (on üç min dörd yüz doxsan) AZN, toplam 1,790.084 (bir milyon yeddi yüz doxsan min səksən dörd) AZN təşkil edir. xx.xx.2015-ci il tarixli, K/24 saylı və xx.xx.2019-cu il tarixli, K/8 saylı Satınalma müqavilələri üzrə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin İddiaçı MMC -yə toplam 1,790.084 (bir milyon yeddi yüz doxsan min səksən dörd) AZN borcu mövcuddur. Borcluya öz borcunu ödəməsi üçün dəfələrlə yazılı və şifahi müraciət olunsa da, borclu öz borcunu ödəməkdən yayınmış və göndərilən yazılı müraciətlərin heç birinə cavab verməmişdir. Daha sonra, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə yazılmış 15 aprel 2022-ci il tarixli, 0479 nömrəli məktubun Dövlət Sərhəd Xidmətinə yönləndirilməsi nəticəsində cavabdeh bu məktuba cavab verməli olmuşdur. Dövlət Sərhəd Xidməti bu cavab məktubunda sözügedən K/24 nömrəli müqavilə üzrə təhvil verilmiş 699.740,90 AZN dəyərində avtomobil və xüsusi texnikalar üzrə 310,000 çü) yüz on min) AZN məbləğin ödənildiyini və mühasibat uçotu üzrə 389,740 çü) yüz səksən doqquz min yeddi yüz qırx) AZN borc qalığınının yarandığını, K/8 nömrəli müqavilə üzrə isə Maliyyə-Plan İdarəsinə heç bir sənəd qəbul olunmadığını, bu səbəblədə mühasibat uçotunda borcun qeydə alınmadığını bildirmişdir. Dövlət Sərhəd Xidməti öz borcunun bir qismini etiraf edib, digər qismini etiraf etməsə də, borclu ilə bağlanılmış K/24 nömrəli müqavilə üzrə 2,086,594 (iki milyon səksən altı min beş yüz doxsan dörd) AZN məbləğində alqı-satqının həyata keçirildiyini təsdiq edən təhvil-təslim aktları, K/8 müqaviləsi üzrə isə xidmətin təhvil verildiyini sübut edən 649006 nömrəli elektron qaimə mövcuddur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, eyni zamanda cavabdeh tərəfindən verilimiş iddia ərizəsinə etiraza yazılı münasibət bildirərək, qeyd etmişdir ki, xx.xx.2015-ci il tarixli müqavilə üzrə iddiaçı tərəfindən qaimə-faktura təqdim edilmədiyi üçün cavabdeh müqavilə üzrə təhvil aldığı malların dəyərini ödəməmişdir. Cavabdehin bu etirazı ilə bağlı istinad etdiyi maddə tərəflər arasında bağlanılan müqavilənin xüsusi şərtlərinin 7-ci bəndidir: “müqavilə üzrə ödəmələr mallar (işlər, xidmətlər) təhvil verildikdən sonra təhvil-təhslim qaimələri əsasında malgöndərənin hesabına köçürüləcəkdir.” Cavabdehin bu etirazının əsassızlığı və mülki hüququn prinsiplərinə zidd olmasını aşağıdakı hallar ilə sübut etmək olar: “təhvil təslim qaimələri” anlayışı qanunvericilikdə mövcud deyil. Bu ifadəni iki cür anlamaq mümkündür: “təhvil-təslim aktlar” və “qaimə-fakturalar”. Sözügedən müqavilənin 12.1-ci maddəsinə görə “müqavilə üzrə ödəmələr sifarişçi tərəfindən və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, icraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında aparılır.” Göründüyü kimi, müqavilənin xüsusi şərtlərində göstərilən “təhvil-təslim qaimələri” ifadəsi malların təhvil-təslim olunmasını sübut edən akt qismində çıxış etməkdədir ki, bu aktlar da məhkəməyə təqdim edilmişdir. Digər bir tərəfdən cavabdeh ödəniş etməməsinin əsası qismində AR Vergi Məcəlləsinin malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturanın təqdim edilməsi haqqında olan maddələrinə istinad etmişdir. Bununla əlaqədar olaraq 14 mart 2017-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qəbul etdiyi “Elektron qaiməfakturanm formasının, tərtbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Qərarının 5-ci maddəsinə görə: “ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixindən, bütün digər vergi ödəyiciləri tərəfindən 2018-ci il 1 yanvar tarixindən malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) elektron qaimə-faktura təqdim edilir.” Maddənin məzmunundan açıq-aşkar göründüyü kimi, vergi ödəyicisinin elektron qaimə-faktura faktura təqdim etmək öhdəliyi 2017-2018-ci ildən etibarən mövcuddur. Tərəflər arasında bağlanmış müqavilə isə 2015-ci ilə aid olması tərəflərin qaimə-faktura təqdim etmək öhdəliyini istisna edir. Yuxarıda göstərilənlərlə yanaşı, ayrıca olaraq cavabdehin etirazında qeyd etdiyi kimi qaimə-fakturanın göndərilməməsi müqavilədən yaranan öhdəliklərinin icra etməməsinə əsas vermir. Əlavə olaraq Dövlət Sərhəd Xidmətinə qaimə fakturalar təqdim edilmişdir. Bu fakturaların əsli qarşı tərəfdədir. xx.xx.2019-cu il tarixli müqavilənin predmetini təşkil edən mallar cavabdeh tərəfindən qəbul edilməmiş, mütəxəssislər tərəfindən baxılaraq heç bir sənədə imza atılmadan geri qaytarılmışdır. Cavabdeh sözügedən malların istifadə müddətinin bitməsi ilə əlaqədar olaraq Mərkəzi anbara mədaxil olunmadan, heç bir sənədə imza atılmadan geri qaytarıldığını bildirmişdir. Məlumdur ki, AR Nazirlər Kabinetinin xx.xx.2021 tarixli, 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanm formas, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 2.1- ci maddəsinə görə, vergiödəyicisi malların təqdim edilməsi ilə bağlı elektron imza vasitəsilə portala daxil olur elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və göndərir. Elektron qaimə malların təqdim edilməsini göstərən malın (işin, xidmətin) təqdim edilməsini təsdiq edən rəsmi uçot sənədidir. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olur və qaimə-fakturanı təsdiq edir. Əgər sifarişçi tərəfindən mallar qaytarılsa idi, o zaman sifarişçi, “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları»nın 2 nömrəli əlavəsində əks etdirilmiş “Malların qaytarılması barədə» elektron qaimə-faktura tərtib etməli və göndərməli idi. “Malların qaytarılması barədə” elektron qaimə-faktura tərəflər arasında bağlanılmış müqaviləyə əsasən mal qaytarıldıqda malları qaytaran şəxs tərəfindən tərtib edilir. Malların qaytarılması zamanı malların xarab (zay) və ya qüsurlu olması, yararlılıq müddətinin bitməsi, yaxud lazımi keyfiyyətdə və ya satışa yararlı olmaması barədə “Əlavə qeydlər” sətrində müvafiq seçim edilir. Əgər mallar cavabdeh tərəfindən qaytarılsa idi, bununla bağlı malların qaytarılması barədə elektron qaimə-faktura tərtib edilməli və iddiaçıya göndərilməli idi. Cavabdeh isə malları təhvil almış və bununla bağlı göndərilmiş elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin onlayn kargüzarlıq bölməsində görmüş və geri qaytarılması barədə elektron qaimə tərtib etməməklə malların təhvil alınmasını təsdiq etmişdir. xx.xx.2015-ci il tarixli sözügedən müqavilə üzrə iddia müddəti ötmüşdür. Cavabdehin iddia müddətinin ötürülməsi ilə bağlı ərizəsinə münasibətdə isə qeyd edilməlidir ki, 15 aprel 2022-ci il tarixində yazılmış, 0479 nömrəli ərizəyə Dövlət Sərhəd Xidməti tərəfindən cavab məktubu ilə münasibət bildirilmişdir. Cavabdeh tərəfindən yazılan məktubda borcun bir qismi etiraf edilmişdir ki, bu da AR Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən iddia müddətinin kəsilməsinə gətirib çıxarır. Belə ki, Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi, borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına kreditora borcun etirafını nəzərdə tutan məktub göndərilməsi daxil edilir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 məhkəməyə izahatında qeyd etmişdir ki, iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş sürtkü yağları və s. Dövlət Sərhəd Xidmətinə məxsus anbara gətirilmiş, lakin təhvil alınmamışdır. Belə ki, təqdim edilən məhsualların istifadə tarixi artıq bitmişdir. Qarşı tərəf Dövlət Sərhəd Xidmətinə elektron qaimələr göndərə bilər, lakin işin faktiki halı ondan ibarətdir ki, müqavilədə nəzərdə tutulmuş məhsullar son istifadə tarixi keçdiyi üçün anbara daxil edilməmişdir. Bundan əlavə iddiaçı tərəfin bununla bağlı məhkəməyə təqdim etdiyi qaimədə Dövlət Sərhəd Xidmətinin hər-hansı səlahiyyətli şəxsinin adı qeyd olunmamış, qaiməyə DSX-nın müvafiq möhürü vurulmamışdır. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddia tələbinə münasibətdə qeyd etmişdir ki, iş üzrə toplanmış müvafiq sənədlərə əsasən İddiaçı MMCnin iddiası əsassızdır və təmin olunmamalıdır. Belə ki, qeyd olunan məsələnin araşdırılması məqsədilə aidiyyəti sorğular göndərilmişdir. İşə əlavə olunmuş Dövlət Sərhəd Xidmətinin Maliyyə-Plan İdarəsinin məktubunun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC ilə Dövlət Sərhəd Xidməti arasında imzalanmış xx.xx.2015-ci il tarixli k/24 nömrəli müqaviləyə əsasən müxtəlif markalı avtomobil və xüsusi texnikaların satınalınmasına görə hal-hazırda mühasibat uçotunda 389.740 (üç yüz səksən doqquz min yeddi yüz qırx) manat borc məbləğinin olması, xx.xx.2019-cu il tarixli k/8 nömrəli müqaviləyə əsasən isə aviasiya mühərrik, transmissiya, hidravlika və sürtkü yağlarının satınalınmasına görə Maliyyə-Plan İdarəsinə heç bir sənəd qəbul olunmadığı üçün mühasibat uçotunda borcun qeydə alınmadığı bildirilmişdir. Əlavə olaraq, xx.xx.2019-cu il tarixli k/8 nömrəli aviasiya mühərrik, transmissiya, hidravlika və sürtkü yağlarının satınalınması ilə bağlı İddiaçı MMC tərəfindən sürtkü yağları Dövlət Sərhəd Xidmətinin Mərkəzi anbarlarına təqdim olunmuş, sürtkü yağlarına mütəxəssislər tərəfindən baxış keçirilmiş və müddətinin bitməsi ilə əlaqədar Mərkəzi anbara mədaxil olunmadan, heç bir sənədə imza atılmadan geri qaytarılmışdır. Həmçinin, İddiaçı MMC ilə Dövlət Sərhəd Xidməti arasında imzalanmış xx.xx.2015-ci il tarixli k/24 nömrəli müqavilənin 12.1 -ci bəndinə və 2.5-ci bəndinə əsasən bu müqavilənin tərkib hissəsi olan “müqavilənin xüsusi şərtləri”nin 7-ci bəndinə əsasən ödəmələr mallar (işlər, xidmətlər) təhvil verildikdən sonra qaimələr əsasında mal göndərənin hesabına köçürüləcəkdir. Adıçəkilən müqavilə üzrə DSX tərəfindən sonuncu dəfə 310.000 (üç yüz on min) manat məbləğində ödəniş xx.xx.2015-ci il tarixində olmuşdur. Qeyd olunan ödəniş Maliyyə Nazirliyinin xəzinədarlıq informasiya idarəetmə portalından edilmiş çıxarışlarla təsdiq olunur, digər tərəfdən işə əlavə olunmuş “Dövlət Sərhəd Xidmətinin fəaliyyəti nəticəsində yaranan sənədli materialların saxlanma müddətləri üzrə Siyahısından edilmiş çıxarışların təsdiq edilmiş surətindən görünür ki, bu siyahı üzrə maliyyə-təsərrüfat sənədləri saxlanma müddəti basa çatdıqdan sonra məhv olunur. Siyahının 846-ci bəndində də qeyd olunub ki, pul vəsaitlərinin mədaxil-məxaric və mühasibat təsdiqedici sənədlərinin saxlanma müddəti 5 (beş) il təşkil edir. Qanunvericiliyin də müddəalarından açıq şəkildə aydın olur ki, İddiaçı MMC görülmüş işlər, göstərilən xidmətlər və ya malların, yəni texnikaların vergi qanunvericiliyinin və bağlanmış müqavilənin tələblərinə müvafiq olaraq, Dövlət Sərhəd Xidmətinə rəsmi təqdim olunduğunu təsdiq edən qaimə-fakturaları təqdim etməli olduğu halda yalnız 699740 manat məbləğində texnikanın sənədləri təqdim olunmuş, 310000 manat məbləğində DSX tərəfindən ödəniş olunmuş və hal-hazırda mühasibat uçotunda 389740 (üç yüz səksən doqquz min yeddi yüz qırx) manat borc məbləği mövcuddur və qalan texnikalara dair qaimə fakturalar hal-hazıradək DSX-yə təqdim olunmamışdır. Eyni zamanda cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, ərizədə qeyd etmişdir ki, müxtəlif markalı avtomobil və xüsusi texnikaların satınalınması məqsədilə İddiaçı MMC ilə Dövlət Sərhəd Xidməti arasında xx.xx.2015-ci il tarixli k/24 nömrəli müqavilə imzalanmışdır. Həmin müqavilənin 25-ci bəndinə əsasən adıçəkilən müqavilə tərəflərin imzalandığı andan qüvvəyə minir və xx.xx.2016-cı il tarixədək qüvvədədir. Adıçəkilən müqavilə üzrə DSX tərəfindən sonuncu dəfə 310000 (üç yüz on min) manat məbləğində ödəniş xx.xx.2015-ci il tarixində olmuşdur. Qeyd olunan ödəniş Maliyyə Nazirliyinin xəzinədarlıq informasiya idarəetmə portalından edilmiş çıxarışlarla təsdiq olunur. Digər tərəfdən işə əlavə olunmuş Dövlət Sərhəd Xidmətinin fəaliyyəti nəticəsində yaranan sənədli materialların saxlanma müddətləri üzrə siyahısı”ndan edilmiş çıxarışların təsdiq edilmiş surətindən görünür ki, bu siyahı üzrə maliyyə-təsərrüfat sənədləri saxlanma müddəti başa çatdıqdan sonra məhv olunur. Siyahının 846-ci bəndində də qeyd olunub ki, pul vəsaitlərinin mədaxil-məxaric və mühasibat təsdiqedici sənədlərinin saxlanma müddəti 5 (beş) il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddətinin (üç il) keçməsini nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. İş materiallarında olan: "xxxx" MMC və Dövlət Sərhəd Xidməti arasında imzalanmış xx.xx.2019-cu il tarixli k/8 nömrəli müqaviləyə əsasən tərəflər təsdiq edirlər ki, sifarişçi Dövlət Sərhəd Xidmətinin Mərkəzi anbarına daşınmaqla lot 2 üzrə aviasiya mühərrik, transmissiya, hidravlika və sürtkü yağlarının satınalınması məqsədilə İcraçının 115 423,90 manat (yüz on beş min dörd yüz iyirmi üç manat, 90 qəpik) məbləğində tender təklifini qəbul etmişdir. İcraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satınalınan aviasiya mühərrik, transmissiya, hidravlika və sürtkü yağlarının təhvil verilməsini öhdəsinə götürür. Göndərilmiş mallar icraçının tender təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, icraçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. "xxxx" MMC və Dövlət Sərhəd Xidməti arasında imzalanmış 23 may 2015-ci il tarixli k/24 nömrəli müqaviləyə əsasən tərəflər təsdiq edirlər ki, sifarişçi, Dövlət Sərhəd Xidmətinin Mərkəzi Anbarlarına daşınmaqla, müxtəlif markalı avtomobil və xüsusi texnikaların satınalınması məqsədilə icraçının 2 086 594,00 manat (iki milyon səksən altı min beş yüz doxsan dörd) məbləğində birbaşa müqavilə əsasında təklifini qəbul etmişdir. İcraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satınalınan müxtəlif markalı avtomobil və xüsusi texnikaların təhvil verilməsini öhdəsinə götürür. Avtomobil və xüsusi texnikalar bu müqavilənin şərtlərinə uyğun olmadıqda, icraçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. Müxtəlif tarixlərdə tərtib edilmiş təhvil-təslim aktlarından məlum olur ki, ayrı-ayrı texnikalar "xxxx" MMC tərəfindən Dövlət Sərhəd Xidmətinə təhvil verilmişdir. Təhvil-təslim aktları hər iki tərəfin möhürü ilə möhürlənmişdir. İddiaçı MMC-nin 15 aprel 2022-ci il tarixli 0479 nömrəli müraciətinə Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş cavabda qeyd olunmuşdur ki, müxtəlif markalı avtomobil və xüsusi texnikaların satınalınması məqsədilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə "xxxx" MMC arasında bağlanmış 25 may 2015-ci il tarixli k/24 nömrəli müqaviləyə əsasən təhvil verilmiş 699.740,0 9 (altı yüz doxsan doqquz min yeddi yüz qırx manat 90 qəpik) manat dəyərində avtomobil və xüsusi texnikalar üzrə 310.000,0 (üç yüz on min) manat ödənilmişdir və mühasibat uçotu üzrə 389.740,0 (üç yüz səksən doqquz min yeddi yüz qırx) manat kreditor borc qalmışdır. Bundan əlavə aviasiya mühərrik, transmissiya, hidravlika və sürtkü yağlarının satınalması məqsədilə bağlanmış 28 iyul 2019-cu il tarixli k/8 nömrəli müqavilənin icrası ilə bağlı Maliyyə-Plan İdarəsinə heç bir sənəd qəbul olunmadığı üçün mühasibat uçotunda kreditor borc qeydə alınmamışdır. Dövlət Sərhəd Xidməti dövlət büdcəsindən maliyyələşdirildiyi üçün ötən illərdə nəqliyyat vasitələrinin alınması üçün müvafiq xərc maddəsinə vəsait ayrılmadığına görə avtomobil və xüsusi texnikaların alışı üzrə yarannış borcun ödənilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsi tərəfindən ödənişlər yalnız büdcə ilində bağlanmış müqavilələr üzrə həyata keçirlir və qeyd olunan borc 2015-ci ildə yarandığından cari ilin maliyyə öhdəliyinə qəbul etmir. EBAD seriyalı 649006 nömrəli xx.xx.2019 tarixli elektron qaiməyə əsasən "xxxx" MMC tərəfindən Dövlət Sərhəd Xidmətinə 13490 manat vəsaitin ödənilməsi üçün e-qaimə təqdim edilmişdir. xx.xx.2015-ci il tarixli ********** nömrəli ödəniş tapşırığının surətinə əsasən 262.711,86 manat, xx.xx.2015-ci il tarixli ********** nömrəli ödəniş tapşırığının surətinə əsasən 47.288,14 manat "xxxx" MMC-yə məxsus bank hesabına köçürülmüşdür. xx.xx.2022 tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən 410 manat Bakı 3 saylı Mediasiya Təşkilatının bank hesabına köçürülmüşdür. İşin halları ondan ibarətdir ki, iddiaçı müqavilə əsasında təmin etdiyi malların dəyərinin ödənilməsini cavabdehdən tələb edir, cavabdeh isə alınmış malların dəyərini mübahisələndirmiş və eyni zamanda iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. İddiaçı MMC və Dövlət Sərhəd Xidməti arasında bağlanmış xx.xx.2015-ci il tarixli K/24 saylı müqaviləsi üzrə 1,776.594 (bir milyon yeddi yüz yetmiş altı min beş yüz doxsan dörd) manat və xx.xx.2019-cu il tarixli K/8 saylı müqavilə üzrə isə 13, 490 (on üç min dörd yüz doxsan) manat əsas borcun qaytarılmasını tələb edir. Cavabdeh Dövlət Sərhəd Xidməti xx.xx.2019-cu il tarixli K/8 saylı müqavilə üzrə tələb olunan məbləğ üzrə malların təhvil alınmadan geri qaytarıldığı üçün borcun olmadığını, xx.xx.2015-ci il tarixli k/24 nömrəli müqavilə üzrə xx.xx.2015-ci il tarixində 310000 (üç yüz on min) manat məbləğində ödənişin edildiyini, mühasibat uçotuna əsasən 389740 (üç yüz səksən doqquz min yeddi yüz qırx) manat borc məbləğinin olduğunu, eyni zamanda hər iki müqavilə üzrə iddiaçı tərəfindən iddia müddətinin buraxılmasının və iddia müddətinin tətbiq olunmasını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmışdır. Mülki Məcəllənin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Məhkəmə bildirir ki, iddiaçı tərəflər arasında imzalanmış aviasiya mühərrik, transmissiya, hidravlika və sürtkü yağlarının satınalınması məqsədilə xx.xx.2019-cu il tarixində K/8 saylı satınalma müqaviləsi üzrə malların təhvil verildiyini xx.xx.2019 tarixli elektron qaimə ilə əsaslandırmış, qeyd olunan müqavilə üzrə malların təhvil verilməsi isə cavabdeh tərəfindən mübahisələndirilmişdir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında malın alıcı tərəfindən qəbul edilməsi sübut edildiyi halda onun dəyərini ödəmək yükü alıcının üzərinə düşür. Hazırkı işdə tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli K/8 saylı alqı-satqı müqaviləsi üzrə iddiaçının cavabdehə 13, 490 manat məbləğində malları təhvil verməsi barədə mötəbər sübutlar iş materiallarında aşkar edilməmiş, malın alıcı tərəfindən qəbul edilməsi sübut edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. İş materiallarından göründüyü kimi xx.xx.2019-cu il tarixli k/8 saylı müavilə üzrə elektron vergi qaimə lazımi qaydada tərtib olunaraq göndərilmiş, ləğv olunmamışdır. Lakin müqavilənin şərtlərinə əsasən (müqavilənin xüsusi şərtlərinin 7ci bəndi) mallar qrafikə əsasən anbarlara təhvil verildikdən sonra təhvil-təslim qaimələri əsasında mal göndərənin hesabına köçürülməsi müəyyən edilmişdir. İddiaçı tərəfindən isə qeyd edilən qaimə üzrə təhvil-təslim qaiməsi təqdim edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlərində təhvil-təslim aktı olmadan malların satışının həyata keçirilməsi məhkəmə araşdırmasında öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə sübuta yetirilmədiyindən rədd edilməlidir. Məhkəmə iddia tələbinin xx.xx.2015-ci il tarixli K/24 saylı müqaviləsi üzrə 1,776.594 (bir milyon yeddi yüz yetmiş altı min beş yüz doxsan dörd) manat borcun ödənilməsinə münasibətdə aşağıdakıları qeyd edir. Cavabdeh tərəfindən qeyd edilən müqavilə üzrə 310000 (üç yüz on min) manat məbləğində ödənişin olunması işin mübahisəsiz halıdır. Cavabdeh məhkəmə araşdırması zamanı həmin müqavilə üzrə iddiaçıya 1,776.594 (bir milyon yeddi yüz yetmiş altı min beş yüz doxsan dörd) manat borcu mübahisələndirərək, 389740 (üç yüz səksən doqquz min yeddi yüz qırx) manat borc məbləğinin olmasını etiraf etmişdir. Cavabdeh qeyd edilən məbləğdə malların təhvil alınmadığını, görülmüş işlər, göstərilən xidmətlər və ya malların, yəni texnikaların vergi qanunvericiliyinin və bağlanmış müqavilənin tələblərinə müvafiq olaraq, Dövlət Sərhəd Xidmətinə rəsmi təqdim olunduğunu təsdiq edən qaimə-fakturaları təqdim etməli olduğu halda yalnız 699740 manat məbləğində texnikanın sənədləri təqdim olunduğunu bildirmişdir. Məhkəmə cavabdehin bu əsaslandırmasına münasibətdə bildirir ki, iddiaçının 1,610.300 manat məbləğində təqdim etdiyi təhvil-təslim aktları Dövlət Sərhəd Xidmətinin möhürü ilə təsdiqlənmişdir. Cavabdehin göstərilən xidmətlər və ya malların, yəni texnikaların vergi qanunvericiliyinin və bağlanmış müqavilənin tələblərinə müvafiq olmayaraq tərtib edilməsinin bildirilməsini məhkəmə əsassız hesab edir. Belə ki, cavabdeh tərəfindən ödənilmiş və etiraf edilmiş borc üzrə malların təhvil verilməsinin və bu halın sənədləşdirilməsinin, ödənişə əsas olmuş sənədlərin cavabdehin qeyd etdiyi müvafiq şəkildə həyata keçirilməsi müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixli k/24 saylı müqavilə üzrə malların təhvil verilməsi, cavabdehin həmin müqavilə üzrə 1,610.300 manat borcunun olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Cavabdehin nümayəndəsi qeyd olunan müqavilə üzrə iddia müddətinin tətbiqinə dair ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə hesab edir ki, iddia müddəti təbiq edilməklə iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, iş materiallarından məlum olur ki, xx.xx.2015-ci il tarixli K/24 saylı müqavilə 23 may 2016-cı il tarixinədək qüvvədədir. Əlavə olaraq müqavilə üzrə sonuncu ödənişlər xx.xx.2015-ci il tarixində xx.xx.2015-ci il tarixli ********** nömrəli ödəniş tapşırığına əsasən 262.711,86 manat, xx.xx.2015-ci il tarixli ********** nömrəli ödəniş tapşırığının surətinə əsasən 47.288,14 manat olmuşdur. Belə olan halda xx.xx.2015-ci il tarixli k/24 saylı müqavilə üzrə iddiaçı üç illik iddia müddətini ötürmüşdür. İddiaçının nümayəndəsi cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirərək, qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya göndərilən məktubda borc etiraf olunmuş, bununla da iddia müddətinin axımı kəsilmişdir. AR Mülki Məcəlləsinin: 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci maddəyə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Cavabdehin borcun etirafı məktubunun iddia müddətinin kəsilməsinə səbəb olan hal olması barədə iddiaçının dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlər dedikdə borclunun borcun etirafına və ödənilməsinə yönələn real hərəkətlər, yəni borcun bir hissəsinin ödənilməsi, borcun müəyyən vaxt ərzində ödənilməsinə vəd verilməsi kimi hərəkətlər başa düşülür. Məktubun məzmunundan göründüyü kimi cavabdeh müəyyən məbləğ borcu etiraf edərək, ödənişlə bağlı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsi tərəfindən ödənişlərin yalnız büdcə ilində bağlanmış müqavilələr üzrə həyata keçirldiyini və qeyd olunan borcun 2015-ci ildə yarandığından cari ilin maliyyə öhdəliyinə qəbul edilmədiyini bildirmişdir. Borcun gələcəkdə ödənilməsinə vədi özündə əks etdirməyən iddiaçıya ünvanlanmış məktub borcun etiraf edilməsinə yönələn real hərəkət kimi qəbul edilə bilməz. İşin faktiki hallarını, iddiaçının müvafiq tələb üzrə iddia müddətini ötürdüyünü, cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə verildiyini, habelə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixli k/24 saylı müqavilə üzrə iddia tələbi iddia müddəti tətbiq olunmaqla rədd edilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 410 manat və iş üzrə ödənilmiş 1275,04 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İlkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 410 manat və iş üzrə ödənilmiş 1275,04 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar