Məhkəmə qərarları › İş №e-2-2(113)-537/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-537/2020

24.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-537/2020 24.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi, iddiaçının qanuni təmsilçisi X3, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun tutulması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən (VÖEN **********) 7080 manat (6.000 manat dəyəri və 1.080 manat ƏDV) və vurulan maddi və mənəvi ziyana görə 50.000 manat pulun İddiaçı (VÖEN **********) bank hasablna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə bağlanmış xx xxxxxx 2017-ci il tarixli, M025/17 saylı müqavilə üzrə İddiaçı MMC 8 ədəd pres pistonları hazırlayaraq xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli aktla “xxxxxx” MMC-nin Şirvan Yağ-Piy filialının məsul işçilərinə təhvil verilmişdir. Müqavilə şərtlərinə görə, yəni müqavilənin 4.2-ci bəndinə görə təhvil verilmiş məhsula görə cavabdeh ƏDV daxil olmadan 12.000 manat pul ödəməli idi. Bundan başqa 18 % ƏDV olaraq 2.160 manat ödəməli idi. Müqavilənin 4.3-cü bəndinə əsasən cavabdeh müqavilə məbləğinin 50%-ini avans olaraq qabaqcadan ödəmişdir. Qalan 50% isə mal təhvil verildikdən sonra 10 gün müddətində ödəməli idi. Cavabdeh müqavilə şərtlərini pozaraq, malın dəyərinin qalan hissəsini, yəni görülmüş işlərin dəyəri olan 6.000 manat pul vəsaitini və 1.080 (min səksən) manat ƏDV-ni ödəməmişdir. İddiaçının qanuni təmsilçisi X6 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, hazırkı iddianın predmetini təşkil edən 7.080 manat məbləğində pul vəsaiti cavabdehin hesabına köçürülsə də, əslində borc məbləği rəsmi sənədlərdə göstərilən məbləğdən artıq olmuş və həmin vəsait indiyədək cavabdehə ödənilməmiş, eləcə də ona ödənişin gecikdirilməsi nəticəsində maddi və mənəvi zərər dəymişdir. Yuxarıda göstərilənlərə əsasən Nümayəndə iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, tələb olunan borc məbləğinin iddiaçı tərəfindən göndərilmiş pretenziya məktubunu aldıqdan sonra tam ödənildiyini bildirdi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. İddiaçı tərəfindən elektron işə əlavə edilmiş sənədlərdən görünür ki: Cavabdeh MMC (sifarişçi) ilə İddiaçı MMC (icraçı) arasında xx xxxxxx 2017-ci il tarixdə M 025/17 saylı müqavilə bağlanmış, müqaviləyə əsasən icraçı 8 ədəd pres pistonunu istehsal edib sifarişçiyə satmağı, sifarişçi isə bu malın əvəzində bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə onun dəyərini icraçıya ödəməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.2-ci bəndində qeyd olunmuşdur ki, müqavilənin ümumi məbləği ƏDV xaric 12000 manat təşkil edir. İcraçı müqavilənin ümumi məbləğinin 50%-ini öncədən avans olaraq, digər 50%-ini isə mal təhvil verildikdən sonra 10 gün ərzində köçürmə yolu ilə icraçının bank hesabına ödəyəcəkdir. xx.xx.2017-ci il tarixli, M 025/17 saylı müqavilə əsasında İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim olunmuş 12.000 manat dəyərində mallara dair EAAG seriyalı, 031633 saylı, xx.xx.2018-ci il tarixli elektron qaimə tərtib edilmişdir. Həmin elektron qaimə əsasında 12.000 manat dəyərində olan malların təqdim edilməsi ilə bağlı xx.xx.2018-ci il tarixli, HR seriyalı, 114661 saylı elektron vergi hesab-fakturası hazırlanaraq Azərbaycan Respublikasının Vergilər Nazirliyinin elektron informasiya sistemi vasitəsilə Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2019-cu il tarixdə İddiaçı MMC Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlayaraq xx.xx.2017-ci il tarixli, M 025/17 saylı müqaviləyə əsasən müqavilənin ümumi dəyərinin 50%-inin - ƏDV xaric 6.000 manat (+1.080 manat ƏDV) məbləğində pul vəsaitinin xx.xx.2017-ci il tarixdə avans olaraq cavabdeh tərəfindən ödənildiyini, lakin qalan 6.000 manat (ƏDV xaric) məbləğində pul vəsaitinin ödənilməmiş qaldığını bildirmiş və həmin məbləğin ödənilməsini tələb etmişdir. Cavabdeh tərəfindən məhkəmə təqdim edilmiş: xx xxxxxx 2019-cu il tarixli, 108126 saylı ödəniş tapşırığı ilə müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 6.000 manat pul vəsaiti köçürülmüşdür. xx xxxxxx 2019-cu il tarixli, **********3748 saylı bildirişlə müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 1080 manat məbləğində ƏDV köçürülmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında xx xxxxxx 2017-ci il tarixli M 025/17 saylı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC həmin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri icra edərək müqavilənin predmetini təşkil edən pres pistonlarını cavabdehə təqdim etmişdir. Cavabdeh MMC isə həmin müqavilənin şərtlərinə əsasən müqavilənin qiymətinin 50%-ni avans qismində iddiaçıya ödəsə də, müqavilə qiymətinin qalan hissəsini (7080 manat pul vəsaitini) müqavilədə göstərilən müddətdə (mal təhvil verildiyi vaxtdan 10 müddətində) ödəməmiş, yalnız iddiaçının ünvanladığı pretenziya məktubunu aldıqdan sonra – xx.xx.2019-cu il tarixdə həmin məbləği iddiaçının hesabına köçürmüşdür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələri). Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (Mülki Məcəllənin 567-ci maddəsi). İşin yuxarıda göstərilən hallarından göründüyü kimi iddiaçının ödənilməsini tələb etdiyi 7080 manat məbləğində pul vəsaiti xx.xx.2019-cu il tarixdə cavabdeh tərəfindən iddiaçıya ödənildiyindən həmin hissədə iddia əsassız olmaqla rədd edilməlidir. Müqavilənin qiymətinin əslində daha böyük məbləğdə olması, cavabdehin direktorunun təkidi ilə müqavilədə azaldılmış qiymətinin göstərilməsi barədə iddiaçının qanuni təmsilçisinin izahatında göstərdiyi dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının qanuni təmsilçisi göstərilən halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, eləcə də həmin dəlillərin əsaslılığını məhkəmə baxışı zamanı sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bununla yanaşı iddia ərizəsindən göründüyü kimi İddiaçı MMC iddia ərizəsində əsas borcun tutulması tələbi ilə yanaşı cavabdeh tərəfindən öhdəliyin icrasının gecikdirilməsi nəticəsində dəymiş maddi və mənəvi ziyana görə 50.000 manat pulun tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin: 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 21.1-21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.4-ci maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Məhkəmə qeyd edir ki, müqavilə üzrə öhdəliklərin lazımi qaydada icra edilməməsi ilə bağlı vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair iddianın təmin edilməsi üçün məhkəmələr tərəfindən: 1) cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin təqsirli olaraq pozulması; 2) zərərin ödənilməsini tələb edən şəxsə real zərər və ya əldən çıxmış fayda formasında maddi zərər dəyməsi, 3) vurulmuş maddi zərərin məbləği; 4) cavabdeh tərəfindən müqavilə öhdəliklərin pozulması ilə maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Hazırkı işin materiallarından isə görünür ki, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında icra edilməməsi iş materialları ilə təsdiq edilsə də, İddiaçı MMC tərəfindən cavabdehin icranı gecikdirməsi nəticəsində ona maddi zərər dəyməsini, eləcə də ona dəymiş zərərin məbləğini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, maddi zərərin ödənilməsi tələbinə dair hissədə də iddia əsassızdır. İddianın mənəvi ziyana görə pul vəsaitinin İddiaçı (VÖEN **********) bank hesabına ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və X9 Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və X9 Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarın 3-cü bəndinə görə isə mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. Belə olan halda məhkəmə İddiaçı MMC-nin hüquqi şəxs olmaqla mənəvi zərərin ödənilməsini tələb etmək hüququna malik olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin hissədə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun tutulması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İddia verilərkən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar