Məhkəmə qərarları › İş №e-2-2(113)-5370/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-5370/2025

26.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5370/2025 26.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh "X4" MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, mal göndərmə müqaviləsi) X3 Zakir oğlunun sədrliyi Qurbanova Nuranə Namiq qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh "X4" MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "X4” Məhdud Məsuliyyətli Cəmiyyətindən 42 502,45 manat borcun və ödənilmiş 220 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə "X4" MMC arasında müxtəlif çeşiddə metal tikinti mallarının alqı-satqısına dair xx.xx.2024-cü il tarixli ATL- 27/06/24 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2025-ci il tarixi üzrə cavabdeh "X4" MMC-nin təhvil verilmiş mallara görə "xxxx" MMC-yə qarşı 42502,45 manat borcu yaranmışdır. Bu barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmuş və rəsmi pretenziya məktubu da təqdim edilmişdir. Lakin, cavabdeh bu günə kimi müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməyərək borcunu ödəməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 427, 442,448.1, 567, 569.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbində göstərilənləri təsdiq edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Tədqiq olunan sübutlar İş materiallarında olan: "xxxx" MMC ilə "X4" MMC arasında imzalanmış xx.xx.2024-cü il tarixli ATL-27/06/24 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı alıcıya müxtəlif çeşiddə metal tikinti materialları satmağı, alıcı isə həmin malı qəbul edib müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndə əsasən malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri Əlavə razılaşma ilə müəyyən olunur. 4.2-ci bəndə əsasən malların təhvil verilməsi alıcının malların təhvil alınması üçün təqdim etdiyi şəxsə təhvil verilməsi, elektron qaimə-fakturanın alıcı tərəfindən təsdiq edilməsi və sair yolla müəyyən olunur. Satıcı malın təhvil verilməsi ilə birlikdə qaimə-fakturanı və digər zəruri sənədləri alıcıya təqdim edə bilər. 5-ci maddəyə əsasən alıcı sifariş olunan malın dəyərinin 100% həcmində ödənişini sifariş təsdiq edildikdən və satıcının təqdim etdiyi hesab-fakturanı aldıqdan sonra 3 iş günü ərzində nağd qaydada və ya köçürmə yolu ilə həyata keçirir. xx.xx.2024-cü il tarixli, **********3 saylı Əlavə Razılaşmaya əsasən 22666 ton Armatur U 12(Bakı) adlı malın ƏDV daxil ümumi dəyəri 29 955,39 manat müəyyənləşdirilmişdir. xx.xx.2024-cü il tarixli, **********7 saylı Əlavə Razılaşmaya əsasən 29656 ton Armatur U 12(Bakı) adlı malın ƏDV daxil ümumi dəyəri 39193 manat müəyyənləşdirilmişdir. xx.xx.2024-cü il tarixli, **********7 saylı Əlavə Razılaşmaya əsasən 23275 ton Armatur U 12(Bakı) adlı malın ƏDV daxil ümumi dəyəri 30 760 manat müəyyənləşdirilmişdir. xx.xx.2024-cü il tarixli, **********4 saylı Əlavə Razılaşmaya əsasən 2555 ton Armatur U 12(Bakı), 4354 ton Armatur U 14(Bakı), 1976 ton Armatur U 16(Bakı) adlı malların ƏDV daxil ümumi dəyəri 11742,06 manat müəyyənləşdirilmişdir. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən ƏDV daxil ümumi dəyəri 30 760 manat olan 23275 ton Armatur U 12(Bakı) adlı mal, xx.xx.2024-cü il tarixli akta əsasən malların ƏDV daxil ümumi dəyəri 11 742,06 manat olan 2555 ton Armatur U 12(Bakı), 4 354 ton Armatur U 14(Bakı), 1976 ton Armatur U 16(Bakı) adlı mallar, xx.xx.2024-cü il tarixli akta əsasən ƏDV daxil ümumi dəyəri 29 955,39 manat olan 22666 ton Armatur U 12(Bakı) adlı mal, xx.xx.2024-cü il tarixli akta əsasən ƏDV daxil ümumi dəyəri 39193 manat olan 29656 ton Armatur U 12(Bakı) adlı mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh də həmin aktları imza və möhürləri ilə təsdiq etməklə malları qəbul etmişdir. xx.xx.2024 - xx.xx.2024 dövrü əhatə edən hesab üzrə çıxarışdan görünür ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli ATL-27/06/24 saylı alqı-satqı müqaviləsinə əsasən 58600 manat avans məbləği ödənmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, "xxxx" MMC ilə "X4" MMC arasında imzalanmış xx.xx.2024-cü il tarixli ATL-27/06/24 saylı alqı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya 42502,45 manat (ƏDV daxil) borcu vardır. "xxxx" MMC tərəfindən imzalanmış qarşılıqlı hesablaşma tutuşdurma aktında "X4" MMC-nin "xxxx" MMC-yə borcu 42502,45 manat qeyd olunmuşdur. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubunda 42502,45 manat borcun 03 iş günü ərzində ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC 219,60 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə görə mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdehə aralarında olan razılaşmaya uyğun olaraq müvafiq həcmdə malları təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müəyyən olunmuş müddətdə tam ödəməmişdir. Cavabdehin iddiaçıdan mal alması iş materiallarına əlavə edilmiş sübutla (təhvil-təslim aktları) öz təsdiqini tapmışdır. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya münasibət bildirməmiş, borcun ödənilməsinə dair hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır, iddiaçının tələbi haqlıdır və iddia tələbi əsaslıdır. Buna görə də məhkəmə qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, iddiaçının öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, 42502,45 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 219,60 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh "X4" MMC-dən 42502 (qırx iki min beş yüz iki) manat 45 (qırx beş) qəpik borc və ödənilmiş 219 (iki yüz on doqquz) manat 60 (altmış) qəpik dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün (“elektron formada”) Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra, tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar