Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5372/2025 08.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı MMC-nin cavabdeh “Hungsung Holdings Limited” şirkətinə qarşı pul tələbinə dair iş üzrə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Hungsung Holdings Limited şirkətindən 76,800 ABŞ dolları əsas borc, məhkəmə qətnaməsinin çıxarıldığı günə hesablanan faizlər, dövlət büdcəsinə köçürülmüş 420,56 manat məbləğində dövlət rüsumu, ümumilikdə 130980,56 manat və qətnamənin çıxarıldığı günə hesablanan faiz məbləğinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Çünki iş materiallarından məlum olur ki, cavabdeh “Hungsung Holdings Limited” şirkəti Çin Xalq Respublikasının hüquqi şəxsidir, hüquqi ünvanı: No. 6007 Shennan Road, Shenzhen City, Guangdong Province, China - ünvanıdır. Buna görə də tərəflər arasında olan hazırkı mübahisə üzrə Bakı Kommersiya Məhkəməsi beynəlxalq səlahiyyətli məhkəmə deyildir. Belə ki, xx.xx.2023-cü il tarixli, 16/2023 nömrəli “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 2.10-cu bəndində qeyd edilmişdir ki, qeyd olununlara əsasən, məhkəmələrin xarici elementli mübahisə üzrə beynəlxalq səlahiyyətinin olubolmaması müəyyən edilərkən aşağıdakı ardıcıllığa riayət edilməli və mübahisə üzrə qəbul edilən məhkəmə aktlarında müvafiq prosessual hüquq normalarına istinad edilməklə, lazımi qaydada əsaslandırılmalıdır: - tərəflər arasında Azərbaycan Respublikası məhkəməsinin və ya xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə yazılı şəkildə ifadə olunmuş ayrıca razılıq (müqavilə, saziş və s.) və ya razılaşma şərti mövcuddurmu; - əgər belə razılaşma yoxdursa, müvafiq məsələ barədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr mövcuddurmu; - əgər belə beynəlxalq müqavilə də yoxdursa, MPM-də belə beynəlxalq səlahiyyət nəzərdə tutulmuşdurmu. Həmin Qərarın 3.1-ci bəndində qeyd edilmişdir ki, beynəlxalq səlahiyyətlə əlaqədar prosessual məsələlərin həllinə iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsindən etibarən diqqət yetirilməlidir. İddia ərizəsinin icraata qəbulu mərhələsində məhkəmənin mübahisə üzrə beynəlxalq səlahiyyətə malik olmadığı müəyyən edilərsə, MPM-in 153.2.1ci maddəsinə əsasən həmin ərizənin qəbul edilməsindən imtina edilməli və bununla əlaqədar MPM-in 153.3-cü maddəsinə uyğun olaraq, əsaslandırılmış qərardad qəbul edilməli, eyni zamanda tərəflərə xarici ölkənin məhkəməsinə müraciət hüququ izah edilməlidir. Eyni zamanda həmin Qərarın 3.7-ci maddəsində qeyd edilmişdir ki, Prosessual qənaət prinsipi baxımından kommersiya məhkəməsinin beynəlxalq səlahiyyəti müəyyən edilmədən, iddia ərizəsinin MPM-in 149 və 150-ci maddələrinin tələblərinə uyğunluğu yoxlanıla bilməz. Əgər məhkəmənin işə baxmaq üçün beynəlxalq səlahiyyəti varsa, lakin iddia ərizəsi MPM-in 149 və 150-ci maddələrinin tələblərinə cavab vermirsə, iddia ərizəsinin geri qaytarılması barədə qərardadda ilk növbədə məhkəmənin beynəlxalq səlahiyyəti ilə bağlı hüquqi əsaslandırma aparılmalı, yalnız bundan sonra iddia ərizəsinin geri qaytarılmasına dair mövqe bildirilməlidir. İddiaçı tərəfindən iş materiallarına, tərəflər arasında Bakı Kommersiya Məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə yazılı şəkildə ifadə olunmuş ayrıca razılıq və ya razılaşma şərtinin olduğu müqavilə əlavə edilməmişdir. Həmçinin məhkəməyə təqdim edilmiş bəzi sənədlər xarici dildə, ingilis dilində olduğu üçün bu cür razılıq olmasını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda müvafiq məsələ barəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr mövcud deyildir (Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında müki və kommersiya sahələri üzrə). Habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində belə bəynəlxalq səlahiyyət nəzərdə tutulduğunu müəyyən etmək qeyri-mümkündür. Çünki yuxarıda qeyd edildiyi kimi məhkəməyə təqdim edilmiş bəzi sənədlər xarici dildə, ingilis dilində olduğu üçün müqavilənin icrası yerini, həmçinin iddianın, icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldiyini müəyyən etmək mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 440.1-cu maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. 443.0-cı maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda; 443.0.2. xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyi Azərbaycan Respublikasının ərazisində olduqda; 443.0.3. cavabdeh Azərbaycan Respublikasının ərazisində əmlaka malik olduqda; 443.0.6. əmlaka vurulan ziyanın ödənilməsi işlərində ziyanın ödənilməsi haqqında tələbin verilməsi üçün əsas olan hərəkət və ya digər hal Azərbaycan Respublikasının ərazisində baş verdikdə; 443.0.7. iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə; 443.0.8. iddia Azərbaycan Respublikasının ərazisində baş vermiş əsassız varlanmadan irəli gəldikdə... . Beləliklə, Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən qərarında qeyd edilmiş mövqeyə uyğun olaraq, həmçinin mülki prosessual qanunvericiliyin tələbləri baxımından hazırkı mübahisə üzrə Bakı Kommersiya Məhkəməsinin beynəlxalq səlahiyyətli olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. 114.1.2-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Hazırkı mübahisə üzrə Bakı Kommersiya Məhkəməsinin beynəlxalq səlahiyyətli olmamasını nəzərə alaraq hesab edirəm ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməli və ödənilmiş dövlət rüsumu geri qaytarılmalı, iddiaçıya Çin Xalq Respublikasının qanunvericiliyinə uyğun həmin ölkənin müvafiq məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269-cu maddələrini rəhbər tutaraq, qərar verdim: İddiaçı MMC-nin cavabdeh “Hungsung Holdings Limited” şirkətinə qarşı pul tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. İddiaçı MMC-yə izah edilsin ki, Çin Xalq Respublikasının qanunvericiliyinə uyğun həmin ölkənin müvafiq məhkəməsinə müraciət etmək hüququ vardır. İddiaçı MMC tərəfindən dövlət büdcəsinə xx.xx.2025-ci il tarixli **********05 nömrəli qəbz üzrə ödənilmiş 420 (dörd yüz iyirmi) manat 56 (əlli altı) qəpik dövlət rüsumu ona geri qaytarılsın Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-5372/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5372/2025
08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver