Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5378/2025 19.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbi üzrə kommersiya işi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi, illik faiz məbləği Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbi” barədə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Tərəflər arasında xx.xx.2019-cu il tarixli, SA-501 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə görə Satıcı müqavilə qüvvədə olduğu müddətdə müqavilənin ayrılmaz tərkib hissələri olan X2 dəqiq adları, qiymətləri və digər göstəriciləri göstərilmiş malları satmağı, Alıcı isə, həmin malları Satıcı tərəfindən malla birlikdə təqdim olunan qaimə-fakturaya əsasən qəbul edərək almağı və müqavilənin ayrılmaz tərkib hissələri sayılan X2, həmçinin qaimə-fakturalarda göstərilən məbləğdə dəyərini ödəməyi öz öhdəsinə götürür (müqavilənin 1.1-ci bəndi).
2. Tərəflər arasında bağlanmış sözügedən müqavilənin: 2.1. 1.2-ci bəndinə görə mallarn Satıcı tərəfindən Alıcıya təhvil verilməsi müddəti müqavilənin ayrılmaz tərkib hissələri olan X2 göstərilir; 2.2. 1.3-cü bəndinə görə müqavilənin ayrılmaz tərkib hissələri olan X2 müqavilə əsasında həyata keçirilən alqı-satqı ilə əlaqədar əlavə şərtlər də nəzərdə tutula bilər; 2.3. 3.1-cü bəndinə görə bu müqavilə qüvvədə olduğu müddətdə mallar müqavilənin ayrılmaz tərkib hissələri olan X2 göstərilən ünvanda Satıcı tərəfindən Alıcıya təhvil veriləcəkdir; 2.4. 3.2-ci bəndinə görə Satıcı malın təhvil verilməsi ilə birlikdə qaimə-fakturanı və digər zəruri sənədləri Alıcıya təqdim etməlidir; 2.5. 4.1-ci bəndinə görə müqaviləyə əsasən Alıcı malın dəyərinin ödənilməsini, müqavilənin ayrılmaz tərkib hissələri olan X2 göstərilən şərtlərə uyğun həyata keçirir.
3. Tərəflər arasında səlahiyyətli nümayəndələri tərəfindən imzalanmaqla, möhürləri ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli X3 satılacaq PROClean (3M tester) adlı dərman peraparatının 1 ədədinin qiymətinin 7,85 manat olması qeyd edilmişdir. X4 1-ci və 2-ci bəndlərinə görə mallar sifariş verildikdən sonra 7 iş günü ərzində Alıcının ünvanında Satıcıya təhvil verilir. Malların dəyəri mallar təhvil verildikdən və müvafiq qaimə faktura (elektron qaimə) təqdim edildikdən sonra 15 gün ərzində köçürmə yolu ilə Alıcı tərəfindən Satıcıya ödənilir.
4. Tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalamaqla möhürləri ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli Təhvil-təslim aktına əsasən 1 ədədinin qisməti 7,85 manat olan 400 ədəd PRO- 100 ProClean X6 cavabdehə təhvil verilmişdir.
5. Həmçinin, 3139,9989 manat pulun ödənilməsini əks etdirən seriya MT2407, 11255377 nömrəli elektron qaimə-faktura xx.xx.2024-cü il tarixdə cavabdehə göndərilmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
6. İddiaçı 17 iyun 2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 3140 manat, müqavilə ilə bağlı ödənilməmiş pulun gecikdirilməsinə görə 157 manat cərimə məbləğinin, 225 manat məbləğində hüquqi xərcinin və 53 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 3575 manat pulun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddiaçı iddia ərizəsində göstərmişdir ki, tərəflər arasında arasında xx.xx.2019-cu il tarixdə SA-501 nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin predmetinə əsasən iddiaçı müqavilə qüvvədə olduğu müddətdə, müqavilənin ayrılmaz tərkib hissəsi olan Qiymət Protokollarında dəqiq adları, qiymətləri və digər göstəriciləri göstərilmiş malları satmağı, cavabdeh isə, həmin malları, iddiaçı tərəfindən malla birlikdə təqdim olunan qaimə-fakturalara əsasən qəbul edərək aldığı və müqavilənin ayrılmaz tərkib hissəsi sayılan X1, həmçinin qaimə-fakturalarda göstərilən məbləğdə dəyərini ödənilməyi öhdəsinə götürməsi barədə alqı-satqı müqaviləsi imzalamışlar. Müqavilə çərçivəsində iddaçı tərəfindən cavabdehə mütamadi olaraq müqavilə üzrə nəzərdə tutulmuş xidmətlər təqdim edilmişdir. Xidmətlərin həyata keçirilməsini təsdiqləyən hər bir təhvil-təslim aktı cavabdehin əməkdaşları tərəfindən xidmətin icrası başa çatdıqdan sonra imzaları ilə təsdiq edlmişdir. Cavabdehlə iddiaçı arasında imzalanmış müqavilənin icrasında iddaçı tərəfindən müqavilə üzrə nəzərdə tutulan xidmətlər daim keyfiyyətli təqdim edilmiş, cavabdeh tərəfindən müvafiq xidmətlər üçün nəzərdə tutulmuş xidmət haqları əvvələr ödənilsə də, hazırda ödənişləri ümumiyyətlə dayandırmışdır. Nəticədə müqavilə və 2024-cü il tarixli təhvil-təslim aktına əsasən ƏDV daxil olmaqla, “PRO-100 PrtoClean X5” vaksininin ödənilməmiş dəyəri 3140 manat borc qalmışdır. Müqavilənin 2.4.1-ci bəndində göstərilir ki, cavabdeh malları qəbul edib müəyyənləşdirilmiş pul məbləğini (malların dəyərini) ödəməli idi. Cavabdeh İddiaçının bütün müraciətlərinə və müvafiq borc məbləğinin cərimə taizləri tətbiq edilmədən ödənilməsi təkliflərinə laqeyd yanaşmş və belə müraciətlər və təkliflər cavabsız olaraq qalmlışdır. Cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi nəticəsində iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün əlavə xərclər çəkilmişdir. İddiaçının məsələ ilə əlaqədar 225 manat məbləğində vəkil xərclərinin də iddiaçıya kompensasiya edilməsi nəzərə alınmalıdır. Həmçinin müvafiq borc məbləğinə əlavə olaraq gecikdirilmiş ödəniş günlərinə görə 157 manat məbləğində hesablanmış cərimə də nəzərə alınmalıdır.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
8. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
9. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi
10. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəllə:
11. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
15. Maddə 576. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
16. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
20. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
21. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən əsaslıdır.
22. Mülki Məcəllənin 576-cı maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilədə ayrı qayda nəzərdə tutulmadığı halda, bağlandığı andan yaranır. Bir qayda olaraq alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandlğı andan, onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır.
23. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə SA- 501 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilənin tərkib hissəsi olan və xx.xx.2022ci il tarixdə imzalanmış X4 1-ci bəndinə uyğun olaraq (mallar sifariş verildikdən sonra 7 iş günü ərzində Alıcının ünvanında Satıcıya təhvil verilir) verilməsi nəzərdə tutulmuş mallar cavabdehə təhvil verilmişdir. Malların cavabdehə təhvil verilməsi xx.xx.2024-cü il tarixdə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmaqla, möhürlə təsdiq edilmiş Təhvil-təslim aktı ilə öz təsdiqini tapır.
24. Tərəflər arasında bağlanmış müqaviləyə və ona edilmiş əlavələrə uyğun olaraq cavabdeh öz öhdəliyini icra etməmiş, xx.xx.2022-ci il tarixdə imzalanmış X4 2-ci bəndinə uyğun olaraq (malların dəyəri mallar təhvil veridikdən və müvafiq qaimə faktura (elektron qaimə) təqdim edildikdən sonra 15 gün ərzində köçürmə yolu ilə Alıcı tərəfindən Satıcıya ödənilir), xx.xx.2024-cü il tarixdə təhvil verilməsinə və xx.xx.2024-cü il tarixdə elektron qaimə faktura göndərilməsinə baxmayaraq cavabdeh onun malların razılaşdırılmış qiyməti iddiaçıya ödənilməmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda onun dəyərini ödəməklə bağlı üzərinə öhdəlik də götürmüşdür. Cavabdeh isə bağladığı müqavilə əsasında əşyanı almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Buna görə də, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır.
25. Məhkəmə həmçinin, iddianın müqavilə üzrə ödənişin gecikdirilməsinə görə illik 5% nisbətində faizin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir.
26. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edili ki, cavabdeh malları təhvil aldıqdan sonra müqavilə üzrə ödənişlə bağlı üzərinə götürdüyü öhdəliyini pozaraq ödəməli olduğu 3140 manat pulu iddiaçıya ödəməmiş və onun ödənilməsini bir ildən çox müddətə gecikdirmişdir. Bu halda iddiaçı qanunun ona verdiyi hüquqi imkandan istifadə edərək ödənilməli olan pulun gecikdirildiyi vaxt üçün iddiaçıdan illik 5% nisbətində pul tələb etməyə haqlıdır.
27. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında da göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
28. Məhkəmə hesab edir ki, iddia hüquqi xidmət xərcinin tutulması hissəsində təmin edilə bilməz. Belə ki, iddiaçı bununla bağlı sübutunu qanunla müəyyən edilmiş müddət ərzində təqdim etməmiş, iş üzrə iddiaçının vəkilinin (nümayəndəsinin) də iştirakı ilə mübahisəyə baxılaraq xx.xx.2025-ci il tarixdə qətnamənin nəticə hissəsi elan olunduqdan sonra, xx.xx.2025-ci il tarixdə həmin xidmətə görə ödənilmiş pula diar qəbz elektron qaydada iş materiallarına əlvə edilmişdir. Halbu ki, AR MPM-nin 78.1-ci maddəsindən də görünür ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər, yaxud həmin normada göstərilən istisna halda məhkəmə baxışı zamanı verilə bilər. Həmçinin, MPM-nin 217.1-ci maddəsi tələb edir ki, hakim öz qərarını yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır.
29. Məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu iddianın təmin olunması nisbətində (iddia ümumi tələbin təqribən 70%-i nisbətində təmin edilmişdir) tərəflərə aid edilməlidir.
30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. 17 iyun 2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş 3140 manat əsas, ödənişin gecikdirilməsinə görə illik 5 % nisbətində hesablanmış 157 manat faiz borcu və ödənilmiş 53 manat dövlət rüsumu olmaqla, cəmi 3350 (üç min üç yüz əlli manat) məbləğində pul Cavabdeh ASC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı