Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5381/2025 22.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı “pul tələbi”nə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi, illik faiz məbləği Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı “pul tələbi” barədə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Tərəflər arasında xx.xx.2016-cı il tarixli, SA-206 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə görə Satıcı müqavilə qüvvədə olduğu müddətdə müqavilənin ayrılmaz tərkib hissələri olan X1 dəqiq adları, qiymətləri və digər göstəriciləri göstərilmiş malları satmağı, Alıcı isə, həmin malları Satıcı tərəfindən malla birlikdə təqdim olunan qaimə-fakturaya əsasən qəbul edərək almağı və müqavilənin ayrılmaz tərkib hissələri sayılan X1, həmçinin qaimə-fakturalarda göstərilən məbləğdə dəyərini ödəməyi öz öhdəsinə götürür (müqavilənin 1.1-ci bəndi).
2. Tərəflər arasında bağlanmış sözügedən müqavilənin: 2.1. 1.2-ci bəndinə görə malların Satıcı tərəfindən Alıcıya təhvil verilməsi müddəti müqavilənin ayrılmaz tərkib hissələri olan X1 göstərilir; 2.2. 1.3-cü bəndinə görə Satıcının təhvil verdyi malların ümumi dəyəri Alıcının verdiyi Sifarişdə göstərilənlərdən artıq olmamalıdır; 2.3. 3.1-cü bəndinə görə bu müqavilə qüvvədə olduğu müddətdə mallar müqavilənin ayrılmaz tərkib hissələri olan X1 göstərilən ünvanda Satıcı tərəfindən Alıcıya təhvil veriləcəkdir; 2.4. 3.2-ci bəndinə görə Satıcı malın təhvil verilməsi ilə birlikdə qaimə-fakturanı və digər zəruri sənədləri Alıcıya təqdim etməlidir; 2.5. 4.1-ci bəndinə görə müqaviləyə əsasən Alıcı malın dəyərinin ödənilməsini, müqavilənin ayrılmaz tərkib hissələri olan X1 göstərilən şərtlərə uyğun həyata keçirir.
3. Tərəflər arasında 3 ədəd - ND Clone 30 1000 d adlı vaksinin 1 qutu – 1000 doza, 50 manat müəyyən edilməsi barədə xx.xx.2022-ci il tarixli, Nobilis ND Clone 30 (1x5000ds) adlı vaksinin 1 ədəd – 5000 doza 30 manat müəyyən edilməsi barədə xx.xx.2024-cü il tarixli və Nobilis Gumboro 228E (1x5000ds) adlı vaksinin 1 ədəd – 5000 doza 81 manat müəyyən edilməsi barədə xx.xx.2024cü il tarixli X3 iddiaçı tərəfindən imzalanmaqla, möhürü ilə təsdiq edilmişdir. X2 əsasən mallar Alıcı tərəfindən sifariş verildikdən sonra 2 iş günü ərzində Alıcının ünvanında Satıcıya təhvil verilir. Malların dəyəri mallar təhvil verildikdən və müvafiq qaimə faktura (elektron qaimə) təqdim edildikdən dərhal sonra köçürmə yolu ilə Alıcı tərəfindən Satıcıya ödənilir.
4. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, xx.xx.2024-cü il tarixli qaimə əsasında 3600 manat dəyərində ND Clone 30 (5000) 1000 dozadan ibarət, xx.xx.2024-cü il tarixli qaimə əsasında 3807 manat dəyərində Gumboro 228E (5000) 1000 dozadan ibarət və xx.xx.2024-cü il tarixli qaimə əsasında 150 manat dəyərində ND Clone 30 (5000) 1000 dozadan ibarət vaksinlər cavabdehə təhvil verilmiş, qaimələr iddiaçı və cavabdehin nümayəndəsi tərəfindən imzalanmış, iddiaçının möhürü ilə təsdiq edilmişdir.
5. Bundan başqa, 3599,9959 manat pulun ödənilməsini əks etdirən xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 10251644 nömrəli elektron qaimə-faktura, 3807,0018 manat pulun ödənilməsini əks etdirən xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 11460660 nömrəli elektron qaimə-faktura və 149,9998 manat pulun ödənilməsini əks etdirən xx.xx.2024-cü il tarixli MT2407 seriyalı, 11561879 nömrəli elektron qaimə-faktura cavabdehə göndərilmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
6. İddiaçı xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və 24.-7.2024-cü il tarixli elektron qaimə-faktura aktlarına əsasən aldığı ƏDV daxil olmaqla 7556,98 manat məbləğində vaksinlərin ödənilməmiş dəyərinin, pulun gecikdirilməsinə görə 377,85 cərimənin, 225 manat hüquqi xərcinin və 99,35 məbləğində dövlət rüsumu olmaqla, cəmi 8259,16 manat pulun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddia ərizəsində qeyd edilmişdır ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli, SA- 206 nömrəli alqı-satqı müqaviləsinin predmetinə əsasən iddiaçı müqavilə qüvvədə olduğu müddətdə, müqavilənin ayrılmaz tərkibi olan X1 dəqiq adları, qiymətləri və digər göstəriciləri göstərilmiş malları satmağı, cavabdeh isə həmin malları iddiaçı tərəfindən malla təqdim olunan qaimə-fakturaya əsasən qəbul edərək Qiymət Razılamşma protokollarında, həmçinin qaimə-fakturada göstərilən məbləğdə dəyərini ödəməyi öz öhtəsinə götürmüşdür. Müqavilədə həm iddiaçının həm də cavabdehin hüquq və vəzifələri göstərilmişdir. Müqavilə çərçivəsində iddaçı tərəfindən cavabdehə mütamadi olaraq müqavilə üzrə nəzərdə tutulmuş xidmətlər təqdim edilmişdir. Xidmətlərin həyata keçirilməsini təsdiqləyən hər bir təhvil-təslim aktı Cavabdehin əməkdaşları tərəfindən xidmətin icrası başa çatdıqdan sonra imzalanmaqla təsdiq edilmişdir. Müqaviləyə əsasən cavabdeh tərəfindən 3 ədəd elektron qaimə-faktura əsasında təhvil verilmiş vaksinlərə görə ödnilməli olan, cəmi 7556,98 manat pul ödənilməmişdir. Cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi nəticəsində iddiaçının məhkəməyə müraciət etməsi üçün vəkilə əlavə 225 manat xərc ödənilmişdir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
8. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
9. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi
10. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəllə:
11. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
15. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
16. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
20. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
21. Maddə 241.1 Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.
Məhkəmənin mövqeyi:
22. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslıdır.
23. Mülki Məcəllənin 567-cı maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilədə ayrı qayda nəzərdə tutulmadığı halda, bağlandığı andan yaranır. Bir qayda olaraq alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandlğı andan, onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır.
24. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında xx.xx.2016-cı il tarixdə SA- 206 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilənin tərkib hissəsi olan 3 ədəd – xx.xx.2022, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə X3 imzalanmış, həmin Protokollara uyğun olaraq mallar sifariş verildikdən 2 iş günü sonra iddiaçının (satıcının) ünvanında alıcıya (cavabdehə) təhvil verilmişdir. Malların cavabdehə təhvil verilməsi xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış qaimələrlə öz təsdiqini tapır.
25. Lakin bağlanmış müqaviləyə və ona edilmiş əlavələrə uyğun olaraq cavabdeh öz öhdəliyini icra etməmişdir. xx.xx.2022, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə imzalanmış X2 əsasən alıcı malların dəyərini təhvil verildikdən və müvafiq qaimə faktura (elektron qaimə) təqdim edildikdən dərhal sonra köçürmə yolu ilə cavabdeh tərəfindən iddiaçıya ödənilir. Həmçinin, iddiaçı tərəfindən cavabdehə 3600 manat ödənişlə bağlı xx.xx.2024-cü il tarixli, 3807 manat ödənişlə bağlı xx.xx.2024cü il tarixli və 150 manat ödənişlə bağlı xx.xx.2024-cü il tarixli elektron qaimə-faktura da göndərilmişdir. Lakin cavabdeh öhdəliyini yerinə yetirməyərək həm mallar təhvil verilməsinə, həm də həmin təhvil verilmiş mallara uyğun elektron qaimə-fakturalar təqdim edilməsinə baxmayaraq razılaşdırılmış qiyməti iddiaçıya ödəməmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda onun dəyərini ödəməklə bağlı üzərinə öhdəlik də götürmüşdür. Cavabdeh isə bağladığı müqavilə əsasında əşyanı almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Buna görə də, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır.
26. Məhkəmə həmçinin, iddianın müqavilə üzrə ödənişin gecikdirilməsinə görə illik 5% nisbətində faizin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir.
27. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edili ki, cavabdeh malları təhvil aldıqdan sonra müqavilə üzrə ödənişlə bağlı üzərinə götürdüyü öhdəliyini pozaraq ödəməli olduğu 3140 manat pulu iddiaçıya ödəməmiş və onun ödənilməsini bir ildən çox müddətə gecikdirmişdir. Bu halda iddiaçı qanunun ona verdiyi hüquqi imkandan istifadə edərək ödənilməli olan pulun gecikdirildiyi vaxt üçün iddiaçıdan illik 5% nisbətində pul tələb etməyə haqlıdır.
28. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında da göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
29. Məhkəmə iddiaçının çəkdiyi məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi hüquqi xidmət xərcinin və dövlət rüsumunun cavabdehdən tutulması hissəsində əsaslıdır. Belə ki, cavabdeh müqavilə üzrə yaranmış öhdəliklərini vaxtında icra etmədiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, bununla əlavə xərc çəkmişdir. Mülki Məcəllənin 21.2-ci maddəsindən də görünür ki, zərər həm də, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri ehtiva edir. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqlarının məhkəmədə müdafiəsi ilə bağlı əlavə xərclər çəkməsinə səbəb cavabdehin öz öhdəliklərini vaxtında icra etməməsi olmuşdur. Mülki Məcəllənin 425-ci maddəsi də tələb edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməlidir.
30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. 7556,98 (yeddi min beş yüz əlli altı manat doxsan səkkiz qəpik) manat məbləğində pul, borcun gecikdirilməsinə görə 377,85 manat faiz borcu, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 225 manat xidmət haqqı və ödənilmiş 99,35 manat dövlət rüsumu olmaqla, cəmi 8259,16 manat pul Cavabdeh ASC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı