Məhkəmə qərarları › İş №e-2-2(113)-5397/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5397/2024

17.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5397/2024 17.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: konsiqnasiya anbarı müqaviləsi, borc tələbi, əldən çıxmış fayda) X1 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "MDM Su Filterleri” MMC-dən 4428,80 manat əsas borcun, 1328,64 manat gecikmə faizi pulunun, 996,39 manat əldən çıxmış fayda məbləğinin və 1600 manat vəkil qonorarı xərcinin, ümumilikdə 8353,83 manat məbləğində pulun və ödənilmiş 104 manat dövlət rüsumu tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında 08/23 saylı xx.xx.2023-cü il tarixli “Satmaq hüququ ilə saxlama” müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, Saxlayıcı tapşıranın ona verdiyi nümayiş üçün nümunələri saxlamağı, zərurət olduqda Tapşıranın razılığı əsasında nümunələri satmağı, satışdan əldə etdiyi pul vəsaitini tapşırana ödəməyi, satılmamış nümunələri müqavilənin qüvvəsi sona çatdıqda tapşırana qaytarmağı, Tapşıran isə saxlayıcıya satılan mallara görə mükafat verməyi öz öhdəsinə götürmüşdür. Müqavilə qüvvəyə mindikdən sonra tərəflər öz öhdəliklərini yerinə yetirməyə başlamışlar və İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 3974,85 manat məbləğində nümunələr təqdim etmiş və bununla bağlı tərəflər “xx.xx.2023cü il tarixli 08/23 saylı “Satmaq hüququ ilə saxlama” müqaviləsinə 1 №-li Əlavə sayılan xx.xx.2024-cü il tarixli “Təhvil-təslim aktı”nı imzalamışlar. Sonrakı vaxtlarda İddiaçı MMC vaxtaşırı cavabdeh "xxxx" MMC-yə nümunələr göndərmiş və cavabdeh iddiaçının razılığı ilə nümunələri satmış, satışdan əldə etdiyi pul vəsaitlərinin bir qismini ona ödəsə də, bir qismini bu günə kimi ödəməmişdir. Cavabdeh "xxxx" MMC sonuncu dəfə İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixində 311,52 manat məbləğində ödəniş etmiş, lakin nümunələrin satışından əldə etdiyi 4428,80 manat məbləğində pul vəsaitini ödəməmişdir. Nümunələrin satışından əldə edilmiş 4428,80 manat məbləğində pul vəsaitinin iddiaçıya qaytarılması üçün İddiaçı MMC cavabdeh "xxxx" MMC ilə dəfələrlə danışıqlar aparmış, lakin təəssüflər olsun ki, bunun heç bir nəticəsi olmamışdır. Cavabdeh "xxxx" MMC hər dəfə “borcunu 2-3 günə ödəyəcəyinə dair” vədlər versə də, heç bir ödəniş etməmişdir. İddiaçı MMC məcburiyyət qarşısında qalaraq cavabdeh "xxxx" MMC-yə 20/1/24 saylı xx.xx.2024- cü il tarixli “müqaviləyə vaxtından əvvəl xitam verilməsi haqqında” bildiriş göndərmiş və müqavilənin 6.3-cü bəndinə əsasən, müqaviləyə vaxtından əvvəl – xx.xx.2024-cü il tarixində xitam verilməsini, müqavilənin 6.4-cü bəndinə əsasən, isə müqavilə üzrə öhdəliklərini tam və lazımı qaydada yerinə yetirilməsi və 4428,80 manat məbləğində borcu və ya həmin məbləğdə təhvil götürdüyü nümunələri geri qaytarılmasını cavabdeh "xxxx" MMC-dən xahiş etmişdir. Cavabdeh "xxxx" MMC “Bildiriş”i xx.xx.2024-cü il tarixində qəbul etmiş, lakin borcu və ya satılmamış nümunələri qaytarmamışdır . Bu səbəbdən də, İddiaçı MMC məcburiyyət qarşısında qalaraq, cavabdeh "xxxx" MMC-yə 25/1/24 saylı xx.xx.2024cü il tarixli pretenziya göndərmiş və "xxxx" MMC-yə olan 4428,80 manat məbləğində borcu 5 iş günü ərzində tam həcmdə ödəməyi tələb etmişdir. Cavabdeh "xxxx" MMC pretenziyanı xx.xx.2024-cü il tarixində qəbul etmiş və borc məbləğinə dair 2.106.2024-cü il tarixli “Qarşılıqlı üzləşmə” aktını imzalamışdır. Sonradan cavabdeh "xxxx" MMC ödənişə dair möhlət istəmiş və İddiaçı MMC ona güzəşt etmiş və cavabdeh "xxxx" MMC ilə xx.xx.2024-cü il tarixli “1 saylı razılaşma protokolu” imzalamışdır. Razılaşmaya əsasən, cavabdeh "xxxx" MMC cədvəl üzrə son ödəniş tarixi–xx.xx.2024-cü il tarixindən başlayaraq xx.xx.2024-cü il tarixinədək, 1-ci həftə 506,25 manat olmaqla, növbəti həftədən başlayaraq, İddiaçı MMC-yə hər həftə 502 manat ödəməyi öz öhdəsinə götürmüşdür (xx.xx.2024-cü il tarixli “1 saylı razılaşma protokolu” əlavə olunur). Lakin, cavabdeh "xxxx" MMC bu dəfə də İddiaçı MMC-yə olan borcundən heç bir ödəniş etməmişdir. Sonuncu dəfə cavabdeh "xxxx" MMC-yə “Elektrin məhkəmə portalı” vasitəsilə xx.xx.2024-cü il tarixində elektron pretenziya göndərilmiş və "xxxx" MMC-yə olan 4428,80 manat məbləğində borcu 3 (üç) gün ərzində tam həcmdə ödəməyi tələb etmişdir. xx.xx.2024-cü il tarixli “1 saylı razılaşma protokolu”nun 2-ci bəndinə əsasən, Saxlayıcı ödənişi son ödəniş tarixindən 3 iş günü ərzində gecikdirdikdə və ya tam ödəmədikdə, hər gecikdirilmiş üçün ödənilməmiş məbləğin 1% məbləğində gecikmə faizini ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 4.2-ci bəndinə əsasən, bu Müqavilənin şərtlərini pozan tərəf, bunun nəticəsində qarşı tərəfə vurduğu zərərə görə məsuliyyət daşıyır və dəymiş zərəri ödəməlidir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 157.5, 442, 443.5, 449.1, 448.1, 739, 740-cı maddələrinə istinad olunmuşdur. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edib məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: Tapşıran İddiaçı MMC ilə Saxlayıcı Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 08/23 saylı Satmaq hüququ ilə saxlama müqaviləsindən görünür ki, Saxlayıcı Tapşıranın ona verdiyi nümayiş üçün nümunələri saxlamağı, zərurət olduqda Tapşıranın razılığı əsasında nümunələri satmağı, satışdan əldə etdiyi pul vəsaitini Tapşırana ödəməyi, satılmamış nümunələri bu müqavilənin qüvvəsi sona çatdıqda tapşırana qaytarmağı, tapşıran isə saxlayıcıya satılan mallar görə mükafat verməyi öhdələrinə götürmüşlər. Müqavilənin 2.1-ci bəndinə əsasən mükafatın məbləği tərəflərin qarşılıqlı razılığına əsasən satılan nümunə dəyərinin 5%-i məbləğində müəyyən olunur. Müqavilənin 2.2-ci bəndinə əsasən mükafatın məbləği hər növbəti ayın 10-a kimi və ya saxlama müddətinin sonunda Saxlayıcıya elektron qaimə əsasında köçürmə yolu ilə ödənilir. xx.xx.2023-cü il tarixli 08/23 saylı Satmaq hüququ ilə saxlama müqaviləsi üzrə qarşılıqlı üzləşdirmə aktına əsasən İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2024xx.xx.2024-cü il tarixinədək uçot üzrə hesablaşmalara əsasən 21 iyun 2024-cü il tarixinə borc məbləği 4428 manat hesablanmışdır. xx.xx.2024-cü il tarixli Razılaşma Protokolundan görünür ki, Saxlayıcı 08/23 nömrəli xx.xx.2023-cü il tarixli Satmaq hüququ ilə saxlama müqaviləsi üzrə Tapşırana olan 4522,25 manat məbləğində borcunu xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 502 manat məbləğində ödəməyi öz öhdəsinə götürmüşdür. Razılaşmanın 2-ci bəndinə əsasən Saxlayıcı, ödənişi cədvəl üzrə ödəniş tarixindən 3 iş günü ərzində gecikdirdikdə 1 % məbləğində gecikmə faizini ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli 08/23 saylı Satmaq hüququ ilə saxlama müqaviləsinə Əlavə 1 nömrəli xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, 3974,85 manat dəyərində müxtəlif adda mallar Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. EBDQ seriyalı 015825 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 283,36 manat, EBDS seriyalı 037298 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 283,37 manat, EBDU seriyalı 425653 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 183,80 manat, EBDT seriyalı 093786 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 276,84 manat, EBDO seriyalı 596399 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 547,40 manat, EBDS seriyalı 167863 nömrəli xx.xx.2023cü il tarixli elektron qaiməyə əsasən 283,37 manat, EBDU seriyalı 189428 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 254,81 manat, EBDV seriyalı 364579 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 2501,02 manat, EBDS seriyalı 751876 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 178,70 manat, EBDR seriyalı 813313 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 283,28 manat, EBDO seriyalı 596402 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 343,86 manat, EBDV seriyalı 679703 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 1837,99 manat, EBDZ seriyalı 408574 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 183,80 manat dəyərində müxtəlif çeşidli mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2023-cü il **********/693663988 saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 311,52 manat məbləğində ödəniş olunmuşdur. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC 104 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 449.1-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 837.1-cü maddəsinə əsasən konsiqnasiya anbarı haqqında müqavilə hər hansı sahibkara (tapşırana) malları (konsiqnasiya mallarını) müştərilərə tez çatdırmaq məqsədilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan başqa şəxsin (tacirin) anbarında saxlamaq hüququ verir. Tacir konsiqnasiya mallarını saxlamağı öhdəsinə götürür və konsiqnasiya anbarı haqqında müqavilənin şərtlərinə əsasən bu mallara dair sərəncam vermək hüququna malikdir. 837.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, konsiqnasiya mallarının saxlanmasına anbarda saxlama haqqında müddəalar, konsiqnatorun konsiqnasiya anbarından mal götürməsinə isə alğı-satqı haqqında müddəalar tətbiq edilir. 840.2-cü maddəsinə əsasən konsiqnasiya anbarından mal götürüldükdə tapşıran ilə tacir arasında münasibətlər həmin malın alğı-satqısı haqqında müqavilə ilə tənzimlənir. Alış qiyməti və alğı-satqının digər şərtləri iştirakçılar arasında razılaşmalara əsasən, qalan məsələlər isə bu Məcəllə ilə müəyyənləşdirilir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. ...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında konsiqnasiya anbarı haqqında müqavilə və alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müəyyən olunmuş müddətdə ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (elektron qaimələr, üzləşmə aktı və s.) öz təsdiqini tapmışdır. Həmçinin tərəflər arasında sonradan imzalanmış razılaşma protokoluna əsasən cavabdeh borclu olduğu 4522,25 manat məbləğinin ödənilməsinin hissə-hissə icrası ilə bağlı iddiaçı qarşısında öhdəlik götürmüşdür. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini, cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərindən, 4428,80 manat manat pulu ödəmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 4428,80 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən 1328,64 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli “1 saylı razılaşma protokolu”nun 2-ci bəndində ödənişin gecikdirildiyi təqdirdə gecikmə faizinin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 221,40 manat müəyyən olunmalıdır. Bundan başqa iddiaçı cavabdehdən dəymiş zərər kimi 996,39 manat məbləğin də tutulmasını tələb etmiş, həmin məbləğin tələb etmə əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi ilə əsaslandıraraq əldən çıxmış fayda kimi hesablayaraq ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının məzmunundan aydın olur ki, MM-in 449-cu maddəsinə əsasən faizlərin ödənilməsi yalnız “faydalanma”, yəni, gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəldiyi hallarda tətbiq olunmalıdır. İddiaçı isə borcun ödənilməsinin gecikdirilməsi nəticəsində cavabdehin maddi gəlir əldə etməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, yəni öz tələbinin əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Bu səbəbdən iddia tələbi həmin hissədə təmin edilməməlidir. İddia tələbinin həcminə nisbətdə vəkilə ödənilmiş pulun əvəzi olaraq 1600 manat ağlabatan hesab edilmədiyindən məhkəmə hesab edir ki, hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində ağlabatan məbləğdə, 600 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin iddia qismən təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 104 manat dövlət rüsumunun 66,51 manatının əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 08/23 saylı xx.xx.2023-cü il tarixli “satmaq hüququ ilə saxlama” müqaviləsinə əsasən 4428,80 manat əsas borc, 221,40 manat dəbbə pulu, ümumilikdə 4650 (dörd min altı yüz əlli) manat 20 (iyirmi) qəpik pul vəsaiti, habelə hüquqi yardım üçün ödənilmiş 600 (altı yüz) manat və ödənilmiş dövlət rüsumunun 66 (altmış altı) manat 51 (əlli bir) qəpik hissəsinin əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar