Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5400/2021 24.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 30001,14 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 17.04.2020-ci il tarixli, 11 saylı Müqaviləyə əsasən İcraçı (iddiaçı) “Əlillər üçün yaradıcılıq Mərkəzi”nin Metal Konstruksiyasının hazırlanması və quraşdırılması işlərini görüb təhvil verməyi, Sifarişçi (cavabdeh) isə icraçının gördüyü işin müqabilində bu əlavələrdə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürmüşlər. Müqavilənin ümumi dəyəri 91.500 manat razılaşdırılmışdır və görülmüş işlərin dəyəri Forma-2-İ ilə təsdiqlənərək ödənilirdi. 2020-ci ildə işlər başa çatdırılmışdır və Forma-2-İ-lərlə təsdiqlənmişdir. Müqavilədə nəzərdə tutulmuş və görülmüş işləri təsdiq edən Forma-2-İ-lərin dəyəri 91.500 manat təşkil etmişdir. Bu məbləğin 61499,86 manatı vaxtlı-vaxtında ödənilmişdir. Lakin sonuncu təsdiq olunmuş 30001,14 manat məbləğ 6 ay keçməsinə baxmayaraq cavabdeh tərəfindən ödənilməmişdir. Buna görə də iddiaçı tərəfindən bir neçə dəfə şifahi və yazılı şəkildə sözügedən borc məbləğinin ödənilməsi cavabdehdən xahiş olunsa da, o, yenə də müqavilə öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır. Hazırda isə cavabdeh pretenziya məktubuna cavab olaraq bildirmişdir ki, guya müqavilə öhdəlikləri iddiaçı tərəfindən lazımınca icra edilməmişdir. Belə ki, hazırlanmış və quraşdırılmış “Əlillər üçün yaradıcılıq Mərkəzi”nin Metal Konstruksiyasında bir sıra qüsurlar aşkar edilmişdir. Həmin qüsurların aradan qaldırılması üçün polad dam istehsalında olan vintlərin pas atıcı ilə təmizlənərək rənglənməsi zərurəti yaranmışdır. Qeyd olunan qüsurların aradan qaldırılması üçün tərəflərindən müəyyən işlər görülmüş və həmin işlərin dəyəri 12,700 manat olmuşdur (7000 azn boya+3500 azn kran+2200 azn işçilərin əmək haqqı). Bununla da müqavilə öhdəlikləri lazımınca icra edilmədiyinə görə cavabdehə 12,700 manat ziyan dəymişdir. Bununla əlaqədar qeyd olunmalıdır ki, iddiaçı tərəfindən görülmüş işlər yüksək keyfiyyətlə görülmüş, yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbuluna dair yanvar 2021-ci il tarixli akt tərtib edilmiş və həmin aktda işlərin qüsurlu yerinə yetirilməməsinə dair hər hansı bir qeyd aparılmamış, cavabdeh tərəfindən hər hansı bir etiraz bildirilməmişdir. Hazırda isə müqavilə öhdəliklərini yerinə yetirməkdən boyun qaçırdığı üçün bu kimi əsassız tələblər irəli sürürlər. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qiyabi qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırda cavabdehdən ödənilməsi tələb edilən borc ƏDV hesablanmadan ödənilməli olan məbləğdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 17 aprel 2020-ci il tarixli 11 nömrəli müqaviləyə əsasən iddiaçı ilə cavabdeh arasında “Əlillər üçün yaradıcılıq mərkəzi”nin metal konstruksiyasının hazırlanması və quraşdırılması üçün müqavilə imzalanmışdır. Müqavilənin 2-ci bəndinə əsasən müqavilə üzrə yerinə yetiriləcək işlərin həcmi və dəyəri müqavilənin tərkib hissəsi olan Əlavə 1-ə əsasən müəyyən edilir. Sifarişçi müqavilə ilə razılaşdırılmış məbləğin 50 %-ini icraçıya avans olaraq ödəyir. Müqavilənin 3-cü bəndinə əsasən sifarişçi müqavilə üzrə xidmətin təxirə salınmadan qəbul edilməsini və ödəmələrin bu müqavilədə göstərilmiş qaydada aparılmasını öhdəsinə götürür. Sifarişçinin tələbinə əsasən hazırki müqavilə üzrə görüləcək işlərin standartlarına uyğun yerinə yetirməyi öz öhdəsinə götürür. Hazırki müqavilə üzrə yerinə yetirilən işlərin keyfiyyətinə görə sifarişçi qarşısında tam məsuliyyət daşıyır. İcraçı işləri tam keyfiyyətlə aparılmasını öhdəsinə alır. Müqavilənin 6.1-ci bəndinə əsasən müqavilə üzrə sənədləşdirmə yazılı şəkildə aparılır. Qəbul edən tərəf müvafiq sənədlərin alınmasını təsdiqləməlidir. Müqaviləyə 1 nömrəli 17 aprel 2020-ci il tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən “Əlillər üçün yaradıcılıq mərkəzinin” metal konstruksiyasının hazırlanması və quraşdırılması üçün ümumilikdə 107970 manat məbləğində xidmət göstərilməsi razılaşdırılmışdır. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbulu barədə yanvar 2021-ci il tarixli akta əsasən “Əlillər üçün yaradıcılıq mərkəzinin metal konstruksiyalarının hazırlanması və quraşdırılması” məqsədilə ümumilikdə 103421,10 manat məbləğində iş görülmüşdür. İddiaçı tərəfindən verilmiş 31.07.2020-ci il tarixli Pilləkənlərin (Əlillər üçün yaradıcılıq mərkəzi) material təsnifatı və smetasından görünür ki, ümumilikdə 3855 manat dəyərində xidmət sifariş edilmişdir. EBAV 284009 SAYLİ 23.12.2020-ci il tarixli elektron qaimədən görünür ki, iddiaçı tərəfindən 35401 manat məbləğində xidmət göstərilmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 03.06.2021-ci il tarixli məktuba əsasən iddiaçı cavabdehdən 17 aprel 2020-ci il tarixli 11 saylı müqaviləyə əsasən yaranmış 31742 manat məbləğində borcunun 10.06.2021-ci il tarixə kimi ödənilməsinin təmin edilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 09.02.2021-ci il tarixli D-09 nömrəli məktuba əsasən iddiaçı cavabdehdən 17 aprel 2020-ci il tarixli 11 saylı müqaviləyə əsasən yaranmış 30001,14 manat məbləğində borcunun tez bir zamanda ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. "xxxx" ASC tərəfindən verilmiş 29.11.2021-ci il tarixli hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına EBAK 733162 nömrəli elektron qaimə üzrə 18300,41 manat pul köçürülmüşdür. "xxxx" ASC tərəfindən verilmiş 29.11.2021-ci il tarixli hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına EBAJ 678226 nömrəli elektron qaimə üzrə 27600,89 manat pul köçürülmüşdür. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin iddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 17 aprel 2020-ci il tarixli 11 saylı podrat müqaviləsindən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin podrat müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 30001,14 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 30001,14 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 30001,14 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 15 oktyabr 2021-ci il tarixli 2021-003593 nömrəli arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı 200 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş mediasiya xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 30001,14 manat (otuz min bir manat on dörd qəpik) məbləğində pul və ödənilmiş 200 (iki yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edilən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-5400/2021
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-5400/2021
24.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver