Məhkəmə qərarları › İş №e-2-2(113)-5403/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5403/2025

21.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5403/2025 21.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, malları göndərmə müqaviləsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borc tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən mwqaviləyə əsasən 6918,63 manat əsas borc, 2600 manat dəbbə pulu, 119 manat dövlət rüsumu olmaqla 360 manat vəkil xərci nəzərə alınmaqla, ümumilikdə 9997,63 manat məbləğin onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 014-110124 saylı, 11 yanvar 2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC qeyd edilən müqavilənin əlavəsində göstərilən malları satmağı, alıcı isə Məhsulun qiyməti və miqdarı “Satıcı” tərəfindən verilmiş X1 və Hesab Fakturalara əsasən “Alıcı” nağd və ya hesablaşma hesabı vasitəsi ilə “Satıcı”ya ödəməli idi. Lakin Cavabdeh MMC müqavilələrdə göstərilən müddət ərzində öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır və onlara təqdim olunmuş ümumi məbləği 17833,89 manat elektron qaimə fakturadan cəmi 10915,26 manat məbləği ödəmiş, bu günə kimi isə №014-110124 saylı, 11 yanvar 2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 6918,63 manat borcludur. Dəfələrlə Cavabdeh MMC ilə razılığa gəlmək istəsələr də hər dəfə onlar müxtəlif bəhanələr gətirərək öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 398.1, 399.1, 404.1, 442, 445.2, 448.1, 462.1, 462.3, 463.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək əlavə olaraq bildirmişdir ki, vəkil xərci hissəsində təlbdə 360 manat qeyd edilsə də hazırkı tələb e-məhkəmə sisteminə əlavə edilən qəbzə əsasən 325 manatdır. Cavabdeh tərəfindən ən son 16 may 2025-ci il tarixdə 2095 manat ödəniş edilmişdir. İş məhkəmənin icraatında olduğu dövr ərzində heç bir ödəniş edilməmişdir. Sonda iddianı müdafiə edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: 12 dekabr 2024-cü il tarixli akta əsasən Cavabdeh MMC İddiaçı MMC-yə 9389,95 manat borcu olduğunu etiraf edərək tərəflərin imza və möhürü ilə təsdiq etmişdir. xx.xx.2025-ci il tarixli “Köçürülmənin aparılması haqqında” bildirişdən görünür ki, Cavabdeh MMC İddiaçı MMC-nin ƏDV sub-uçot hesabına 377,1 manat köçürmüşdür. İddiaçı MMC tərəfindən təqdim edilmiş "xxxx" ASC-dəki hesabdan çıxarışından görünür ki, xx.xx.2025-ci il tarixdə onun hesabına Cavabdeh MMC tərəfindən 2095 manat ödəniş edilmişdir. İddiaçı MMC tərəfindən təqdim edilmiş whatsapp yazışmalarından görünür ki, ödənişlərin edilməsi ilə bağlı müraciət edilmişdir. MT2412 seriyalı 11161102 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 1164,56 manat, EBED seriyalı 611164 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 2758,37 manat, MT2410 seriyalı 10843277 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 2129,22 manat, MT2411 seriyalı 12285299 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 2184.68 manat, MT2407 seriyalı 10465558 nömrəli xx.xx.2024cü il tarixli elektron qaiməyə əsasən 1791,01 manat, EBEB seriyalı: 601611 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 2165,16 manat, MT2408 seriyalı 11534665 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 2613,81 manat, MT2409 seriyalı 10976679 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 3027,10 manat məbləğində verilmiş malların dəyəri İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubunda 9389,98 manat borcun 5 iş gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, kart hesabına 325 manat ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən 119 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə əsasən mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müəyyən olunmuş müddətdə tam ödəməmişdir. Tərəflər arasında bağlanmış 11 yanvar 2024-cü il tarixli alqısatqı müqaviləsini iddiaçı faktiki olaraq təqdim edə bilməsə də, elektron qaimələr, üzləşmə aktı, ödənişlər həqiqətən də tərəflər arasında həmin müqavilənin mövcudluğunu təsdiq edir. Çünki tərəflər arasında imzalanmış xx.xx.2024-cü il üzləşmə aktından sonra da cavabdeh tərəfindən 11 yanvar 2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən verilmiş elektron qaimələr üzrə ödəniş edilmişdir. Cavabdehin iddiaçıya borcunun olması və malların cavabdehə təhvil verilməsi iş materiallarına əlavə edilmiş elektron qaimələr, ödəniş tapşırıqları, akt və s. ilə öz təsdiqini tapmışdır. Cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilələr üzrə öhdəliklərini icra etmədiyini, yəni aldığı malların cəmi dəyəri olan 6918,63 manat məbləğin ödəmədiyini, belə olan halda isə iddiaçının öhdəliyin icrasını, satdığı malların dəyərini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, 6918,63 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən 2600 manat cərimə borcunun tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edilsə də, tərəflər arasında bağlanmış müqavilə təqdim edilmədiyi üçün öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsinin nəzərdə tutulmasını müəyyən etmək mümkün olmadığından və ya cərimə barədə ayrıca yazılı razılaşma olmadığından, bu isə tərəflər arasında cərimə barədə razılaşmanın etibarsızlığına səbəb olduğundan cəriməyə dair hissədə iddia təmin edilməməlidir. Çünki Mülki Məcəllənin 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 119 manat dövlət rüsumunun 89,19 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin hüquqi yardıma görə ödənilmiş 325 manat pul vəsaitinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 6918 (altı min doqquz yüz on səkkiz) manat 63 (altmış üç) qəpik borc, ödənilmiş 89 (səksən doqquz) manat 19 (on doqquz) qəpik dövlət rüsumunun və hüquqi yardım üçün ödənilmiş 325 (üç yüz iyirmi beş) manatın əvəzi İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar