Məhkəmə qərarları › İş №e-2-2(113)-5406/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5406/2022

06.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5406/2022 06.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, mediasiya xərci, elektron qaimə, cərimə) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən yaranmış 840 manat əsas borc, 126 manat dəbbə pulu, 40 manat mediasiya xərci olmaqla, ümumilikdə 1006 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 18 sentyabr 2020-ci il tarixdə alkoqollu və alkoqolsuz içki məhsullarının alqı-satqısı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı müxtəlif adda alkoqollu və alkoqolsuz içki məhsulların cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə malı qəbul edərək müəyyən edilmiş qiymətini ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməkdən yayınmışdır. Belə ki, iddiaçı tərəfindən tərtib edilmiş 146030 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimələrdən görünür ki, cavabdehin 840 manat borcu yaranmış və həmin borcun 10 gün müddətində ödənilməsi ilə bağlı cavabdehə xx.xx.2022-ci il tarixdə pretenziya məktubu göndərilmişdir. Lakin cavabdeh həmin məktubu xx.xx.2022-ci il tarixdə alsa da, borcu ödəməkdən imtina etmişdir. Bundan başqa, sözügedən müqaviləyə uyğun olaraq cavabdeh malın dəyərini bu müqavilə ilə müəyyən edilmiş müddətlərdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün malın ödənilməmiş qalığının 0,2% həcmində penya ödəməyi öhdəsinə götürmüşdür.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianın məzmununa uyğun izahatlar vermiş və eyni zamanda bildirmişdir ki, iddiaçı alkoqollu və alkoqolsuz içkilərin alqı-satqısı ilə məşğul olur. Bu fəaliyyətinə uyğun olaraq iddiaçının cavabdehlə alqı-satqı münasibətləri uzun müddət mövcud olmuş, lakin həmin münasibətlər yazılı alqı-satqı müqaviləsi bağlanmaqla sonradan rəsmiləşdirilmişdir. Eləcə də malların təhvil verilməsi satış fakturası və elektron qaimə ilə də təsdiqlənir.

4. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi qeyd etmişdir ki, satış fakturası cavabdeh tərəfindən şəxsən imzalanmışdır. Həmin satış fakturası əsasında elektron qaimə tərtib edilmiş, lakin cavabdeh həmin elektron qaiməyə etiraz etməmişdir. Eyni zamanda satış fakturasında müştərinin cari qalığının 1399,60 manat yazılması cavabdehlə iddiaçının daha əvvəl də işgüzar münasibətdə olduğunu götərir.

5. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi göndərilmiş, telefonoqram və “SMS-bildiriş” çatdırılmış, lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və gəlməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 185.5-ci maddəsinə əsasən, mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı

7. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

8. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

9. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə sübutetmə predmetinə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmaması, malların satıcı tərəfindən kontragentə təhvil verilib-verilməməsi, alıcının malların dəyərini ödəmək öhdəliyini pozubpozmamasının müəyyən edilməsi daxildir.

10. İddia ərizəsinə əlavə olunmuş 18 sentyabr 2020-ci il tarixli, 169/20 nömrəli alqısatqı müqaviləsinin 1.1-ci bəndinə görə, satıcı öhdəsinə götürür ki, müxtəlif adda alkoqollu və alkoqolsuz içki məhsullarının (bundan sonra mal adlandırılacaq ) alıcının mülkiyyətinə versin, alıcı isə öhdəsinə götürür ki, malı qəbul edərək müəyyən edilmiş qiymətini ödəsin. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, malın çeşidi qaimədə göstərilir. Sözügedən müqavilənin 3.1-ci maddəsindən görünür ki, satılmış malın qiyməti tərəflərin razılaşdırılmasına əsasən müəyyən edilir və qaimələrdə göstərilir. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə üzrə hesablaşmalar nağd və ya 30 (otuz) gün ərzində köçürmə vasitəsi ilə həyata keçirilir. Müqavilənin 9.1-ci bəndində göstərilmişdir ki, hazırkı müqavilə 3 (üç) il müddətinə bağlanmışdır və imzalandığı gündən qüvvəyə minir.

11. Məhkəməyə təqdim edilən xx.xx.2020-ci il tarixli, O101-108 nömrəli satış fakturasından görünür ki, müxtəlif adda ümumi dəyəri 840 manat olan mallar cavabdehə təhvil verilmiş, faktura cavabdeh tərəfindən şəxsən imzalanmışdır.

12. İş materiallarına əlavə edilmiş EBAQ seriyalı 146030 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaimədən görünür ki, satış fakturasında qeyd edilən 840 manat məbləğindəki (ƏDV daxil) məhsulların cavabdehə təhvil verilməsi rəsmiləşdirilmişdir.

13. Məhkəməyə təqdim edilən İnternet Vergi İdarəsinin “Elektron qaimə (e-qaimə)” altsistemindən çıxarışlardan görünür ki, yuxarıda qeyd olunan elektron qaimə “sistem tərəfindən təsdiqlənmiş” statusundadır.

14. Məhkəmə qeyd edir ki, elektron qaimədə qeyd olunan mallar cavabdehə təhvil verilməsə idi, göndərilmiş elektron qaimələrin ləğvi barədə cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddətdə müraciət edilə bilərdi. Lakin təqdim olunmuş elektron qaimə sistem tərəfindən təsdiqlənmiş, cavabdeh isə belə bir müraciət etməmişdir.

15. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı razılaşdırılmış məhsulları cavabdehə təhvil verməyi, cavabdeh isə malları qəbul edib əvəzini ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə uyğun olaraq iddiaçı 840 manat dəyərində malı cavabdehə təhvil vermişdir.

16. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. İddiaçı təhvil verilmiş malın dəyərinin cavabdeh tərəfindən ödənilmədiyini bildirir, həmin məbləği tələb edir və iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları təqdim edir.

18. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya etiraz bildirməmişdir.

19. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

20. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

21. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

22. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

23. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qanuni əsası kimi Mülki Məcəllənin 600.4-cü maddəsi nəzərdən keçirilə bilər.

24. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

25. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

26. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

27. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

28. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

29. İddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərini – 840 manat pulu ödəmədiyini, iddiaçının əşyanın ödənilməsini tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi borcun tutulması hissəsində əsaslıdır və ödənilməmiş 840 manat pul Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.

b) Alqı-satqı müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı

30. İddia ərizəsində iddiaçı 126 manat cərimənin da cavabdehdən tutulmasını xahiş etmişdir.

31. Tərəflər arasındakı alqı-satqı müqaviləsinin müqavilənin 7.1-ci bəndində qeyd edilmişdir ki, alıcı malın dəyərini bu müqavilə ilə müəyyən edilmiş müddətlərdə ödəmədikdə, hər gecikmiş gün üçün malın ödənilməmiş qalığının 0.2 % həcmində penya ödəyir.

32. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

33. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

34. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

35. Məhkəmə dəbbə pulu ilə bağlı tələbə qiymət verərkən cavabdeh tərəfindən malların dəyəri şərtləşdirilmiş vaxtda ödənilmədiyi halda, iddiaçının razılaşdırılmış vaxtdan yalnız 2 ilə yaxın müddət keçdikdən sonra məhkəməyə müraciət etdiyini, həmçinin iddiaçının da 2 ilə yaxın dövrdə malların dəyərindən heç bir ödəniş etmədiyini nəzərə alır. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının tələb etdiyi 126 manat məbləğində dəbbə pulu əsas borca mütənasib deyildir. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 50 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

36. Məhkəmə belə qənaətə gəlir ki, cərimə olaraq 50 manat pul Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.

c) Mediasiya xərcinin tutulması tələbi ilə bağlı

37. İddiaçı həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 40 manat pulun cavabdehdən tutulması tələbini irəli sürmüşdür.

38. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MŞB/5-02349 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 16 avqust 2022ci il tarixində, 15:00-16:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh 10 gün əvvəlcədən poçt, həmçinin mobil telefon vasitəsi ilə məlumatlandırılmasına rəğmən iştirak etməmiş, "xxxx" MMC-nin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 40 manat məbləğində mediasiya xərcini ödəmişdir.

39. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun (bunda sonra “Mediasiya haqqında” Qanun) 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.

40. “Mediasiya haqqında” Qanunun “mediasiya xərcləri” adlanan 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).

41. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

42. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 40 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.

V. Nəticə:

43. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 840 (səkkiz yüz qırx) manat əsas borc, 50 (əlli) manat dəbbə pulu olmaqla, ümumilikdə 890 (səkkiz yüz doxsan) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 40 (qırx) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar