Məhkəmə qərarları › İş №e-2-2(113)-541/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-541/2024

08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-541/2024 08.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən 11943.50 AZN məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 1194.35 AZN məbləğində dəbbə pulu və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 210 AZN məbləğində pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı cavabdehdən 11943.50 AZN məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 1194.35 AZN məbləğində dəbbə pulu və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 210 AZN məbləğində pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, cavabdeh ilə 17 oktyabr 2022-ci il tarixdə 3557 saylı Alqı-Satqı müqaviləsi bağlayaraq əməkdaşlıq etməyə başlamışdır. Əməkdaşlıqları müddətində cavabdeh ayrı-ayrı tarixlərdə iddiaçıya məxsus müxtəlif adlı, çeşidli məhsullar sifariş vermiş və təhvil almışdır. Lakin, cavabdeh təhvil aldığı məhsullara görə tam ödəniş etməmişdir. Dəfələrlə xəbərdarlıq olunsa da, müxtəlif bəhanələr gətirərək bu günə kimi iddiaçıya olan 11943.50 AZN borcunu ödəməmiş və aralarında bağlanmış Alqı-Satqı müqaviləsinin şərtlərini pozmuşdur. Nəticə etibarilə, bağlanmış müqavilə şərtlərinə əməl etməyərək, müqavilə üzrə öhdəliklərini icra etməmişdir. 17 oktyabr 2022-ci il tarixdə 3557 saylı Alqı-Satqı müqaviləsinin şərtlərinə əsasən, Alıcı təhvil aldığı məhsullara görə ən geci 30 (otuz) gün ərzində ödəniş etməli idi. Alqı-Satqı müqaviləsinin 5.1-ci bəndinə əsasən Alıcı müəyyənləşdirilmiş müddətdə üzərinə düşən ödəniş öhdəliklərini icra etmədikdə gecikdirilmiş borc yaranır və həmin gündən etibarən hər gecikdirilmiş gün üçün Satıcı Alıcıdan məhsulların ödənilməmiş dəyərinin 0,2% miqdarında dəbbə pulu tələb etmək hüququna malikdir. Müqavilənin 5.2-ci bəndində dəbbə pulunun maksimal həddi ödənişi gecikdirilmiş məhsulların ümumi məbləğinin 10% kimi müəyyən edilir. Belə ki, cavabdeh tərəfindən ödənişi gecikdirilmiş məhsullara görə dəbbə pulunun məbləği 10%-dən çox olduğu üçün müqavilənin 5.2-ci bəndinə əsaslanaraq ödənişi gecikdirilmiş məhsullar ümumi məbləğin 10%-ni təşkil edən 1194.35 AZN məbləğində dəbbə pulu yaranmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı etiraf edərək, izahatında bildirdi ki, işi alınmadığı üçün belə borc yaranmışdır. Bütün borcu etiraf edir. Mart ayının əvvəlindən borcu ödəməyə başlayacaqdır.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

8. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. İşin müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 17 oktyabr 2022-ci il tarixdə 3557 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdehin sifarişi əsasında malları cavabdehə satmağı, cavabdeh isə məhsulların dəyərini nağd və ya hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən X1 şərtlərinə əsasən iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən mallar cavabdehə satılmaqla təhvil verilmiş, cavabdehin həmin malların dəyərindən 11943.50 manat məbləğində borcu qalmışdır.

10. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır.

11. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə olunmuş təhvil-qəbul aktlarının, maliyyə arayışının müqayisəli təhlilindən görünür ki, iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

12. Belə ki, hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı tərəfindən cavabdehə mallar satılmaqla təhvil verilmiş, cavabdeh həmin malların dəyərindən 11943.50 manat məbləğində borcu qalmışdır. Beləliklə, müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi icra etməmiş və nəticədə borcu yaranmışdır.

13. Məhkəmə iclasında cavabdeh borcu etiraf etmişdir.

14. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

15. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar, yəni cavabdehin 11943.50 manat məbləğində borcu olması cavabdeh tərəfindən məhkəmə araşdırması zamanı etiraf edildiyindən, iddiaçı həmin faktı sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin mübahisəsiz xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməklə, məhkəmə hesab edir ki, iddia əsas borcun ödənilməsi hissəsində təmin edilməlidir.

16. Məhkəmə həmçinin hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində də, iddia əsaslıdır.

17. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 5.1-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən malın dəyərini müəyyən edilmiş müddət ərzində ödəmədikdə Satıcı Alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,2% həcmində cərimə tələb edə bilər.

18. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

19. Məhkəmə hesab edir ki, əsas məbləğə tənasübsüz surətdə yüksək məbləğ olduğundan cərimə azaldılmalı və 17 oktyabr 2022-ci il tarixdə 3557 saylı alqı-satqı müqaviləsinə əsasən 597 manat məbləğində cərimə pulu cavabdehdən tutulmalıdır.

20. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, iddiaçı tərəfindən 210 manat məbləğində mediasiya xərci Bakı 13 saylı Mediasiya təşkilatına ödənilmişdir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir.

23. İş üzrə dövlət rüsumu məbləğinin 129,41 manat olmasını və iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 95,45 faizini təşkil etdiyini nəzərə aldıqda, dövlət rüsumu məbləğinin iddianın təmin edilmiş hissəsinə uyğun olaraq iddiaçıya aid edilməli məbləğ 5,89 manat təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, ödənilmiş 210 manat mediasiya xərcindən iddiaçıya aid edilməli məbləğ 5,89 manat çıxılmaqla, cavabdehdən iddiaçının xeyrinə mediasiya xərcinə görə 204,11 manat tutulmalıdır.

24. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 11943.50 manat məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 597 manat məbləğində dəbbə pulu və mediasiya xərcinə görə 204,11 manat tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir.

VI. Nəticə:

25. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh 11943.50 manat məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 597 manat məbləğində dəbbə pulu və mediasiya xərcinə görə 204,11 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar