Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5415/2022 14.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X2 cavabdehin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" Anonim Şirkətinin Cavabdeh MMC-yə qarşı alğı-satqı müqaviləsi üzrə pul tələbi barədə iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" Anonim Şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCdən 7505.19 (yeddi min beş yüz beş manat 19 qəpik) manat əsas borc 1350.94 (bir min üç yüz əlli manat 94 qəik) ƏDV borcu, 885.60 (səkkiz yüz səksən beş manat 60 qəpik) manat cərimə, ümumilikdə ƏDV daxil 9741.73 (doqquz min yeddi yüz qırx bir manat 73 qəpik) manat borcun, iddiaçı tərəfindən iddia qiymətinə uyğun olaraq ödənilmiş 18 (on səkkiz) manat məbləğində dövlət rüsumunu, müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə 10 (on) manat, 110 (yüz on) manat mediasiya xərclərinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Borusan Makina ve Güc Sistemleri Sanayi ve Ticaret A.S.” nin Azarbaycan Respublikasındaki Nümayəndəliyi ilə Cavabdeh MMC arasında 06 mart 2018-ci il tarixli BM-0735/18 saylı xidmət və ehtiyyat hissələrinin alğısatqısı müqaviləsi imzalanmışdır. Həmin müqavilə əsasında adları e-qaimədə qeyd edilən ehtiyat hissələrinin alqı-satqısı həyata keçirilmiş və təhvil verilmişdir. Malların dəyərinin ödənilməsi üçün elektron qailmələr göndərilmiş və qəbul edilmişdir. Elektron qailmələr üzrə ümumi dəyəri ƏDV daxil 8856.13 (səkkiz min səkkiz yüz əlli altı manat 13 qəpik) manat borc cavabdeh tərəfindən bu günə kimi ödəniş edilməmişdir. Tərəflər arasında imzalanmış müqavilənin 6.1-ci maddəsinə əsasən sifarişçi bu müqavilə üzrə xidmətlərin və ehtiyat hissələrinin dəyərini vaxtında ödəməzsə hər gecikdirilən gün üçün ümumi məbləğin 0,05% həcmində cərimə ödəyir. Müqavilə üzrə borc məbləğini təşkil edən 8856.13 (səkkiz min səkkiz yüz əlli altı manat 13 qəpik) manat borc üzrə gecikmə müddəti 270 gündür. Gecikmə faizi müqavilə qiymətindən artıq olduğundan həmin maddənin tələblərinə uyğun olaraq gecikmə cəriməsi borc məbləğinin 10% həcmində müəyən edilməlidir. Beləliklə gecikmə cəriməsi 885.60 (səkkiz yüz səksən beş manat 60 qəpik) manat təşkil edir. Cavabdehə dəfələrlə borcun ödənilməsi xahiş edilmiş lakin buna baxmayaraq cavabdeh tərəfindən borc ödənilməmişdir. Daha sonra iddiaçı iddia tələbinin azaldılması barədə ərizə verərək, Cavabdeh MMCdən 6690.83 (altı min altı yüz doxsan manat 83 qəpik) manat əsas borc, 885.60 (səkkiz yüz səksən beş manat 60 qəpik) manat cərimə, ümumilikdə 7576.43 (yeddi min beş yüz yetmiş altı manat 43 qəpik) manat borcun, iddiaçı tərəfindən iddia qiymətinə uyğun olaraq ödənilmiş 18 (on səkkiz) manat məbləğində dövlət rüsumunu, müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə 10 (on) manat, 110 (yüz on) manat mediasiya xərclərinin “Borusan Makina və Güc Sistemləri Sanayi və Tic.A.Ş.” nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə izahatında qeyd etmişdir ki, onlara hesablanmış borc məbləğini qəbul edirlər. Əsas borcdan 841 manat, eləcə də ona hesablanmış ƏDV məbləği ödənilmişdir. Qarşıdakı ayda əsas borc tam olaraq ödəniləcəkdir. Cavabdehin nümayəndəsi cərimə məbləğinin azaldılmasını məhkəmədən xahiş etmiş, digər məhkəmə xərclərini qarşılamağa etirazı olmadıqlarını bildirmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “Borusan Makina ve Güc Sistemleri Sanayi ve Ticaret A.S.”nin Azarbaycan Respublikasındaki Nümayəndəliyi ilə Cavabdeh MMC arasında 06 mart 2018-ci il tarixli BM-0735/18 saylı xidmət və ehtiyyat hissələrinin alğı-satqısı müqaviləsinə əsasən icraçı sifarişçinin təsdiq etdiyi sifarişlər əsasında və ya bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırma protokoluna əsasən onun xüsusi texnikasına müvafiq texniki xidmət göstərməyi və eyni zamanda ehtiyat hissələri ilə təmin etməyi, sifarişçi isə bu xidmət və malların haqqını müqavilə üzrə nəzərdə tutulmuş qaydada və müddətdə ödəməyi öz üzərinə götürür. "xxxx" Anonim Şirkətinə məxsus bank hesabından çıxarışdan məlum olur ki, xx.xx.2022-ci il tarixində Cavabdeh MMC tərəfindən qeyd olunan hesaba 814,36 manat köçürülmüşdür. Eyni zamanda qeyd olunan tarixdə “Borusan Makina ve Güc Sistemleri Sanayi ve Ticaret A.S.”nin Azarbaycan Respublikasındaki Nümayəndəliyinin ƏDV subuçot hesabından çıxarışa əsasən Cavabdeh MMC tərəfindən 146.58 manat köçürülmüşdür. “Borusan Makina ve Güc Sistemleri Sanayi ve Ticaret A.S.” nin Azarbaycan Respublikasındaki Nümayəndəliyi tərəfindən tərtib edilmiş EBBG seriyalı 307851 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 3260,71 manat, EBBJ seriyalı 723438 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 106,11 manat, EBBL seriyalı 316343 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 684,65 manat, EBBL seriyalı 342029 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 457,42 manat, EBBL seriyalı 846300 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 960,94 manat, EBBK seriyalı 417954 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 1550,04 manat, EBBK seriyalı 871153 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 999,66 manat, EBBK seriyalı 049548 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 263,9 manat Cavabdeh MMC-yə göndərilmiş, qeyd olunan elektron qaimələr təsdiqlənmişdir. xx.xx.2022 tarixli ödəniş qəbzinə əsasən “Borusan Makina ve X3 ve Ticaret A.S” nin Azarbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən 18 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Anonim Şirkətinin nümayəndəliyi ilə Cavabdeh MMC arasında 06 mart 2018-ci il tarixli BM-0735/18 saylı xidmət və ehtiyyat hissələrinin alğı-satqısı müqaviləsi imzalanmışdır. Müqaviənin predmetini iddiaçı tərəfindən cavabdehin xüsusi texnikasına texniki xidmət göstərmək və eyni zamanda ehtiyat hissələri ilə təmin etmək, cavabdeh tərəfindən isə bu xidmət və malların dəyərini müəəyyən edilmiş qaydada və müddətdə ödəmək təşkil edir. İddiaçının müqavilə üzrə üzərinə götürmüş öhdəliklərinin icra edilməsi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Cavabdehin nümayəndəsi borc məbləğini əsas hissədə qəbul etmiş, yalnız cərimə məbləğini mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri tam yerinə yetirməyərək, müqavilənin şərtlərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya göstərilmiş xidmətlər və təhciz edilmiş mallar üzrə borcu yaranmışdır. Belə olan halda məhkəmə cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Belə ki, iş materiallarında olan tərəflər arasında imzalanmış müqavilə, e-qaimələr, cavabdehin əsas borcu qəbul etməsi iddia tələbinin əsas borc hissəsində əsaslı olduğunu sübuta yetirir. Məhkəmə qeyd edilənləri əsas götürərək hesab edir ki, iddia tələbi əsas borc hissəsində əsaslı olduğundan 06 mart 2018-ci il tarixli BM-0735/18 saylı müqavilə üzrə 6690.83 (altı min altı yüz doxsan manat 83 qəpik) manat əsas borc Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda iddiaçı 885.60 (səkkiz yüz səksən beş manat 60 qəpik) manat cərimə məbləğinin ödənilməsini də tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Tərəflər arasında imzalanmış 06 mart 2018-ci il tarixli BM-0735/18 saylı müqavilənin 6.1-ci bəndində qeyd olunmuşdur ki, sifarişçi bu müqavilə üzrə xidmətlərin və ehtiyat hissələrinin dəyərini vaxtında ödəməzsə hər gecikdirilən gün üçün ümumi məbləğin 0,05% həcmində cərimə ödəyir. Məhkəmə yuxarıda qeyd olunanları əsas götürərək, hesab edir ki, iddiaçının cərimə məbləğinin ödənilməsini tələb etməsi əsaslıdır. Digər tərəfdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən 669 (altı yüz altımış doqquz) manat cərimə məbləği tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu nəzərə alıb hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 110,00 (bir yüz on) manat mediasiya xərci, 18 (on səkkiz) manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda iddiaçı müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə 10 (on) manat dövlət rüsumunun cavabdehdən tutulmasnını da tələb etmişdir. MPM-nin 159.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan ayrıca icraatda baxılır. Məhkəmə müvəqqəti təminat tədbiri ilə bağlı ödənilmiş dövlət rüsumunun tələb edilməsinə münasibətdə qeyd edir ki, AR MPM-ə əsasən müvəqqəti təminat tədbiri məhkəmə qətnaməsinin gələcəkdə icrasına əsaslı şübhələr yaranacağı halda tətbiq edilir. Müvəqqəti təminat tədbiri barədə ərizə tərəfin öz seçimi əsasında verilir. Bu baxımdan məhkəmə hesab edir ki, müvəqqəti təminat tədbiri ilə bağlı ödənilmiş dövlət rüsumu zəruri xərc hesab edilmədiyindən cavabdehdən tutulması əsassızdır. Yuxarıda sadalanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 6690.83 (altı min altı yüz doxsan manat 83 qəpik) manat əsas borc, 669 (altı yüz altmış doqquz) manat cərimə, 110,00 (bir yüz on) manat mediasiya xərci, 18 (on səkkiz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq "xxxx" Anonim Şirkətinə ödənilməli,iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 6690.83 (altı min altı yüz doxsan manat 83 qəpik) manat əsas borc, 669 (altı yüz altmış doqquz) manat cərimə, 110,00 (bir yüz on) manat mediasiya xərci, 18 (on səkkiz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq "xxxx" Anonim Şirkətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-5415/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5415/2022
14.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver