Məhkəmə qərarları › İş №e-2-2(113)-5424/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5424/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5424/2024 29.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: podrat müqaviləsi, illik 5%, əldən çıxmış fayda) X1 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 32797,96 manat əsas borc və 5903,64 manat ƏDV ilə birlikdə cəmi 38701,6 manat qalıq borcun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 19 avqust 2021-ci il tarixdə AKC-XM/xx/xx-2021 nömrəli və 24 avqust 2021-ci il tarixdə AKC-XM/xx/xx-2021 nömrəli müqavilələr bağlanmışdır. Müqavilələrin predmetini razılaşdırılmış məbləğlər qarşılığında texnika vasitələri ilə xidmətlərin göstərilməsi təşkil etmişdir. Belə ki, 19 avqust 2021-ci il tarixli, AKC-XM/xx/xx-2021 nömrəli müqaviləyə əsasən İddiaçı MMC “İcraçı” qismində Cavabdeh MMC-nin, yəni “Sifarişçi”nin tapşırığına əsasən 1 ədəd “Ekskovator CAT 324DL” markalı, AZ 10-S-168 dövlət nömrə nişanlı texnika vasitəsi ilə aylıq 10000 manat xidmət haqqı müqabilində, 1 ədəd “Ekskovator HYUNDAİ R210W-9S” markalı, AZ 10-X-539 dövlət nömrə nişanlı texnika vasitəsi ilə aylıq 7000 manat xidmət haqqı müqabilində xidmət göstərməyi, Cavabdeh MMC isə həmin xidmətlərin dəyərini gecikdirmədən ödəməyi öhdəsinə götürmüşdür. 24 avqust 2021-ci il tarixli, AKC-XM/xx/xx- 2021 nömrəli müqaviləyə əsasən İddiaçı MMC “İcraçı” qismində Cavabdeh MMCnin, yəni “Sifarişçi”nin tapşırığına əsasən 1 ədəd “Ekskovator VOLVO EC-290 BLC” markalı, AZ 90- M-534 dövlət nömrə nişanlı texnika vasitəsi ilə aylıq 10000 manat xidmət haqqı müqabilində, 1 ədəd “Ekskovator LUİGONG CLG922LC” markalı, AZ 10-S-895 dövlət nömrə nişanlı texnika vasitəsi ilə aylıq 9000 manat xidmət haqqı müqabilində xidmət göstərməyi, Cavabdeh MMC isə həmin xidmətlərin dəyərini gecikdirmədən ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər müqavilələrin şərtlərinə riayət edərək öhdəliklərini yerinə yetirsələr də, müəyyən müddətdən sonra müqavilələr üzrə “Sifarişçi” qismində çıxış edən Cavabdeh MMC öhdəliklərini kobud şəkildə pozmuş və öhdəliklərinin icrasından yayınmışdır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş qaimələrdən də göründüyü kimi, Cavabdeh MMC-nin müqavilələr üzrə qalıq borcu 32797,96 manat əsas borc və 5903,64 manat ƏDV ilə birlikdə cəmi 38701,6 manat təşkil etmişdir. Daha sonra iddiaçı iddia tələbinin əsasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərini nəzərə alaraq əsas borc məbləğindən əlavə illik 5% ilə hesablanmış 5805 manat məbləğində vurulmuş zərərin əvəzin tələb etmiş, cavabdehdən 32797,96 manat əsas borcun, 5903,64 manat ƏDV borcunun, həmçinin 5805 manat məbləğin, həmin dövrlər üzrə əldən çıxmış fayda məbləği olaraq 10.000 manat, eləcədə məhkəməyə ödənilmiş 234 manat dövlət rüsumu xərci olmaqla, cəmi 54740,6 manat məbləğin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 389.1, 442, 448.1, 462.1, 464.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfindən müəyyən dövrlər üzrə təqdim edilmiş qaimələrdən ödənişlər edilsə də, 2022-ci ilin aprel ayından etibarən ödənişləri dayandırmışdır. İnşaat sektorunda formalaşmış işgüzar adətlərə əsasən görülmüş işlərlə bağlı təhvil-təslim aktı bağlanılmamışdır. Əsasən elektron qaimə təqdim edildikdən sonra ödəniş edilərək öhdəlik icra edilmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar: İş materiallarında olan: “Sifarişçi” Cavabdeh MMC ilə “İcraçı” İddiaçı MMC arasında bağlanmış xx.xx.2021ci il tarixli AKC-XM/xx/xx-2021 nömrəli xidmət müqaviləsinin predmetindən görünür ki, müqaviləyə ilə İcraçı, Sifarişçinin tapşırığına əsasən bir ədəd Ekskavator-CAT 324DL markalı AZ 10-S-168 D.N.N-lı və Ekskavator- HYUNDAİ R210W-9S AZ 10-X-539 D.N.N-lı texnika ilə işləri yerinə yetirir və bu xidmət müqabilində Sifarişçi İcraçıya xidmət haqqı ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən Sifarişçi İcraçının göstərdiyi xidmətə görə ona Ekskavator-CAT 324DL və Ekskavator- HYUNDAİ R210W-9S 1 aylıq (iyirmi səkkiz iş günü, hər gün 9 saatlıq) iş rejimi üçün aşağıdakı cədvəldə göstərilən qiymətə uyğun olaraq xidmət haqqı ödəyir. Ekskavator-CAT 324DL markalı AZ 10-S-168 D.N.N-lı texnikanın aylıq xidmət haqqı 10000 manat; Ekskavator- HYUNDAİ R210W-9S AZ 10-X- 539 D.N.N-lı texnikanın aylıq xidmət haqqı 7000 manat müəyyən edilmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən Bu müqavilə ilə, Texnikanı 1 ay ərzində 28 (iyirmi səkkiz) gün və həftəlik isə 6 (altı) iş günü olmaqla 8:00-dan 18:00-a qədər iş saatında işlədilməsini təmin etmək. Bunlardan əlavə olaraq iş saatları, gecə növbəsi, bazar və bayram günlərinə təsadüf edərsə iş saatı olaraq əlavə hesablanır. Müqavilənin 2.3-cü bəndinə əsasən Hər növbəti təqvim ayının ilk 5 günü ərzində Sifarişçi ilə İcraçı arasında keçən ay üçün xidmətlərin göstərilməsi barədə təhvil təslim aktı tərtib edilir və hər iki tərəfdən imzalanır və möhürlənir. Təhvil təslim aktı təsdiq edildikdən sonra Sifarişçi 10(on) iş günü ərzində müvafiq ödənişi həyata keçirir. Xidmət müddəti 1 (bir) aydan az olduqda xidmət göstərilən günlərin sayı və gündəlik xidmət haqqı hesablanaraq ödənilir. Müqavilənin 2.6-cı bəndinə əsasən müqavilə üzrə ödəmələr bank köçürmə yolu ilə həyata keçirilir. “Sifarişçi” Cavabdeh MMC ilə “İcraçı” İddiaçı MMC arasında bağlanmış xx.xx.2021ci il tarixli AKC-XM/xx/xx-2021 nömrəli xidmət müqaviləsinin predmetindən görünür ki, müqaviləyə ilə ilə İcraçı, Sifarişçinin tapşırığına əsasən bir ədəd Ekskavator- VOLVO EC- 290BLC markalı AZ 90-M-534 D.N.N-lı və bir ədəd Ekskavator LUİGONG CLG922LC AZ 10-S-895 D.N.N-lı texnika ilə işləri yerinə yetirir və bu xidmət müqabilində Sifarişçi İcraçıya xidmət haqqı ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən Sifarişçi İcraçının göstərdiyi xidmətə görə ona Ekskavator- VOLVO EC-290BLC 1 aylıq (iyirmi səkkiz iş günü, hər gün 9 saatlıq) iş rejimi üçün 10000 manat və və Ekskavator LUİGONG CLG922LC 1 aylıq (iyirmi səkkiz iş günü, hər gün 9 saatlıq) iş rejimi üçün 9000 manat xidmət haqqı ödəyir. Müqavilənin 2.2-ci bəndinə əsasən Bu müqavilə ilə, Texnikanı 1 ay ərzində 28 (iyirmi səkkiz) gün və həftəlik isə 6 (altı) iş günü olmaqla 8:00-dan 18:00-a qədər iş saatında işlədilməsini təmin etmək. Bunlardan əlavə olaraq iş saatları, gecə növbəsi, bazar və bayram günlərinə təsadüf edərsə iş saatı olaraq əlavə hesablanır. Müqavilənin 2.3-cü bəndinə əsasən Hər növbəti təqvim ayının ilk 5 günü ərzində Sifarişçi ilə İcraçı arasında keçən ay üçün xidmətlərin göstərilməsi barədə təhvil-təslim aktı tərtib edilir və hər iki tərəfdən imzalanır və möhürlənir. Təhvil təslim aktı təsdiq edildikdən sonra Sifarişçi 10(on) iş günü ərzində müvafiq ödənişi həyata keçirir. Xidmət müddəti 1 (bir) aydan az olduqda xidmət göstərilən günlərin sayı və gündəlik xidmət haqqı hesablanaraq ödənilir. Müqavilənin 2.6-cı bəndinə əsasən müqavilə üzrə ödəmələr bank köçürmə yolu ilə həyata keçirilir. EBCB seriyalı, 704674 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 4949,84 manat, EBCB seriyalı, 704623 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 9289,93 manat, EBBV seriyalı, 457203 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 7900,08 manat, EBBU seriyalı, 787765 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 16561,75 manat, EBBS seriyalı, 949063 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 24755,73 manat, EBBQ seriyalı, 885784 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 31802,39 manat, EBBO seriyalı, 150278 nömrəli, xx.xx.2021-cü il tarixli elektron qaiməyə əsasən 35025,29 manat, EBBK seriyalı, 437531 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 6447,76 manat, EBBK seriyalı, 449720 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 24343,43 manat məbləğində görülmüş işlər "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli 54/24 saylı pretenziya məktubundan görünür ki, İddiaçı müqavilə üzrə razılaşdırılmış bütün işləri başa çatdırmasına və təhvil verməsinə baxmayaraq, Cavabdeh müqavilə üzrə öhdəliklərini pozmuş və ödəməli olduğu məbləğləri tam şəkildə ödəməmişdir. Belə ki, halhazıradək Cavabdeh İddiaçınə olan borcu 38701 manat təşkil edir. Uzun müddətdir ki, Cavabdeh rəhbərliyi və işçiləri şifahi qaydada borcun qısa müddətdə bağlanacağını bildirsələr də, real olaraq heç bir addım atılmamışdır. Bu isə müqavilə öhdəliklərinin kobud şəkildə pozulması deməkdir və hüquqi məsuliyyət yaradır. Odur ki, qeyd olunanları nəzərə alaraq borcun 7 iş günü müddətində tam şəkildə ödənilməsi xahiş olunmuşdur. 12 iyul 2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən dövlət büdcəsinə 234 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 443.6-cı maddəsinə əsasən əgər əlavə müddətin təyin edilməsinin hər hansı nəticə verməyəcəyi aydındırsa və ya zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan dərhal istifadəyə hər iki tərəfin mənafeləri əsas götürülməklə haqq qazandıran xüsusi hallar mövcuddursa, əlavə müddət təyin edilməsi zərurəti yoxdur. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 445.9-cu maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. ...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Belə ki, iddiaçı müqavilədə nəzər tutulmuş xidmətləri göstərsə də, cavabdeh tərəfindən nəzərdə tutulmuş xidmət haqqı iddiaçıya tam ödənilməmişdir. Bununla da cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəlikləri yerinə yetirməmiş, qarşı tərəfin gördüyü işi qəbul etsə də, şərtləşdirilmiş xidmət haqqını ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (elektron qaimələrlə və s.) öz təsdiqini tapmış, cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının icra etdiyi işin müqabilində cavabdehdən xidmət haqqının ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil alınan xidmətlərə görə xidmət haqqı ödəmədiyini, iddiaçının göstərilən xidmətin dəyərinin ödənilməsini tələb etmək hüququnun olduğunu, tərəflər arasındakı işgüzar adəti nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 32797,96 manat məbləğində əsas borc və 5903,64 manat ƏDV məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı öz iddia tələbində müqavilə dəyərinin ödənilməsinin gecikməsinə görə illik 5%-lə hesablanmış 5805 manatın da cavabdehdən tutulmasını tələb etmişdir. Qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə görülmüş işlərlə bağlı təhvil-təslim aktı tərtib edildikdən sonra 10 gün müddətində ödənişin edilməsi üçün cavabdehə elektron qaimələr təqdim edilmişdir. Sonuncu təqdim olunmuş elektron qaimə üzrə (xx.xx.2022-ci il) ödənişin edilməməsindən artıq iki il müddət keçmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində pretenziya məktubu ilə cavabdehə müraciət edərək 7 iş günü müddətində borcun tam şəkildə ödənilməsini tələb etmişdir. Məhkəmə Mülki Məcəllənin 445.9-cu maddəsinə əsasən hesab edir ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixədək cavabdehdən öhdəliyin icrasını tələb etmədiyindən, xx.xx.2024-cü il tarixli pretenziya məktubunun təqdim edilməsi öhdəliyin icrası ilə bağlı ilkin tələb etmə anı kimi nəzərə alınmalı, həmçinin sonuncu elektron qaimənin təqdim edilməsindən pretenziyada göstərilən 7 gün daxil olmaqla keçən müddət, iddiaçı tərəfindən cavabdehə öhdəliyin icrası üçün verilmiş əlavə vaxt hesab olunmalıdır. Buna görə də cavabdeh tərəfindən öhdəliyin gecikdirilməsi müddəti xx.xx.2024-cü il tarixli pretenziyada göstərilən 7 günün başa çatdığı 25 may 2024-cü il tarixindən hesablanmalıdır. Bu baxımdan məhkəmə 38701,6 manat əsas borca illik 5% ilə hesablanmış 5805 manat məbləği əsaslı hesab etmir. Çünki yuxarıda qeyd olunduğu kimi cavabdeh tərəfindən borcun gecikdirilməsi müddəti 2024-cü ilin may ayından oktyabr ayınadək dövrü əhatə edir. Buna görə də, 38701,6 manat borcun 5 ay gecikdirilməsi üçün illik 5 faiz hesablamaqla (38701,6 x 5%= 1935,08:12=161,26x5ay=806,30) 806,30 manat məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən əldən çıxmış fayda kimi 10000 manat məbləğin də tutulmasını tələb etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan 09 iyul 2009-cu il tarixli Qərarının məzmunundan aydın olur ki, MM-in 449-cu maddəsinə əsasən faizlərin ödənilməsi yalnız “faydalanma”, yəni, gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəldiyi hallarda tətbiq olunmalıdır. İddiaçı isə borcun ödənilməsinin gecikdirilməsi nəticəsində cavabdehin maddi gəlir əldə etməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, yəni öz tələbinin əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Bu səbəbdən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Həmçinin iddia qismən təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 233,60 manat dövlət rüsumunun 208,52 manatının əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 19 avqust 2021-ci il tarixdə AKC-XM/xx/xx-2021 nömrəli və 24 avqust 2021-ci il tarixdə AKC-XM/xx/xx-2021 nömrəli müqavilələr əsasən 38701 (otuz səkkiz min yeddi yüz bir) manat 60 (altmış) qəpik əsas borc, əsas borc məbləğinə illik beş faiz kimi hesablanmış 806 (səkkiz yüz altı) manat 30 (otuz) qəpik, habelə ödənilmiş dövlət rüsumunun 208 (iki yüz səkkiz) manat 52 (əlli iki) qəpik hissəsinin əvəzi tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar