Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-544/2024 24.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı xx.xx.2022-ci il tarixli, SPARK-003/2022 saylı müqaviləyə əsasən pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh QSC (alıcı) arasında 07 yanvar 2022-ci il tarixdə 003/2022 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 2.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinə əsasən satıcı müqavilənin əlavəsi hesab edilən X2 (bundan sonra “Əlavə”) göstərilən müxtəlif növ beton/tikinti məhsullarını (bundan sonra - Mallar) razılaşdırılmış qiymətlə istifadə məqsədləri üçün yararlı halda Alıcıya satmağı, Alıcı isə həmin Malları qəbul edib dəyərini müvafiq Əlavədə müəyyən edilmiş məbləğdə və şərtlərlə Satıcıya ödəməyi öhdəsinə götürür. - 3.4-cü bəndinə əsasən satıcı malların alıcıya təhvil verilməsini tərəflər arasında müvafiq qaydada imzalanacaq təhvil-təslim aktı və/və ya elektron qaimə fakturalar əsasında həyata keçirəcək. Elektron qaimə-faktura Alıcıya təqdim edildikdən sonra 5 (beş) iş günü ərzində alıcının hər hansı bir etirazı olmazsa mallar alıcıya təhvil verilmiş hesab ediləcək. - 4.2-ci bəndinə əsasən müqavilənin əlavələrində başqa qayda nəzərdə tutulmamışdırsa alıcı hər ay üzrə ona təhvil verilmiş malın dəyərini, mallar təhvil verildikdən sonra 5 təqvim günü ərzində ödəməyi öhdəsinə götürür. - 4.3-cü bəndinə əsasən malların adı, çeşidi, qiyməti və çatdırılma müddəti müqavilənin ayrılmaz tərkib hissəsi hesab ediləcək müvafiq əlavə - Qiymətlərin razılaşdırılması protokollarında göstərilir. - 4.4-cü bəndinə əsasən bu müqavilə üzrə ödənişlər qanunvericiliyə uyğun olaraq nəğd və ya köçürmə yolu ilə həyata keçirilir. - 5.2.1-ci bəndinə əsasən müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişlərin həyata keçirilməsini alıcıdan tələb etmək satıcının hüququdur. - 5.3.1-ci bəndinə əsasən hazırkı müqavilənin şərtlərinə uyğun təchiz olunmuş malları qəbul etmək və həmin malların dəyərini müqavilə ilə müəyyən olunmuş qaydada satıcıya ödəmək alıcının vəzifəsidir. - 9.4-cü bəndinə əsasən alıcı malların dəyərinin ödənilməsi ilə bağlı hər gecikmə gününə görə 0,01% məbləğində dəbbə pulu ödəyəcək. - 13.1-ci bəndinə əsasən müqavilə hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imzalandıqdan və möhürləndikdən sonra, yəni xx.xx.2022-ci il tarixdən qüvvəyə minir və müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilir. Müqavilənin müddətinin bitmə tarixinədək Tərəflərin heç birinin Müqaviləyə xitam verilməsi barədə bildirişi digər Tərəfə təqdim olunmadığı təqdirdə Müqavilə hər dəfə növbəti 1 (bir) il müddətinə uzadılmış hesab olunur. Bu Müqaviləyə xitam verildiyində Tərəflər bu Müqavilə üzrə xitam verilən tarixədək yaranmış bütün öhdəliklərini tam yerinə yetirməlidirlər. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. 07 yanvar 2022-ci il tarixdə 003/2022 saylı alqı-satqı müqaviləsinə əlavə olan xx.xx.2022-ci il tarixli qiymətlərin razılaşması protokoluna əsasən tərəflər sözügedən müqavilədə nəzərdə tutulan malların (beton) növü, ölçüsü və qiyməti barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
3. İddiaçı MMC tərəfindən ümumilikdə 306.626,54 manat dəyərində malların verilməsinə görə yanvar 2022-mart 2023-cü illəri əhatə edən elektron qaimələr tərtib edilərək Cavabdeh QSC-yə elektron sistem vasitəsi ilə göndərilmişdir.
4. İddiaçı MMC ilə Cavabdeh QSC arasında imzalanmış xx.xx.2023-cü il tarixli (üzləşmə) aktına əsasən Cavabdeh QSC (idarə heyətinin (İH) sədr müavini Toğrul Qurbanov) İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixə 158266 manat əsas+28487,88 manat ƏDV olmaqla cəmi 186.753.88 manat borcu təşkil etmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
5. "xxxx" ASC tərəfindən verilmiş (İddiaçı MMC-yə aid) hesabdan çıxarışa əsasən, Cavabdeh QSC tərəfindən 07 yanvar 2022-ci il tarixdə 003/2022 saylı müqaviləyə əsasən yanvar 2022-mart 2023-cü illəri əhatə edən elektron qaimələr üzrə ümumilikdə 121.587 manat (ƏDV xaric) ödəniş edilmişdir.
6. İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə xx.xx.2023-cü il tarixdə pretenziya məktubu ünvanlanaraq şirkətə olan borcun 10 gün müddətində ödənilməsi xahiş edilmiş, əks halda qanunvericililklə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcəyi bildirilmişdir.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
7. İddiaçı MMC Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC-dən 07 yanvar 2022-ci il tarixli SPARK003/2022 saylı alqı-satqı müqaviləsi üzrə 163.153,88 manat əsas borc, 16315 manat cərimə, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 400 manat məbləğində mediasiyaya dair xərc, 70 manat dövlət rüsumu, cəmi ümumilikdə 179.938,88 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh QSC arasında 07 yanvar 2022-ci il tarixli SPARK-003/2022 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilə üzrə cavabdehin mülkiyyətinə əlavə dəyər vergisi daxil olmaqla 306.626,54 manat məbləğində müxtəlif markalı beton məhlulu təhvil verilib. Təhvil verilən malların ümumi dəyərinin 143.472,66 manat məbləği ödənilsə də, cavabdehin əlavə dəyər vergisi daxil 163.153,88 manat məbləğində borcu qalmışdır. İddiaçı ilə cavabdeh arasında arasında 07 yanvar 2022-ci il tarixli SPARK-003/2022 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. xx.xx.2023-cü il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktında görünür ki, cavabdehin iddiaçıya qalıq borcu 186.753,88 manat təşkil etmiş və akt tərəflərin səlahiyyətli şəxslərinin imzası və möhürü ilə təsdiq edilmişdir. Üzləşmə aktı imzalandıqdan sonra cavabdeh tərəfindən 43.281,22 manat məbləğində vəsait ödənilmişdir. Müqavilənin 4.2-ci bəndinə əsasən müqavilənin əlavələrində başqa qayda nəzərdə tutulmamışdırsa Alıcı hər ay üzrə ona təhvil verilmiş malların dəyərini, mallar təhvil verildikdən sonra 5 təqvim günü gün ərzində ödəməyi öhdəsinə götürür. Müqavilənin 9.4-cü bəndinə əsasən alıcı malların dəyərinin ödənilməsi ilə bağlı hər gecikmə gününə 0,01 % məbləğində dəbbə pulu ödəyəcək. Beləliklə, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, cavabdehin 07 yanvar 2022-ci il tarixli SPARK-003/2022 saylı müqavilə üzrə 163.153,88 manat məbləğində qalıq borcu mövcuddur. Cavabdeh müqavilənin 9.4-cü bəndinə əsasən 16.315 manat məbləğində cərimə ödəməlidir.
9. Daha sonra xx.xx.2024-cü il tarixdə iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, Cavabdeh QSC-dən 07 yanvar 2022-ci il tarixli SPARK-003/2022 saylı alqı-satqı müqaviləsi üzrə 139.553,88 manat əsas borc, 16315 manat cərimə, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 400 (dörd yüz) manat məbləğində mediasiyaya dair xərc, 70 manat dövlət rüsumu, cəmi ümumilikdə 156.338,88 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 425.1, 443.1, 445.1, 445.7, 448.1, 567 və 600.1-ci maddələrinə istinad etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
11. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
12. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Mamedov Natig iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakları olmadan baxılmasını xahiş etmişdir, cavabdeh isə gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
14. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
15. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
16. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
17. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
18. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1-ci maddəsinə görə 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
20. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
21. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh QSC arasında 07 yanvar 2022-ci il tarixli SPARK-003/2022 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqavilə üzrə İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə ƏDV daxil 306.626,54 manat məbləğində mallar təqdim edilmiş və həmin mallara görə xx.xx.2023-cü il tarixədək olan dövrdə cavabdeh tərəfindən iddiaçıya ƏDV daxil 143.472,66 manat (ƏDV xaric 121.587 manat) məbləğində pul vəsaiti köçürülmüşdür. İşə məhkəmədə baxılarkən cavabdeh tərəfindən ƏDV xaric 20.000 manat (ƏDV daxil 23.600) məbləğində ödəniş edilmişdir.
22. Odur ki, sözügedən alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 139.553,88 manat (306.626,54-143.472,66-23.600) məbləğində əsas borcun cavabdeh "xxxx" QSC-dən tutulması hissəsində İddiaçı MMC-nin iddiası əsaslı olduğundan təmin edilməlidir.
23. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 16315 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
24. Göründüyü kimi Cavabdeh QSC-nin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.
25. Belə olan halda məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 6000 manat məbləğində müəyyən edilməlidir.
26. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 70 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
27. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia (tələbin həcminin azaldılması barədə ərizə) üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 445,87 manat təşkil edir.
28. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir.
29. İddiaçı tərəfindən artıq ödənilmiş 24,13 manat məbləğində dövlət rüsumu qaytarılmalıdır.
30. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 300 manat məbləğində və dövlət rüsumunun əvəzi olaraq 50 məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh QSC-dən ƏDV daxil 139.553,88 manat məbləğində borc və 6.000 manat məbləğində dəbbə pulu, cəmi 145.553,88 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 300 manat və dövlət rüsumunun əvəzi olaraq 35 məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddiaçı tərəfindən artıq ödənilmiş 24,13 manat məbləğində dövlət rüsumu qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva