Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5452/2022 24.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, Cavabdeh nümayəndəsi (direktoru) X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehdən 3323.43 manat əsas borcun, tərəflər arasında bağlanmış müqavilənin 3.7-ci bəndinə müvafiq olaraq gecikdirilən malların dəyərinə mütənasib olaraq hesablanmış 3.090,21 manat cərimə borcunun (dəbbə pulunun), dövlət rüsumu üçün ödənilmiş 30 manatın, mediasiya üçün ödənilən 60 manatın, hüquqi xidmətə görə ödənilmiş 200 manatın, ümumilikdə 6.703,64 manat məbləğində olan pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 3323.43 manat əsas borcun, tərəflər arasında bağlanmış müqavilənin 3.7-ci bəndinə müvafiq olaraq gecikdirilən malların dəyərinə mütənasib olaraq hesablanmış 3.090,21 manat cərimə borcunun (dəbbə pulunun), dövlət rüsumu üçün ödənilmiş 30 manatın, mediasiya üçün ödənilən 60 manatın, hüquqi xidmətə görə ödənilmiş 200 manatın, ümumilikdə 6.703,64 manat məbləğində olan pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022ci il tarixli, PRS/2022-209 saylı “Malların alğı-satqısına dair müqavilə” bağlanmışdır. Müqavilənin tələblərinə əsasən Satıcı Alıcıya malları tam şəkildə təhvil verməyi, Alıcı isə müqavilə ilə müəyyən edilmiş məbləğdə, qaydada və müddətdə malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklər tam yerinə yetirilərək mallar təhvil verilsə də, Alıcı tərəf öhdəliklərini yerinə yetirməmiş, Müqavilənin tələblərinə görə 1 (bir) gün ərzində ödəməli olduğu halda ödənişin həyata keçirilməsini əsassız olaraq gecikdirmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş və müvafiq olaraq təsdiq edilmiş təhvil-təslim aktlarına və cavabdehin iddiaçı tərəfindən təqdim edilmiş pretenziyaya verdiyi cavab məktubuna əsasən cari dövrə 3323.43 manat əsas borc mövcuddur. Müqavilənin 3.7-ci bəndinə müvafiq olaraq gecikdirilən malların dəyərinə mütənasib olaraq cavabdehin xx.xx.2022-ci il tarixinədək 3.090,21 manat cərimə ödəmək öhdəliyi də yaranmışdır. Bu barədə cavabdehə dəfələrlə şifahi və yazılı formada məlumat verilmiş, müqavilə üzrə olan ödənişlərin edilməsi xahiş edilmişdir. Sonuncu dəfə iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli PRS-PRT-2022/04 nömrəli pretenziya məktubu cavabdehə göndərilmiş, cavabdeh həmin pretenziya məktubuna verdiyi yazılı cavabda borcu təsdiq etmiş və həmin borcu 33 ay ərzində ödəyəcəyini bildirmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizəylə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi (direktoru) X2 məhkəmə iclasında iddianı əsas borc hissəsində etiraf edərək, cərimə hissəsinə etiraz edərək, izahatında bildirdi ki, cavabdeh müflis olmuşdur, fəaliyyətini dayandırdığı üçün borcu yaranmışdır. İddiaçıya borcu qrafik şəklində ödəməyi təklif etmiş, lakin iddiaçı qəbul etməmişdir. Borcu az-az ödəmək istəyir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, PRS/2022-209 saylı Malların alqı-satqısına dair müqavilədən görünür ki, iddiaçı müqavilə ilə müəyyən edilmiş, müqavilənin şərtlərinə uyğun olaraq razılaşdırılmış malları müqaviləyə uyğun olaraq tərəflər arasında imzalanan və müqavilənin tərkib hissəsi hesab edilən “Malların sifarişinə dair” əlavə razılaşmasında cavabdehə verməyi, cavabdeh isə bu malları qəbul edib əvəzində malların qiymətini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. 7 ədəd elektron qaimədən görünür ki, iddiaçı tərəfindən 3343,24 manat dəyərində malın satılması ilə bağlı cavabdehə elektron qaimələr təqdim edilmişdir. 11 ədəd fakturadan görünür ki, iddiaçı tərəfindən cavabdehə 3360,94 manat dəyərində mallar təhvil verilmiş və cavabdeh tərəfindən mallar təhvil alınmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli, PRS/2022-209 saylı Malların alqı-satqısına dair müqavilə bağlanmış və müqaviləyə əsasən iddiaçı müqavilə ilə müəyyən edilmiş, müqavilənin şərtlərinə uyğun olaraq razılaşdırılmış malları müqaviləyə uyğun olaraq tərəflər arasında imzalanan və müqavilənin tərkib hissəsi hesab edilən “Malların sifarişinə dair” əlavə razılaşmasında cavabdehə verməyi, cavabdeh isə bu malları qəbul edib əvəzində malların qiymətini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən mallar cavabdehə təhvil verilmiş və həmin mallar cavabdeh tərəfindən təhvil alınmışdır. Cavabdehin iddiaçıya 3323.43 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, PRS/2022-209 saylı Malların alqı-satqısına dair müqaviləyə əsasən yaranmış 3323.43 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqavilənin 3.7-ci bəndinə əsasən, əgər alıcı müqavilə (və ya müvafiq Sifariş) üzrə ödəniş şərtlərini pozarsa, satıcı alıcıdan gecikdirilmiş ödəniş məbləğinin hər təqvim günü üçün 0,5% həcmində cərimə tələb edə bilər. Lakin məhkəmə hesab edir ki, tələb olunan 3090,21 manat dəbbə pulu məbləği yaranmış 3323,43 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 150 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli EBCD seriyalı 739286 saylı elektron qaimədən görünür ki, iddiaçının cavabdehə qarşı iddia ərizəsi üzrə hüquqi yardıma görə “Femida” Vəkil Bürosu tərəfindən iddiaçıya 250 manat məbləğində elektron qaimə təqdim edilmişdir. Məhkəmə vəkilin göstərdiyi yardıma görə ödənilmiş 200 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağılabatan məbləğ hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iş üzrə dövlət rüsumunun məbləği 86,14 manat təşkil edir. İddiaçı tərəfindən mediasiya xərcinə görə 60 manat ödənilməsini nəzərə aldıqda, dövlət rüsumunun ödənilməli hissəsi 26,14 manat təşkil edir, lakin iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən 30 manat, yəni artıq ödənilmişdir ki, artıq ödənilən 3,86 manat məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada geri ala bilər. İş üzrə dövlət rüsumu məbləğinin 86,14 manat olmasını və iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 55,54 faizini təşkil etdiyini nəzərə aldıqda, dövlət rüsumu məbləğinin iddianın təmin edilmiş hissəsinə uyğun olaraq iddiaçıya aid edilməli məbləğ 38,3 manat təşkil edir. İddiaçı tərəfindən 60 manat mediasiya xərcindən əlavə 26,14 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə də ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, 60 manat məbləğində mediasiya xərcindən 47,84 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 12,16 manat məbləği iddiaçıya aid edilməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, PRS/2022-209 saylı Malların alqı-satqısına dair müqaviləyə əsasən 3323.43 manat əsas borc, 150 manat cərimə, mediasiya xərcinə görə 47,84 manat və vəkilin göstərdiyi yardıma görə 200 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, PRS/2022-209 saylı Malların alqı-satqısına dair müqaviləyə əsasən 3323.43 manat əsas borc, 150 manat cərimə, mediasiya xərcinə görə 47,84 manat və vəkilin göstərdiyi yardıma görə 200 manat Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-5452/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5452/2022
24.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver