Məhkəmə qərarları › İş №e-2-2(113)-5453/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5453/2025

27.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5453/2025 27.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən 04 mart 2024-cü il tarixli, GS-112/24-cü il tarixli Alqı-satqı müqaviləsinə əsasən çatdırılan malların dəyəri olan 6.851,91 manat borc, ödənilmiş 88,52 məbləğində dövlət rüsumu, ümumilikdə 6.940,43 manat borcun tutularaq General Supply QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, General Supply” QSC 2014-cü ildə Bakı şəhərində yaradılmışdır. Şirkətin əsas fəaliyyət sahəsini müxtəlif çeşidli mallar üzrə təchizat xidmətləri təşkil edir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra Satıcı) və "xxxx" MMC (bundan sonra Alıcı) arasında 04 mart 2024-cü il tarixli, GS-112/24 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə uyğun olaraq Satıcı Əlavədə göstərilən malları Alıcı tərəfindən verilən sifarişlərə uyğun olaraq və razılaşdırılmış müddətdən gec olmayaraq təhvil verməyi öz üzərinə götürmüş və Alıcı da öz növbəsində həmin malları qəbul edərək, razılaşdırılmış qaydada malın dəyərini Satıcıya ödəməyi öz üzərinə götürmüşdür. Müqavilənin 3-cü maddəsinə uyğun olaraq tərəflər öz vəzifələrini vaxtında yerinə yetirməyi öhdələrinə götürmüşlərdir. Müqavilənin tələblərinə uyğun olaraq müxtəlif çeşidli İddiaçı QSC tərəfindən satılmış və tam qaydalara uyğun şəkildə təhvil-təslim aktları əsasında təhvil verilmişdir. Satılmış olan məhsullara dair hesab-fakturalar tam şəkildə "xxxx" MMC-yəgöndərilmişdir. Beləliklə, Satıcı İddiaçı QSC müqavilə üzrə öhdəliklərini razılaşdırılmış qaydada və tam şəkildə yerinə yetirmişdir. Lakin, yuxarıda sadalananlara baxmayaraq, Alıcı tərəf uzun müddət keçməsinə baxmayaraq, dəfələrlə İddiaçı QSC tərəfindən edilmiş şifahi və yazılı xəbərdarlıqları nəzərə almayaraq bugünədək ödəniş öhdəliyini həyata keçirməmişdir. Alıcının müqavilə öhdəliklərindən irəli gələn, MT2411 seriyalı, 12401525 nömrəli elektron qaimə əsasında 4993,41 AZN (dörd min doqquz yüz doxsan üç manat, qırx bir qəpik), MT2411 seriyalı, 10476691 nömrəli elektron qaimə əsasında 324,5 AZN (üç yüz iyirmi dörd manat, əlli qəpik), MT2411 seriyalı, 10032197 nömrəli elektron qaimə əsasında 1534 AZN (min beş yüz otuz dörd manat, otuz dörd qəpik),ümumilikdə 6851,91 AZN (altı min səkkiz yüz əlli bir manat, doxsan bir qəpik) borcu vardır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (satıcı) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (alıcı) arasında xx.xx.2024-cü il tarixli gS-112/24 saylı müqavilə bağlanmışdır.

11. Müqavilənin 2.1-ci bəndinə əsasən satıcı alıcıya sifariş olunmuş malları satır, alıcı isə həmin malı qəbul edir və müqavilənin ayrılmaz tərkib hissələri sayılan Əlavə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir.

12. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

13. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

14. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin üzərinə düşür.

15. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə MT2411 seriyalı, 10032197 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 1534 manat, MT2411 seriyalı, 10476691 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 324,5 manat, MT2411 seriyalı, 12401525 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 4993,4178 manat məbləğində olan elektron qaimə göndərilmişdir.

16. Sadə riyazi hesablama ilə görünür ki, elektron qaimələrdə qeyd edilmiş məbləğlərin cəmi 6.851,91 manat təşkil edir.

17. Hazırda iddiaçı cavabdehin 6.851,91 manat məbləğində borcunun qaldığını bildirərək, cavabdehdən tutulmasını xahiş edir.

18. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələrə dair cavabdeh tərəfindən iddiaçıya hər hansı bir etiraz edilməmişdir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.

20. Belə olan halda, Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə müvafiq mallar verilmiş, cavabdehin də, qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.

21. Ona görə də, Məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində təmin olunmalı, 6.851,91 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

22. Bundan başqa məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 88,52 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

23. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

24. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli GS-112/24 saylı müqaviləyə əsasən 6.851 (altı min səkkiz yüz əlli bir) manat 91 (doxsan bir) qəpik məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 88 (səksən səkkiz) manat 52 (əlli iki) qəpik məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar