Məhkəmə qərarları › İş №e-2-2(113)-546/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-546/2024

09.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-546/2024 09.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun ödənilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən "xxxx" ASC-nin xeyrinə 7.504,00 manat məbləğində pulun, habelə ilkin mediasiya sessiyasında iştirak etmək üçün ödənilmiş 100 manat xidmət haqqının tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında şifahi müqaviləyə əsasən “Norm” sement məhsullarının alqı-satqısı nisyə qaydasında həyata keçirilmişdir. Müqaviləyə əsasən, iddiaçı Norm sement məhsullarını cavabdehə sataraq onun satış ünvanına çatdırmağı, cavabdeh isə malları qəbul edərək onun dəyərini razılaşdırılmış vaxtda iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən müəyyən edilmişdir ki, "xxxx" MMC-yə 9.503,96 (doqquz min beş yüz üç manat doxsan altı qəpik) manat dəyərində Norm sement məhsulları satılmış, cavabdeh isə cəmi 1.999,96 manat pul ödəmiş, qalıq 7.504 manat isə bu günə kimi ödənilməmiş, iddiaçı "xxxx" ASC-yə cəmi 7.504 manat borcu mövcud olmuşdur.

II. Tərəflərin mövqeləri:

3. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçı məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq işə qiyabi icraat qaydasında, nümayəndənin iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh isə məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

5. Məhkəmə iddiaçının xx.xx.2024-cü il tarixli ərizəsini nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (satıcı) ilə Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyəti (alıcı) arasında “Norm” sement məhsullarının alqı-satqısı ilə bağlı münasibətlər mövcud olmuşdur.

10. Məhkəmə hazırlıq iclaslarında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəflər arasında yazılı alqı-satqı müqaviləsinin olmadığını, cavabdeh tərəfindən göndərilmiş qaimələr üzrə cəmi, 1999,96 manat ödəniş edildiyini qeyd edərək, cavabdehin ödənilməmiş 7504 manat məbləğində borcunun qaldığını bildirmişdir.

11. Məhkəmə qeyd edir ki, ilk növbədə alqı-satqı münasibətləri üzrə malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin üzərinə düşür.

12. İş materiallarından görünür ki, EBBL seriyalı 054865 nömrəli xx.xx.2021-ci il tarixli dəyəri 4.751,98 manat olan və EBBL seriyalı 054862 nömrəli, xx.xx.2021-ci il tarixli dəyəri 4.751,98 manat olan elektron qaimələr İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə göndərilmişdir.

13. Göründüyü kimi, yuxarıda sadalanmış elektron qaimələrdəki məbləğlərin sadə riyazi hesablama ilə ümumi məbləği 9.503,96 manat təşkil edir.

14. İş materiallarına əlavə olunmuş hesabdan çıxarışdan görünür ki, Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına xx.xx.2021-ci il tarixdə 2.000 manat məbləğində pul köçürülmüşdür.

15. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf göndərilmiş olan elektron qaimələr üzrə ödəniş etməklə tərəflər arasında formalaşmış işgüzar münasibətlərin məhz elektron qaimələr üzrə həyata keçirildiyini qəbul etmişdir.

16. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən elektron qaimələrdə göstərilmiş mallar cavabdehə verilmiş və ona görə də, sonuncunun verilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.

17. Həmçinin də, qeyd edilməlidir ki, 9.503,96 manat məbləğində malların cavabdehə verilməsi, cavabdehin isə 2000 (bank xidmət haqqı 0,4 manat) manat məbləğində pulun ödənilməsi nəzərə alındığında görünür ki, Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinin verilmiş olan mallara görə ödənilməmiş 7.504 manat məbləğində borcu qalmışdır.

18. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, 7.504 manat məbləğində pul Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətindən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənməlidir.

19. İş materiallarında olan MŞB/2-03151/2023 nömrəli xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı tərəfindən mediasiya xidmət haqqı olaraq ümumilikdə, 100 manat məbləğində pul Bakı 2 saylı Mediasiya təşkilatına ödənmişdir.

20. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətindən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənməlidir.

21. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir.

VI. Nəticə:

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. 7.504 (yeddi min beş yüz dörd) manat məbləğində pul Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətindən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətindən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar