Məhkəmə qərarları › İş №e-2-2(113)-548/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-548/2023

19.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-548/2023 19.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, müqavilənin ləğvi, lizinq ödənişi, iddia müddəti) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il tarixli 12- LA/11 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 248 700 manat gecikdirilmiş borcun, 533 051,91 manat cərimə borcunun və hüquqi yardım xərcinin əvəzi olaraq 300 manat, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) ilə cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli 12- LA/11 nömrəli müqaviləyə əsasən cavabdeh (lizinq alan) gündəlik məhsuldarlığı 20 ton olan paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və emalı avadanlıqlarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə adıçəkilən lizinq müqaviləsi üzrə 248 700 manat gecikdirilmiş əsas borc və 533 051,91 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Müqaviləyə görə, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ilkin mediasiya sessiyası keçirilmiş, ilkin mediasiya haqqı kimi 400 manat məbləğində pul iddiaçı tərəfindən ödənilmişdir. Eyni zamanda hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmiş, hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 300 manat müəyyənləşdirilmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 427.3, 445.2.1, 465.2, 747.1-ci maddələri göstərilmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahatlar vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, "xxxx" ASC tərəfindən onlara təqdim olunan sənədlər əsasında iddia qaldırılmış və sənədlər məhkəməyə təqdim olunmuşdur. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi və s. tələbinə dair iş üzrə iddianın təmin tədbirinə dair ərizə üzrə qəbul olunmuş qərardadın icrası ilə bağlı akt tərtib olunaraq lizinq obyektinin istismarı qadağan olunduqdan sonra lizinq obyektinin geri götürülməsi barədə onlarda məlumat yoxdur.

5. Məhkəmə iclaslarında iştirak edən cavabdeh iddiaya etiraz edərək təmin olunmamasını xahiş etdi. Həmçinin bildirdi ki, lizinq obyekti olan avadanlıq Çin istehsalı olmuşdur. Halbuki Avropa istehsalı olan və hər gün 20-25 ton istehsal gücünə malik olan avadanlıqla təchiz edilməli idi. Onu aldatmışlar, dəfələrlə bununla bağlı müraciət etmişdir. Avadanlıq qiymətləndirilsə, iddianın əsassız olduğu müəyyən olunar. Belə ki, ona təhvil verilən avadanlığın dəyəri 28 000 manatdır, dəyərini artıqlaması ilə ödəmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirdi ki, bununla bağlı etirazını şifahi qaydada bildirmiş, ona avadanlığı növbəti ildə dəyişəcəklərini bildirmişlər, lakin dəyişməmişlər. Bundan sonra müraciət etməmişdir. xx.xx.2017-ci il tarixdə avadanlığın istismarı qadağan olunduqdan sonra avadanlıqdan istifadə etməmişdir. Avadanlıq tanımadığı üçüncü şəxsin tikilisində qalmışdır. III. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Lizinq müqaviləsi üzrə əsas borcun və cərimənin tutulması tələbi ilə bağlı

7. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu (bəzi istisnalarla) nəzərə alınmalıdır.

8. Məhkəmə sübutetmə predmetinə daxil olan bütün halları obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar əsasında tədqiq edərək müəyyən edir ki, Cavabdeh ilə "xxxx" ASC arasında 12 may 2011-ci il tarixdə 12-LA/11 nömrəli lizinq müqaviləsi bağlanmış, müqavilə üzrə lizinq obyektlərinin dəyəri 280 200 manat, ilkin ödəniş məbləği 28 000 manat müəyyən edilmiş, lizinq obyekti olan 15 hissəli gündəlik məhsuldarlığı 20 ton olan paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və emalı avadanlıqları xx.xx.2011-ci il tarixli aktla lizinq alana təhvil verilmişdir. Cavabdeh 2012-ci ilin 2-ci rübü başlanğıc tarix olmaqla lizinq müqaviləsi üzrə ödənişləri (ilkin ödəniş 28 000 manat nəzərə alınmaqla qalan 252 200 manat) 2021-ci ilin 3-cü rübünədək hər rüb üzrə ödəməyi öhdəsinə götürmüşdür (ödəniş qrafikinə əsasən). Cavabdeh tərəfindən 28 000 manat ilkin, 3500 manat qrafik üzrə ödəniş olmaqla, ümumilikdə 31 500 manat ödəniş edilmişdir.

9. Eyni zamanda müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1137 nömrəli Fərmanına əsasən "xxxx" ASC-nin adının dəyişdirilərək "xxxx" ASC adlandırılması qərara alınmış və müəyyən olunmuşdur ki, "xxxx" ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Aqrar Kredit və İnkişaf Agentliyinə keçir. Bundan başqa, 12 may 2011-ci il tarixdə 12-LA/11 nömrəli lizinq müqaviləsinin 8-ci bəndinə əsasən tərəflər lizinq verənin yerləşdiyi ərazi üzrə aidiyyəti məhkəməyə müraciət olunmasını razılaşdırmışlar.

10. İddiaçı 12 may 2011-ci il tarixdə 12-LA/11 nömrəli lizinq müqaviləsi üzrə 248 700 manat gecikdirilmiş əsas borc və hesablanmış 533 051,91 manat cərimə borcunun cavabdehdən tutulmasını xahiş edir.

11. Cavabdeh lizinq obyekti kimi razılaşdırılmış obyektin deyil, başqa obyektin təhvil verildiyini, həmin obyektin dəyərini ödədiyini, məhkəmənin qərarı ilə istifadəsinə qadağa qoyulduğu xx.xx.2017-ci il tarixdən lizinq obyektindən istifadə etmədiyini bildirir və iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək iddianın rədd olunmasını xahiş edir.

12. Məhkəmə əvvəla cavabdehin razılaşdırılmış lizinq obyektinin təqdim edilməməsi barədə etirazına münasibətdə qeyd edir ki, cavabdeh lizinq obyektini xx.xx.2011-ci il tarixdə akta imza edərək qəbul etmiş, istinad etdiyi hal ilə bağlı akta hər hansı qeyd verməmişdir. Həmçinin lizinq obyektini qəbul etdikdən dərhal sonra müraciət etdiyini bildirsə də, bununla bağlı sübut təqdim etməmişdir. Belə ki, Mülki Məcəllənin 748-1.2-ci maddəsinə əsasən lizinq alan əmlakı qəbul edərkən hər hansı bir çatışmazlıq aşkar edərsə, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə bu əmlakı satan hüquqi və ya fiziki şəxslər qarşısında tələb irəli sürmək üçün lizinq verənə məlumat verməlidir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin etirazının qeyd olunan halı əsaslı hesab edilə bilməz.

13. İddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirmədən öncə məhkəmə qeyd edir ki, ilk növbədə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Belə ki, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. (L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 8 may 2008-ci il tarixli Qərar).

14. İddiaçı lizinq obyektindən ödəniş qrafiki ilə razılaşdırılmış müddət üçün istifadəyə görə qalıq 248 700 manat (252 200 manat – 3500 manat) lizinq ödənişi kimi əsas borcun və maliyyə arayışının tərtib olunduğu xx.xx.2022-ci il tarixə hesablanmış cərimənin tutulmasını xahiş edir.

15. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

16. Məhkəmənin sorğusu əsasında Cəlilabad Rayon Məhkəməsindən xx.xx.2023cü il tarixdə Bakı Kommersiya Məhkəməsinə daxil olan və məhkəmənin baxış iclasında tədqiq olunaraq elektron iş materiallarına əlavə olunan (elektron iş materialları sıra 46) 2(073)-289/2019 nömrəli mülki iş materiallarından müəyyən olunur ki, iddiaçı "xxxx" ASC xx.xx.2017-ci il tarixdə Cavabdehh Şirinalı oğluna qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, 12 may 2011-ci il tarixli 12-LA/11 nömrəli lizinq müqaviləsinin ləğv olunması, lizinq obyekti olan texnoloji avadanlıq və onun yerləşdiyi tikilini kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri alınması, müqavilə üzrə 132 500 manat əsas, 107 034 manat cərimə borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı "xxxx" ASC iddianın təmini tədbiri barədə ərizə ilə müraciət edərək, lizinq obyekti olan avadanlığın üzərinə həbs qoyularaq istismarının qadağan edilməsini xahiş etmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4312/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək Cavabdehh Şirinalı oğlunun lizinqə götürdüyü gündəlik məhsuldarlığı 20 ton olan paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və emalı avadanlığının istismarının qadağan edilməsi qərara alınmışdır.

17. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi xx.xx.2017-ci il tarixli akt əsasında müəyyən olunur ki, "xxxx" ASC-nin əməkdaşı Qasımlı Orxan, Cavabdehh Şirinalı oğlu və Muğan kənd sakini Abbasov Xanların iştirakı ilə akt tərtib olunaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadına əsasən avadanlıqların istismarına qadağa qoyulmuş və plomblanmışdır.

18. 2(073)-289/2019 nömrəli mülki iş materialları əsasında həmçinin müəyyən olunur ki, Cavabdehh Şirinalı oğlu ərizə ilə müraciət edərək mülki işin Cəlilabad Rayon Məhkəməsinə göndərilməsini xahiş etmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4312/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərardadı ilə ərizə rədd olunmuş, həmin qərardaddan cavabdeh şikayət vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 8806/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərardadı ilə şikayət təmin olunaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4312/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərardadı ləğv olunmuş, işin baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-3122/2017 nömrəli xx.xx.2017ci il tarixli qərardadı ilə iddia Mülki Prosessual Məcəllənin 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmış, "xxxx" ASC-nin vəsatəti əsasında Cəlilabad Rayon Məhkəməsinin 2(073)-3122/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərardadı ilə icraat təzələnmiş, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-289/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia Mülki Prosessual Məcəllənin 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmış, cavabdehin vəsatəti əsasında Cəlilabad Rayon Məhkəməsinin 2(073)-289/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərardadı ilə icraat təzələnmiş, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-289/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia Mülki Prosessual Məcəllənin 259.0.6-cı maddəsinə əsasən yenidən baxılmamış saxlanılmışdır.

19. Məhkəmə həmçinin müəyyən edir ki, cavabdeh iddianın təmin etmə tədbiri barədə qərardaddan şikayət verməmiş, iddianın təmin etmə tədbirinin ləğvi ilə bağlı müraciət etməmişdir.

20. Məhkəmə qeyd edir ki, lizinq müqaviləsində lizinq alanın (borclunun) öhdəliyinin əsas məzmunu lizinq obyektindən məhz istifadəyə görə ödənişlərin edilməsidir. Qeyd edilən yanaşma, mülki qanunvericilikdə də birbaşa göstərilmişdir. Belə ki, Mülki Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Bu səbəbdən də lizinq müqaviləsinə vaxtından əvvəl xitam verildikdə lizinq verən lizinq obyektini geri alır, bu zaman isə lizinq alanın edilmiş ödənişləri geri almaq hüququ və ya edilmiş ödənişlərə müvafiq olaraq lizinq obyekti üzərində birgə mülkiyyət hüququ istisna edilir.

21. Hazırkı iş üzrə lizinq verən kimi çıxış edən "xxxx" ASC hüquq və öhdəlikləri ötürülməmişdən əvvəl lizinq müqaviləsinin ləğvi və lizinq obyekti olan texnoloji avadanlıq və onun yerləşdiyi tikilini kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri alınması tələbini irəli sürərək iradə ifadəsini lizinq alana bildirmiş, iddianın təmin etmə tədbirinin tətbiqi barədə ərizə verərək hüququnun müdafiəsini qeyd olunan prosessual icraat çərçivəsində də həyata keçirmiş və lizinq obyektinin istismarına qadağa qoyulmuşdur. Lizinq alan qeyd olunan tədbirin görülməsi barədə qərardaddan şikayət verməmiş, tədbirin ləğvi ilə bağlı müraciət etməmişdir.

22. Məhkəmə qeyd edir ki, müqavilənin birtərəfli qaydada ləğv edilməsi, bir qayda olaraq, birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar baş verir. İradə isə müxtəlif formalarda – hər hansı daşıyıcıya yazılı və digər formada əks etdirilməklə, hərəkət və rəftarla və s. ifadə oluna bilər. Hazırkı iş üzrə lizinq verən iddia tələbini irəli sürməklə və lizinq obyektinin istismarını qadağan etdirməklə iradəsini hərəkət və rəftarı ilə ifadə etmiş, müqavilə müvafiq olaraq birtərəfli qaydada ləğv edilmişdir. Lizinq alan isə lizinq verənin müqavilənin ləğvi ilə bağlı iradə ifadəsini mübahisələndirməmiş, lizinq obyektini geri tələb etməmişdir. Lizinq alan hazırkı iş üzrə izahatında da qeyd olunan halı mübahisələndirməmiş, xx.xx.2017-ci il tarixli akt tərtib olunduqdan sonra lizinq obyektindən istifadə etmədiyini bildirmişdir. İddiaçının nümayəndəsi və vəkili lizinq obyektinin geri götürülüb-götürülmədiyi barədə məhkəməyə dəqiq məlumat verə bilməmiş, bununla bağlı sənədin onlara təqdim olunmadığını bildirmişdir.

23. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).

24. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər.

25. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

26. Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

27. Lizinq alanın hesabından çıxarışdan görünür ki, lizinq müqaviləsi üzrə ödəniş qrafiki ilə razılaşdırılmış lizinq ödənişindən sonuncu xx.xx.2013-cü il tarix olmaqla cəmi 3500 manat ödəniş edilmişdir.

28. Məhkəmə bildirir ki, Mülki Məcəllənin 421.2, 748-1.12-ci maddəsinin tələbləri və tərəflər arasında bağlanmış lizinq müqavilələrinin 5.2-ci bəndinin şərtləri baxımından lizinq verənin xx.xx.2017-ci il tarixdə iddia ərizəsi verməklə lizinq müqaviləsinin ləğvi ilə bağlı iradəsini lizinq alana çatdırması növündə iradə ifadəsi qanuni olmuşdur. Lizinq verənin lizinq müqaviləsinin ləğvi ilə bağlı iradə ifadəsinin lizinq alana çatması ilə bağlı məhkəmə qeyd edir ki, 2(073)-289/2019 nömrəli mülki iş materiallarından iddia ərizəsinin lizinq alana xx.xx.2017-ci il tarixli reyestrlə göndərildiyi görünsə də, alınması tarixini müəyyən etmək mümkün olmur. Mülki iş materialları əsasında lizinq alanın ilk dəfə mülki iş barədə məlumatlı olmasını müəyyən edən rəsmi sənəd xx.xx.2017-ci il tarixli məhkəmə bildirişinin kötüyüdür (lizinq alan imzası ilə təsdiq etmişdir). Belə olan halda lizinq verənin müqavilənin ləğvi ilə bağlı iradəsinin lizinq alana çatdığı tarix xx.xx.2017-ci il hesab olunmalı və lizinq müqaviləsi həmin tarixdən ləğv edilmiş hesab olunmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, mülkiyyətçi kimi lizinq verənin lizinq müqaviləsi ləğv olunduqdan və lizinq obyektinin istismarına qadağa qoyulduqdan sonra öz sahiblik, istifadə, sərəncam hüquqlarını realizə etməməsi lizinq müqaviləsinin ləğv edilməsi faktını istisna edən hal kimi çıxış edə bilməz.

29. Lizinq ödənişinin lizinq obyektindən istifadəyə görə lizinq alan tərəfindən həyata keçirilməli olan ödəniş olduğunu, lizinq müqaviləsinin lizinq verən tərəfindən birtərəfli qaydada ləğv olunduğunu və lizinq obyektinin istismarına xx.xx.2017-ci il tarixdən qadağa qoyulduğunu nəzərə alan məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2017-ci il tarixə olan 146 100 manat lizinq ödənişi və gecikməyə görə 140 085 manat cərimə məbləğini (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5175 nömrəli xx.xx.2023-cü il tarixli rəyinə əsasən) tələb etməyə hüququ var.

30. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

31. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

32. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.

33. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli Qərar).

34. Mülki Məcəllənin 377.2-ci maddəsinə görə, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

35. Həmin Məcəllənin 381.1-ci maddəsinə əsasən, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.

36. 12 may 2011-ci il tarixli 12-LA/11 nömrəli lizinq müqaviləsinin xx.xx.2017-ci il tarixdən ləğv edildiyini nəzərə alan məhkəmə qeyd edir ki, lizinq müqaviləsi üzrə lizinq ödənişinin ödənilməsini tələb etmək hüququ üçün iddia müddəti xx.xx.2020-ci il tarixdə başa çatmışdır.

37. Mülki Məcəllənin 379.1 və 379.1.6-cı maddəsinə görə iddia müddətinin axımı tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə, dayandırılır.

38. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.5-ci maddəsinə əsasən mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır.

39. Məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli MŞB/8-00205 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər arasında ilkin mediasiya sessiyası xx.xx.2022-ci il tarixində keçirilmişdir.

40. Göründüyü kimi, iddia müddəti xx.xx.2020-ci il tarixdə başa çatmış, mediasiya prosesi xx.xx.2022-ci il tarixdə keçirilmiş, beləliklə, iddia müddəti keçmişdir.

41. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

42. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.

43. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı 12 may 2011-ci il tarixli 12-LA/11 nömrəli lizinq müqaviləsi üzrə pulun tutulması tələbi üzrə iddia müddəti keçdiyindən, həmin tələb rədd olunmalıdır.

b) Məhkəmə xərcləri ilə bağlı

44. İddiaçı hüquqi yardım xərcinin əvəzi olaraq 300 manat, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat pulun Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsini xahiş edir.

45. Məhkəmə müəyyən edir ki, iddiaçı hüquqi yardım xərci olaraq 300 manat, mediasiya xərci olaraq isə 400 manat ödəniş etmişdir.

46. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, xx.xx.2023-cü il tarixli 9/2719 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 100 manat, xx.xx.2023-cü il tarixli 9/5175 nömrəli tədqiqatın dəyərini isə 145 manat təşkil edir.

47. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

48. Həmin Məcəllənin 115.0, 115.0.4, ğ115.0.4 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

49. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

50. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

51. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

52. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən hüquqi yardım və mediasiya xərci iddiaçıya aid edilməli, ekspertiza xərci olaraq 245 manat məbləğində pul iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

V. Nəticə:

53. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin olunmasın. Ekspertiza xərci olaraq 245 (iki yüz qırx beş) manat məbləğində pul iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar