Məhkəmə qərarları › İş №e-2-2(113)-5481/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5481/2023

22.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5481/2023 22.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (alqı satqı müqaviləsi üzrə əsas borc, dəbbə pulu) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən 8319.42 manat əsas borc, 300 manat cərimə borcu və 105 manat məcburi mediasiya xərci kimi ödənilmiş məbləğin, ümumilikdə 8724,42 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli KP23/001 saylı “alqı-satqı” müqaviləsi imzalanmış və müqaviləyə əsasən, satıcı bu müqavilə üzrə malların satılmasını, alıcı isə həmin malların dəyərinin ödənilməsini öz üzərinə götürmüşdür. Satıcı tərəfindən mallar alcıya təqdim edilmiş, elektron qaimələr satıcı tərəfindən alıcıya göndərilmiş, alıcı tərəfindən onlar təsdiq edilmişdir. Həmin Müqavilənin əlavəsinə (təhvil-təslim aktları) əsasən İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə ümumilikdə - 8619.42 manat dəyərində mal verilmişdir. Lakin Müqavilənin göstərilən şərtlərinə zidd olaraq, Sifarişçiyə verilmiş malların dəyərinin ödənilməsi gecikdirilmiş və bu günədək tam ödənilməmişdir. Belə ki, Müqavilənin 3.3-cü bəndinə əsasən, təchizatçı malları Alıcıya təhvil verdikdən sonra, Sifarişçi malların dəyərini 15 (on beş) iş gün ərzində ödəməyi öhdəsinə götürür. Cavabdeh təşkilata pretenziya qaydasında borcun ödənilməsi barədə bildiriş göndəriləsə də, borcdan yalnız 300 manat ödənilmişdir, qalan hissədə öhdəlik 8 aydır ki, icra olunmur. Müqavilənin 5.5-ci bəndinə görə Alıcı hər gün üçün gecikdirilmiş borcun 0.1 % məbləğində cərimə tələb edə bilər. Cərimələrin yuxarı həddi müqavilə dəyərinin 10 % artıq olmamalıdır. Bu baxımdan İddiaçı təşkilat olaraq cavabdehdən müqavilənin ümumi dəyərinin 10% həcmində, yəni 300 manat pul məbləğinin və 105 manat ilkin mediasiya xərci kimi ödənilmiş məbləğin tutulması iddiaçı tərəfindən əsaslı hesab edilir.

3. Bakı Kommersiya Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli e-2-2(113)-5481/2023nömrəli Qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: 7.Kainat-Print MMC (Təchizatçı) və Cavabdeh MMC (Alıcı) arasında bağlanan 12 yanvar 2023-cü il tarixli KP23/001 nömrəli alqı-satqı müqaviləsinin: 1.1-ci bəndinə əsasən, Bu müqaviləyə görə, Təchizatçı Alıcını ikinci tərəfdən şifahi və ya yazılı şəkildə təqdim edilmiş tələbnamə-sifarişlərinə müvafiq olaraq komuter, printer və digər ofis avadanlıqları (mallar) ilə təmin etməyi, Alıcı isə malları qəbul edib əvəzinə müəəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öz öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən, Mallar barədə məlumatlar (adı, siyahısı, təsviri, çatdırılma şərti, miqdarı, qiyməti və s.) bu müqavilənin ayrılmaz hissəsi olan X1 təsbit edilir. 2.1-ci bəndinə əsasən, malları razılaşdırılmış müddət ərzində alıcıya təhvil vermək, razılaşdırıldığı halda çatdırmaq (2.1.1), malları tam və saz, yəni yararlı halda təhvil vermək, razılaşdırıldığı halda çatdırmaq (2.1.2), malları Alıcıya qaimə faktura əsasında təhvil vermək (2.1.3) Təchizatçının vəzifələridir. 2.3-cü bəndinə əsasən, müqavilənin ayrıılmaz hissəsi olan qiymətlərin razılaşdırılması protokolunda (əlavədə) göstərilən malları qəbul etmək və müəyyən olunan müddətdə malın dəyərini ödəmək (2.3.2) və bu müqavilə üzrə gecikdirilmiş ödənişlər üçün cərimə ödəmək (2.3.3) Alıcının vəzifəsidir. 3.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən satılan malların (avadanlığın) dəyəri müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşma protokoluna (əlavə) müvafiq surətdə müəyyən olunur. 3.3-cü bəndinə əsasən, Təchizatçı malları Alıcıya təhvil verdikdən sonra, Alıcı malların dəyərini 15 iş günü ərzində ödəməyi öhdəsinə götürür. Mallarla əlaqədar olan bütün risklər və mülkiyyət hüququ Təchizatçıdan Alıcıya mallar təhvil verildiyi tarixdən keçir. 8.Kainat-Print MMC və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli KP23/001 nömrəli müqavilə üzrə hər iki şirkətin imzası və möhürü ilə təsdiq edilmiş 30 yanvar 2023-cü il tarixli Təhvil-Təslim aktına əsasən ümumi dəyəri 441.91 manat, 17 fevral 2023-cü il tarixli Təhvil-Təslim aktına əsasən ümumi dəyəri 106.20 manat, 07 mart 2023cü il tarixli Təhvil-Təslim aktına əsasən ümumi dəyəri 2110.78 manat, 07 mart 2023-cü il tarixli Təhvil-Təslim aktına əsasən ümumi dəyəri 3238.86 manat, 28 mart 2023-cü il tarixli Təhvil-Təslim aktına əsasən isə ümumi dəyəri 2642.61 manat, 13 aprel 2023-cü il tarixli Təhvil-Təslim aktına əsasən olan mallar Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. 9.Kainat-Print MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş EBCN seriyalı 832660 nömrəli elektron qaiməyə əsasən ödənilməli olan yekun məbləğ 441.91 manat, EBDA seriyalı 089118 nömrəli elektron qaiməyə əsasən yekun məbləğ 106.20 manat, EBDB seriyalı 233198 nömrəli elektron qaiməyə əsasən yekun məbləğ 2110.78 manat, EBDB seriyalı 233677 nömrəli elektron qaiməyə əsasən yekun məbləğ 3238.86 manat, EBDC seriyalı 349500 nömrəli elektron qaiməyə əsasən yekun məbləğ 2642.61 manat, EBDD seriyalı 559107 nömrəli elektron qaiməyə əsasən yekun məbləğ 79.06 manat təşkil etmişdir. 10.Paşa Bank ASC-nin xx.xx.2023-cü il tarixli fakturasından görünür ki, Kainat Print MMC tərəfindən Bakı 12 X2 hesabına 105 manat ödəniş edilmişdir. 11.Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdehin İddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış “Alqısatqı” müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir. 12.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir, 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 13.Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli KP23/001 saylı alqı-satqı müqaviləsi əsasında iddiaçı tərəfindən cavabdehə ümumilikdə 8619.42 manat məbləğində mal təhvil verilmiş, həmin mallar müvafiq Təvil-Təslim əsasında cavabdeh tərəfindən qəbul olunmuşdur. İş materiallarına əsasən, cavabdeh 300 manat ödəniş etmiş, lakin ona təhvil verilən malların dəyərini lazımı qaydada ödəməmiş, nəticədə 8319.42 manat məbləğində borc ödənilməmiş qalmışdır. 14.Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etməyərək həmin müqavilə üzrə iddiaçıya 8319.42 manat əsas borcu yarandığını, nəticədə isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borcun ödənilməsi hissəsində təmin edilməli, cavabdehdən 8319.42 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. 15.Bununla yanaşı tərəflər arasında bağlanan müqavilənin 5.5-ci bəndinə əsasən, müqavilə üzrə Alıcı tərəfindən Təchizatçının hesablaşma hesabına köçürmələr gecikdirilərsə , hər gecikdirilən gün üçün müqavilənin 0.1%-i həcmində cərimə ödəyir. Lakin bu məbləğ müqavilənin ümumi dəyərinin 10 %-dən artıq olmamalıdır.

15. Məlum olduğu kimi, MM dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi).

16. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, İddiaçının mənafeyini habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını nəzərə alaraq, hesab edir ki, iddia tələbi bu hissədə də təmin olunaraq Cavabdehdən İddiaçının xeyrinə 300 manat məbləğində dəbbə pulu tutulmalıdır.

17. İddiaçı tələbində eyni zamanda 105 manat məbləğində mediasiya xərcinin də cavabdehdən tutulmasını xahiş edir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 19.“Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür.

20. Qeyd edilən qanunvericilik normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 105 manat məbləğində mediasiya xərci İddaçının xeyrinə tutulmalıdır. V. Nəticə: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 8319.42 manat əsas borc, 300 manat cərimə borcu, 105 manat mediasiya xərci olmaqla, ümumilikdə 8724.42 (səkkiz min yeddi yüz iyirmi dörd manat qırx iki qəpik) manat pul məbləği tutularaq İddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar