Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5491/2022 29.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Məhdud Məhdud Cəmiyyəti (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 28704 (iyirmi səkkiz min yeddi yüz dörd) manat əsas borc, 5000 (beş min) manat cərimə və ödənilmiş 200 (iki yüz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 33904 (otuz üç min doqquz yüz dörd) manat məbləğində pulun tutularaq iddidaçı İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında mühərrik, sənaye, sürtkü yağları, əyləc mayeləri, antifrizlər, filterlər, şüşə təmizləyici mayelər, təkərlər, akkumlyatorlar və digər malların alqı-satqısından irəli gələn borc yaranmışdır. Tərəflər arasında mal dövriyyəsi üzrə qarşılıqlı üzləşdirmələr aparılmış və yekun olaraq mövcud borcun etirafı haqqında xx.xx.2021-ci il tarixli müqavilə bağlanmışdır. Sözügedən müqaviləyə əsasən cavabdehin borcu cəmi 28704 manat təşkil edir. Həmin müqavilənin 6-cı bəndinə görə cavabdeh qeyd edilən borcu xx.xx.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini bu günədək yerinə yetirməmişdir. Borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə dəfələrlə istər şifahi, istərsə də yazılı müraciət və xəbərdarlıqlar edilməsinə baxmayaraq, heç bir müsbət nəticə olmamışdır. Beləliklə, məhkəməyə müraciət etməzdən əvvəl mediasiya haqqında qanunvericliyin tələbləri baxımından tərəflər arasında xx.xx.2021-ci il tarixdə cavabdehin razılığı ilə Bakı şəhəri üzrə mediator seçilməklə ilkin mediasiya sessiyası keçirilmiş və hər iki tərəf öz nümayəndəsi vasitəsi ilə sessiyanın iclasında iştirak etmişdir. Lakin ilkin mediasiya sessiyasından sonra proses tərəflərin iradəsinə əsasən davam etdirilməmişdir. Bu barədə mediator tərəfindən 2021-002795 saylı, xx.xx.2021-ci il tarixli Arayış verilmişdir. Cavabdeh iddia tələbinə etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbini qismən qəbul edirlər. Belə ki, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli “mövcud borcun etirafı haqqında” müqavilədəki imza cavabdehə məxsus deyildir. Cavabdeh tərəfindən qeyd edilən müqavilə imzalanmamışdır. Çünki cavabdehlə iddiaçı arasında mövcud borc 28704 (iyirmi səkkiz min yeddi yüz dörd) manat təşkil etmir. Belə olduğu halda cavabdeh tərəfindən yuxarıda qeyd edilən məbləğin ödənilməsini şərtləndirən müqaviləyə imza atılması da mümkün deyildir. Əlavə olaraq, iddiaçıya olan borcu 28704 (iyirmi səkkiz min yeddi yüz dörd) manat deyil, 21368 (iyirmi bir min üç yüz altmış səkkiz) manat təşkil edir. “Mövcud borcun etirafı haqqında” müqavilədəki cavabdehin etiraf etdiyi 22744 (iyirmi iki min yeddi yüz qırx dörd) manat məbləğdən 1376 (min üç yüz yetmiş altı) manat pul müəssisənin əməkdaşı Babək adlı şəxsə ödənilmişdir. Göründüyü kimi iddiaçıya olan real borc 21368 (iyirmi bir min üç yüz altmış səkkiz) manat təşkil edir və bu səbəbdən iddia qismən təmin edilməlidir. İddia ərizəsində cərimə olaraq 5000 (beş min) manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə gəldikdə isə, iddia tələbini bu hissədə qəbul etmir. Göstərilənləri nəzərə alaraq, İddiaçı Cavabdeh qarşı “borc pul tələbinə dair” iddia ərizəsinin əsas borc hissəsində qismən (21368 manat) təmin edilməsini, cərimə olaraq 5000 (beş min) manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində isə rədd edilməsini məhkəmədən xahiş edir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Bundan başqa iddia tələbində cavabdehdən “200 manat dövlət rüsumunun” tutulmasını “200 manat mediasiya xərcinin” tutulması kimi qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin qismən təmin edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Məhkəməyə “Mövcud borcun etirafı haqqında” xx.xx.2021-ci il tarixli müqavilə təqdim olunmuşdur. Həmin müqavilənin 1-ci bəndinə əsasən bu müqavilənin predmeti borclunun xx.xx.2020 - xx.xx.2021-ci il tarixləri müddətində tələbkardan həmin dövrün satış qiymətinə uyğun olaraq satın aldığı mallara (sürtgü yağları və s) görə yaranmış borc pul vəsaitidir. Həmin müqavilənin 2-ci bəndinə əsasən borclu bu müqavilənin 1-ci bəndində göstərilən 28704 (iyirmi səkkiz min yeddi yüz dörd) manat borcun həqiqiliyini və yaranma əsasını qəbul edir. Etiraz etmir və mübahisələndirmir. Həmin müqavilənin 3-cü bəndinə əsasən tələbkar bu müqavilənin 1-ci bəndində göstərilən 28704 (iyirmi səkkiz min yeddi yüz dörd) manat borcun həqiqiliyini və yaranma əsasını qəbul edir. Etiraz etmir və mübahisələndirmir. Həmin müqavilənin 4-cü bəndinə əsasən tələbkarın bu müqaviləyə əsaslanan iddiasına qarşı borclu başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürə bilməz. Həmin müqavilənin 5-ci bəndinə əsasən borclu 28704 (iyirmi səkkiz min yeddi yüz dörd) manat borcu 7 (yeddi) gün müddətinə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 6-cı bəndinə əsasən ödəniş xx.xx.2021-ci il tarixinədək tam şəkildə həyata keçirilir. Həmin müqavilənin 7-ci bəndinə əsasən ödəniş tərəflərin qarşılıqlı razılığına əsasən nağd və ya hesablaşma hesabına köçürmə yolu ilə həyata keçirilir. Həmin müqavilənin 8-ci bəndinə əsasən ödənişi təsdiq edən sənəd kimi ödəniş qəbzi əsas götürülür. Həmin müqavilənin 11-ci bəndinə əsasən tərəflərin (tələbkar və borclu birlikdə) qarşılıqlı razılığına əsasən bu müqavilə ilə yaranan və yarana biləcək mübahisəyə baxan məhkəmə kimi Bakı Kommersiya Məhkəməsi və ya ərazi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi razılaşdırılır. Sözügedən müqavilə iddiaçı tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Lakin cavabdeh tərəfin imzalama qrafasında Cavabdeh tərəfindən onun etiraf etdiyi borcun 22744 manat (Fuad – 17068 manat + Babək 1376 manat + Telli 4300 manat) olduğu qeyd edilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, borc məbləğinin 03 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında şifahi formada bağlanan alqı-satqı müqaviləsindən (sürtgü yağları və s. satışı) irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Mövcud borcun etirafına dalr tərəflər arasında razılaşma əldə olunmuş, lakin 28704 manat borcun olmasına dair müddəalara cavabdeh imza qrafasında həmin borcun 28704 manat deyil, 22744 manat olması ilə bağlı qeyd etmişdir. Cavabdehin nümayəndəsi cərimə ilə bağlı müddəalar istisna olmaqla müqavilənin qalan digər müddəaları (eləcə də mübahisənin Bakı Kommersiya Məhkəməsində baxılması ilə bağlı) ilə bağlı razılaşmanın qüvvədə olduğunu qeyd etmişdir. Borcun mövcudluğunu cavabdeh tərəf qismən etiraf etmişdir. İddia tələbinin bir hissəsini Cavabdeh 28704 (iyirmi səkkiz min yeddi yüz dörd) manat əsas borc məbləğinin tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını və cavabdehin etirafını nəzərə alaraq hesab edir ki, iddia əsas borcun tutulması hissəsində qismən təmin edilməli və cavabdehdən əsas borca görə 21368 (iyirmi bir min üç yüz altmış səkkiz) manat məbləğində pul iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə əsassız olduğundan təmin olunmamalıdır. Həmin qənaətə gələrkən məhkəmə əvvəla nəzərə alır ki, tərəflər aralarında şifahi formada bağlanan alqı-satqı müqaviləsinin mövcud olmasını inkar etməmişlər. Tərəflər arasında sürtgü yağları və s. alqı-satqısı həyata keçirilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemində “Vergi məlumatları” adlı bölmədən əldə edilən məlumatlarla da müəyyən olunur ki, cavabdehin əsas fəaliyyət istiqaməti avtomobil yağlarının satışı və s. fəaliyyətdir. Bundan başqa, iddiaçı hazırkı iddia tələbi ilə əlaqədar məhkəməyə sübut kimi mövcud borcun etirafı haqqında xx.xx.2021-ci il tarixli müqaviləni təqdim etmişdir. Sözügedən müqavilə ilə əlaqədar cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında cavabdehin sözügedən müqavilənin sonunda yazılan qeydlərin cavabdehə məxsus olduğunu təsdiqləmiş və orada yazılan, cavabdeh tərəfindən etiraf edilmiş 22744 manat məbləğdən Babək adlı şəxsə 1376 manat məbləğində ödəniş edildiyini, hazırda cavabdehin iddiaçıya 21368 manat məbləğində borcunun qaldığını və qeyd edilən məbləğin cavabdehdən tutulmasına dair qətnamənin qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. İddia tələbinin digər hissəsini cavabdehdən iddiaçının xeyrinə hesablanmış 5000 manat cərimə borcunun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göründüyü kimi, dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Hazırkı iş üzrə tərəflər arasında şifahi formada bağlanan alqı-satqı müqaviləsində dəbbə pulunun ödənilməsinə dair cavabdehin öz üzərinə öhdəlik götürməsi öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini cərimənin tutulması hissəsində qəbul etmədiyini bildirmişdir. İddia tələbinin bu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən cərimə borcunun tutulmasını tələb etsə də, cavabdehin cərimə ödəmək öhdəliyinin olmasına dair hər hansı bir hər mötəbər sübut təqdim edilməmişdir. Hazırkı iş üzrə ödənilməsi tələb olunan borc məbləği isə alqı-satqı müqaviləsi üzrə yaranan borc məbləğidir. İddiaçı 200 (iki yüz) manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd olunan maddi hüquq normasının tələblərini və tərəflərin ilkin mediasiya sessiyasında iştirakını nəzərə alaraq məhkəmə hesab edir ki, mediasiyaya ödənilmiş 200 manat məbləğin 100 manatı iddiaçıya aid edilməli, qalan 100 manatı isə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 21368 (iyirmi bir min üç yüz altmış səkkiz) manat əsas borc, 100 (yüz) manat mediasiya xərci olmaqla, cəmi 21468 (iyirmi bir min dörd yüz altmış səkkiz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-5491/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5491/2022
29.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver