Məhkəmə qərarları › İş №e-2-2(113)-5495/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5495/2022

25.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5495/2022 25.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 105164 manat əsas borc, 7887,3 manat faiz, ödənilmiş 222,50 manat rüsum, 400 manat mediasiya xərci və 50 manat hüquqi yardıma görə xərc olmaqla, cəmi 113723,80 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının təhvil verdiyi və dəyəri cavabdeh tərəfindən ödənilməmiş borcun dəyəri 105164 manat təşkil edir. İddiaçı ilkin iddia verərkən ƏDV məbləğini nəzərə almamış, hazırda iddia tələbini dəqiqləşdirmək zərurəti yaranmışdır. Eləcə də, son dəfə xx.xx.2021-ci il tarixdə mal vermiş və xx.xx.2020-ci il tarixli 30/50 saylı müqavilənin şərtlərinə əsasən 3.2-ci bəndə uyğun olaraq ödəmələr malların qaimələri təqdim edildikdən sonra ödənilir. 2021-2022-ci illər üzrə Milli bank uçot dərəcəsi ilə orta uçot faiz məbləği 2021-ci il üzrə 7 %, 2022-ci il üzrə 7,5% təşkil edir. AR Mülki Məcəlləsinin 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Hesab edir ki, cavabdehdən tələb etdiyi pul məbləği borc üzrə 105164 manat, faiz məbləği 18 ay üzrə ilə 5 faiz hesabı ilə 7887,3 manat manat təşkil edir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında yaranmış hazırkı mübahisə xx.xx.2020-ci il tarixli 30/50 saylı alqı-satqı müqaviləsindən irəli gəlir, həmin müqaviləyə əsasən cavabdehə təhvil verilmiş mallar hər iki tərəfin imzası və cavabdehin möhürü olan aktlar əsasında təhvil verilmiş, lakin dəyəri ödənilməmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2020-ci il tarixli 30/50 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı alıcını bu müqavilənin 1.2-ci bəndində göstərilən mişar daşları ilə təmin etməyi, alıcı isə materialları qəbul edib əldə olunan razılığa əsasən müəyyən olunmuş qiymətini satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə üzrə görülən iş – Cavabdeh MMCnin inşa etdiyi tikinti obyektlərini zəruri mişar daşları ilə təmin etməkdir. Müqavilənin 3.1-ci bəndinə əsasən alınacaq materialların qiyməti satıcı və alıcı tərəfindən qarşılıqlı razılaşdırma əsasında müəyyən edilir. Müqavilənin 3.2-ci bəndinə əsasən alıcı tərəfindən ödənişlər, materiallar göndərildikdən və materialların qaimələri təqdim edildikdən sonra qanunvericiliklə nəzərdə tutuluş qaydada aparılır. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilənin müddəti 01 iyul 2021-ci il tarixədək müəyyən edilir. Sözügedən müqaviləyə 30/50 saylı xx.xx.2020-ci il tarixli əlavə razılaşma protokoluna əsasən satıcı və alıcı müqavilənin şərtlərinə əsasən Əlavədə göstərilən qiymətlərlə malları çatdırmalı, alıcı isə müəyyən olunmuş məbləği “xidmət göstərənə” müqavilədə göstərilən müddətdə ödəməlidir. 23 aprel 2021-ci il tarixli malların təhvil aktlarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBBA 925601 nömrəli xx.xx.2021-ci il tarixli qaiməyə əsasən 13500 manat, EBBA 925621 nömrəli xx.xx.2021-ci il tarixli qaiməyə əsasən 1600 manat, EBBA 925628 nömrəli xx.xx.2021-ci il tarixli qaiməyə əsasən 16500 manat, EBBA 925731 nömrəli xx.xx.2021-ci il tarixli qaiməyə əsasən 21000 manat, EBBA 925838 nömrəli xx.xx.2021-ci il tarixli qaiməyə əsasən 700 manat, EBBA 925843 nömrəli xx.xx.2021-ci il tarixli qaiməyə əsasən 714 manat, EBBA 925845 nömrəli xx.xx.2021-ci il tarixli qaiməyə əsasən 21000 manat, EBBA 676994 nömrəli xx.xx.2021-ci il tarixli qaiməyə əsasən 30150 manat, ümumilikdə 105164 manat dəyərində mallar təhvil verilmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş pretenziya məktubundan görünür ki, iddiaçı cavbadehlə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli 30/50 saylı müqavilə üzrə yaranmış 84164 manat məbləğində borcun 3 iş günü ərzində ödənilməsini cavabdehdən tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 30/50 saylı alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin xx.xx.2020-ci il tarixli 30/50 saylı alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam şəkildə icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi 105164 manat məbləğində əsas borcun tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Bununla yanaşı, iddiaçı cavabdehdən gecikdirilmiş müddət üçün Mərkəzi Bankın bank uçot dərəcəsi nəzərə alınmaqla hesablanmış 7887,3 manat məbləğində faiz borcunun ödənilməsi tələbini də irəli sürmüşdür. İddiaçı iddia tələbində cavabdehdən bank uçot dərəcəsi nəzərə alınmaqla 7887,3 manat faiz borcunun ödənilməsi tələbini irəli sürsə də, məhkəməyə tələb etdiyi faiz borclarının məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmənin yalnız iddia ərizəsində göstərilənlərə əsasən yuxarıda göstərilən qaydada qiymətləndirmə aparması və cavabdehdən bank uçot dərəcəsi nəzərə alınmaqla 7887,3 manat faiz borcu tutması mümkün deyil. Ona görə də məhkəmə hesab edir ki, hazırda tələb olunan bu məbləğin əsaslı olub-olmaması barədə birmənalı nəticəyə gəlmək mümkün olmadığından və tələbin əsasına dair sübutlar təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 105164 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-ci il tarixli MŞB/Ş-01582 nömrəli arayışa əsasən, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 400 manat mediasiya xərci cavabdehə, ödənilmiş 222,50 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. Bundan başqa iddia ərizəsində 50 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır və təmin edilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı tərəfindən “BHM və partnyorları” Vəkil Bürosunun hesabına 50 manat hüquqi yardımla bağlı vəsait ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 105164 (bir yüz beş min bir yüz altmış dörd) manat məbləğində pul, 50 (əlli) manat hüquqi yardıma görə xərc və ödənilmiş 400 (dörd yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar