Məhkəmə qərarları › İş №e-2-2(113)-5498/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5498/2022

29.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5498/2022 29.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X1 X2 İthlat İhracat Sanayi ve Ticaret Limited” Şirkətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, işgüzar münasibətlər, akt, qaimə, dəbbə pulu) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh “X1 X2 İthalat İhracat Sanayi ve Ticaret Limited” Şirkətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh “X1 X2 İthalat İhracat Sanayi ve Ticaret Limited” Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6181,18 manat əsas borc, 1236,20 manat dəbbə pulu və mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdehin Azərbaycan Respublikasındakı filialı arasında arasında 28 dekabr 2020-ci il tarixdə 2392/20M saylı malların alqı-satqısına dair müqavilə bağlanmış və həmin müqaviləyə uyğun olaraq iddiaçı satıcı, cavabdehin Azərbaycan Respublikasındakı filialı isə alıcı qismində çıxış etmişdir. İddiaçı bağlamış olduğu müqavilənin bütün tələbləri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və malları tam şəkildə alıcıya təhvil vermişdir. Belə ki, müqavilə şərtləri əsasında mal alındıqdan sonra alıcı müqavilə üzrə şərtləşdirilmiş şəkildə malın dəyərini ödəməli idi. Elektron qaimələrdən aydın olur ki, xx.xx.2022-ci il tarixindən etibarən satıcı tərəfindən 16738,77 manat (əlavə dəyər vergisi daxil) məbləğində mal alıcıya satılmışdır. Alıcının satıcıya etdiyi ödənişləri təsdiq edən çıxarışlardan isə görünür ki, 10557,63 manat (əlavə dəyər vergisi daxil) ödənilmişdir. Beləliklə, alıcı müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəliyi qismən yerinə yetirmiş, malın dəyərini qismən ödəmişdir. Hazırda cavadebhin iddiaçıya 6181,18 manat (əlavə dəyər vergisi daxil) məbləğində borcu mövcuddur. Bundan əlavə, tərəflər arasındakı müqaviləyə əsasən cavabdeh 1236,20 manat cərimə də ödəməlidir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 567, 600.1-ci maddəsi göstərilmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianın məzmununa uyğun izahatlar vermiş və eyni zamanda bildirmişdir ki, tərəflər arasında formalaşmış işgüzar münasibətlərə görə müqavilə üzrə mallar cavabdehin müxtəlif nümayəndələri tərəfindən iddiaçıdan bilavasitə götürülmüş, bu zaman malları alacaq şəxslərin avtomobil nömrələri əvvəlcədən iddiaçıya bildirilmiş, həmçinin mallar təhvil alınması təhvil-qəbul aktı əsasında rəsmiləşdirilmiş, mallar alındıqdan sonra isə elektron qaimələr cavabdehə göndərilmiş və bu formada ödənişlər edilmişdir. Məhkəmənin suallarına cavab verərək iddiaçının nümayəndəsi qeyd etmişdir ki, iddia ərizəsinə əlavə edilmiş üzləşmə aktı iddiaçının mühasibatlığı tərəfindən tərtib edilmiş, cavabdeh tərəfindən imzalanmamışdır.

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir. III. Məhkəmə baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı

8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

10. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə sübutetmə predmetinə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmaması, müqavilə predmetini təşkil edən bütün malların satıcı tərəfindən kontragentə təhvil verilib-verilməməsi, alıcının malların dəyərini ödəmək öhdəliyini pozub-pozmamasının müəyyən edilməsi daxildir.

11. Məhkəməyə təqdim edilən iddiaçının möhürü və icra orqanının rəhbərinin imzası və cavabdehin Azərbaycan Respublikasındakı filialının möhürü və həmin filialın direktorunun imzası ilə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 2392/20M nömrəli müqavilənin 1.1-ci bəndindən görünür ki, müqaviləyə əsasən satıcı (iddiaçı) alıcıya (cavabdehin Azərbaycan Respublikasındakı filialı) onun sifarişi əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “qiymətlərin razılaşdırılması protokolu”nda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satır, alıcı isə bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış məbləğdə malın dəyərini satıcıya ödəməyi və malları qəbul etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti, təhvil verilmə müddəti, ödəniş qaydası və ödəniş müddəti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “qiymətlərin razılaşdırlması protokolu” ilə müəyyən edilir.

12. Sözügedən müqavilənin 4.1-ci bəndində göstərilmişdir ki, satıcı malın təhvil verilməsi ilə birlikdə zəruri olan sənədləri alıcıya təqdim etməlidir. 4.2-ci bəndinə görə isə mal alıcıya onun müəyyən etdiyi səlahiyyətli şəxs və ya tərəflərin əlavə razılığı ilə çatdırılma vasitəsilə verilir.

13. Adıçəkilən müqavilənin hesablaşma qaydası və ödəniş şərtləri adlı 5-ci maddəsinin 1-ci bəndinə əsasən müqaviləyə əsasən alıcı tərəfindən malın dəyərinin ödənilməsi hesab-faktura təqdim olunduqdan sonra Azərbaycan Respublikasının milli valyutası olan manatla həyata keçirilir.

14. Qeyd edilən müqavilənin 10.1-ci bəndi və 10.2-ci bəndi ilə tərəflər razılığa gəlmişlər ki, bu müqavilə tərəflər arasında xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək bağlanır. Müqaviləyə xitam verilməsi barədə müqavilə müddətinin bitməsinə 10 iş günü qalmış tərəflərdən biri digərini yazılı şəkildə xəbərdar etməzsə, müqavilə tərəflər arasında hər il daha eyni müddətə uzadılmış hesab olunur. Bu müqavilə tərəflər arasında imzalandığı andan hüquqi qüvvəyə minir və tərəflər bu müqavilə ilə üzərlərinə götürdükləri öhdəlikləri tam şəkildə yerinə yetirənədək qüvvədədir.

15. Məhkəməyə təqdim edilən M-İ1 nömrəli malların təhvil-qəbul aktlarından görünür ki, xx.xx.2022-ci il tarixdə 5111,15 manat (ƏDV daxil) dəyərində, xx.xx.2022-ci il tarixdə 3301,71 manat (ƏDV daxil) dəyərində, xx.xx.2022-ci il tarixdə 4190,09 manat (ƏDV daxil) dəyərində, xx.xx.2022-ci il tarixdə 1991,05 manat (ƏDV daxil) dəyərində, xx.xx.2022-ci il tarixdə 1348,27 manat (ƏDV daxil) dəyərində, xx.xx.2022-ci il tarixdə 796,50 manat (ƏDV daxil) dəyərində mallar alıcıya təhvil verilmişdir.

16. İş materiallarından aydın olur ki, təhvil-qəbul aktlarında qeyd olunan çeşiddə 5111,15 manat, 3301,71 manat, 4190,09 manat, 1991,05 manat, 1348,27 manat, 796,50 manat dəyərindəki malların təhvil verilməsinə dair iddiaçı tərəfindən cavabdehin Azərbaycan Respublikasındakı filialına xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərdə müvafiq olaraq EBBP 294181, EBBP 392224, EBBP 885166, EBBQ 084133, EBBQ 175945, EBBR 157713 seriya və nömrəli elektron qaimələr təqdim olunmuşdur.

17. Məhkəməyə təqdim olunan İnternet Vergi İdarəsinin “Elektron qaimə (e-qaimə)” altsistemindən çıxarışlardan görünür ki, yuxarıda qeyd olunan elektron qaimələr sistem tərəfindən təsdiqlənmiş statusundadır.

18. İş materiallarında olan İddiaçı MMC-nin “Paşa Bank” Açıq Səhmdar Cəmiyyətdə olan AZ69PAHA40040AZNHC********** İBAN-lı hesabından çıxarışdan görünür ki, cavabdehin Azərbaycan Respublikasındakı filialı tərəfindən xx.xx.2022-ci il tarixdə 4331,48 manat, xx.xx.2022-ci il tarixdə 2798,06 manat, xx.xx.2022-ci il tarixdə 1142,60 manat, xx.xx.2022-ci il tarixdə 675 manat ödəniş edilmişdir.

19. İş materiallarında olan çıxarışdan görünür ki, 779,67 manat, 503,65 manat, 205,67 manat, 121,50 manat ƏDV cavabdehin Azərbaycan Respublikasındakı filialı tərəfindən ödənilmişdir.

20. Göründüyü kimi müqavilədə malın həcmi, qiyməti, təhvil verilməsi, ödəniş müddəti və qaydasının qiymət razılaşma protokolu ilə tənzimlənməsini razılaşdırılsa da, tərəflərin arasında işgüzar münasibət fərqli qaydada formalaşmışdır.

21. Belə ki, mallar ayrı-ayrı partiyalarla təhvil verilmiş, bu zaman təhvil-qəbul aktları tərtib olunmuş, iddiaçı tərəfindən elektron qaimələr təqdim olunmuş, bundan sonra cavabdeh tərəfindən ödənişlər edilmişdir.

22. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 404.1 və 404.2-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

23. Belə olan halda məhkəmə hesab edir ki, “qiymətlərin razılaşdırlması protokolu” ifadəsi hərfi mənada anlaşılmamalı, cavabdehin sözügedən protokollar tərtib edilməsə də, elektron qaimələr təqdim olunduqdan sonra müqavilə üzrə ödənişlər etməsi halı nəzərə alınmalıdır.

24. Bundan başqa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. Qaydaların 3.9-cu bəndində isə təsbit olunmuşdur ki, elektron qaimə-fakturanın ləğv edilməsi qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününədək təsdiq edilməlidir. Elektron qaimə-fakturanın ləğv olunması təsdiq edilmədikdə, elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edilməmiş sayılır.

25. Məhkəmə qeyd edir ki, elektron qaimələrdə qeyd olunan mallar cavabdehə təhvil verilməsə idi, göndərilmiş elektron qaimələr cavabdehin filialı tərəfindən qanunla müəyyən edilmiş müddətdə ləğv edilə bilərdi. Lakin cavabdehə təqdim olunmuş bütün elektron qaimələr sistem tərəfindən təsdiqlənmiş, ləğv olunmamışdır, cavabdeh isə sistem tərəfindən təsdiqlənmiş elektron qaimələrdə qeyd olunan malların dəyərinin bir hissəsini ödəmişdir.

26. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdehin arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı tərəfindən 16738,77 manat (ƏDV daxil) dəyərində mallar cavabdehə təhvil verilmiş, cavabdeh malların dəyərindən 10557,63 manat (8947,14 manat+1610,49 manat ƏDV) ödəniş etmişdir.

27. İddiaçı təhvil verilmiş malların dəyərindən 6181,18 manatın ödənilmədiyini qeyd edir və iddiasının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutlarını məhkəməyə təqdim etmişdir.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. İddiaçı alqı-satqı müqaviləsi üzrə öhdəliyini icra etmiş, müqavilə ilə razılaşdırılmış malları cavabdehə təhvil vermiş, lakin cavabdeh (alıcı) müqavilə üzrə öhdəliyini icra etməyərək aldığı malların dəyərini ödəməmişdir.

30. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

31. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

32. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

33. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alıcı əşyanı müəyyənləşdirilmiş müddətdə ödəmək vəzifəsini icra etmirsə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

34. Belə olan halda, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddianın hüquqi əsası kimi Mülki Məcəllənin 600.4-cü maddəsi nəzərdən keçirilə bilər.

35. Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

36. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

37. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

38. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

39. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

40. İddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərindən 6181,14 manat pulu (16738,77 manat-10557,63 manat) ödəmədiyini, iddiaçının əşyanın ödənilməsini tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi borcun tutulması hissəsində qismən əsaslıdır və ödənilməmiş 6181,14 manat pul “X1 X2 İthlat İhracat Sanayi ve Ticaret Limited” Şirkətindən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Alqı-satqı müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı

41. İddia ərizəsində iddiaçı 1236,20 manat dəbbə pulunun da cavabdehdən tutulmasını xahiş etmişdir.

42. Tərəflər arasındakı alqı-satqı müqaviləsinin müqavilənin 8.4-cü bəndində qeyd edilmişdir ki, malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0,1%-i miqdarında (lakin Malın dəyərinin 20 %-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir.

43. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

44. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

45. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

46. Məhkəmənin hesab edir ki, öhdəliyin pozulma dərəcəsi nəzərə alındığında cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 310 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

47. Məhkəmə belə qənaətə gəlir ki, dəbbə pulu olaraq 310 manat pul “X1 X2 İthlat İhracat Sanayi ve Ticaret Limited” Şirkətindən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. c) Mediasiya xərcinin tutulması tələbi ilə bağlı

48. İddiaçı həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 100 manat pulun cavabdehdən tutulması tələbini irəli sürmüşdür.

49. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MŞB/4-01493 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 12 avqust 2022-ci il tarixində saat 16:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdehin Azərbaycan Respublikasındakı filialı 21 gün əvvəlcədən yazılı bildiriş, həmçinin mobil telefon vasitəsi ilə məlumatlandırılmasına rəğmən iştirak etməmiş, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100 manat məbləğində mediasiya xərcini ödəmişdir.

50. Məhkəməyə təqdim edilən 24 avqust 2022-ci il tarixli, 320OPXO222360528 nörməli ödəniş tapşırığına əsasən, Bakı şəhəri 4 saylı mediasiya təşkilatına 100 manat məbləğində pul vəsaitinin ödənilməsi bərədə İddiaçı MMC tərəfindən banka tapşırıq verilmişdir.

51. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun (bunda sonra “Mediasiya haqqında” Qanun) 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.

52. “Mediasiya haqqında” Qanunun “mediasiya xərcləri” adlanan 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).

53. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

54. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 100 manat məbləğində pul “X1 X2 İthlat İhracat Sanayi ve Ticaret Limited” Şirkətindən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

55. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə “X1 X2 İthlat İhracat Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 6181 (altı min yüz səksən bir) manat 14 (on dörd) qəpik əsas borc, 310 (üç yüz on) manat cərimə məbləği olmaqla, ümumilikdə 6491 (altı min dörd yüz doxsan bir) manat 14 (on dörd) qəpik məbləğində pul cavabdeh “X1 X3 İthlat İhracat Sanayi ve Ticaret Limited” Şirkətindən tutularaq İddiaçınə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul cavabdeh “X1 X3 İthlat İhracat Sanayi ve Ticaret Limited” Şirkətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar