Məhkəmə qərarları › İş №e-2-2(113)-550/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-550/2023

17.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-550/2023 17.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018ci il tarixli 1057-GL/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 4.172,40 manat gecikdirilmiş borcun və hesablanmış 3.367,53 manat cərimə borcunun, xx.xx.2018-ci il tarixli 1317-L/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 2.880 manat gecikdirilmiş borcun və hesablanmış 1.762,47 manat cərimə borcunun, hüquqi yardımla bağlı 300 manat, 200 manat mediasiyaya dair xərcin, cəmi 12.682,4 manat pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 1057-GL/18 nömrəli və xx.xx.2018-ci il tarixli 1317-L/18 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışlarının tərtib edildiyi xx.xx.2022-ci il tarixə xx.xx.2018-ci il tarixli 1057-GL/18 nömrəli müqavilə üzrə 4172,40 manat gecikdirilmiş borcu və hesablanmış 3367,53 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli 1317-L/18 nömrəli müqavilə üzrə isə 2880 manat gecikdirilmiş borcu və hesablanmış 1762,47 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Nümayəndə izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli, 1317-L/18 nömrəli, xx.xx.2018-ci il tarixli 1057- GL/18 nömrəli lizinq müqavilələri bağlanmışdır. xx.xx.2018-ci il tarixli, 1317-L/18 nömrəli müqavilə üzrə 1 ədəd AGHBM-N24 markalı gübrəsəpənlə taxılsəpən xx.xx.2018-ci il tarixli 5/799 saylı aktla, xx.xx.2018-ci il tarixli 1057-GL/18 nömrəli müqavilə üzrə 1 ədəd 24hidravlik-Can-D.M.A.T-24 markalı diskli mala (ağır) xx.xx.2018-ci il tarixli aktla Cavabdeh verilmişdir. Müqavilələr və aktlar hər iki tərəfin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. xx.xx.2018-ci il tarixli, 1317-L/18 nömrəli müqavilənin 1 nömrəli Əlavəsindən məlum olur ki, müqavilənin müddəti 2021-ci ilin İV rübünədək (son ödəmə tarixi xx.xx.2021-ci il tarixi müəyyən edilmişdir), xx.xx.2018-ci il tarixli 1057-GL/18 nömrəli müqavilənin 1 nömrəli Əlavəsindən məlum olur ki, müqavilənin müddəti 2022-ci ilin İİ rübünədək (son ödəmə tarixi xx.xx.2022-ci il tarixi müəyyən edilmişdir) təşkil edir. Məhkəmə qeyd edir ki, hazırki iddia cavabdehin lizinq müqavilələri üzrə xx.xx.2022-ci il tarixə qədər yaranmış borc məbləğinin tələb edilməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, lizinq ödənişləri üzrə yaranmış borcun ödənilməsi tələbinin qanuni əsasını Mülki Məcəllənin 747.1, 748-1.12, 748-1.12.4-cü maddələri təşkil edir. Həmin maddələrdə göstərilmişdir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (maddə 747.1). Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748-1.12. və 748-1.12.4). Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış lizinq müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən iddiaçının əsas borcu və cərimə məbləğini tələb etmək hüququ yaranmışdır. İddiaçı tərəf lizinq müqaviləsi üzrə borcun ödənilmədiyini qeyd edərək borcun ödənilməsini tələb edir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh tərəf müqavilənin bağlandığını, müqavilə üzrə texnikaların verildiyini mübahisələndirməmiş və verdiyi izahatında, eyni zamanda elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsində iddiaya etiraz edərək, müqavilələr üzrə xx.xx.2018-ci il tarixdən heç bir ödəşinin edilmədiyini qeyd edərək iddia müddəti keçməsi səbəbindən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdehin iddia müddətinin keçməsi barədə ərizəsinə münasibət bildirilməmişdən öncə iddia üzrə pulun tələb edilməsinin əsaslı olubolmamasına qiymət verilməlidir. İş materiallarına əlavə edilmiş ödəniş qrafiki, maliyyə arayışı və hesabdan çıxarışın müqayisəli təhlilindən görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixə xx.xx.2018-ci il tarixli, 1317-L/18 nömrəli müqavilə üzrə 2.880 manat, xx.xx.2018 tarixli 1057-GL/18 nömrəli müqavilə üzrə 4.172,40 manat gecikdirilmiş əsas borcu mövcuddur. Belə olan halda müqavilələr üzrə əsas borcun mövcudluğu öz təsdiqini tapdığından məhkəmə cavabdehin iddia müddətinin keçməsi barədə ərizəsinə münasibət bildirməyi zəruri hesab edir. Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinin tələblərinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə görə İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Belə olan halda hazırki iş üzrə müəyyənləşdirilməli olan məsələ öhdəliyin icrası vaxtının hansı andan başa çatdığıdır. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 1317-L/18 saylı lizinq müqaviləsinin ödəniş qrafikindən də göründüyü kimi müqavilənin müddəti 2021-ci ilin İV rübünədək (son ödəmə tarixi xx.xx.2021-ci il tarixi müəyyən edilmişdir), xx.xx.2018-ci il tarixli 1057-GL/18 nömrəli lizinq müqaviləsinin müddəti isə 2022-ci ilin İİ rübünədək (son ödəmə tarixi xx.xx.2022-ci il tarixi müəyyən edilmişdir) təşkil edir. Belə olan halda xx.xx.2018-ci il tarixli, 1317-L/18 nömrəli lizinq müqaviləsi üzrə iddia müddətinin axımı cavabdehin qeyd etdiyi kimi xx.xx.2018-ci il tarixdən deyil, müqavilə üzrə müddətin bitdiyi son ödəmə tarixi kimi müəyyən edilən xx.xx.2021-ci il tarixdən başlanır. Hazırkı müqavilənin müddətinin də, xx.xx.2021-ci il tarixdə bitməsi nəzərə alındığında iddia müddətinin xx.xx.2024-cü il tarixində bitəcəyi qeyd edilməlidir. Eyni zamanda digər xx.xx.2018-ci il tarixli, 1057-GL/18 nömrəli lizinq müqaviləsi üzrə iddia müddətinin axımı cavabdehin qeyd etdiyi kimi xx.xx.2018-ci il tarixdən deyil, müqavilə üzrə müddətin bitdiyi son ödəmə tarixi kimi müəyyən edilən xx.xx.2022-ci il tarixdən başlanır. Bu müqavilənin müddətinin də, xx.xx.2022-ci il tarixdə bitməsi nəzərə alındığında iddia müddətinin xx.xx.2025-ci il tarixində bitəcəyi qeyd edilməlidir. Göründüyü kimi, tərəflər arasında bağlanmış lizinq müqavilələri üzrə iddia müddəti keçməmişdir. Belə olan halda əsas borcun tələb edilməsi ilə bağlı qanunvericiliklə müəyyənləşdirilmiş dispozitiv şərtlər mövcud olduğundan iddia əsas borcun tələb edilməsi hissəsində əsaslı olmaqla, təmin edilməlidir. Məhkəmə hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində iddia qismən əsaslıdır. İlk növbədə qeyd edilməlidir ki, cərimənin tətbiq edilməsi imkanı tərəflər arasında bağlanmış hər iki müqavilənin 4.2-ci bəndində öz əksini tapmışdır. Belə ki, həmin bəndə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq lizinq ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. İş materiallarında olan hesabdan çıxarışdan və ödəniş qrafikinin təhlilindən aydın olur ki, cavabdeh əsas borc üzrə ödənişlərin edilməsini gecikdirmişdir. Ona görə də, cərimə borcunun tələb etməsi üçün əsaslar yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2018-ci il tarixli, 1317-L/18 nömrəli lizinq müqaviləsi üzrə 2.880 manat əsas borcuna münasibətdə 140 manat, xx.xx.2018 tarixli 1057-GL/18 nömrəli lizinq müqaviləsi üzrə 4.172 manat əsas borcuna münasibətdə 200 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia 300 manat hüquqi yardımın göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində də, əsaslıdır. Belə ki, Mülki Prossesual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarına əlavə edilən xx.xx.2022-ci il tarixli 000İPX********** nömrəli ödəniş sənədindən məlum olur ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ona hüquqi yardım göstərilməsi üçün 5 Saylı Vəkil Bürosunun hesabına 300 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardıma görə çəkilmişxərcin əvəzi olaraq 300 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 200 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MŞB/8-00203 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi mediasiya xərci olaraq 200 manat məbləğində pul ödəmişdir. Ona görə də, məhkəmə hesab edir ki, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 200 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il tarixli, 1057-GL/18 nömrəli lizinq müqaviləsi üzrə 4.172 (dörd min yüz yetmiş iki) manat 42 (qırx iki) qəpik əsas borc, 200 (iki yüz) manat məbləğində cərimə borcu olmaqla cəmi 4.372 (dörd min üç yüz yetmiş iki) manat 42 (qırx iki) qəpik, xx.xx.2018-ci il tarixli, 1317-L/18 nömrəli lizinq müqaviləsi üzrə üzrə 2.880 (iki min səkkiz yüz səksən) manat əsas borc, 140 (yüz qırx) manat məbləğində cərimə borcu olmaq cəmi 3.020 (üç min iyirmi) manat, ümumilikdə 7.392 (yeddi min üç yüz doxsan iki) manat 42 (qırx iki) qəpik məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 300 manat məbləğində pul, mediasiya xərcinin əvəzi olaraq 200 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar