Məhkəmə qərarları › İş №e-2-2(113)-550/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-550/2024

12.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-550/2024 12.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər “Alıance Project and Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: Lizinq müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər “Alıance Project and Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun ödənilməsi və s.” tələblərinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehlər “Alıance Project and Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin mülkiyyətində olan “VOLKSWAGEN” markalı “AMAROK” modelli ** PG *** qeydiyyat nömrəli avtomaşının Cavabdeh1 qanunsuz istifadəsindən alınaraq mülkiyyətçi İddiaçı MMC-yə qaytarılması; cavabdehlər Cavabdeh1, Cavabdeh3 və “X2 Construction” MMC-dən İddiaçı MMC-nin xeyrinə 20.577 (iyirmi min beş yüz yetmiş yeddi) manat əsas lizinq borcu, 6790 (altı min yeddi yüz doxsan) manat vaxtı keçmiş faiz borcu, 7750 (yeddi min yeddi yüz əlli) manat hesablanmış penya, cəmi 35.117 (otuz beş min bir yüz on yeddi) manat borcu, həmçinin mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 230 manat məbləğində pulun müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 31 yanvar 2022-ci il tarixli 2201/0760 saylı X1 əsasən, İddiaçı MMC Cavabdeh1 ərizəsinə əsasən onun tərəfindən seçilmiş, təsviri bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə №1-də göstərilən və ümumi dəyəri 34.000 manat olan 1 ədəd “VOLKSWAGEN” markalı “AMAROK” modelli ** PG *** qeydiyyat nömrəli avtomobili öz mülkiyyətinə keçirərək, Cavabdeh1 müvəqqəti sahiblik və istifadəyə vermişdir. Cavabdeh1 isə öz növbəsində 23.800 manat məbləğində borcu illik 28% faiz hesablanmaqla, 36 ay müddətinə İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh1 lizinq müaviləsinə Əlavə №2-də 36 ay müddətinə illik 28% faiz olmaqla mütəmadi olaraq hər ay 985 manat ödəniş etməli olduğu halda, ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, lizinq obyektini mülkiyyətçiyə qaytarmaqdan yayınmışdır ki, bununla da müqavilə şərtlərini pozmuşdur. Bununla əlaqədər cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, lizinq obyektini geri qaytarmaqdan imtina etmiş və lizinq obyektinin yeri bu günə qədər müəyyən edilməmişdir. Eyni zamanda lizinq borcunu da ödəmir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Məhkəmə qeyd edir ki, lizinq ödənişləri üzrə yaranmış borcun ödənilməsi tələbinin qanuni əsasını Mülki Məcəllənin 747.1, 748-1.12, 748-1.12.4-cü maddələri təşkil edir.

9. Həmin maddələrdə göstərilmişdir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (maddə 747.1).

10. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748-1.12. və 748-1.12.4)

11. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. (748-2.5)

12. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

13. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

14. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

15. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

16. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında 31 yanvar 2022-ci il tarixli 2201/0760 saylı lizinq müqaviləsi, müqaviləyə 01,02 saylı Əlavələr bağlanmışdır. Lizinq müqaviləsinə əsasən, İddiaçı MMC Cavabdeh1 ərizəsinə əsasən onun tərəfindən seçilmiş, təsviri Əlavə №1-də göstərilən və ümumi dəyəri 34.000 manat olan 1 ədəd “VOLKSWAGEN” markalı “AMAROK” markalı ** PG *** dövlət qeydiyyat nömrəli avtomobili öz mülkiyyətinə keçirərək, Cavabdeh1 müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür.

17. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən lizinq obyektinin təhvil-təslimi bu müqavilənin 1 saylı Əlavəsi olan təhvil-təslim aktı ilə rəsmiləşdirilir.

18. Daha sonra, 31 yanvar 2022-ci il tarixli 2201/0760 saylı lizinq müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinin təminatı olaraq İddiaçı MMC ilə Cavabdeh3 arasında 31 yanvar 2022-ci il tarixli 2201/0760/ZM-01 saylı, “Alıance Project and Construction” MMC ilə isə 31 yanvar 2022-ci il tarixli 2201/0760/ZM-02 saylı zaminlik müqavilələri bağlanmışdır.

19. Müqavilələr və əlavələr tərəflərin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur.

20. İş materiallarına əlavə olunmuş, hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuş 31 yanvar 2022-ci il tarixli 2201/0760 saylı lizinq müqaviləsinə 01 saylı əlavədən görünür ki, lizinq müqaviləsi üzrə 1 ədəd “VOLKSWAGEN” markalı “AMAROK” markalı ** PG *** dövlət qeydiyyat nişanlı, ümumi dəyəri 34.000 manat olan avtomobil Cavabdeh1 təhvil verilmişdir.

21. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış lizinq müqaviləsindən irəli gəlir.

22. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun lizinq borcunu ödəmək vəzifəsi yaranmışdır.

23. İşin digər müəyyən olunmuş halı ondan ibarətdir ki, ümumi 34.000 manat olan lizinq obyektinin dəyərindən 10.200 manat məbləğində ilkin ödəniş edilmiş və müqavilə üzrə verilən lizinq məbləği 23.800 manat təşkil etmişdir.

24. İş materiallarına əlavə edilmiş maliyyə arayışı və hesabdan çıxarışın müqayisəli təhlilindən görünür ki, Cavabdeh1 tərəfindən əsas borc məbləği üzrə cəmi 3.223 manat məbləğində ödəniş edilmiş və ödənilməli olan əsas borcu 20.577 manat qalmışdır.

25. Belə olan halda məhkəmə hesab edir ki, əsas borc üzrə 20.577 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.

26. Məhkəmə həmçinin hesab edir ki, iddia 6790 manat məbləğində faiz borcunun (mükafat borcu) tələb edilməsi hissəsində qismən əsaslıdır.

27. İlk növbədə qeyd edilməlidir ki, iddia ərizəsindən də, göründüyü kimi, iddiaçı 31 yanvar 2022-ci il tarixli 2201/0760/ZM-02 saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixə 6.790 manat məbləğində mükafat borcunun tutulmasını xahiş etmişdir.

28. Məhkəmə qeyd edir ki, iddianın qeyd edilən hissəsinə qiymət verilməsi üçün lizinq müqaviləsi üzrə ödəniş qrafiki nəzərdən keçirilməlidir.

29. İş materiallarına əlavə olunmuş ödəniş qrafikindən görünür ki, lizinq alan tərəfindən xx.xx.2023-cü il tarixədək ödənilməli olan mükafat borcunun məbləği sadə riyazi hesablama ilə 9.500 manat təşkil edir.

30. İş materiallarında olan maliyyə arayışından görünür ki, lizinq alan tərəfindən müqavilə üzrə ödənilmiş mükafat məbləğləri 3.682 manat təşkil edir.

31. Belə olan halda, yəni iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixə olan borcun tələb edilməsini nəzərə alaraq məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixədək ödəməli olan mükafat borcu 9.500 manat təşkil etdiyindən və lizinq alan tərəfindən 3.682 manat ödəniş edildiyindən cavabdehin qeyd edilən tarixə ödənilməmiş 5.818 (9.500-3682) manat mükafat borcu qalmışdır.

32. Ona görə də, məhkəmə hesab edir ki, iddia mükafat borcunun tələb edilməsi hissəsində qismən təmin edilməli, 5.818 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.

33. Məhkəmə həmçinin hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində də, iddia qismən əsaslıdır.

34. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 10.1-ci bəndindən irəli gəlir. Həmin bəndə əsasən lizinq verən ödənişin gecikdirildiyi hər gün üçün gecikdirilmiş əsas borc məbləğinin 0,5 % həcmində cərimə tələb etmək lizinq verənin hüququdur.

35. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

36. Hazırki işin hallarından görünür ki, cavabdehin 20.577 manat əsas borcuna münasibətdə 1.100 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.

37. Bundan başqa, məhkəmə hesab edir ki, iddia “VOLKSWAGEN” markalı “AMAROK” modelli ** PG *** qeydiyyat nömrəli avtomaşının Cavabdeh1 qanunsuz istifadəsindən alınaraq mülkiyyətçi İddiaçı MMC-yə qaytarılması hissəsində təmin edilməməlidir.

38. Belə ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 7.9-cu bəndində qeyd edilir ki, lizinq alan müqavilə ilə müəyyən edilmiş bütün ödənişləri ödədikdən sonra onun bu müqavilə üzrə öhdəlikləri icra edilmiş sayılır. Həmin müqavilənin 15.1-ci bəndinə əsasən bu müqavilə üzrə lizinqin ümumi müddəti bitdikdən sonra müqavilə üzrə, habelə hesablanmış penya və cərimələrin ödənilməsi üzrə öhdəliklərin yerinə yetirilməsi şərti ilə, lizinq alan lizinq obyektini öz mülkiyyətinə əldə edə bilər.

39. Həm müqavilə şərtlərindən, həm də Mülki Məcəllənin istinad edilən normasının (748-1.12.4) məzmunundan aydın olur ki, lizinq alanın lizinq ödənişlərini icra etmədiyi halda lizinq müqaviləsi lizinqalan tərəfindən vaxtından əvvəl, yəni öhdəliyin icra müddəti başa çatmadan ləğv edilərsə lizinqverən müqavilənin ləğv edildiyi tarixədək yaranmış borcu tələb etməklə yanaşı, eyni zamanda lizinq obyektinin geri qaytarılmasını tələb etmək hüququna malik olur.

40. Müqavilənin qeyd edilən şərtlərindən görünür ki, lizinq ödənişləri tam həyata keçirildikdən sonra lizinqverənin lizinq obyekti üzərində mülkiyyət hüququnu lizinqalana ötürmək öhdəliyi yaranır.

41. İddiaçı lizinq müqaviləsinə vaxtından əvvəl xitam vermədiyindən və hazırkı iddia ərizəsi ilə cavabdehdən lizinq müqaviləsi üzrə bütün ödənişlərin tam həyata keçirilməsini (öhdəliyin tam icrasını) tələb etdiyindən məhkəmə hesab edir ki, lizinqalanın eyni zamanda lizinq obyektinin geri qaytarılmasını tələb etmək hüququ yoxdur

42. Bunlardan başqa, məhkəmə qeyd edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 230 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir.

43. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

44. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 20.577 (iyirmi mi beş yüz yetmiş yeddi) manat, mükafat borcu üzrə 5.818 (beş min səkkiz yüz on səkkiz) manat, cərimə borcu üzrə 1.100 (bir min yüz) manat olmaqla, cəmi 27.495 (iyirmi yeddi min dörd yüz doxsan beş) manat məbləğində pul Cavabdeh1, “Alıance Project and Construction” Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçınə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 230 (iki yüz otuz) manat məbləğində pul Cavabdeh1, “Alıance Project and Construction” Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar