Məhkəmə qərarları › İş №e-2-2(113)-5507/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5507/2023

13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5507/2023 13.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı xx.xx.2022-ci il tarixli, 162/22 saylı müqaviləyə əsasən pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli 162/22 nömrəli alğı-satqı müqaviləsinə əsasən yaranmış 11.742,18 manat məbləğində əsas borcun və 200 manat ilkin mediasiya haqqının tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 162/22 nömrəli alğı-satqı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixdə ümumi dəyəri 11.742,18 manat olan mal satılmışdır. xx.xx.2022-ci il tarixli 843472 nömrəli elektron qaimədən də görsənir ki, mallar Cavabdeh tərəfindən imzalanaraq təhvil alınmışdır. Lakin bugünə kimi heç bir ödəniş həyata keçirilməmişdir. Cavabdeh iddiaçının pul vəsaitini qanunsuz olaraq özündə saxlamaqla, ondan faydalanır. İddiaçı isə sahibkarlıq subyekti olduğundan bu tip ödənişlərin olunmamasına görə digər sahibkarlıq subyektləri ilə hesablaşma apara bilmir. Bu isə onun sahibkarlıq fəaliyyətinə ciddi şəkildə zərər yetirir və əldə edəcək gəlirlərdən onu məhrum edir. Bu səbəbdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı MMC mediasiyaya müraciət etsə də, Cavabdeh mediasiyada iştirak etmədiyindən ilkin mediasiya sessiyasında İştirak edilməmə barədə arayış iddiaçıya təqdim edilmişdir. Bundan sonra iddiaçı pretenziya qaydasına riayət edərək cavabdehin VÖEN hesabı vasitəsilə pretenziya məktubu göndərmişdir. Lakin pretenziyada göstərilən müddətdə də cavabdeh tərəfindən heç bir addım atılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2022-ci il tarixli 162/22 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin: 1.1-ci bəndinə əsasən “Satıcı” ‘‘Alıcı” tərəfindən göndərilmiş sifarişlərə uyğun olaraq bu müqaviləyə əlavə şəklində olan qaimə-fakturlarda qeyd olunan malları “Alıcı”ya satır, “Alıcı” isə həmin malları qəbul edib dərhal ödənişləri həyata keçirir. 1.2-ci bəndinə əsasən müqavilə üzrə alğı-satqı partiyalar üzrə həyata keçirilir. 2-ci bəndinə əsasən “Satıcı” sifarişi aldıqdan sonra 3 gün ərzində qaimə-fakturada qeyd edilən malları “Alıcı”-nın təyinat yerinə çatdınr, “Alıcı” qaimə-fakturanı təsdiq etdikdə mallar təhvil verilmiş hesab edilir. 3.1-ci bəndinə əsasən müqavilə üzrə hesablaşmalar manatla (AZN) olmaqla hər partiyaya uyğun olaraq bu müqaviləyə əlavə olunan qaimə-fakturalar “Alıcı” tərəfindən təsdiq olunduqdan və təhvil alındıqdan dərhal sonra köçürmə yolu ilə həyata keçirilir. 4.2.3-cü bəndinə əsasən təhvil alınmış malların dərhal ödənişi həyata keçirmək alıcının öhdəliyidir. 6.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı gündən 1 (bir) il müddətinə qüvvədədir. 6.2-ci bəndinə əsasən əgər tərəflərdən heç biri müqavilə müddətinin bitməsinə 3 gün qaldıqda müqavilənin pozulması haqqında digər tərəfə yazılı məlumat verməyibsə, onda müqavilənin müddəti hər dəfə daha bir il uzadılır. Müqavilə tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən ümumilikdə 11.742,18 manat dəyərində malların verilməsinə görə EBCİ seriyalı, 843472 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə tərtib edilərək Cavabdeh elektron sistem vasitəsi ilə göndərilmişdir. Elektron qaimə satıcı ilə yanaşı alıcı - Cavabdeh imzası ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh pretenziya məktubu ilə müraciət edilərək, alqısatqı müqaviləsi üzrə yaranmış borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli 162/22 saylı alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək 11.742,18 manat dəyərində malları cavabdehə təqdim etmiş (həmin dəyərdə malların cavabdehə təqdim edilməsi Cavabdeh da imzası ilə təsdiq etdiyi EBCİ seriyalı, 843472 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə təsdiq edilir), cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş 11.742,18 manat dəyərində malların dəyərini ödəməmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 11.742,18 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 11.742,18 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 + 10 (poçt xərci) manat məbləğində mediasiya prosesinə dair xərclər iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 125,23 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 210 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 11.742,18 manat əsas borc, mediasiya xərclərinin əvəzi olaraq 210 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar