Məhkəmə qərarları › İş №e-2-2(113)-551/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-551/2023

16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-551/2023 16.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X2 qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli 02- LA/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 58491 manat gecikdirilmiş borcun və hesablanmış 24215,27 manat cərimə borcunun, hüquqi yardımla bağlı 300 manat, 400 manat mediasiyaya dair xərcin, cəmi: 83406,27 manat pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 02-LA/18 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) soyuducu kamera üçün 1500 ədəd aqroboksu (mallar) lizinqə götürmüşdür. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışlarının tərtib edildiyi xx.xx.2022-ci il tarixə xx.xx.2018-ci il tarixli 02-LA/18 nömrəli müqavilə üzrə 58491 manat gecikdirilmiş borcu və hesablanmış 24215,27 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi, Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli 02-LA/18 nömrəli "xxxx" ASC-yə məxsus soyuducu kamera üçün aqroboksun lizinqə verilməsi barədə müqavilədən görünür ki, "xxxx" ASC ümumi məbləği 137475 manat olan bu müqavilənin tərkib hissəsi sayılan 1 nömrəli əlavədə göstərilən soyuducu kamera üçün 1500 ədəd aqroboksun dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşdirmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 5 il müddətinə lizinqə verir. Müqavilənin 4.2-ci bəndinə əsasən Lizing alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləğinə gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. xx.xx.2020-ci il tarixli e-2-2(119)-76/2020 nömrəli Sumqayıt Kommersiya Məhkəməsinin qəbul etdiyi qətnamədən görünür ki, "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh (VÖEN **********) 44928 manat əsas borc, 500 manat cərimə ve 30 manat ödənilmiş dövlet rüsumu olmaqla, cəmi 45458 manat məbləğində pul vəsaitiini tutularaq iddiaçı "X1 Cəmiyyətinin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən təqdim edilmiş müqavilə üzrə cərimənin hesablanması qrafikindən və təqdim edilmiş maliyyə arayışlarından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə xx.xx.2018-ci il tarixli 02-LA/18 nömrəli müqavilə üzrə 58491 manat əsas borcu və hesablanmış 24215,27 manat cərimə borcu, ümumilikdə 82706,27 manat borcu vardır. Bundan başqa arayışda agentlik tərəfindən qeyd edilmişdir ki, 58491 manat əsas borca Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(119)-76/2020 nömrəli qətnaməsindən ödənilməmiş 41928 manat daxil deyil. xx.xx.2022-ci il tarixli MŞB/5-03501 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 400 manat məbləğində mediasiya xərcini ödəmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi hüquqi yardım üçün 5 saylı Vəkil Bürosunun hesabına 300 manat məbləğində pul köçürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci və 747.1-ci maddələrinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından və qanunvericilik normalarından da göründüyü kimi tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilələr bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh lizinq obyektlərinə görə vaxtında ödənişləri etmədiyinə görə öhdəlikləri yerinə yetirməmişdir Məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2022-ci il tarixə xx.xx.2018-ci il tarixli 02- LA/18 nömrəli müqavilə üzrə 58491 manat əsas manat əsas borc, həmçinin 300 manat hüquqi yardım və 400 manat mediasiya xərci hissədə əsaslı olduğundan təmin edilməlidir. İddiaçının 24215,27 manat cərimə borcu tələbi ilə bağlı məhkəmə cavabdehin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, hesab edir ki, tənasübsüz surətdə yüksək olan cərimə azaldılaraq 1509 manat məbləğində müəyyən edilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixə xx.xx.2018-ci il tarixli 02-LA/18 nömrəli müqavilə üzrə 58491 manat əsas borc, 1509 manat cərimə, cəmi 60000 manat həmçinin 400 manat mediasiya xərci və hüquqi yardım üçün ödənilmiş 300 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il tarixli 02-LA/18 nömrəli müqavilə üzrə xx.xx.2022-ci il tarixə hesablanmış 58491 manat əsas borc, 1509 manat cərimə cəmi 60000 manat, həmçinin 400 manat mediasiya xərci və hüquqi yardım üçün ödənilmiş 300 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar