Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5510/2024 23.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx.xx.2022-ci il tarixli, K2022-0334 nömrəli malların alqı-satqısı haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı hazırki müqavilənin əlavələrində göstərilən materialları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul etməyi və onun əvəzində malın satış qiymətini müqavilədə müəyyən edilən məbləğdə və şərtlərlə alıcıya ödəməyi öhdəyə götürür. 2.9-cu bəndinə əsasən satıcı bu müqavilənin 5.3-cü maddəsində göstərilən müddətdə alıcı tərəfindən ödəniş edilmədiyi təqdirdə 90 (doxsan) gün ərzində qanunvericiliklə müəyyən olunmuş formada Azərbaycan Respublikası məhkəmələrinə müraciət etmək hüququ vardır. 3.1-ci bəndinə əsasən alıcı Azərbaycan Respublikasının mövcud qanun və qaydalarına riayət etməlidir. Müqavilənin icrası və ya yerinə yetirilməsi zamanı mövcud qanun və qaydalarının pozulmasından yaranan və satıcıya dəyə biləcək zərərə görə satıcı qarşısında məsuliyyət daşıyır. 3.3-cü bəndinə əsasən alıcı aldığı mal/malların qiymətini satıcı ilə razılaşdırılan və bu müqavilədə nəzərdə tutulan qaydada və müddətdə ödəməlidir. 4.1-ci bəndinə əsasən satıcı bu müqavilə qüvvəyə mindikdən sonra alıcının tələbatını və bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla satdığı mal/malları təhviltəslim aktı əsasında alıcıya təhvil verir. Təhvil-təslim icra olunduqdan sonra satıcı tərəfindən alıcıya elektron qaimə-faktura göndərilir. 5.3-cü bəndinə əsasən alıcı qəbul etdiyi mal/malların dəyərini qanunvericiliklə nəzərdə tutulmuş qaydada, 30 (otuz) gün ərzində satıcıya ödənilməsini təmin etməlidir. Ödəniş köçürmə yolu ilə həyata keçirilir. 5.4-cü bəndinə əsasən razılaşdırılmış müddət ərzində mal/malların dəyəri ödənilmədikdə satıcı onun ödənilməsini alıcıdan tələb etmə hüququna malikdir. Alıcı mal/malların satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə, gecikdirmənin hər günü üçün satıcıya vaxtında ödəmədiyi məbləğin 0.1%-i (umumi məbləğin 10%-dən artıq olmamaq şərti ilə) məbləğində dəbbə pulu ödəyir. 7.1-ci bəndinə əsasən bu müqavilə, tərəflərin onu imzaladığı andan etibarən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetinnəsi şərti ilə 1 (bir) il müddətində qüvvədədir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. İddiaçı MMC tərəfindən alqı-satqı müqaviləsinə əsasən ƏDV daxil 941,64 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDİ seriyalı 644836 nömrəli; ƏDV daxil 1883,28 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDK seriyalı 443595 nömrəli; ƏDV daxil 3216,54 manat dəyərində xx.xx.2023-cu il tarixli EBDJ seriyalı 976882 nömrəli; ƏDV daxil 3766,56 manat dəyərində xx.xx.2023-cu il tarixli EBDJ seriyalı 339595 nömrəli; ƏDV daxil 3999,79 manat dəyərində xx.xx.2023-cu il tarixli EBDK seriyalı 792105 nömrəli; ƏDV daxil 4158,18 manat dəyərində xx.xx.2023-cu il tarixli EBDİ seriyalı 644837 nömrəli; ƏDV daxil 4549,80 manat dəyərində xx.xx.2023-cu il tarixli EBDK seriyalı 259612 nömrəli; ƏDV daxil 4549,80 manat dəyərində xx.xx.2023-cu il tarixli EBDJ seriyalı 339591 nömrəli; 4708,20 manat dəyərində xx.xx.2023-cu il tarixli EBDİ seriyalı 742214 nömrəli; ƏDV daxil 5099,82 manat dəyərində xx.xx.2023-cu il tarixli EBDH seriyalı 896716 nömrəli; ƏDV daxil 2116,51 manat dəyərində xx.xx.2023-cu il tarixli EBDM seriyalı 871463 nömrəli; ƏDV daxil 5099,82 manat dəyərində xx.xx.2023-cu il tarixli EBDİ seriyalı 452660 nömrəli; ƏDV daxil 3766,56 manat dəyərində xx.xx.2023-cu il tarixli EBDM seriyalı 913301 nömrəli; elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir.
3. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış borcların qarşılıqlı üzləşdirməsi haqqında akta əsasən müəyyən edilir ki, Cavabdeh MMC-nin İddiaçı MMCyə xx.xx.2023-cü il tarixə 44.299,83 manat borcu vardır. Qeyd edilən borcdan əlavə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 20 ədəd (200 manat) palet borcu vardır. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
4. İddiaçı MMC tərəfindən verilmiş Cavabdeh MMC-yə məxsus hesabdan çıxarışa əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə 44.299,83 manat əsas, 4429,98 manat cərimə, cəmi 48729,81 manat məbləğində borcu vardır. Gecikmə gününün sayı:290.
5. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli pretenziya məktubu ünvanlanaraq şirkətə olan borcun 10 iş gün müddətində ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir.
MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
6. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 44.299,83 manat əsas borc, 4429,98 manat gecikdirilmiş faiz borcu, cəmi 48.729,81 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixində K2022-0334 nömrəli müqavilə bağlanmıdır. Həmin müqaviləyə əsasən, cavabdeh İddiaçı MMC-dən tikinti materialları almış və qeyd olunan borcu ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin müqavilə üzrə İddiaçı MMC-yə 44299,83 manat əsas borc, 4429,98 manat gecikdirilmiş faiz borcu, cəmi 48729,81 manat məbləğində borcun olması müəyyən edilmişdir. Lakin bugünə kimi cavabdeh tərəfindən İddiaçı MMC-yə ödəniş edilməmişdir. Tərəflər arasında müqavilə bir dəfə bağlansa da alqı – satqı münasibətləri davam etmişdir. Qeyd etməlidirlər ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanan xx.xx.2022 – ci il tarixində K2022-0334 nömrəli müqavilənin 5.4-cü bəndinə görə “Razılaşdırılmış müddət ərzində mal/malların dəyəri ödənilmədikdə Satıcı onun ödənilməsini alıcıdan tələb etmə hüququna malikdir. Alıcı mal/malların satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə, gecikdirmənin hər günü üçün satıcıya vaxtında ödəmədiyi məbləğin 0.1%-i (umumi məbləğin 10%-dən artıq olmamaq şərti ilə) məbləğində dəbbə pulu ödəyir.” Üzləşmə aktına əsasən, alıcının əsas borcu 44299,83 manat təşkil edir. Həmçinin qiymət cədvəlinə görə 290 gün əsas borc ilə əlaqədar heç bir ödəniş həyata keçirilməmiş və nəticədə 12846.94 manat faiz borcu – dəbbə pulu hesablanmışdır. Lakin Müqavilə şərtinə əsasən, dəbbə pulu 10% məbləğinin keçməməlidir. Bu səbəbdən 12846,94 manat dəbbə pulu 44299,83 manat əsas borcun 10%-i məbləğində hesablanaraq 4429,98 manat təşkil etmişdir.
8. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 425.2, 427.1, 442, 445.7, 448.1, 448.2, 598.1, 598.2, 739.1, 739.2, 740.2, 743-cü maddələrinə və “İnsan Hüquqları və X2 Haqqında” Konvensiyanın 6.1-ci maddəsinə istinad etmişdir
b) İddiaya qarşı etirazın dəlilləri
İddiaya qarşı etiraz təqdim olunmamışdır.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
9. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
11. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
12. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
13. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)
TƏTBİQ EDİLƏN HÜQUQ
14. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
15. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. - 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
16. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
17. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx.xx.2022-ci il tarixli, K2022-0334 nömrəli malların alqı-satqısı haqqında müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilə üzərinə düşən öhdəlikləri icra edərək sifariş edilmiş malları cavabdehə təqdim etmiş, cavabdeh isə həmin malların dəyərini tam şəkildə ödəməmiş, nəticədə cavabdehin iddiaçıya 44.299,83 manat məbləğində borcu yaranmışdır.
18. Belə olan halda məhkəmə mübahisəli hüquq münasibətlərində kreditor olan iddiaçının borclu olan cavabdehdən aldığı malların dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmasını hesab edir ki, iddia təmin edilməli, cavabdehdən alqı-satqı müqaviləsi üzrə 44.299,83 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.
19. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 4429,98 manat məbləğində faiz borcunun (dəbbə pulunun) cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
20. Həmin tələblə bağlı məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində ödənilməsi tələb etdiyi məbləği faiz adlandırsa da, iddia ərizəsinin məzmunundan, eləcə də iddiaçının nümayəndəsinin izahatından həmin məbləğin müqavilənin 5.4-cü maddəsinə əsasən hesablanmış dəbbə pulu olması aydın olur.
21. Odur ki, məhkəmə həmin tələbə dəbbə pulu tələbini kimi qiymət verilməsini mümkün sayır.
22. Həmin tələblə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh MMC-nin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.
23. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinin tələblərindən göründüyü kimi məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
24. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 2215 manat məbləğində müəyyən edilməlidir.
25. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 237 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
26. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 236,19 manat təşkil edir.
27. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 224 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 44.299,83 manat əsas borc, 2215 manat məbləğində dəbbə pulu, cəmi 46.514,83 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 224 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC -yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva