Məhkəmə qərarları › İş №e-2-2(113)-5519/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5519/2024

30.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5519/2024 30.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı MMC (icraçı) ilə Cavabdeh QSC (sifarişçi) arasında 08 avqust 2023-cü il tarixl, 09/23 nömrəli alqı-satqısı haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinə əsasən icraçı sifarişçiyə alış sifarişində nəzərdə tutulan malları və ya tədarük etmək, sifarişçi isə bu ümumi şərtlər və bu müqaviləyə əlavə edilən və imzalanan alış sifarişinin şərtləri əsasında belə malları və ya xidmətləri qəbul edib onların razılaşdırılmış dəyərini icraçıya ödəmək barədə öhdəlik götürür. 2.2-ci bəndinə əsasən bu müqavilə ilə nəzərdə tutulmuş ödəmə şərtləri pozulduqda, icraçı 1 həftəlik güzəşt müddətindən sonra hər gecikmə günü üçün gecikdirilmiş ödəmənin 0,1%-i həcmində cərimə ödənilməsini sifarişçidən tələb edə bilər. Lakin bu məbləğ ümumi məbləğin 5%-dən çox ola bilməz. 4.1-ci bəndinə əsasən müqavilə hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imzalandığı və möhürləndiyi tarixdən etibarən qüvvəyə minir və tərəflərin öhdəliklərinin tam şəkildə yerinə yetirdiyi ana qədər və ya 1 il müddətinə qüvvədə sayılır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

2. 08 avqust 2023-cü il tarixl, 09/23 nömrəli alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli 3 saylı qiymətlərin razılaşdırma protokolunda malların adı, miqdarı, ölçüsü və qiyməti göstərilmişdir. Protokola əsasən müəyyən edilir ki, (2 ədəd MP 20-CE irəli hərəkətli vibrasyalı kompaktor, 1 ədəd beton trambovka edən, 1 ədəd ZB-C-90 Kompaktor Robin EY20 Engine) cəmi 14.160 manat (2160 manat ƏDV daxil) dəyərində mallar icraçı tərəfindən sifarişçiyə təhvil verilməlidir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

3. İddiaçı MMC tərəfindən alqı-satqı müqaviləsinə əsasən ƏDV daxil 330,40 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDM seriyalı 848843 nömrəli, ƏDV daxil 4153,60 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDO seriyalı 189887 nömrəli, ƏDV daxil 7552 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDQ seriyalı 974092 nömrəli, ƏDV daxil 3304 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDS seriyalı 787553 nömrəli, ƏDV daxil 3304 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDT seriyalı 962030 nömrəli, ƏDV daxil 613,60 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDV seriyalı 382179 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh QSC-yə göndərilmişdir.

4. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə cəmi 14.160 manat dəyərində mallar (2 ədəd MP 20-CE irəli hərəkətli vibrasyalı kompaktor, 1 ədəd beton trambovka edən, 1 ədəd ZB-C-90 Kompaktor Robin EY20 Engine) təhvil verilmişdir. Təhvil-təslim aktı tərəflərin imzası ilə təsdiq edilmişdir.

5. İddiaçı MMC (icraçı) ilə Cavabdeh QSC (sifarişçi) arasında 08 avqust 2023-cü il tarixl, ECT 0823 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən hazırkı müqaviləyə görə icraçı sifarişçinin sifarişinə uyğun olaraq hazırkı müqavilənin 1.2 bəndində və əlavələrdə qeyd olunan xidmətləri müqavilədə göstərilən şərtlərlə göstərməyi, sifarişçi isə görülən işlər üzrə icraçıya razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürür. 2.1.1-ci bəndinə əsasən göstərilən xidmət üzrə ödənişlərin tam və vaxtında həyata keçirilməsini sifarişçidən tələb etmək icraçının hüququdur. 2.2.4-cü bəndinə əsasən xidmət haqqını tam və vaxtında hazırkı müqavilədə nəzərdə tutulmuş qaydada icraçıya ödəmək sifarişçinin öhdəliyidir. 3.2-ci bəndinə əsasən xidmət haqqının ödənilməsi tərəflər arasında işlərin yerinə yetirilməsi barədə təhvil-təslim aktının imzalanmasından və sifarişçi tərəfdən hesabfaktura qəbul edilən gündən 15 iş günü ərzində həyata keçirilməlidir. 4.1 və 4.2-ci bəndlərinə əsasən hazırkı müqavilə üzrə öz öhdəliyini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Tərəflər hazırkı müqaviləyə vaxtından əvvəl xitam verərsə, xitam verən tərəf digər tərəfə dəymiş bütün maddi zərəri, real zərəri və habelə digər tərəfin hüququ pozulmasaydı, mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirləri və əldən çıxmış faydanı ödəməlidir. 4.5-ci bəndinə əsasən sifarişçi və icraçı tərəfindən müvafiq olaraq ödəmələrin və görüləcək işlərin təyin olunmuş müddətlərinə riayət olunmadığı tədqirdə tərəflər qarşılıqlı maddi məsuliyyət daşımalı və gecikdirilmiş hər gün üçün gecikdirilmiş dəyərin 0,05% məbləğində cərimə ödəyəcəkdir. Cərimələrin məbləğinin yuxarı həddi müqavilə qiymətinin 10 faizindən çox ola bilməz. 9.1-ci bəndinə əsasən hazırkı müqavilə xx.xx.2023-cü il tarixdən qüvvəyə minir və tərəflərin müqavilə üzrə öhdəlikləri yekunlaşanadək etibarlı sayılır. 9.2-ci bəndinə əsasən tərəflərdən biri hazırkı müqavilənin xitam verilməsinə dair istəyini yazılı şəkildə müqavilənin bitməsinə azı 30 (otuz) gün qalmış bildirməyibsə, hazırkı müqavilənin müddəti avtomatik olaraq növbəti ilə uzadılmış hesab olunur. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

6. İddiaçı MMC tərəfindən ECT 0823, xx.xx.2023-cü il tarixli xidmət müqaviləsinə əsasən ƏDV daxil 495,60 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDP seriyalı 382448 nömrəli, ƏDV daxil 330,40 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDV seriyalı 322448 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh QSC-yə göndərilmişdir.

7. xx.xx.2024-cü il tarixli üzləşdirmə aktına əsasən İddiaçı MMC ilə Cavabdeh QSC arasında xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək olan dövr üçün aparılmış üzləşdirməyə əsasən xx.xx.2024-cü il tarixə Cavabdeh QSC-nin İddiaçı MMC-yə 10.020 manat borcu vardır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

8. 10.07.2024-cü il tarixli ödəniş tapşırığına əsasən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən “Hümbətov və Partnyorları” Vəkil Bürosunun hesabına 350 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

9. İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə pretenziya məktubu ünvanlanaraq şirkətə olan borcun 5 iş gün müddətində ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir.

MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

10. İddiaçı MMC Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC-dən ƏDV daxil 11823,60 manat borc, 921,00 manat cərimə, 350 manat vəkil xərci və 130 manat dövlət rüsumu, cəmi 13224,60 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh QSC ilə İddiaçı MMC arasında bağlanmış və hal-hazırda qüvvədə olan 08 avqust 2023-cü il tarixli, ECT 08/23 saylı xidmətin satınalınması haqqında müqaviləyə və 08 avqust 2023-cü il tarixli, ECT 09/23 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdeh üçün malları və xidmətləri təchiz və servis xidmətlərini göstərməyi, cavabdeh isə təmin edilmiş malların və xidmətlərin dəyərini vaxtında iddiaçıya ödəməyi öz öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən xidmət müqaviləsi üzrə ƏDV xaric 700 manat servis xidməti və alqı-satqı müqaviləsi üzrə ədv xaric 16.320 manat məbləğində müxtəlif növ mallar cavabdehə təchiz edilsə və elektron qaimə-fakturalar təqdim edilsə də, cavabdeh tərəfindən yalnız alqı-satqı müqaviləsi üzrə ədv xaric 7.000 manat ödəniş edilmişdir. Xidmət müqaviləsi üzrə ƏDV xaric 700 manat və alqı-satqı müqaviləsi üzrə ƏDV xaric 9.320 manat olmaqla, cavabdehin iddiaçıya bu iddianın göndərildiyi günə ƏDV xaric cəmi 10.020 manat- ƏDV daxil cəmi 11.823,60 manat məbləğində borcu mövcuddur. Xidmət müqaviləsinə əsasən xidmətlərin dəyəri 15 iş günü və alqı-satqı müqaviləsi üzrə malların dəyəri 7 təqvim günü ərzində ödənilməli olsa da, tərəfimizdən təqdim edilmiş sonuncu elektron qaiməfakturanın tarixindən (xx.xx.2023-cü il) təqribən 6 aya yaxın vaxt keçməsinə baxmayaraq bu günə qədər cavabdeh tərəfindən iddiaçıya qalıq borc ödənilməmişdir. Dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlar da nəzərə alınmamışdır. Tərəflər arasında imzalanmış müqavilələrin 7-ci bəndlərinə uyğun olaraq mübahisəni məhkəmədənkənar qaydada həll etmək məqsədilə tərəfimizdən 31 may 2024-cü il tarixli pretenziya məktubu ilə cavabdehə müraciət olunsa da, müraciət nəticəsiz olmuşdur. Xidmət müqaviləsinin 4.5-ci və Alqısatqı müqaviləsinin 2.2-ci bəndlərində göstərilən cərimələrin yuxarı həddi (limiti) nəzərə alınmaqla, cavabdehin iddiaçıya bu pretenziya məktubunun göndərildiyi tarixə cəmi 921 manat məbləğində cərimə borcu mövcuddur. İddiaçı tərəfindən müqavilə üzrə mübahisə ilə bağlı hüquqi yardımın göstərilməsi üçün “Hümbətov və Partnyorları” Vəkil Bürosu ilə Hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlanmış və müqavilə üzrə hüquqi yardıma görə vəkilə 350 manat ödəniş edilmişdir. Müvafiq vəkil xərci də cavabdehin öhdəliklərini icra etməməsi nəticəsində yarandığından həmin 350 manat məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh iddiaçıya ƏDV daxil 11.823,60 manat əsas borc, 921 manat cərimə və 350 manat vəkil xərci olmaqla cəmi 13.094,60 manat məbləğində pul ödəməlidir. Həmçinin, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi ilə əlaqədar 130 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

12. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 448.2, 462-ci maddələrinə istinad etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

13.İddiaya qarşı etiraz təqdim olunmamışdır.

c) İşdə iştirak edən şəxslər və onların izahatları

14. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

16. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

17. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

18. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)

TƏTBİQ EDİLƏN HÜQUQ

19. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. V. MƏHKƏMƏNİN MÖVQEYİ

21. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

22. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı MMC (icraçı) ilə Cavabdeh QSC (sifarişçi) arasında 08 avqust 2023-cü il tarixli, 09/23 nömrəli alqı-satqı və 08 avqust 2023-cü il tarixl ECT0823 nömrəli xidmət müqavilələrinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı alqı-satqı müqaviləsi üzrə sifariş edilmiş malları cavabdehə təqdim etmiş, xidmət müqaviləsi üzrə isə təmir və servis xidmətləri göstərmişdir və bununlada öz üzərinə düşən öhdəlikləri icra etmişdir. Cavabdeh isə həmin malların və xidmətlərin dəyərini tam şəkildə ödəməmiş, nəticədə cavabdehin iddiaçıya alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 10.997,60 manat xidmət müqaviləsi üzrə ƏDV daxil 826 manat, cəmi 11.823,60 manat məbləğində borcu yaranmışdır.

23. Belə olan halda məhkəmə mübahisəli hüquq münasibətlərində kreditor olan iddiaçının borclu olan cavabdehdən aldığı malların dəyərinin ödənilməsini habelə göstərilən xidmətlərin göstərilməsini tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən alqı-satqı və xidmət müqaviləsi üzrə ƏDV daxil 11.823,06 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.

24. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 921 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

25. Həmin tələblə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh QSC-nin alqı-satqı və xidmət müqavilələri üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.

26. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinin tələblərindən göründüyü kimi məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

27. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 600 manat məbləğində müəyyən edilməlidir.

28. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 133 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

29. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 128 manat təşkil edir.

30. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

31. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 350 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh QSC-dən ƏDV daxil 11.823,06 manat məbləğində əsas borc, 600 manat məbləğində dəbbə pulu, cəmi 12.423,06 manat, vəkil xidmətlərinə görə xərclərin əvəzi olaraq 350 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC -yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar