Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-552/2021 18.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun və cərimənin ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCdən 33303,76 (otuz üç min üç yüz üç manat yetmiş altı qəpik) manat verilmiş mallara görə əsas borcun və gecikdirilmiş vaxt üçün 1333,54 (min üç yüz otuz üç manat əlli dörd qəpik) manat cərimənin və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, cəmi 34667,30 (otuz dörd min altı yüz altmış yeddi manat otuz qəpik) manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 33303,76 (otuz üç min üç yüz üç manat yetmiş altı qəpik) manat verilmiş mallara görə əsas borcun və gecikdirilmiş vaxt üçün 4131 (dörd min yüz otuz bir) manat cərimənin və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 37464,76 (otuz yeddi min dörd yüz altmış dörd manat yetmiş altı qəpik) manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi İddia tələbi onunla əsaslandırılmışdır ki, "İddiaçı" MMC ilə "Cavabdeh" MMC arasında 036 nömrəli "29" may 2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə cavabdehin vəzifəsi müqavilənin müddəalarına uyğun olaraq malları (armatur və katenka) müəyyən edilmiş qaydada və müddətdə qəbul etmək və Malın qiymətini müqavilənin Əlavə Razılaşmalarında nəzərdə tutulmuş müddətdə və qaydada ödəməkdən ibarət olmuşdur. Yuxarıda qeyd olunan alqı-satqı müqaviləsinin "09" sentyabr 2020-ci il tarixli, 2 saylı, "14" sentyabr 2020-ci il tarixli 3 saylı və "29" sentyabr 2020-ci il tarixli 4 saylı Əlavə Razılaşmalarının 2-ci bəndində "Ödəniş şərtləri: Mallar təhvil verildikdən sonra 14 (on dörd) gün ərzində" qeyd olunub. "10", "15" və "30" sentyabr 2020ci il tarixli təhvil-təslim aktlarına əsasən cavabdehə mallar təhvil verilmişdir. Lakin müqavilə üzrə "10", "16" sentyabr, "02" və "05" oktyabr 2020-ci il tarixli Elektron qaimələr üzrə cavabdeh tərəfindən alınan malların dəyəri bu günə qədər ödənilməmiş və nəticədə onun şirkətə 33 303,76 (otuz üç min uç yüz üç manat yetmiş altı qəpik) məbləğində borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi üçün müraciət olunsa da, heç bir tədbir görülməmişdir. Son olaraq "06" noyabr 2020-ci il tarixdə cavabdehə xəbərdarlıq (pretenziya) məktubu göndərilmişdir. Lakin xəbərdarlıqlara baxmayaraq, cavabdeh müqavilə öhdəliklərini pozmuş və lazımınca yerinə yetirməmiş, qaimə-fakturalarda olan mallara dair borcu ödəməkdən yayınmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini əsas borc hissəsində qəbul edərək, cərimə məbləği ilə razı olmadığını bildirdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: Satıcı qismində İddiaçı ASC ilə alıcı qismində Cavabdeh MMC arasında bağlanmış 036 nömrəli "29" may 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı adı, çeşidi, sayı, miqdarı, çəkisi tərəflər arasında Əlavə Razılaşma ilə müəyyən edilmiş malları Alıcının mülkiyyətinə verməyi, Alıcı isə həmin malların dəyərini bu müqavilə və Əlavə Razılaşma əsasında Satıcıya ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 2.1.1-ci bəndinə əsasən müqavilənin 2.4-cü bəndi ilə üzərinə götürdüyü vəzifələrin vaxtmda və lazımınca icra olunmasım və onların pozulmasına yol verilməməsini Alıcıdan tələb edir. Həmin Müqavilənin 2.2.1-ci bəndinə əsasən satıcı Müqavilənin 1.1-ci bəndində göstərilən malı Alıcıya və ya onun səlahiyyətli nümayəndəsinə səlahiyyətini təsdiq edən sənəd əsasında təhvil vermək; Həmin Müqavilənin 2.2.2-ci bəndinə əsasən satıcı alıcıya bu Müqavilənin 5-ci bəndi ilə müəyyənləşdirilən keyfiyyət, komplektlilik və qablaşdırma tələblərinə cavab verən mal vermək; Həmin Müqavilənin 2.2.3-cü bəndinə əsasən satıcı mala aid sənədləri (qaimə-faktura və digər) malın təhvil verilməsi ilə bir vaxtda Alıcıya təqdim etmək; Həmin Müqavilənin 2.2.4-cü bəndinə əsasən satıcı müqavilə ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra olunmasım və onların pozulmasına yol verilməməsini öhdəsinə götürür. Həmin Müqavilənin 2.4.1-ci bəndinə əsasən alıcı malı razılaşdırılan ünvanda bu Müqavilənin 3-cü bəndi və Əlavə Razılaşma ilə müəyyən edilmiş şərtlər daxilində təhvil almaq və bunun üçün zəruri sənədləşdirməni aparmaq; Həmin Müqavilənin 2.4.2-ci bəndinə əsasən alıcı malın qiymətini müqavilənin 4-cü bəndi ilə və Əlavə Razılaşma ilə müəyyən olunan şərtlərdə və qaydada Satıcıya ödəmək; Həmin Müqavilənin 2.4.3-cü bəndinə əsasən alıcı müqavilə ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra olunmasım və onların pozulmasına yol verilməməsini öhdəsinə götürür. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən malların olduğu yer, təyinat yeri, daşınma xərcləri, çatdırılma şərtləri və müddəti tərəflərin qarşılıqlı razılığı əsasında Əlavə Razılaşma ilə müəyyən edilmiş qaydada həyata keçiriləcək. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən malların təhvil-təslimi tərəflər arasında imzalanan təhvil-təslim aktı ilə həyata keçiriləcək. Malın sayı, miqdarı, həcmi, qiyməti göstərilən təhvil-təslim aktı yoxlanıldıqdan və tərəflər imzaladıqdan sonra mallar Alıcının özünə və ya səlahiyyətli nümayəndəsinə təhvil verilir. Səlahiyyətli nümayəndə malları qəbul edərkən etibarnaməsini təqdim etməlidir. Əgər şəxsin etibarnamə üzrə səlahiyyətlərinə xitam verilmişdirsə, bu barədə məlumat vermək öhdəliyini Alıcı daşıyır. Bu şərtin pozulması nəticəsində Satıcıya dəyən zərəri Alıcı ödəyir. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən alıcı və ya səlahiyyətli nümayəndəsi tərəfindən malm bu cür mallara qarşı tətbiq edilən tələblər və standartlara uyğunluğu yoxlanaraq, təhvil-təslim aktını imzalamaqla təhvil alındığı an malm təhvil verilmə və qəbul edilmə anı hesab edilir. Həmin Müqavilənin 3.4-cü bəndinə əsasən alıcı və ya onun nümayəndəsi malm qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. Əks təqdirdə təhvil verilmiş malm zədələnməsinə, korlanmasına, yararsız hala düşməsinə görə Satıcı məsuliyyət daşımır. Həmin Müqavilənin 3.5-ci bəndinə əsasən malın Alıcıya təhvil verilənədək təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski Satıcıya aiddir. Mal Alıcıya təhvil verildiyi andan bütün risklər Alıcıya keçir. Həmin Müqavilənin 4.4-cü bəndinə əsasən satılan mallara görə ödənişin və ya bu müqavilə ilə nəzərdə tutulan cərimələrin tam həyata keçirilməsinədək olan dövr ərzində malların dəyərinin ifadə olunduğu valyutanın xarici valyutaya (ABŞ dolları, Avro və s) görə rəsmi və ya gizli devalvasiya və ya inflyasiyası baş verərsə, Satıcı malların qiymətlərini və ya cərimələri devalvasiya və ya inflyasiya həcmində artırmaqla, müəyyən etdiyi yeni qiymətlər əsasında tərtib etdiyi yeni elektron qaimə-fakturam (və ya Əlavə razılaşmaya düzəlişi) Alıcıya təqdim edir və Alıcı həmin qaimə-faktura üzrə Malların dəyərini və cərimələri 3 (üç) iş günü Satıcıya ödəyir. Həmin Müqavilənin 6.3-cü bəndinə əsasən malların tam dəyəri Əlavə razılaşma ilə müəyyən edilmiş müddətdə Alıcı tərəfindən ödənilmədiyi təqdirdə, Satıcı Alıcıdan gecikdirmənin hər günü üçün ödənilməmiş məbləğin 1 (bir) % faiz həcmində cərimə ödənilməsini tələb edə bilər. İş materiallarına əlavə edilmiş "10", "15" və "30" sentyabr 2020-ci il tarixli təhvil-təslim aktlarından görünür ki, iddiaçı tərəflər arasında bağlanmış müqaviləyə edilmiş əlavələrdə göstərilmiş qiymətlərlə mallar cavabdehə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli iddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubundan görünür ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən alınmış malların dəyərinin 3 gün müddətində ödənilməsi tələb olunmuşdur. Məhkəmə tərəflərin izahatılarnı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında 036 nömrəli "29" may 2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd olunan müqaviləyə əsasən satıcı sifarişlər əsasında razılaşdırılmış miqdarda malları alıcıya satmağı, alıcı isə malı qəbul etməyi və müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək tərəflər arasında bağlanmış müqavilənin ayrılmaz hissəsi olan əlavələrdə qeyd olunmuş çeşiddə malları təhvil-qəbul aktları əsasında cavabdehə təhvil vermişdir. Lakin cavabdeh öhdəliklərini yerinə yetirməmiş nəticədə iddiaçıya 33303.76 manat məbləğində ödənilməmiş borcu qalmışdır. İddiaçı qeyd olunan borcun ona ödnilməsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallara əsasən, tərəflər arasında yaranmış qarşılıqlı öhdəliklərin 036 nömrəli "29" may 2020-ci il tarixli alqı-satqı müqaviləsi ilə razşılaşdırılmışdır. Qeyd olunan müqavilə üzrə tərəflərin öhdəlikləri tam olaraq müəyyən edilmişdir. Bu halda iddiaçı tərəfindən hazırki iddia tələbinin irəli sürülməsi qanunauyğundur. Eyni zamanda cavabdehin nümayəndəsi iddia tələbində göstərilən əsas borcu qəbul etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İddia tələbi üzrə tələb edilən borc məbləği iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş malların dəyəri ilə tənzimlənir. Qeyd olunan malların təqdim edilməsi iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş malların təhvil-qəbul aktları ilə təsdiq olunur. Məhkəmə iddiaçının cavabdehdən alqı-satqı müqaviləsinə görə yaranmış borcun ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında malların alqı-satqısına dair müqavilə üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı razılaşma üzrə nəzərdə tutulmuş malları cavabdehə vermiş, cavabdeh isə həmin malların dəyərini tam olaraq ödəməmiş, bununla da öhdəliyini pozmuş və iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq, tələb olunan 4131 manat cərimənin 443 manat həddinədək azaldılmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 036 nömrəli "29" may 2020-ci il tarixli müqaviləyə əsasən 33303,76 (otuz üç min üç yüz üç manat yetmiş altı qəpik) manat verilmiş mallara görə əsas borcun və gecikdirilmiş vaxt üçün 443 (dörd yüz qırx üç) manat cərimənin və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 33746,76 (otuz üç min yeddi yüz qırx altı manat yetmiş altı qəpik) manat tutularaq İddiaçı MMC -nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 33303,76 (otuz üç min üç yüz üç manat yetmiş altı qəpik) manat verilmiş mallara görə əsas borcun və gecikdirilmiş vaxt üçün 443 (dörd yüz qırx üç) manat cərimənin və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 33746,76 (otuz üç min yeddi yüz qırx altı manat yetmiş altı qəpik) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-552/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-552/2021
18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver