Məhkəmə qərarları › İş №e-2-2(113)-553/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-553/2022

24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-553/2022 24.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən Cavabdehə avans olaraq ödənilmiş ƏDV daxil 13026 manat məbləğində pul vəsaitinin və 846,69 manat məbləğində faiz məbləğinin, vəkilə ödənilmiş 500 manat və mediasiya xidmətinə görə ödənilmiş 200 manat, cəmi 14572,69 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh MMC arasında armatur yayması və digər tikinti mallarının alqı-satqısına dair 27 iyul 2020-ci il tarixdə 240 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin və ona əlavə edilmiş 27 iyul tarixli 1 saylı Spesifikasiyanın şərtlərinə əsasən, malların dəyərinin, cavabdeh tərəfindən təqdim edilmiş hesab-faktura əsasında iddiaçı tərəfindən əvvəlcədən avans olaraq ödənilməsi və dəyəri ödənilmiş malların 15 təqvim günü ərzində cavabdeh tərəfindən təhvil verilməsi nəzərdə tutulmuşdur. Lakin cavabdeh tərəfindən müqavilə üzrə götürülmüş öhdəliklər tam şəkildə yerinə yetirilməmiş və təqdim edilmiş hesab-fakturalar əsasında dəyəri iddiaçı tərəfindən avans olaraq ödənilmiş mallar tam şəkildə təhvil verilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi, Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 27 iyul 2020-ci il tarixli 240 saylı alqı-satqı müqaviləsi və müqavilənin ayrılmaz tərkib hissəsi olan 27 iyul 2020-ci il tarixli 1 saylı spesifikasiyadan görünür ki, satıcı Cavabdeh MMC ilə İddiaçı QSC arasında “armatur yayması və digər tikinti mallarının” alqı-satqısına sənədlər imzalanmışdır. Həmçinin müqavilənin 3.1-ci bəndinə əsasən alıcı malların dəyərini satıcı tərəfindən təqdim edilmiş hesab fakturaya əsasən spesifikasiya tərtib olunduğu tarixdən 3 iş günü ərzində 100% avans olaraq ödəyir. 12000 manat məbləğində 05 avqust 2020-ci il tarixli 20800 manat məbləğində 07 sentyabr 2020-ci il tarixli və 29115 manat məbləğində 24 sentyabr 2020-ci il tarixli ödəniş tapşırıqlarından da göründüyü kimi iddiaçı tərəf cavabdehə malların satılması ilə bağlı öncədən müəyyən olunmuş avansı ödəmişdir. 18.10.2021-ci il tarixli 1200PEX212910014 nömrəli hesabdan çıxarışdan görünür ki, hüquqi xidmətə görə “Femida” Vəkil Bürosuna vəkil bürosuna 500 manat məbləğində pul ödənilmişdir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 449.1 və 567-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göründüyü kimi alıcı İddiaçı QSC ilə satıcı Cavabdeh MMC arasında alqı-satqı müqaviləsi bağlanmış, alıcı müqavilənin 3.1-ci maddəsinə əsasən pulu öncədən avans kimi ödəmiş, satıcı isə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək, alıcıya 13026 manat məbləğində məhsulu təqdim etməmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, ƏDV daxil 13026 manat məbləğində pul vəsaitinin, həmçinin hüquqi yardım və ilkin mediasiya sessiyası ilə bağlı çəkilən müvafiq olaraq 500 və 200 manat məbləğində xərclərlə bağlı iddiaçının tələbi əsaslıdır və təmin olunmalıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı 846,69 manat məbləğində faiz borcu məhz Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən tələb etdiyinə görə iddia tələbi həmin hissədə rədd edilməlidir, belə ki, iddiaçı cavabdehin 13026 manatı toplamaqla ondan faydalanması ilə bağlı sübut təqdim etməmişdir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən ƏDV daxil 13026 manat məbləğində pul vəsaitinin, 200 manat mediasiya xərci və 500 manat hüquqi yardımla bağlı cəmi 13726 manat pul tutularaq İddiaçı QSC-yə ödənilməlidir. İddia 846,69 manat faiz borcu tələbi hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən ƏDV daxil 13026 manat məbləğində pulun, həmçinin 200 manat mediasiya xərci və 500 manat hüquqi yardımla bağlı cəmi 13726 manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia 846,69 manat faiz borcu tələbi hissəsində rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar