Məhkəmə qərarları › İş №e-2-2(113)-5538/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5538/2023

04.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5538/2023 04.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, mediasiya, hüquqi yardım xərci) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı X1 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı X1 Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı X3 Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC-dən öhdəliklərini icra etmədiyinə görə 23.467 manat əsas borcun, 3.520 manat gecikdirmə məbləğinin, 6.336 manat məbləğin qanunsuz saxlaması və ondan faydalanıldığı üçün, 200 manat mediasiya xərcinin və 500 manat vəkil xərcinin, ümumilikdə cəmi 34.023 manat vəsaitin cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, X3 tikinti materiallarının istehsalı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğuldur (VÖEN: **********). Cavabdeh "xxxx" QSC ilə bu sahədə bir neçə ildir ki, əməkdaşlıq edirlər. Müxtəlif vaxtlarda cavabdehə beton vermiş və onun dəyərini almışdır. Lakin, son dövrlərdə verilən malın dəyərinin ödənilməməsi ilə bağlı aralarında bəzi problemlər yaranmışdır. Cavabdeh aralarında olan razılaşmanın şərtlərinə əməl etməyərək elektron qaimə üzrə ona təhvil verilən malların dəyərini ödəməmiş və halhazırda da ödəməkdədir. Həmin qaiməyə əsasən, hazırda cavabdehin ona cəmi 23.467 manat ödənilməmiş borcu vardır. Mülki Məcəllənin 445.7.-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Nəzərə alsaq ki, cavabdeh borcu 3 ilə yaxındır ki gecikdirib, bu halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 445.7-ci maddəsinə əsasən borclu gecikdirilmiş vaxt üçün illik beş faiz mənə ödəməyə borcludur. Cavabdeh müqavilənin ümumi dəyərinin illik 5%-ni, yəni 3520 manat (23.467 x 5% = 1173 x 3 (il) =3 520) manatı ona ödəməlidir. Eyni zamanda bildirir ki, o sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Dövriyyədə nə qədər çox pul olarsa o qədər çox mal istehsal etmək və daha çox gəlir əldə etmək mümkün olur. Faktiki olaraq cavabdehin qəbul etdiyi mallara görə ödəniş etməməsi onu əldə etməli olduğu gəlirdən faydalanmaq imkanından məhrum etmişdir. Bunun əksinə cavabdeh qaytarmadığı pul vəsaitindən digər məqsədlər üçün istifadə etməklə (cavabdehin cari xərcləri, digər borclarının və maliyyə öhdəliklərinin icrası və s.), həmin vəsaitdən faydalanmış və gəlir əldə etmişdir. Cavabdehin də kommersiya fəaliyyəti ilə məşğul olduğunu nəzərə alsaq, onun belə fəaliyyətdən gəlir əldə etməsi və faydalanması təkzib olunmazdır. Məhz buna görə də cavabdehin iddiaçıya münasibətdə pul öhdəliyini icra etməməsinə görə MM-nin 449-cu maddəsi üzrə məsuliyyəti istisna edilə bilməz. Beləliklə, qeyd olunanlara əsasən belə qənaətə gəlmək olar ki, cavabdeh ona ödəməli olduğu 23.467 manat ödənişi hal-hazırkı günədək qanunsuz saxlamış, ondan faydalanmışdır. Hesab edir ki, Mülki Məcəllənin 449-cu maddəsinə əsasən cavabdehin malların satışından əldə edilən vəsaitdən faydalanmağa görə ödəməli olduğu faizlər aşağıdakı qaydada hesablanmalıdır: Mülki Məcəllənin 449.-cu maddəsində qeyd olunmuşdur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Mərkəzi Bank tərəfindən xx.xx.2023-cü il tarixə Bank uçot dərəcəsi 9 faiz müəyyən olunmuşdur. Beləliklə, qeyd olunanlara əsasən belə qənaətə gəlmək olur ki, Cavabdeh ona ödəməli olduğu 23.467 manat ödənişi 2 il 11 ay 8 gün gün ərzində (xx.xx.2019-xx.xx.2023) qanunsuz saxlamış, ondan faydalanmış və buna görə də MM-nin 449-cu maddəsinə əsasən hesablanmış 6336 manat (23.467 x 9% AR MB uçot dərəcəsi = 2112 (azn) x 3 (il) = 6336 manat) cavabdehdən tutularaq iddiaçıya ödənməlidir. II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə izahatında borcu əsas hissədə qəbul etdiklərini bildirmiş və iddianın qalan hissədə təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. - Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

7. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

8. İşin mabahisələndirilməyən hallaı ondan ibarətdir ki, X3 (satıcı) ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti (alıcı) arasında alqı-satqı münasibətləri mövcud olmuşdur.

9. Məhkəmə iclaslarında iştirak edən iddiaçı “X1 nümayəndəsi və vəkili tərəflər arasında yazılı alqı-satqı müqaviləsinin olmadığını, tərəflər arasında münasibətlərin mövcudluğunun elektron qaimələrlə təsdiq olunduğunu qeyd edərək, cavabdehin ödənilməmiş 23,467 manat əsas borcunun qaldığını bildirmiş, iddianın tam təmin olunmasını xahiş etmişdir.

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili məhkəməyə izahatında tərəflər arasında alqı-satqı münasibətləri mövcud olduğunu, iddiaçıya olan 33.000 manat borcdan təxmini 10.000 manatını ödədiklərini, 23.467 manat əsas borcun qaldığını, iddia tələbini əsas borc hissəsində qəbul etdiklərini, şirkətin maddi vəziyyətindəki çətinliklər aradan qalxdıqdan sonra qalıq borcu ödəyəcəklərini bildirmişdir.

11. Bundan başqa, məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunmuş, xx.xx.2017-xx.xx.2023 dövrü əhatə edən elektron qaimələrin siyahısından və cavabdehin nümayəndəsinin elektron qaimə üzrə ödənişlər etdikləri barədə izahatından aydın olur ki, tərəflər arasında uzunmüddətli davam edən işgüzar münasibətlər elektron qaimələr üzərindən həyata keçirilmişdir.

12. Belə olan halda, məhkəmə hesab edir ki, iddia əsas borc üzrə 23,467 manat pulun tələb edilməsi hissəsində əsaslıdır və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

13. Məhkəmə iddianın Mərkəzi Bankının uçot dərəcəsinə görə 23,467 manat məbləğindən 9 % faiz məbləği, yəni 6336 manat faiz məbləğinin tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

14. İddiaçı tərəf qeyd edilən pulu Mülki Məcəllənin 449.1-ci maddəsinə istinad edərək tələb edir.

15. Həmin maddənin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

16. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur.

17. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı sübut etməlidir ki, cavabdeh onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmişdir.

18. Hazırkı halda, isə iddiaçı tərəf cavabdehin onun vermiş olduğu puldan faydalanması halını sübut edə bilməmişdir.

19. Belə olan halda, iddia 6336 manat məbləğində pulun tələb edilməsi hissəsində təmin edilə bilməz.

20. Məhkəmə iddianın gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 3.520 manat pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

21. İş materiallarından görünür ki, iddiaçı tərəfindən borcun ödənilməsinin tələb edilməsi ilə bağlı pretenziya məktubunu cavabdehə xx.xx.2023-cü il tarixində, iddia ərizəsi isə məhkəməyə təxmini 13 gün sonra yəni, 18.10.23-cü il tarixində verilmişdir.

22. Belə olan halda, məhkəmə hesab edir ki, əsas borca illik 5 faiz hesablanmaqla 41,79 (23,467x5/100=1.173,35(1 il üçün), 1.173,35/365=3,214(1 gün üçün), 3,214x5=41,79 (13 gün üçün) manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

23. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş sənədindən və xx.xx.2023cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya xidmət haqqı olaraq 200 manat məbləğində pul Bakı 6 saylı mediasiya təşkilatına ödənmişdir.

24. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat məbləğində pul Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq X2 verilməlidir.

25. Hüquqi yardım göstərilməsinə görə xərcin əvəzi olaraq 500 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

26. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş sənədindən görünür ki, vəkil xərcinin əvəzi olaraq 500 manat məbləğində pul ödənmişdir.

27. Məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardıma görə 500 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır

28. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

29. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin.ss Əsas borc üzrə 23.467 (iyirmi üç min dörd yüz altmış yeddi) manat məbləğində pul Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq X2 ödənilsin. Əsas borca illik 5 faiz hesablanmaqla 41 (qırx bir) manat 79 (yetmiş doqquz) qəpik məbləğində pul Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq X2 ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq X2 ödənilsin. Hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq X2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar