Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-554/2023 30.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh “LİDER GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “LİDER GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı 18 aprel 2022-ci il tarixli, 53/2022 saylı alqı-satqı müqaviləsi üzrə 51.300,76 manat, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 1282 manat, 2000 manat cərimə və mediatora ödənilmiş 400 manat olmaqla ümumilikdə 54.982,76 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı 18 aprel 2022-ci il tarixli, 53/2022 saylı alqı-satqı müqaviləsi üzrə 51.300,76 manat, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 1282 manat, 2000 manat cərimə və mediatora ödənilmiş 400 manat olmaqla ümumilikdə 54.982,76 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 18 aprel 2022-ci il tarixli, 53/2022 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı müxtəlif növ ət məhsullarını satmağı, cavabdeh isə həmin malların dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 5-ci maddəsinə əsasən “Alıcı” sifariş olunan malın dəyərinin 100%-ni elektron qaimə-fakturanı elektron və ya kağız formada aldıqdan sonra 30 gün ərzində nağd qaydada və ya köçürmə yolu ilə həyata keçirir. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 026362 saylı elektron qaimə ilə 35.400,01 manat (ƏDV daxil), xx.xx.2022-ci il tarixdə 962908 saylı elektron qaimə ilə 18.000,74 manat (ƏDV daxil) və xx.xx.2022-ci il tarixdə 708651 saylı elektron qaimə ilə 30.000,02 manat (ƏDV daxil) olmaqla ümumilikdə 83.400,76 manat dəyərində elektron qaimə cavabdehə göndərilmiş, həmin məbləğdən müxtəlif vaxtlarda 32.100 manat bank hesabına köçürülsə də, 51.300,76 manat borc bu günə qədər ödənilməmişdir. Borc məbləğinin ödənilməsi məqsədilə cavabdehə mübahisənin məhkəmədən kənar qaydada, mediasiya vasitəsi ilə həll edilməsi təklif olunmuş, lakin cavabdeh mediasiya sesiyyasında iştirak etməmişdir. Bundan sonra cavabdehə pretenziya məktubu göndərilərək borc məbləğinin ödənilməsi xahiş olunmuş, əks təqdirdə bu barədə aidiyyatı məhkəməyə müraciət olunacağı xəbərdarlıq edilmişdir. Lakin cavabdeh məsələnin həlli istiqamətində heç bir addım atmamışdır. Bu səbəbdən də hazırda məhkəmə müdafiəsi hüququndan istifadə olunması zərurəti yaranmışdır. Mülki Məcəllənin 445.7-ci maddəsini rəhbər tutaraq hesab edir ki, 51.300,76 manat üçün illik 5 % yəni 1282 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə cavabdeh öhdəliyini vaxtında və lazımınca icra etmədiyinə görə Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən iqtisadi reallığa uyğun olaraq 2.000 manat iddiaçıya cərimə ödəməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, tərəflər arasında müqavilə bağlanmışdır. Müqavilə bağlanmasına baxmayaraq iddiaçı tərəfindən cəmi 35000 manat mal təhvil verildiyindən 32000 manat ödəniş edilmiş və 3000 manat borcu qalmışdır. Bank hesablarına olan məhdudiyyət səbəbindən həmin 3000 manat pulu ödəyə bilməmişlər. İddiaçı isə əlavə olaraq 10 may və 22 iyun tarixlərində qaimə fakturalar göndərmişdir. Həmin qaimə fakturaların ləğv etmə və ya geri qaytarma prosedurunu yerinə yetirə bilməmişlər. İddiaçı tərəfindən malların cavabdehə verilməsini təsdiq edən hər-hansı sübut məhkəməyə təqdim olunmamışdır. Bu səbəbdən göstərilən qaimə fakturalar üzrə göstərilən malların 10 may və 22 iyun tarixdə qeyd edilən malların alınması təmin olunmamışdır. Sonda cavabdehin nümayəndəsi iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış 18 aprel 2022-ci il tarixli, 53/2022 saylı alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı müxtəlif növ ət məhsullarını satmağı, cavabdeh isə həmin malları qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. xx.xx.2022-ci il tarixdə 026362 saylı, xx.xx.2022-ci il tarixdə 962908 saylı və xx.xx.2022-ci il tarixdə 708651 saylı elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən müvafiq olaraq 35.400,01 manat, 18.000,74 manat və 30.000,02 manat, ümumilikdə 83.400,76 manat dəyərində malın təqdim edilməsi ilə bağlı elektron qaimə cavabdehə təqdim edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 18 aprel 2022-ci il tarixli, 53/2022 saylı alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı müxtəlif növ ət məhsullarını satmağı, cavabdeh isə həmin malları qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. iddiaçı tərəfindən ümumilikdə 83.400,76 manat dəyərində mal cavabdehə satılmış, cavabdeh isə malın dəyərindən 32.100 manat ödəmiş, qalan 51.300,76 manat borcu ödəməmişdir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında 18 aprel 2022-ci il tarixli, 53/2022 saylı alqı-satqı müqaviləsi bağlanılmış və qeyd olunan müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya 35.400,01 manat dəyərində xx.xx.2022-ci il tarixdə 026362 saylı elektron qaimə üzrə 32.100 manat məbləğində ödəniş edilmişdir. İddiaçı cavabdehə 51.300,76 manat məbləğində satılmış malların dəyərinin ödənilmədiyini iddia edir, cavabdeh isə xx.xx.2022-ci il tarixdə 962908 saylı və xx.xx.2022ci il tarixdə 708651 saylı elektron qaimələr üzrə malların cavabdehə verildiyini qəbul etmir. İddiaçının dəlillərindən biri bundan ibarətdir ki, malların cavabdehə verildiyi sübut qismində təqdim edilmiş elektron qaimələrlə təsdiq edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixdə 026362 saylı, xx.xx.2022-ci il tarixdə 962908 saylı və xx.xx.2022-ci il tarixdə 708651 saylı elektron qaimələr üzrə hesablama aparıldıqda iddiaçı tərəfindən cavabdehə satılmış malların dəyərinin iddia ərizəsində qeyd edildiyi kimi müvafiq olaraq 35.400,01 manat, 18.000,74 manat və 30.000,02 manat, ümumilikdə 83.400,76 manat təşkil etdiyi, məhkəmə tədqiqatı zamanı cavabdeh tərəfindən 35.400,01 manat dəyərində olan faktura üzrə 32.100 manat məbləğin iddiaçıya ödənildiyi müəyyən olunur. Tərəflər arasında bağlanmış 18 aprel 2022-ci il tarixli, 53/2022 saylı alqı-satqı müqaviləsinin “Malların təhvil verilməsi şərtləri” adlanan 4-cü bəndinə əsasən "Satıcı" Müqaviləyə uyğun olaraq "Alıcı" tərəfindən sifariş verildikdən sonra 2 təqvim günü ərzində Malı "Alıcı"ya təhvil verməyi öhdəsinə götürür. "Satıcı" Malın təhvil verilməsi ilə birlikdə elektron qaimə - fakturanı (elektron və ya kağız formada) və digər zəruri sənədləri "Alıcı"ya təqdim edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Mülki qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, müqavilə tərəfləri arasındakı mübahisələrin həlli zamanı müqavilə şərtləri hərfi mənada təfsir edilməməli, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış təcrübə, işgüzar adətlər, tərəflərin müqavilə bağladıqdan sonrakı hərəkətləri nəzərə alınmalıdır. Müqavilədə malların verilməsi zamanı təhvil-təslim aktının tərtib edilməsi nəzərdə tutulmamış, hətta cavabdeh tərəfindən dəyəri artıq ödənilmiş mallarla bağlı da tərəflər arasında təhvil-təslimlə bağlı aktlar, hətta elektron qaimənin kağız formada təqdim edilməsi mövcud deyil. Eyni zamanda cavabdehin nümayəndəsi də məhkəmə iclasında verdiyi izahatında 32100 manat ödəniş olduğunu, həmin qaiməni qəbul etdiyini bildirmişdir. Belə olan halda müəyyən olunur ki, tərəflər arasında malların təhvil-təslimi müqavilədə nəzərdə tutulduğu kimi elektron formada elektron qaimə göndərilməsi ilə rəsmiləşdirilmişdir. Bundan başqa, elektron qaimə-fakturalar faktiki olaraq 2022-ci ilin may ayının 10 və iyun ayının 22-i tarixlərində cavabdehə göndərilmiş, onlar cavabdeh tərəfindən təsdiqlənmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na uyğun olaraq təsdiq olunmuş, onlara etiraz edilməmişdir. Bu halda məhkəmə hesab edir ki, satılmış malların təhvil verilməməsi ilə bağlı dəlili göstərilən elektron qaimələrlə bağlı Qaydalara uyğun olaraq etiraz etmək hüququndan istifadə edilməməsi baxımından ağlabatan hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, iş materiallarında olan müqavilə, elektron qaimə-fakturaların mövcud olması, cavabdeh tərəfindən onlara hər hansı etiraz və ya düzəliş edilməsinə dair məlumatın mövcud olmaması, cavabdehin 32100 manat məbləğində ödənişi olması iddiaçı tərəfindən müqavilədən irəli gələn öhdəliklərinin icra olunmasına dəlalət etsə də, bunun müqabilində cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Tərəflər arasında alqı-satqı müqaviləsi bağlandığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin Qaydaların 1.5-ci bəndinə əsasən vergi ödəyicisi kimi uçotda olmayan alıcıya iş, xidmət və pərakəndə qaydada mal təqdim edildikdə, ona qəbz və ya çek verilir. Həmin Qaydaların 3.6-cı bəndinə əsasən vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaimə-fakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaiməfakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən elektron qaimə-faktura aşağıdakı müddətlərdə təqdim edilir: 3.7.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 (beş) gün müddətində; Həmin Qaydaların 3.9-cu bəndinə əsasən elektron qaimə-fakturanın ləğv edilməsi qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününədək təsdiq edilməlidir. Elektron qaimə-fakturanın ləğv olunması təsdiq edilmədikdə, elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edilməmiş sayılır. Qeyd edilən Qaydalara əsasən vergi ödəyiciləri arasında olan münasibətlər zamanı xidmətlərin kağız daşıyıcıda tərtib edilmiş qaimə əsasında təqdim edilməsi qanun pozuntusu hesab edildiyindən elektron qaimələr məhkəmə tərəfindən işin hallarından asılı olaraq xidmətlərin təqdim edildiyini təsdiq edən sübut kimi qiymətləndirilə bilər. Cavabdehin xx.xx.2022-ci il tarixdə 962908 saylı və xx.xx.2022-ci il tarixdə 708651 saylı elektron qaimələr üzrə 48000,76 manat dəyərində malların verilməməsi ilə bağlı iddiaçıya pretenziya irəli sürməməsi və həmin dəyərdə malların verilməsi barədə göndərilmiş elektron qaimələrin ləğvi ilə müraciət etməməsi belə qənaətə gəlməyə əsas verir ki, müqaviləyə əsasən sifariş verilmiş xx.xx.2022-ci il tarixdə 962908 saylı və xx.xx.2022-ci il tarixdə 708651 saylı elektron qaimələr üzrə 48000,76 manat dəyərində satılmış mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli Qərarında göstərilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Buradan göründüyü kimi, məhkəmənin qətnaməsi o halda əsaslı sayılır ki, a) məhkəmənin iş üzrə gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılsın, b) məhkəmə tərəfindən müəyyən edilmiş və iş üçün əhəmiyyətli olan hallar sübut olunsun c) qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Həmçinin cavabdeh tərəfindən qeyd edilsə də ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 962908 saylı və xx.xx.2022-ci il tarixdə 708651 saylı elektron qaimələr üzrə heç bir malın verilməsi baş tutmayıb, bununla bağlı iş materiallarında və ya məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Alqı-satqı müqaviləsinə əsasən yaranmış borc məbləğləri müxtəlif məbləğlər olmaqla müxtəlif vaxtlardan yarandığını nəzərə aldıqda gecikdirilmiş vaxt üçün faizin məbləği 855 manat təşkil etdiyindən məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməklə gecikdirilmiş vaxt üçün 855 manat faiz cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, əsas öhdəlik haqqında bağlanmış müqavilənin formasından asılı olmayaraq onun icrasının təmin edilməsi üsuli kimi dəbbə pulu haqqında razılaşma yazılı formada tərtib olunmalıdır. Dəbbə pulu haqqında razılaşma əsas öhdəlik haqqında müqavilənin bir hissəsi kimi onun tərkibində nəzərdə tutula bilər. İddiaçı dəbbə pulunun ödənilməsini tələb etsə də, dəbbə pulu haqqında razılaşma nə tərəflər arasında bağlanmış 18 aprel 2022-ci il tarixli, 53/2022 saylı alqı-satqı müqaviləsinin bir hissəsi kimi onun tərkibində nəzərdə tutulmuş, nə də ayrıca yazılı formada tərtib olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia göstərilən hissədə təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İş üzrə dövlət rüsumu məbləğinin 240,33 manat olmasını, iddiaçı tərəfindən mediasiya xərcinə görə 400 manat ödənilməsini, iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 94,71 faizini təşkil etdiyini nəzərə aldıqda, məhkəmə hesab edir ki, mediasiya xərcinə görə 386,58 manat (400 manat (mediasiya xərci) – 13,42 manat (dövlət rüsumunun iddiaçıya aid edilməli olan hissəsi) = 386,58 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 18 aprel 2022-ci il tarixli, 53/2022 saylı alqısatqı müqaviləsi üzrə 51.300,76 manat, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 855 manat və mediatora ödənilmiş 386,58 manat olmaqla ümumilikdə 52542,34 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 18 aprel 2022-ci il tarixli, 53/2022 saylı alqı-satqı müqaviləsi üzrə 51.300,76 manat, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 855 manat və mediatora ödənilmiş 386,58 manat olmaqla ümumilikdə 52542,34 manat pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-554/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-554/2023
30.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver