Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-554/2025 07.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, mal göndərmə müqaviləsi, pul tələbi) X2 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 11604.36 manat əsas borc, 3688.8 manat gecikdirilmiş faiz borcu, cəmi 15293.16 manatın və 135.88 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında K2023-0175 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh İddiaçı MMC–dən tikinti materialları almış və qeyd olunan borcu ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin müqavilə üzrə İddiaçı MMC–yə 11604.36 manat əsas borc, 3688.8 manat gecikdirilmiş faiz borcu, cəmi 15293.16 manat manat məbləğində borcun olması müəyyən edilmişdir. Lakin bugünə kimi cavabdeh tərəfindən İddiaçı MMC–yə ödəniş edilməmişdir. Tərəflər arasında müqavilə bir dəfə bağlansa da alqı –satqı münasibətləri davam etmişdir. Qeyd edirlər ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanan K2023-0175 nömrəli, xx.xx.2023-ci il tarixli müqavilənin 5.4-cü bəndinə görə “Razılaşdırılmış müddət ərzində mal/malların dəyəri ödənilmədikdə satıcı onun ödənilməsini alıcıdan tələb etmə hüququna malikdir. Alıcı mal/malların satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə, gecikdirmənin hər günü üçün satıcıya vaxtında ödəmədiyi məbləğin 0.1%-i (ümumi məbləğin 30%-dən artıq olmamaq şərti ilə) məbləğində dəbbə pulu ödəyir.” İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 25.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1, 442, 445.7, 448.1, 448.2, 598.1, 598.2, 739.1, 739.2, 740.2, 743–cü maddələrinə, “İnsan Hüquqları və X1 Haqqında” Konvensiyanın 6.1–ci maddəsinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbində göstərilənləri təsdiq edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. İş üzrə Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi məhkəmə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx.xx.2023-cü il tarixli, K2023-0175 nömrəli malların alqı-satqısı haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı hazırki müqavilənin əlavələrində göstərilən materialları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul etməyi və onun əvəzində malın satış qiymətini müqavilədə müəyyən edilən məbləğdə və şərtlərlə alıcıya ödəməyi öhdəyə götürür. 3.1-ci bəndinə əsasən alıcı Azərbaycan Respublikasının mövcud qanun və qaydalarına riayət etməlidir. Müqavilənin icrası və ya yerinə yetirilməsi zamanı mövcud qanun və qaydalarının pozulmasından yaranan və satıcıya dəyə biləcək zərərə görə satıcı qarşısında məsuliyyət daşıyır. 3.3-cü bəndinə əsasən alıcı aldığı mal/malların qiymətini satıcı ilə razılaşdırılan və bu müqavilədə nəzərdə tutulan qaydada və müddətdə ödəməlidir. 4.1-ci bəndinə əsasən satıcı bu müqavilə qüvvəyə mindikdən sonra alıcının tələbatını və bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla satdığı mal/malları təhvil-təslim aktı əsasında alıcıya təhvil verir. Təhvil-təslim icra olunduqdan sonra satıcı tərəfindən alıcıya elektron qaimə-faktura göndərilir. 5.3-cü bəndinə əsasən alıcı qəbul etdiyi mal/malların dəyərini qanunvericiliklə nəzərdə tutulmuş qaydada, 30 (otuz) gün ərzində satıcıya ödənilməsini təmin etməlidir. 5.4-cü bəndinə əsasən razılaşdırılmış müddət ərzində mal/malların dəyəri ödənilmədikdə satıcı onun ödənilməsini alıcıdan tələb etmə hüququna malikdir. Alıcı mal/malların satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə, gecikdirmənin hər günü üçün satıcıya vaxtında ödəmədiyi məbləğin 0.1%-i (umumi məbləğin 30%-dən artıq olmamaq şərti ilə) məbləğində dəbbə pulu ödəyir. 7.1-ci bəndinə əsasən bu müqavilə, tərəflərin onu imzaladığı andan etibarən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetinnəsi şərti ilə 1 (bir) il müddətində qüvvədədir. EBDN seriyalı, 297831 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 1174,87 manat, EBDM seriyalı, 624455 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 391,62 manat, EBDN seriyalı, 011681 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 2104,57 manat, EBDM seriyalı, 385143 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3916,21 manat, EBDM seriyalı, 385142 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 4753,10 manat, EBDK seriyalı, 868365 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 5482,70 manat dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli , xx.xx.2023-cü il tarixli 2 ədəd, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktlarından görünür ki, müvafiq olaraq 5622,69 manat, 401,62 manat, 2154,56 manat, 4863,10 manat, 4016,21 manat, 1204,86 manat məbləğində müxtəlif adda məhsullar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Cavabdeh MMC-yə məxsus ƏDV sub-uçot hesabından çıxarışdan müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına EBDN 011681 saylı elektron qaimə üzrə 186 manat, xx.xx.2024-cü il tarixdə isə alınmış malların ƏDV-si olaraq 836,34 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC 135,88 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə görə mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilə. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqavilələrə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə tam ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (elektron qaimə, təhvil-təslim aktı, hesabdan çıxarış və s.) öz təsdiqini tapmışdır. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Məhkəmə qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etməyərək təhvil aldığı malların dəyərindən 11604,36 manat pulu ödəmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını, malların dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 11604,36 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdehdən hesablanmış 3688,8 manat məbləğində cərimə pulunun tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Tələb olunan cərimə məbləğinin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun əsaslı mənafeyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 3688,8 manat məbləğində cərimə məbləği tutulmalıdır. Bundan başqa iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 135,88 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən 11604,36 manat əsas borc, 3688,80 manat gecikdirilmiş faiz borcu, cəmi 15293 (on beş min iki yüz doqsan üç) manat 16 (on altı) qəpik məbləğində pul vəsaitinin habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 135 (yüz otuz beş) manat 88 (səksən səkkiz) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün (“elektron formada”) Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra, tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-554/2025
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-554/2025
07.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver