Məhkəmə qərarları › İş №e-2-2(113)-5549/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5549/2025

21.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5549/2025 21.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı borc tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, mal göndərmə müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh2 qarşı borc tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 722,50 manat məbləğində borc və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında 632/NHFM23 saylı, 09 fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. 632/NHFM23 saylı, 09 fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında mallar Cavabdeh2 tərəfindən təhvil alınmışdır. Göstərilən müqavilə üzrə Cavabdeh2 İddiaçı MMC-yə 722,50 (yeddi yüz iyirmi iki manat əlli qəpik) manat borcu vardır. Müqavilə öhdəliklərinin icra edilməsi ilə bağlı cavabdehə 27 iyun 2025-ci il tarixli pretenziya məktubu göndərilmiş, lakin borc məbləğinin ödənilməsinə dair heç bir tədbir görülməmişdir. Ərizəyə əlavə etdikləri maliyyə arayışına əsasən, alıcının əsas borcu 722,50 (yeddi yüz iyirmi iki manat əlli qəpik) manat təşkil edir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 425.2, 427.1 , 442 , 445.7, 448.1 , 448.2 , 598.1, 598.2 -ci maddələrinə istinad olunmuşdur. Azərbaycan Respublikası MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı MMC “Satıcı”, Cavabdeh2 “Alıcı” olmaqla tərəflər arasında JVs 632/NHFM23 saylı xx.xx.2023-cü il tarixli “Alqı-satqı” müqaviləsinin 1.2-ci bəndinə əsasən, “Satıcı” “Alıcı”ya tələb olunan malı (bundan sonra “Mal”) satır, “Alıcı” isə həmin malı qəbul edir və hazırki Müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini “Satıcı”ya ödəyir. Müqavilənin 1.4-cü bəndinə əsasən Mallar “Alıcı”nın sifarişi əsasında 2 (iki) iş günü ərzində “Satıcı” tərəfindən “Satıcı”nın hesabına çatdırılır. Müqavilənin 1.7-ci bəndinə əsasən “Satıcı” “Alıcı”ya malları müvafiq qaimə - faktura (təhvil - təslim aktı) ilə təhvil verir. Müqavilənin 1.11-ci bəndinə əsasən Malın “Alıcı”nın anbarına qəbul edilmə tarixi, malın göndərilməsi tarixi sayılır. “Alıcı” bu müqaviləyə əlavə edilmiş borcun üzləşdirilməsi sənədində qeyd olunan borc məbləğinin ödənilməsinə məsuliyyət daşıyır. xx.xx.2025-ci il tarixli borc ödənişi barədə izahat formasına əsasən Cavabdeh2 722,50 manat borc məbləğini xx.xx.2025-ci il tarixinə kimi ödəməyi öz öhdəsinə götürür. xx.xx.2025-ci il tarixli üzləşdirmə aktına əsasən, xx.xx.2025-ci il tarixində Cavabdeh2 İddiaçı MMC-yə 650 manat borcunun olması təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh2 göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubunda 722,50 manat borcun 3 (üç) təqvim günü ərzində ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC 30 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı üzrə malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə tam ödəməmişdir. Bu fakt borcun etirafı barədə ərizə, üzləşmə aktı ilə də öz təsdiqini tapmış, cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etməyərək təhvil aldığı malların dəyərini, 722,50 manat pulu ödəmədiyini, belə olan halda isə iddiaçının satdığı malların dəyərini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini nəzərə alaraq hesab edirəm ki, iddia tələbi əsaslıdır, buna görə də 722,50 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin iddia təmin olunduğundan hesab edirəm ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, qət etdim: İddia təmin edilsin. Cavabdeh2 722 (yeddi yüz iyirmi iki) manat, 50 (əlli) qəpik məbləğində borc və 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar