Məhkəmə qərarları › İş №e-2-2(113)-555/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-555/2024

25.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-555/2024 25.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sığorta ödənişinin verilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin siğorta müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyə əsasən 24.970 manat sığorta ödənişinin, 4.473 manat məbləğində əldən çıxmış faydanın, hər gecikdirilmiş gün üçün (xx.xx.2023-cü il tarixli imtina məktubunun tarixindən hesablanaraq (109 gün) 2.721 manat dəbbə pulunun və mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 200 manatın A-QROUP SİĞORTA ŞİRKƏTİ" ASC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İcarə əsasında "xxxx" MMC-nin sahibliyində və istifadəsində olan **-CO-*** qeydiyyat nişanlı “Toyota Land-Cruiser Prado” marklı avtomobil, "xxxx" MMC-nin müştərisi olan, xarici vətanaş Djavadov Rustam tərəfindən idarə edilərkən xx.xx.2023- cü il tarixdə, səhər saatlarında İsmayıllı rayonu, Zərnava kəndi ərazisində kəndə gediş yolu olan çaydan keçid zamanı baş vermiş güclü sel nəticəsində (bundan sonra - təbii fəlakət) çayda batmışdır. Hadisə nəticəsində **-CO-*** qeydiyyat nişanlı“Toyota Land-Cruiser-Prado” marklı avtomobilə maddi ziyan dəymişdir. AS-H 164/23 saylı nəqliyyat vasitəsinin sığorta şəhadətnaməsinə əsasən hadisə baş verdiyi tarixdə icarə əsasında "xxxx" MMC-nin sahibliyində və istifadəsində olan “Toyota Land-Cruiser- Prado” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən 32,000.00 min manat sığorta məbləği müəyyən edilməklə sığorta müqaviləsi əsasında sığorta edilmişdir. Şığorta şəhadətnaməsinə əsasən: "xxxx" MMC sığortalı qismində tanınmış; Nəqliyyat vasitəsinin istifadə təyinatı “Nəqliyyat vasitəsinin icarəyə verilməsi (rent -a-car)” kimi qəbul edilərək nəqliyyat vasitəsi mövcud şərtlər əsasında sığorta edilmiş; Avtonəqliyyət hadisələri və digər hallarla yanaşı təbii fəlakət, o, cümlədən sel sığorta riski kimi nəzərə alınmış; Nəqliyyat vasitəsini qanuni əsaslarla idarə etmək hüququ olan istənilən fiziki şəxs sığorta olunan kimi tanınmışdır; Baş vermiş təbii fəlakət nəticəsində “Toyota Land-Cruiser-Prado” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan xx.xx.2023-cü il tarixli “Great Motors MMC” (GM BAKU CENTER) tərəfindən tərtib edilmiş qüsur aktına əsasən, 24,970.00 (iyirmi dörd min doqquz yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti tərəfindən verilmiş xx.xx.2023 tarixli, 3-18-4/2-2103/23 saylı arayışa əsasən hadisə anında çayda güclü sel axının olması və X1 idarə etdiyi “Toyota Land-Cruiser-Prado” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin çayda batması faktı təsdiq edilmişdir. Göründüyü kimi, icarə əsasənda iddiaçı "xxxx" MMC-in sahibliyində və istifadəsində olan “Toyota Land-Cruiser-Prado” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilə təbii fəlakət nəticəsində maddi ziyan dəymişdir. “Toyota Land-Cruiser- Prado” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən sığortalandığından iddiaçının cavabdehə qarşı sığorta ödənişinin ödənilməsini tələb etmək hüququ yaranmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 883.1-ci maddəsinə əsasən Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 899.1-ci maddəsinə əsasən Sığorta müqaviləsi yazılı olaraq aşağıdakı hər hansı bir formada bağlanır: 899.1.1. tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə; 899.1.2. müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə; 899.1.3. icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər qaydada. 922.1-ci maddəsinə əsasən Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.3-cü maddəsinə əsasən Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. 923.1-ci maddəsinə əsasən Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. 926.1-ci maddəsinə əsasən Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 935.1-ci maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: 935.1.1. bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması; 935.1.2. bu Məcəllədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi; 935.1.4. sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

7. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, xx.xx.2023-cü il tarixli AS-H- 164/23 saylı nəqliyyat vasitələrinin siğorta şəhadətnaməsinə əsasən buraxılış ili 2011 olan ağ rəngdə “X5 Prado” markalı 99CO808 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-CÜ İL tarixdən xx.xx.2024-cü il tarixinə kimi İddiaçı ASC tərəfindən sığortalanmışdır.

8. xx.xx.2023-cü il tarixli AS-H-164/23 saylı nəqliyyat vasitələrinin siğorta şəhadətnaməsində avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, üçüncü şəxslərin qanunazidd hərəkıti, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, yanğın və partlayış, təbii fəlakət – sel, daşqın, zəlzələ, fırtına, qasırğa, tufan, dolu və digər təbii hadisələr, heyvanların hərəkəti kimi siğorta riskləri müəyyən edilmişdir.

9. İddiaçı tərəf “X5 Prado” markalı 99CO808 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yolsuzluq avtomobili olmasına, İsmayıllı rayonu, Zərnava kəndinə gedən yolun çaydan keçməsinə istinad edərək, avtomobilə maddi ziyan dəydiyini bildirərək, sığorta ödənişinin verilməsini tələb edir.

10. Cavabdeh tərəf isə iddiaya etiraz edərək, xx.xx.2023-cü il tarixdə İsmayıllı rayonunda qeyd edilən avtomobilin sürücüsü tərəfindən daşqın olan çayı keçməyə cəhd edildiyini, hadisənin qarşısının alınması üçün hər hansı bir tədbir görülmədiyini, nəticədə avtomobilə ziyan dəydiyini və qeyd edilən halın sığorta hadisəsi olmadığını bildirmişdir .

11. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam siğorta hadisəsinin baş verib-verməməsini müəyyən etməkdir.

12. Məhkəmə qeyd edir ki, sığorta ödənişinin verilməsi üçün əsas baş vermiş hadisənin sığorta hadisəsi olması şərtidir.

13. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.19-cu maddəsinə əsasən, sığorta hadisəsi - icbari sığorta üzrə icbari sığorta qanunlarına, könüllü sığorta üzrə sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

14. Beləliklə, sığorta hadisəsi sığorta təminatı altına alınmış riskin reallaşmasıdır ki, onun baş verməsi ilə sığorta ödənişini tələb etmək hüququ yaranır.

15. İş materiallarına əlavə edilmiş AR Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinin xx.xx.2023-cü il tarixli 3-18-4/2-2103/23 nömrəli məktubunda 1990-cı il təvəllüdlü X2 tərəfindən idarə olunan “Toyota Prado” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin çayda batması müəyyən olunduğu, çayda sel axıntısının gur olması və avtomobildə insan faktoru olmadığından yanğınsöndürən –xilasedicilər tərəfindən heç bir əməliyyat aparılmadığı qeyd olunmuşdur.

16. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, sürücü tərəfindən baş vermiş intensiv yağıntılar səbəbi ilə çayda kifayət qədər bol sulu olduğu və daşqın baş verdiyi zaman, çaydan keçmək cəhdi göstərilmişdir.

17. Bundan başqa, youtube üzərindən “İsmayıllı Prado” başlıqlı axtarış edildikdə möcvud olan videolardan görünür ki, uzunmüddətli yağıntılar səbəbi ilə çayda bolsululuq olmaqla, daşqın baş verən zaman qeyd edilən nəqliyyat vasitəsi ilə, çaydan keçməyə cəhd edilərkən nəqliyyat vasitəsi çayda batmışdır.

18. Hətta FHN-i tərəfindən verilən məktubdan da, görünür ki, çayda bolsululuq və sel olduğu üçün öz xüsusi iri texnikaları vasitəsi ilə belə, çaya daxil olmamışlar.

19. Yəni, hətta Zərnava kəndinə gedən yolun ancaq həmin çaydan keçməsi ilə mümkün olması halını qəbul etsək də, sürücü tərəfindən çayda daşqının bitməsini gözləmək və bundan sonra keçmək imkanı mövcud idi.

20. Bu xüsusda, Məhkəmə iddiaçının nəqliyyat vasitəsinin yolsuzluq avtomobili olması və kəndə gedən yolun ancaq həmin çaydan keçməsi ilə bağlı sığorta hadisəsinin baş verməsi ilə bağlı dəlilini əsasız edir.

21. Belə ki, həmçinin də, qeyd edilməlidir ki, örnək olaraq “əgər kəndə gedən yolun yanar meşədən keçməsi ilə bağlı, yanar meşədən keçərkən nəqliyyat vasitəsinin yanaraq məhv olması” ilə, daşqın gələn çaydan keçməsi eyni cür qəbul edilməlidir.

22. Yəni hazırda, baş vermiş hadisədə, hər hansı bir təsadüfilik əlaməti mövcud deyildir. Sürücü çayda baş verən daşqını görmüş, ora daxil olmamaq və gözləmək imkanı olmuş, ancaq yenə də, daşqın baş vermiş çaya daxil olmuş və bunun nəticəsində nəqliyyat vasitəsinə ziyan dəymişdir. Yuxarıda da, qeyd edildiyi kimi, həmin zaman FHN-nin əməkdaşları belə daşqın səbəbindən çaya daxil olmamışlar.

23. Həmçinin də, çayda daşqının baş verməsi təsadüfi hadisə deyildir. Belə ki, yağıntıların intensiv baş verdiyi zaman bu kimi hallar gözləniləndir. Həmçinin də, ümumi məlum olan hal ondan ibarətdir ki, intensiv yağışlar olduğu zaman bütün kütləvi informasiya vasitələri çayda daşqınların baş verməsi ilə bağlı xəbərdarlıqlar edirlər.

24. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdə “X5 Prado” markalı 99CO808 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü çayda daşqın olduğunu gördüyünə və bildiyinə görə, eyni zamanda həmin şəxsin hadisənin baş verməsinin qarşısını almaq imkanı olduğuna görə baş vermiş hadisə, siğorta hadisəsi kimi qiymətləndirilməməlidir .

25. Məhkəmə hesab edir ki, siğorta hadisəsi baş vermədiyindən iddiaçının sığorta ödənişinin tələb edilməsi ilə bağlı iddiası əsassızdır.

26. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.

VI. Nəticə:

27. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı MMC-nin "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar